Modern.az

Fəzail Ağamalı: “Həmkarlarım Hüseyn Abdullayevin söyüşlərini yeməyi bacardı, amma mən onun cavabını verdim” - LAYİHƏ

Fəzail Ağamalı: “Həmkarlarım Hüseyn Abdullayevin söyüşlərini yeməyi bacardı, amma mən onun cavabını verdim” - LAYİHƏ

Müsahibə

20 İyun 2013, 10:33

“Hüseyn Abdullayevin söyüşləri yeyən gərək gedib özünü Xəzər dənizinə ataydı”


“Həyat yoldaşım məndən fərqli olaraq o peşəsinə sadiq qalıb”

Modern.az saytında “Əsas peşə” layihəsinin budəfəki qonağı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır.

Sən demə, Fəzail müəllimin içində biz jurnalistlərə qarşı ifrat dərəcədə sevgi varmış. Yayın istisindən yorulan millət vəkili iş otağından kənar bir yerdə söhbətləşməyə üstünlük verdi. Elə söhbətə də özü başladı.

– Bir aya yaxın idi ki sizə söz vermişdim. Nəhayət, yaxşı mənada qurmuş olduğunuz tələyə düşdüm.

Sizi asanlıqla  tələyə salmaq olmasa da kiçik müəllimlik peşəsindən böyük siyasətə gəlmisiniz. Bəs siz necə oldu tələyə düşdünüz?

– Universitetin tarix fakültəsini bitirib təyinatla Naxçıvana getdim. Əslində istəyirdim ki, Bakıda qalım. Bunun üçün kifayət qədər əsaslar vardı. Ya universitetdə saxlaya bilərdilər ya da Elmlər Akademiyasında. Lakin həmin dövrdə tələbə gənclərin fəal üzvlərindən olduğuma görə mənim  kimiləri təyinatla rayonlara göndərirdilər.

– Müəllim peşəsinə yiyələnmək uşaqlıq istəyiniz olub?

– BDU-nun tarix fakültəsinə qəbul olanda düşünmürdüm müəllim olacağam. Düşünürdüm ki müəllim olmaq üçün pedaqoji universitetə getmək lazım idi. Tarix fakültəsi mahiyyət etibarilə orta məktəb müəllimi buraxmır, tarixçi-tədqiqatçı hazırlayır.

– Ola bilməz ki, sizi tarixə çəkən hansısa tarixi hadisə, qəhrəman olmasın.

– Mirzə İbrahimovun “Gələcək gün” romanını oxuyandan sonra Firudin surətilə tarix fakültəsinə gəldim. Həmin roman gələcək həyatımda dönüş oldu.

– Firudin inqilabçı obraz idi...

– Artıq 9-cu sinifdə oxuyanda özümə “onun kimi inqilabçı olacağam”, –dedim. Babalarım 1905-1907-ci illər inqilabında fəal olublar. 16 yaşında bir yeniyetmə o haqda düşünürsə, o amal uğrunda mübarizə aparırsa, artıq o nəzərdə tutulmuş bir məqsəddir. Birinci ili universitetə qəbul ola bilmədim. Qalıb fəhlə işlədim. Sonra yenə tarix fakültəsinə sənədlərimi verdim.

– Tarixə münasibət həmişə dəyişir. Sovet dövründə Azərbaycan tarixi təhrif olunmuşdu. Siz Azərbaycan tarixi haqqında tələbələrinizə nəsə aşılaya bilirdiniz? Yoxsa siz də zamanın qılıncı qarşısında susurdunuz?

– Məsələyə doğru yanaşmanız var. Sovet dövründə ictimai yerlərdə marksizm-leninizm təbliğ və tətbiq olunurdu. O sistemdən kənara çıxmaq üçün həbs həyatını  gözünün qabağına gətirmək lazım idi. Sovet hakimiyyəti illərində bütün müəssisələrdə DTK-nın şöbələri, agentləri var idi. Auditoriyada nə danışırdınsa, dərhal DTK-ya çatdırılırdı və sən nəzarətə götürülürdün. Səmimi olaraq deyim ki, həm orta məktəbdə, həm də ali məktəbdə hər şeyi açıq-açığına danışmamışam, lakin fikirlərim vardı. Bir müddət orta məktəbdə Azərbaycan tarixini tədris elədim. Azərbaycan tarixi bərbad vəziyyətdə idi. O tarixdə həqiqətlər yox idi. 20 ildən yuxarı auditoriyada Leninin, Marksın mühazirələrini tədris eləmişəm. Buna baxmayaraq, sətiraltı fikirlərim olub.

– Birdən-birə mühit də, zaman da dəyişdi. Sovet ideologiyasına xidmət edən düşüncələriniz bu dəyişikliyə necə uyğunlaşdı?

– Balıq suda özünün necə yaxşı hiss edirsə, mən də özümü o cür. İmkan tapıb oxuduqlarımı açıq şəkildə tələbələrimə deyirdim. İqtisad Universitetində dərs deyərkən sovet hökuməti mövcud idi. Lakin inqilabi proseslər başlamışdı. İmkan daxilində tələbələrimə Azərbaycan tarixinin qaranlıq səhifələrini çatdıra bildim. Zamanın tələbindən çıxa bilmirdim. Mənə də çox çətin idi. Qorxurdum, çəkinirdim, ailəm, uşaqlarım vardı.

– Qorxsanız da 90-cı illərdə siyasətə qatıldınız.

– O qapalı sistemdə hər kəsdə böyük bir xof vardı.

– Müəllimlik peşənizdən ayrılıb siyasətə qatılanda ailəniz bunu necə qarşıladı?                                                     

– Siyasətə getməyimi istəmirdilər. Anam çox sadə qadın idi. Bircə göz yaşları ilə deyirdi ki siyasətə getmə.

– Bəs atanız?

– Rəhmətlik atamla yoldaşım evdə mənə qarşı koalisiya yaratmışdılar. Xanımım siyasətə getməyimi istəmirdi, ehtiyat edirdi. Başıma hadisə gələ bilərdi, ailə başsız qala bilərdi. Buna əsasən narahat idi.  Bir dəfə atama dedim. Düzdü, bu sözü demək mənə ağır idi. “Ata, elə təsəvvür elə ki, mən 2-3 il bundan qabaq hansısa səbəbdən dünyamı dəyişmişəm. Mən yoxam həyatda, mən ölmüşəm”. Bu sözümə görə atamın ürəyi xarab olmuşdu. Bir müddətdən sonra atam gəldi və dedi: “Səni yolundan döndərə bilməyəcəyəm. Get. Allah xeyrini versin”.

– Nə ananızın, nə də atanızın göz yaşlarına rəhminiz gəldi.

– Sadəcə tale elə gətirdi. Mən istəsəm də o yoldan dönə bilməzdim. Mən o yolun yolçusu idim. Naxçıvanda müəllim işləyəndə 1982-ci ildə mənim haqqımda instinkt xarakter daşıyan dosyelərə son qoyuldu.

– Deməli, o vaxta qədər nəzarət altında idiniz. Bundan necə xəbər tutdunuz?

– Bir poçtalyon vardı. O tez-tez məktub gətirirdi. Bir dəfə o sonuncu məktubu gətirəndə (pensiyaya çıxırdı) xanımıma demişdi ki, “sizə bir söz deyəcəyəm, amma heç kimə deməyin, yoldaşınız nəzarət altındadır. Sizə gələn məktublar bir-bir oxunub sonra sizə gətirilir”.
1969-cu ildən 1972-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında olmuşam. Tələbə olanda Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda dərnək yaratmışdıq. Dərnəyin fəal üzvlərindən biri də mən idim. 1988-ci il hadisələri başlayanda illərdən bəri arzuladığım bir mühitə düşdüm. Ciddi mübarizəyə qoşuldum. O mübarizədə kifayət qədər fəallıq göstərirdim. Hətta yadıma gəlir ki İqtisad Universitetinin o zamankı rektoru Abdullayev mənə dedi ki “neynirsən bu işləri, mitinqlərə qoşulmağı, gəl səni qəbul imtahanına salım”. Dedim xeyr, bu mənim yolumdur”. Həmin rektor Ayaz Mütəllibovun ən yaxın adamı idi.

– Maraqlıdır, Ayaz Mütəllibovun ən yaxın adamı sizi siyasətdən uzaqlaşdırmaq istəyirdi. Amma Elçibəy sizin siyasətdə mövqe tutmağınızı istəyirdi.

– Elçibəy mənim müəllimim olub. Elçibəy fərqli düşüncənin sahibi idi. Bəzən haşiyələrlə Azərbaycan tarixinə gəlib çıxırdı. Tənəffüsə çıxanda heç kəsin demədiyini Elçibəy bizə deyirdi. Elçibəy deyirdi ki, siyasətdə qal. Siyasi kitabları daha çox oxu. İmkan daxilində dövlət işlərində yer tutmağa çalış.

– Bir çox mətbu orqanları sizin müəlliminizə kəm baxdığınızı yazdı bir ara.

– Əslində belə deyildi. Heç vaxt Elçibəyin ünvanına bir kəlmə də olsun etikadan kənar heç nə deməmişəm.

– O zaman sizə qarşı bu cür böhtanlar kimə məxsus idi?

– Məni sevməyənlərə. Yanlış fikirləri mənim əleyhdarlarım deyib. Faktlarla ciddi tənqid etdiyim insanlar deyib. Məntiqlə vura bilmirlər, fikir mübadiləsində məni zəiflədə bilmirlər. Ona görə bu variantdan istifadə etdilər. Əbülfəz Elçibəy millətini sevən insan olub. Sadəcə, dövlət başına gəldi, dövləti idarə edə bilmədi. Elçibəy hakimiyyətə gəlməməliydi. O, Heydər Əliyevin hakimiyyətə gəlməsində çox maraqlı olub. Elçibəy o zaman Heydər Əliyev haqqında yaxşı fikirdəydi. Lakin sonradan fikrini dəyişdi. Bir haşiyə çıxım. 1994-cü ildə Surət Hüseynov hakimiyyətdən getdi. Elçibəyin hakimiyyətə qayıtması üçün əlverişli şərait yaranmışdı. O zaman oğlumla Kələkiyə-Elçibəyin yanına getdik. Dedim: “Ayaz Mütəllibov Moskvada deyir ki, “mən Azərbaycanın prezidentiyəm”. Siz oturmusunuz burda, deyirsiniz “mən Azərbaycanın prezidentiyəm”. Faktiki olaraq ölkəni Heydər Əliyev idarə edir. Biz Ayaz Mütəllibov deyilik. Biz azadlıq və müstəqillik uğrunda mübarizə aparmışıq. Sənsə gəlib hansısa səbəbdən oturdun Kələkidə. Referendum keçirildi. Xalq sənə etimadsızlıq göstərdi. Yaxşı olar ki, gəl Bakıya, müxalifət lideri kimi bütün müxalif düşüncəli insanları yığ ətrafına. Müxalifətdə boşluq var, bu qütbü formalaşdır, millətimizə xidmət elə”. Dedim: “Əbülfəz bəy, iyun ayının 4-dən 15-dək Bakı şəhərinin bütün icra başçıları cəbhəçi idi. Nə qədər çalışsalar da Prezident Sarayının qarşısında sizi müdafiə eləmək üçün bir nəfər yığa bilmədilər. Belə olan halda siz hansı sosial dayaqla təzədən prezident olsa bilərsiniz?”. Dedi: “Mənim öz prinsiplərim var”. Dedim: “Yaxşı, mən sizin prinsiplərinizə görə bu mübarizəyə qoşulmamışammı? Mən sizi bir müəllimim kimi istəmişəm, xalq hərəkatında sizi bir lider kimi qəbul eləmişəm və sizin liderliyiniz uğrunda mübarizə aparmışam. İndi sizin prinsiplərinizlə yaşamıram. Mənim bir prinsipim var. O da Azərbaycanın dövlət müstəqilliyi, güclü dövlətin yaradılmasıdır. Mənim fikirlərimlə sizin dedikləriniz ziddiyyət təşkil edir. Allah amanında...”.

– Görünür, müəlliminiz sizi elə yetişdirib ki, hətta onunla üz-üzə dayanıb fikir yürütməkdən belə çəkinməmisiniz?

– Olanı deyirəm. Elçibəy haqq dünyasındadır. Bu gün də Elçibəyin şəxsiyyətinə hörmət edirəm. Həm müəllimim olub, həm də Azərbaycan dövləti üçün xidmətləri çox olub. Bunları unuda bilmərəm. Sadəcə, bu böhtanı uyduranlar gündüz müxalifətdədirlər, gecə isə iqtidarın qapısı ağzında növbədə dayanırlar.

– Amma Elçibəy müxalifətə rəhbər gəlmədi.

–Elçibəy ola bilsin ki hakimiyyət illərində Türkiyənin müəyyən qüvvələrinin təsiri altına düşmüşdü. Belə bir ümid vardı ki, o yenidən hakimiyyətə gələ bilər. Həm Mütəllibov, həm də Elçibəy ümidli idilər ki, Heydər Əliyev devriləcək. Hətta Ayaz Mütəllibovun tərəfdarları bir neçə dəfə Əliyevin xaricdən Bakıya qayıdan təyyarəsini vurmağa cəhd göstərmişdilər.

– Bu gün müəllim kimi peşəkar auditoriyaya qayıtmaq fikriniz var?                                               

– Psixoloji cəhətdən peşəkar auditoriyaya qayıtmağa hazır deyiləm. Siyasət məni özünə o qədər cəlb edib, o qədər məni xəstələndirib ki, özümü ondan kənar təsəvvür edə bilmirəm. Kənar təsəvvür edəndə də siz, jurnalistlər qoymursunuz.

– Sonda günah bizim üstümüzdə qaldı?

– Sanki dərhal duyaraq bütün cinahlardan hücuma keçirsiniz.

– Bu gün müəllimlərin əmək haqları çox aşağıdır...

– O əmək haqqı ilə yaşamaq mümkün deyil. Müəllimlik peşəsinə qayıtmaq çox böyük fədakarlıq tələb edir. Gərək köhnə kostyumlarını ütüləyəsən, əgər əyninə olarsa.

– Sizin dövrünüzdəki müəllimlərlə indiki müəllimlər arasında nə kimi fərq var?                                               

– O zaman müəllimə çox böyük hörmət vardı. Müəllim də cəmiyyətdə ən yaxşı təbəqə idi. İndi sanki müəllimlər auditoriyaya girməyi özləri üçün ən böyük işgəncə hesab edirlər.

– Bəs siz auditoriyaya necə girirdiniz?

– Çox böyük həvəslə.

– Dərs dediyiniz tələbələrinizlə qarşılaşanda onlara nə tövsiyələr verirsiniz?

– Artıq çoxlarının saç-saqqalı ağarıb. Çox səmimi görüşlərimiz olur. Öz-özümə düşünürəm ki mən yaxşı müəllim olmasaydım, onlar mənə yaxınlaşmazdılar, diqqət göstərməzdilər. Şagirdlərimin içində dövlət xadimləri, alimlər, səfirlər var.

– Azərbaycanda fəaliyyət göstərən partiyalara müəllimlik etmək sizə tapşırılsa, onlara nəyi aşılayarsınız?

– Dövlətə, xalqa layiqli xidmət edin. Öz şəxsi istəklərinizi önə çəkməyin. Amalınız xalqınıza xidmət etmək olsun.

– Naxçıvanda, Gəncədə müəllim işlədiyiniz həmkarlarınızla görüşürsünüz?

– Naxçıvana gedəndə orta məktəbə yox, ali məktəbə gedib görüşürəm, Gəncəyə də həmçinin. Amma İqtisad Universitetində müəllim işlədiyim müddətdə Naxçıvanda, Gəncədə işlədiyim müəllim yoldaşlarım kimi mənə yaxın olan insanlar olmadı.

– Ailədə müəllim işləyən kimsə var?                                                                                                 

– Həyat yoldaşım. Məndən fərqli olaraq o peşəsinə sadiq qalıb.

– Bəs övladlarınızdan hansısa müəllimliyə, yaxud siyasətə meylli olan var?                                                                                                          

– Heç biri müəllim deyil. Yalnız oğlum Elçin Ana Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavinidir. Dövlət işində çalışsa da, dövlət işini davam etdirmədi.

– Təmkinli müəllim obrazınız var. Amma keçmiş deputat Hüseyn Abdullayevlə Milli Məclisdəki davanız zamanı bu obraz sanki arxa plana keçdi. Nə baş verdi o zaman?

– Çox qürurluyam. Eyni zamanda şəxsiyyətimə hörmət edən insanam. Hüseyn Abdullayev özünü o zaman çox fərqli apardı. Etikadan kənar sözlər işlətdi. O söyüşləri yemək mümkün deyildi. O söyüşləri yeyən gərək gedib özünü Xəzər dənizinə ataydı. Mənsə Xəzər dənizinə getmədim və onun cavabını verdim.

– -Sizin kimi qürurlu insan bəs bağışlamağı bacardı?

– O, üzr istədi. Mən də anasının göz yaşlarına, Hüseyn Abdullayevin cavanlığına bağışladım hər şeyi. Əslində onun parlamentdəki aqressivliyi təkcə mənə qarşı deyildi. Digər həmkarlarını da hədəfə almışdı. Lakin onlar onun söyüşlərini yeməyi bacardı. Mənsə yox.

– Sonuncu sualıma da səmimi cavab verməyinizi istəyirəm. Müəllimlik peşəsi sizə yaxındı, yoxsa siyasətdə tutduğunuz mövqe?

– Suala sualla cavab verəcəyəm. Əgər iki övladınız varsa, hansı sizə əzizdir o zaman? Məndə də elə. Müəllimlik ilk peşəm olub. Müəllimlik peşəsinə minnətdaram. Bu peşə məni bu mərhələyə gətirib çıxarıb.

– Müsahibənin əvvəlində demişdim. Sizi tələyə salmaq o qədər də asan iş deyil.

– Peşəkar jurnalistlərə minnətdaram.                

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi