Modern.az

"Elvan" şirniyyat şirkəti barədə cinayət işi açılıb

"Elvan" şirniyyat şirkəti barədə cinayət işi açılıb

2 Aprel 2010, 12:06

st1:*{behavior:url(#ieooui) }

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyyət göstərən “Elvan İrmak Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətdə qənnadı məhsullarının istehsalı və satışının qanuniliyi yoxlanılıb.

Aparılan yoxlama zamanı həmin müəssisənin istehsal etdiyi şəkərli peçenye və qaletlərin etiketlərində saxlama müddətinin normativ texniki sənədlərdə nəzərdə tutulan müddətdən artıq göstərildiyi, eləcə də müəssisənin anbarında istifadə müddəti ötmüş külli miqdarda məhsulların saxlanıldığı müəyyən edilib. Bundan əlavə, müəssisənin anbarında Türkiyədən idxal olunmuş, saxlama müddəti 17 gün ötmüş 6.567,5 kiloqram qənnadı məmulatları (şokolad, karamel və vafli), “Elvan İrmak Qida Məhsulları” MMC tərəfindən istehsal edilmiş və saxlama müddəti 289 gün ötmüş 4.461,8 kiloqram peçenye, saxlama müddəti 197 gün ötmüş 150 kiloqram qalet, saxlama müddəti 16-136 gün ötmüş 545 kiloqram xammal, üzərində istehsal və son istifadə müddətləri göstərilməmiş 477 kiloqram şokoladlı marmelad aşkar edilib.

Müəssisənin anbarında, həmçinin üzərində son istifadə tarixi normativ-texniki sənədlərin tələblərindən artıq göstərilmiş 72.726,2 kiloqram məhsul, o cümlədən etiketlərində saxlama müddəti 180 gün artıq göstərilmiş 9408,4 kiloqram qalet və saxlama müddəti 270 gün artıq göstərilmiş 63.317,8 kiloqram peçenye, üzərində malın Türkiyədə istehsal olunduğu göstərilən 1445 ədəd müxtəlif ölçülü boş qutular aşkar edilib.

Müəyyən edilib ki, müəssisədə istehlakçıları aldatmaq məqsədi ilə istifadə müddəti ötmüş məhsulların yararlılıq tarixlərinin silinməsi üçün “Black Dot Cleaner” təmizləyicilərindən istifadə olunmuş, “Jet-4000” tarixvurma avadanlığı ilə vaxtı keçmiş məhsulların üzərinə faktiki istehsal və son istifadə tarixlərinə uyğun olmayan, özündə yalan məlumatları əks etdirən rəqəmlər yazılıb.

Yoxlama zamanı, həmçinin aşkar edilib ki, Türkiyənin “Elvan Qida Turizm Tekstil Pazarlama LTD ŞTİ” firması ilə imzalanmış müqavilə üzrə “Elvan İrmak Qida Məhsulları” MMC-yə 2009-cu il yanvarın 22-dən 2010-cu il martın 16-dək idxal edilmiş 361.133,8 kiloqram şokolad, karamel və vaflinin yalnız 60.000 kiloqramı üçün sertifikatlar alınmış, malın 267.602 kiloqramı isə uyğunluq və gigiyenik sertifikatlar alınmadan satılıb.

“Elvan İrmak Qida Məhsulları” MMC-də istehsal olunan məhsulların saxlama müddətinin normativ-texniki sənədlərlə müqayisədə artıq göstərilməsi ilə əlaqədar bu malların ticarət şəbəkəsinə satışını həyata keçirən “Koroğlu” MMC-də də yoxlama aparılmış və müəssisənin anbarında 6.076,2 kiloqram bu cür mal aşkar edilərək satışdan çıxarılıb.

Nazirlik tərəfindən toplanmış material hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əmtəə nişanlarından qanunsuz istifadə etmə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan 197.2, 200.1 və 308.1 maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?