Modern.az

“Kainat gözəli” müsabiqəsində 90 ölkənin subay qızları iştirak edəcək

“Kainat gözəli” müsabiqəsində 90 ölkənin subay qızları iştirak edəcək

İqtisadiyyat

19 İyun 2013, 00:59

Xəbər verildiyi kimi, bu il “Kainat gözəli” müsabiqəsi Moskvada keçiriləcək. 
Tədbirin keçiriləcəyi “Krokus Siti Holl”un mətbuat xidməti müsabiqənin təşkilatçısı, amerikalı milyarder Donald Tramplın sözlərinə əsaslanaraq belə məlumat yayıb. Mediamaqnat müsabiqənin noyabrın 9-da Moskvada keçiriləcəyini “ABŞ gözəli” müsabiqəsinin teletranslyasiyasının birbaşa efirindən elan edib.
“Krokus Siti Holl”un mətbuat xidməti D.Tramplın bu sözlərini sitat gətirib: “Mən qəti əminəm ki, bu ən böyük və ən yaxşı “Kainat gözəli” müsabiqəsi olacaq”.
Konsert meydançasının administrasiyasından verilən məlumata görə, builki müsabiqədə dünyanın 90 ölkəsindən qızlar iştirak edəcəklər. Tamaşaçıların sayı isə 1 milyardı ötəcəkdir.
İdarədən bildiriblər ki, biletlərin qiyməti və satışa çıxarılması ilə bağlı məlumatlar yaxın günlərdə veriləcək.
Dünyanın ən nüfuzlu müsabiqəsi olan “Kainat gözəli” müsabiqəsi 1952-ci ildə Kaliforniyada təsis edilib.
Maksimal tutumu 6.171 nəfər olan ikiyaruslu “Siti Krokus Siti Holl” konsert zalı 2009-cu ildə “Krokus Ekspo” beynəlxalq sərgi mərkəzinin ərazisində açılıb.
Qeyd edək ki, bu ilki “Kainat gözəli” müsabiqəsini Moskvada təşkil edəcək “Krokus” şirkətinin sahibi azərbaycanlı oliqarx Araz Ağalarovdur.
2012-ci ildə Las-Veqasda keçirilən “Kainat gözəli” müsabiqəsinin qalibi Rod-Aylend ştatının sakini, 20 yaşlı “ABŞ gözəli” Oliviya Kalpo olub. O.Kalpo mükafat olaraq brilyant və mirvari ilə bəzənmiş tac, Nyu-York kino və televiziya məktəbində təhsil almaq üçün 45 min dollar əldə edib.
Həmin müsabiqədə müxtəlif ölkələrdən 89 qız iştirak edib. Qaydalara görə, qızlar subay və uşaqsız olmalıdırlar. Bundan əlavə, onların yaşı 27-dən çox, 18-dən az olmamalıdır.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub