Modern.az

Nazir rəislərdən avtoxuliqanlara qarşı daha sərt tədbirlər tələb edib

Nazir rəislərdən avtoxuliqanlara qarşı daha sərt tədbirlər tələb edib

2 Aprel 2010, 19:53

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. İclasda nazir Ramil Usubov əməliyyat-qeydiyyat işləri üzrə tədqiq tədbirlərinin təşkilinin xidməti fəaliyyətdə böyük əhəmiyyət kəsb etdiyini, bağlı qalmış, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında əməliyyat aparatının imkanlarından istifadənin önəmli rola malik olmasını nəzərə çatdırmaqla bu sahədə fəaliyyətin düzgün qurulmasının hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi, fəaliyyətin qiymətləndirilməsində başlıca meyar olduğunu bildirib. R.Usubov Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar dövlət yol polisi qurumlarının üzərinə  insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi yönündə daha böyük vəzifələrin düşdüyünü xatırladıb. O, yol hərəkəti təhlükəsizliyinin təminini ictimai qaydanın qorunmasında ən mühüm istiqamətlərdən biri adlandıraraq, dövlət yol polisinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ümumilikdə məsuliyyətlə gəldiyini, vətəndaşlarla ən çox təmasda olan xidmət kimi onun gündəlik fəaliyyətindən polisin imicinin xeyli dərəcədə asılı olduğunu diqqətə çatdırıb, görülmüş müsbət işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək onların tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski bilidib ki, cinayətkarlığa qarşı mübarizəyə dair mövcud qanunvericilik aktlarından, ölkə Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində, o cümlədən cinayətlərin profilaktikasında, açılmasında və axtarışda olan təqsirləndirilən şəxslərin tutulmasında mühüm amillərdən olan əməliyyat aparatı ilə işin düzgün təşkili, onun imkanlarından səmərəli istifadə olunması, əməliyyat-qeydiyyat işləri üzrə həyata keçirilən tədqiq tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müvafiq fəaliyyət sahəsi daim diqqət mərkəzində saxlanılaraq Kollegiya iclaslarında, naziryanı əməliyyat müşavirələrində geniş müzakirə olunmuş, bir sıra zəruri təşkilati-praktiki tədbirlər müəyyələşdirilərək icraya yönəldilib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov bildirib ki, həyata keçirilən təşkilati və profilaktiki tədbirlər nəticəsində baş vermiş yol-nəqliyyat hadisələrinin qarşısının alınması, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.

O, qeyd edib ki, respublikada qeydiyyatda olan avtomobillərin 72,8 faizi texniki baxışla əhatə olunub. Kollegiya iclası iştirakçılarına məlumat verilib ki, təkcə 2009-cu ildə fiziki və hüquqi şəxslər tərəfindən ölkəmizə 75 min ədəd avtomobil gətirilib və bununla da respublikada nəqliyyat vasitələrinin ümumi sayı  937 mini keçib. Ötən bir il ərzində 884 mindən çox inzibati xəta pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 20, sürət həddinin aşılması 138, ötmə qaydalarının pozulması üzrə isə 13 min fakt aşkarlanıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 43,5 faizi nəqliyyatın yüksək sürətlə idarə olunması, 24,3 faizi ötmə qaydalarına  düzgün riayət edilməməsi  və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş verib.  Nəticədə 105 mindən çox sürücü yerində cərimələnib, 3062 nəfərin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. R.Zeynalovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinin təmini istiqamətində keçirilmiş kompleks tədbirlər nəticəsində yol-nəqliyyat hadisələrinin sayının və onların ağırlıq dərəcəsinin aşağı düşməsinə nail olunub. Belə ki, ötən il respublika ərazisində 2792 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 930 nəfər həlak olub, 3044 nəfər yaralanıb. 2008-ci illə müqayisədə hadisələrin sayı 178 fakt, həlak olanların sayı 122, yaralananların sayı 188 nəfər azalıb. İclasa yekun vuran nazir R.Usubov yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini, ictimaiyyəti ciddi narahat edən, yol hərəkəti təhlükəsizliyinə mənfi təsir göstərən amillərdən olan avtoxuliqanlıq hallarına qarşı daha sərt tədbirlərin görülməsini  ərazi polis orqanlarının rəislərindən tələb edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı