Modern.az

100 il ərzində səhiyyəmizə kimlər rəhbərlik edib - ARAŞDIRMA

100 il ərzində səhiyyəmizə kimlər rəhbərlik edib - ARAŞDIRMA

17 İyun 2013, 12:34

Bu gün Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günüdür. Hər birimizin sağlam həyat yaşamasına cavabdeh olan səhiyyə işçiləri bu il də yaddan çıxmadı. Ölkə başçısının imzaladığı sərəncamla göstərdiyi xidmətlərə görə, bir neçə səhiyyə işçisi təltif edildi, onlara ali mükafatlar verildi.

Bütün bu diqqət və qayığa baxmayaraq Azərbaycanın səhiyyə sahəsi mətbuatın ən çox tənqid hədəfinə çevrilən sahələrdəndir. Problemlər danılmazdır. Hər yerdə olduğunu kimi, səhiyyə sektorunda da çatışmazlıqlar və ciddi nöqsanlar var. Ara-sıra bu haqda yazıb oxucularımızı məlumatlandırırıq.

Problemlərini qələmə aldığımız Azərbaycan səhiyyəsi zərgin tarixi keçmişə malikdir. Yəqin ki, bir çoxlarınız üçün Azərbaycanın ilk Səhiyyə Nazirliyinin yaranmasından indiyədək aparılan kadr dəyişikliyi, rəhbər postlar tutan nazirlər haqda məlumat maraqlı olardı.

Tarixə nəzər yetirsək, görərik ki, Azərbaycanın ilk Səhiyyə Nazirliyi 1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti zamanı yaradılıb. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olub.

İlk səhiyyə naziri isə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat Rəfibəyov olub.

AXC hakimiyyəti kimi Səhiyyə Nazirliyinin də ömrü uzun sürmədi. Digər sahələr kimi nazirlik ləğv edilərək Səhiyyə Komissarlığı yaradıldı.

Azərbaycan SSR-nin ilk səhiyyə komissarı vəzifəsi isə Ağahüseyn Ələkbər oğlu Kazımova həvalə edilib. Cəmi bir il rəhbər vəzifədə çalışan A.Kazımovu bu postda Mövsüm Qədirli əvəz edib. O sələfindən fərqli olaraq 14 il (1921 – 1935) bu vəzifədə qala bilib.

Sonralar aparılan kadr dəyişikliyinə əsasən Azərbaycanın görkəmli dövlət xadimi, tibb elmləri doktoru Əziz Əliyev Azərbaycan SSR-nin səhiyyə komisarı təyin edilib.

Daha sonra Kübra Fərəcova (1947-1950), Mahmud Əliyev (1950 – 1953), Əlihüseyn Hüseynov (1953 – 1954),
Vəli Axundov (1954 – 1958) müxtəlif illərdə səhiyyəyə rəhbərlik ediblər.

Azərbaycan yenidən müstəqilliyi əldə etdikdən sonra Səhiyyə Nazirliyi yenidən bərpa edilib. SSRİ dönəmindən fərqli olaraq müstəqil Azərbaycanın səhiyyə naziri postuna cəmi bir neçə dəfə dəyişiklik edilib.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə səhiyyə naziri vəzifəsini Rahim Hüseynov tutub. Əslən Salyan rayonundan olan Rahim Hüseynov Azərbaycan Dövlət Tibb İnstitutunda, həkim-cərrah ixtisası üzrə təhsil alıb. 1979-1981-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin ilk partiya təşkilatının katibi seçilib. 1991-1993 cü illərdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini və nazir vəzifəsində çalışıb. Professor Rahim Hüseynov 1984-cü ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən Beynəlxalq İnformasiya Akademiyasının akademiki elmi dərəcəsin alıb. Hazırda "Təfəkkür" Universitetində prorektor vəzifəsində çalışır.

Rahim Hüseynovdan sonra səhiyyə naziri postunda Əli İnsanov əyləşib. 1993-cü il avqustun 4-də nazir təyin edilən Əli İnsanov Heydər Əliyev hakimiyyətinin ilk səhiyyə naziri olub. Hazırda həbsdə olan Əli İnsanov 12 il nazir işləyib.

Əli İnsanovdan sonra Oqtay Şirəliyev prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə naziri təyin edilib. O.Şirəliyev 2005-ci ilin oktyabrın 20-dən indiyədək nazir postundadır. O.Şirəliyev 1950 ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Nazir təyin olunana kimini Respublika Diaqnostika Mərkəzinin rəhbəri olub.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi