Modern.az

“Rüstəm İbrahimbəyovun nə siyasi təcrübəsi, nə də siyasət aləmində keçmişi var” - MÜSAHİBƏ

“Rüstəm İbrahimbəyovun nə siyasi təcrübəsi, nə də siyasət aləmində keçmişi var” - MÜSAHİBƏ

20 İyun 2013, 09:40

Azay Quliyev: “İlham Əliyevə iqtidar və müxalifət daxilində alternativ yoxdur”

Türkiyədə yaşanan Gəzi parkı olayları, İranda keçirilən prezident seçkiləri son həftələr dünya siyasi gündəminin prioritetini təşkil edir. Digər tərəfdən Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri də diqqət mərkəzindədir. Hər üç ölkədə gedən siyasi proseslərlə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə suallarımızı ünvanladıq. Modern.az onunla müsahibəni təqdim edir.

– Türkiyədə yaşanan siyasi gərginlik demək olar ki, artıq nəzarətdən çıxıb. Rəsmi Ankara və bəzi ekspertlər hesab edir ki, Gəzi parkı olaylarında müxtəlif təxribatçı qrupların və qüvvələrin aksiyaları qızışdırıb qarşıdurma yaratmaqda maraqları var. Siz nə düşünürsünüz bu barədə?

– Hadisələr ilk dəfə başlayanda Türkiyə hökuməti aksiya iştirakçılarına ifrat güc tətbiq etdi. Ancaq AKP iqtidarının demokratik və legitim olmasına heç bir halda şübhə etmək olmaz. Lakin Taksimdə etirazçılara qarşı ilkin müdaxilə adekvat reaksiya deyildi. Bundan sonrakı proseslərə  baxsaq görərik ki, həmin hadisələrin inkişafında, genişlənməsində, bir növ idarə olunmaz bir hala gətirilib çıxarılmasında Türkiyə daxilində olan bəlli qüvvələrin və xarici dövlətlərin maraqları açıq-aşkar şəkildə hiss olundu. Türkiyədəki hadisələrə dünyaca nüfuzlu “CNN”, “Euronews”, “Vaşinqton Post” və s. bu kimi KİV-lər öz səhifə və materiallarında daha geniş yer ayırdılar. Hətta deyərdim ki, həmin KİV-lər hadisələri qızışdırmaq yolunu tutdular. Bir çox hallarda faktları təkzib edərək şişirdilmiş halda təqdim etməyə çalışdılar. Bunun da ardınca  Avropa Parlamentinin Türkiyə ilə bağlı qərarı və ayrı-ayrı təşkilatların bəyanatları onu göstərdi ki, xarici güclər Gəzi olaylarının qızışdırılmasında kifayət qədər maraqlıdır. Bu heç də təsadüfi deyil. Türkiyə son zamanlar çox inkişaf etmiş bir ölkəyə çevrilib, regionda aparıcı dövlətdir. Türkiyənin xüsusilə Orta Şərq və Afrikada rolu və nüfuzu artıb. Bunları nəzərə alaraq Türkiyənin regional gücə çevrilməsinin qarşısını almaq üçün xarici qüvvələr və bu ölkənin inkişafında maraqlı olmayan dövlətlər bu cür ssenarilərə dəstək verirlər.
İkinci faktor məncə Türkiyənin daxili mühiti ilə bağlıdır. Ərdoğan hökuməti bir müddət bundan öncə “demokratik açılım” siyasətinə start verib. PKK və kürd problemini birdəfəlik həll etmək üçün çox ciddi daxili islahatlara başlanıldı. PKK terror təşkilatının üzvləri əldə olunmuş razılığa əsasən, onlar Türkiyə sərhədlərindən kənara çəkilirlər. Türkiyənin bir nömrəli problemi PKK-dır. Əgər bu problemi çözərsə, iki böyük hədəfə çatıla bilər. Birincisi PKK ilə mübarizəyə xərclədiyi milyardlarla vəsaitə qənaət edəcək. Həmin məbləğ Türkiyənin inkişafına yönələ bilər. İkinci hədəf isə odur ki, Türkiyə siyasi və iqtisadi baxımdan başqa ölkələrdən asılı olmur. Düşünürəm ki, bundan sonra baş verəcək olaylar yalnız təxribat xarakterli olacaq. Burda insan haqları və 5-10 ağacın kəsilməsindən söhbət gedə bilməz. Bu baxımdan Türkiyə polisi  aksiyalara haqlı olaraq müdaxilə etdi. Təəssüflər olsun ki, bəzi təşkilatlar həyasızcasına ikili standartların tətbiqindən çəkinmir və bunu açıq şəkildə ifadə edirlər.

– Analoji hadisələr Avropanın və dünyanın inkişaf etmiş dövlətlərində də müşahidə olunur. Amma nədənsə həmin ölkələr barədə heç bir bəyanat səsləndirilmir...

– Bir neçə gün öncə Almaniyada vətəndaş-polis qarşıdurması oldu. Polis çox zorakı üsullarla nümayişləri dağıtdı. Eyni hadisə demək olar ki, Yunanıstanda son iki-üç ildə mütəmadi olaraq baş verir. Polis ən ağır üsul və vasitələrdən istifadə edərək aksiyaları dağıdır. Böyük Britaniyada qlobalistlərlə bu cür hadisələr baş verib. Amma Avropa Parlamenti, yaxud digər beynəlxalq təşkilatlar bu hadisələrə biganə qalaraq heç bir reaksiya vermədi. Türkiyədə aksiyalar olan kimi isə dərhal hakimiyyəti diktatorluqda ittiham etdilər. Necə olur ki, Almaniya, Yunanıstanda oxşar hadisələr demokratiya sayılır, amma Türkiyədə yox?! Bu əslində biabırcasına hüququn tapdalanmasıdır. Ona görə də bütün bu hadisələrdən çıxan dərs ondan ibarətdir ki, Avropa qurumları ayrı-ayrı ölkələrə özlərinə sərf edən ssenarini tətbiq edirlər. Hansı ölkəni qaralamaq, nüfuzdan salmaq, təzyiq altında saxlamaq istəyirlərsə, onun demokratik dəyərlərə münasibətindən asılı olmayaraq ikili mövqe sərgiləyirlər. Bunlar hamısı çox üzücüdür və XXI əsr müasir dünyanın ən böyük çatışmazlığı və ayıbıdır.  

– Qonşu ölkədə yaşanan qarşıdurmaların Türkiyə üçün nəticələri nə olacaq?

Təəssüf ki, yaşanan hadisələr Türkiyənin regional liderlik imicinə böyük bir zərbə oldu. Ancaq düşünürəm ki, Türkiyə qısa müddət ərzində özünü toparlayacaq. Aksiya iştirakçıları həqiqətən də öz ölkələrini sevirlərsə, bilməlidirlər ki, bu məsələdə Türkiyəyə zərər vururlar. Bu məsələdə sülh, dialoq, ictimai anlaşma qalib gəlməlidir. Mən çox istərdim ki, etirazçılar küçələrdən yığışıb dəyirmi masa arxasında problemi həll etsinlər. Bir neçə ağaca görə bütün ölkəni yük qarşısında qoymaq və Türkiyəni istəməyənlərə əlavə fürsət vermək doğru deyil. Bizim Türkiyənin daxili işlərinə qarışmaq haqqımız olmasa da, bizə qardaş ölkədir. Türkiyənin hər bir uğuru Azərbaycanın qürur və sevinc mənbəyidir. Hər bir arzuolunmaz və neqativ proseslər bizim üçün üzücü bir olaydır.

– Avropa Parlamenti təxminən eyni vaxtda regionun əsas müttəfiqləri Azərbaycan və Türkiyə haqqında qərar çıxardı. Seçki ilində Avropa Parlamentinin Azərbaycana siyasi məhbusları azad etmək tələbi heç də siyasi dairələrdə birmənalı qarşılanmır və beynəlxalq təşkilatdan dövlətimizə qarşı təzyiq adlandırılır. Sizcə həqiqətənmi Azərbaycan da Avropa Parlamentinin ikili standartının qurbanıdır?

– Birmənalı şəkildə deyirəm ki, bəli. Ermənistanda prezident Serj Sərkisyan seçki ərəfəsində digər rəqib namizədi, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyanı güllələtdi. Bu çox böyük bir hadisə və qanun pozuntusu idi. Baxın görün Avropa Parlamenti bununla bağlı qətnamə qəbul etdimi?! Heç olmasa bunun fakt kimi təsdiq olunmasını da dilə gətirmədi. Əksinə Ermənistanda seçkilərin demokratik və yüksək səviyyədə keçdiyini bildirdi. Gürcüstanda keçmiş baş nazir həbsdədir. Həm də o, siyasi motivlərlə həbs olunub. Bununla bağlı bir dənə də olsun qətnamə qəbul edilmədi. Bu, onun göstərir ki, Avropa təşkilatları açıq şəkildə bu cür yanaşmalar sərgiləməklə özlərini nüfuzdan salırlar.
Bizdə isə İlqar Məmmədov və digərlərinin istintaq işi başa çatmamış, hökm çıxarılmamış Avropa Parlamenti bu cür qətnamələr qəbul edir. Bu da haqlı olaraq onların Azərbaycana basqısı və təzyiqi kimi qiymətləndirilir.

– Bölgənin digər dövləti İran isə tarixi bir gün yaşadı. İyunun 14-də keçirilən prezident seçkilərində islahatçı hesab olunan Həsən Ruhani qalib gəldi. Sizcə, bundan sonra İranın bölgə və dünya siyasətinin istiqamətləri dəyişəcəkmi? Azərbaycan-İran əlaqələri fonunda regionda hansı proseslər cərəyan edə bilər?

İranda islahatçı adı ilə çoxlu prezidentlər görmüşük. İranın bir dövlət olaraq siyasəti dəyişməlidir. Bu gün İranın dini lideri Ayətullah Xamnei çox böyük təsir imkanlarına malikdir və qərarların qəbul olunmasında həll edici rol oynayır. Ona görə İranın dövlət siyasəti dəyişməsə, Azərbaycanı qardaş, dost ölkə kimi qəbul etməsə, yeni gələn prezident də məsələyə yenilik gətirməyəcək. İran Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü sözdə yox, əməldə tanımalıdır. İran müsəlman həmrəyliyi və qardaşlığından dəm vura-vura Ermənistana dəstək verməməlidir. Azərbaycan torpaqlarını işğal edən zalım və təcavüzkar dövlətə, onun rəsmilərinə İran qucaq açmamalıdır. İran bu gün Ermənistanın ərzaq təchizatının 70 faizini qarşılayır. Əgər İran Ermənistana şərt qoysa ki, Azərbaycan torpaqlarını geri qaytar və səninlə ticarət əlaqələrini davam etdirəcəyəm, bu, düşmən ölkədə düşünün ki, necə reaksiya yaradar? Amma Ermənistan İran kimi dövlətlərə arxalanaraq və faydalanaraq Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edir. Ona görə də arzu edərdik ki, İran Azərbaycana dost münasibət bəsləsin. Azərbaycan bütün təhdidlərə baxmayaraq öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib. Azərbaycan İranda yaşayan soydaşlarımızla bağlı həmişə həssas münasibət sərgiləyib. Eyni addımı biz İrandan da gözləyirik. Hesab edirəm ki, Həsən Ruhani bu istiqamətdə bir iş görərsə, yalnız alqışa layiq olacaq.

– Bu il Azərbaycanda da seçki ilidir. Təbii olaraq siyasi qütbləşmələr də mövcuddur. Hətta bu qütbləşmə müxalifət düşərgəsində də açıq-aşkar hiss olunur. Bu cür siyasi durumda seçkilər Azərbaycana nə perspektivlər vəd edir?

Prezident seçkiləri olduğundan bu il kifayət qədər hərəkətlilik müşahidə olunacaq. Eyni zamanda  maraqlı və canlı olacaq. Hər bir iddiaçı namizədə bərabərhüquqlu şərait yaradılacaq. Nəticədə Azərbaycan xalqı özünün tarixi seçimini edərək İlham Əliyevi yenidən prezident seçəcək. Bu mənim daxili inamımdır. Müxalifət cəbhəsində həmişə seçki ərəfəsində cəmləşmə və toplaşma prosesi gedir. Ancaq bəlli bir deyim var ki, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Eyni adamlar yenə bir araya gəlsə də, uğurlu bir nəticə əldə etmirlər. Çünki müxalifətin bugünkü rəqibi prezident İlham Əliyev çox güclüdür. İlham Əliyevə nə iqtidar, nə də müxalifət daxilində alternativ var. Bu mənada deyə bilərəm ki, müxalifət seçkidə heç bir uğur qazana bilməyəcək. Bunun digər səbəbi isə müxalifət liderlərinin bir-birinə rəğbət yox, nifrət bəsləməsidir. Belə olan təqdirdə xarici güclərin diktəsi ilə bir araya gəlib birlik göstərilməsi də mümkün deyil.

– Bu yaxınlarda Milli Şura yaradıldı. Bəzi ekspertlər bunu xaricin layihəsi hesab etsə də, müxalifət Milli Şuranı demokratik qüvvələrin birliyi adlandırır. Sizin Milli Şuranın gələcəyi ilə proqnozlarınız necədir?

Milli Şura platforması yaxın zamanlarda tarixin arxivinə qovuşacaq. İndidən Milli Şurada kifayət qədər ziddiyyətli məqamlar olduğu bəllidir. Rüstəm İbrahimbəyovu özlərinə sədr seçiblər. Rüstəm İbrahimbəyovun pafoslu danışmasına baxmayaraq, nə siyasi təcrübəsi, nə də siyasət aləmində keçmişi var. Bu baxımdan bu gün “milli görüntünün” ətrafına adam toplamağa çalışırlar. Ancaq Azərbaycan vətəndaşı ən doğrusunu edəcək. İnsanlarımız heç vaxt öz taleyini  qeyri-müəyyənliyə həvalə edə bilməz. Öz talelərini naşı adamların öhdəsinə buraxa bilməz. Bizim yaxın tarixdə bununla bağlı çox acı təcrübəmiz var. Milli Şura ciddi və səmimi birlik deyil. Milli Şuraya demokratik qüvvələrin birliyi demək düzgün olmaz. Bu yalnız xarici təsirlərin nəticəsində yaranmış bir təşkilatdır. Milli Şuranın iclasında da Azərbaycanın gələcək inkişafı və strateji seçimi ilə bağlı ciddi fikir ayrılığı olub. Biri çıxış yolunu Rusiyada, digəri isə Qərbdə gördü. Strateji fikir ayrılığı olan insanların toplaşdığı qurumda birlikdən söhbət gedə bilməz. Bundan başqa, onların vahid namizəd məsələsində də fikir ayrılıqları mövcuddur. Görünən budur ki, sözün əsl mənasında Milli Şuranın Azərbaycan xalqı ilə birbaşa bağlılığı yoxdur. Bu, süni şəkildə yaranmış birlikdir. Müxalifət sıralarında da vətənpərvər və ağıllı insanlar var. Həmin şəxslər çox gözəl başa düşür ki, Azərbaycanı hər hansı bir ölkənin vassalına çevirmək xalq üçün faciə deməkdir. Yəqin ki, onlar da bunu başa düşür. Yaxın zamanda partiyaların və şəxslərin konkret olaraq mövqeyinin şahidi olacağıq.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir