Modern.az

Keçmiş nazir müavini: “Mənə dedilər ki, “Heydər Əliyev şəxsən sizinlə maraqlanır”" - MÜSAHİBƏ

Keçmiş nazir müavini: “Mənə dedilər ki, “Heydər Əliyev şəxsən sizinlə maraqlanır”" - MÜSAHİBƏ

24 İyun 2013, 10:50

İradə Hüseynova: “Onun qəbuluna gedəndə düşündüm ki, nitqim kəsiləcək, ayağım tutulacaq”

O 10 il ərzində Təhsil Nazirliyinin rəhbərliyində təmsil olunmuş yeganə xanımdır. Tarix elmləri doktoru, professor İradə Hüseynova 2002-ci il avqust ayından 2011-ci ilin sentyabrın ortalarına qədər təhsil nazirinin müavini işləyib.
İndi Bakı Dövlət Universitetinin kafedra müdiri və kafedranın nəzdində fəaliyyət göstərən Erməni Araşdırmaları Elmi Tədqiqat Laboratoriyasının rəhbəridir. Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. 2011-ci ildə İngiltərədə elm və təhsil innovasiyalarının inkişafındakı xidmətlərimə görə beynəlalqq Sokrat mükafatı ilə təltif olunub. Müsahibim Azərbaycan tarixində sözügedən mükafatı alan ilk qadındır.

İradə Hüseynova deyir ki, nazir müavini postunu tərk edəndə ən çox sevinən elə öz uşaqları olub. ”Niyə”sini özü danışır. Modern.az saytı onunla müsahibəni təqdim edir.

- Uşaqlar üzümü görə bilmirdilər. Mən nazirlikdən işdən çıxanda dedilər ki, “ana, axır ki, sənin üzünü görəcəyik”. Amma yenə mümkün deyil. Çünki işlər çoxdur.

Bu, çox yaxşı bir işdir

- İnsanlar deyirdilər ki, İradə xanım, imkanımız yoxdur, sizdən kömək istəyirik. Deyirdim ki, qəbuluma gəlmisinizsə, nə bacarıramsa, edəcəm. Bu əzmlə yaşamaq xoşbəxtlikdir. Mən Heydər Əliyevin kadrıyam və bununla fəxr edirəm. İnsanların sevgisini, hörmətini qazana bilmişəmsə, ən böyük nailiyyətim budur.

- Məlumdur ki, vəzifə sahiblərinə dost-tanış zəngləri də edilir. Bəs nazir müavini postunu itirəndən sonra necə, o zənglər azalıb, yoxsa..?

- İnsanların xoş münasibətini hər zaman hiss edirəm. Əslində bu bir sınaq dövrüdür o mənada ki, səni istəyən insanlar həmişə sənin ətrafındadır. Cəsarətlə deyə bilərəm ki, dost baxımından heç vaxt kasad olmamışam.

- Bəs xahişlərlə bağlı zənglər, yenə gəlirmi?

- Təbii ki, insanın əlindən gələn bir şey varsa, daha çox müraciət olur. Amma mənim dediyim başqa bir şeydir. Vəzifədən sonra insanların sevgisini qazanmaq tamam başqadır. Deməli, əbəs yerə işləməmisən. Həyatımda elə bir məqam olmayıb ki, ondan xəcalət çəkim. İnsanlara səmimi yanaşmağa çalışmışam. Çox vaxt ibadətdən danışılır. Bu, çox yaxşı bir işdir.

- Yeri gəlmişkən, ibadət edirsiniz?

- Klassik anlamda ibadət eləmirəm. Allahı çox sevən, insanam. Hər bir insan sözlə yox, etdiyi hərəkətlərlə Ona yaxın olmalıdır. İbadət çox gözəl işdir, amma ondan da üstün məsələlər var. Məsələn, Peyğəmbərimiz buyurur ki, “bir gün elmlə məşğul olmaq altmış il ibadət etməkdən üstündür”. Biz elmin fədaisiyiksə, bu yolda töhfə verə biliriksə, bu da müsbət məqamdır. İnsan yaxşı alim, pedaqoq ola bilər. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq hər kəsə məxsus deyil. Amma dediyim bu cəhətlər bir insanda cəm olubsa, şəxsiyyət haqda düşünə bilərik.

- Bu yaxnlarda YAP-ın qurultayı keçirildi…

- Həmin qurultayda mən yenidən Siyasi Şuranın üzvü seçildim. Bu da cənab prezident İlham Əliyev tərəfindən mənə göstərilən etimaddır və bu etimadı yüksək səviyyədə doğrultmağa çalışacağam.

- On il ərzində Təhsil Nazirliyinin rəhbərliyində təmsil olunan yeganə xanımsınız. Şəxsən mənim öz qənaətimə və bildiklərimə görə zabitəli, ciddi və bəzən də sərt xarakteriniz var. Bu belə görünür, yoxsa gerçəkdən belədir?

- (gülümsəyir) Siz bu fikirdə olan yeganə insan deyilsiniz. Amma həyatda və ələlxüsus işdə nə qədər rəngarəng çalarlar varsa, insan özü də o çalarlarla zəngin olmalıdır. Hər şey ağ və qaradan ibarət deyil. Xasiyyət də belədir. Zərurət doğarsa, sərt olmaq, prinsipiallıq nümayiş etdirmək lazımdır. Bunu etməsən, işin getməz.

“Heç kim anadan nə nazir müavini, nə nazir, millət vəkili doğulur”

- Hazırda sabiq nazir Misir Mərdanovla ünsiyyətiniz varmı?

- Bəli, çox normal münasibətimiz var.

- Bəs digər sabiq nazir müavini Elmar Qasımovla?

- Onunla da həmçinin. Hansısa bayramda bir-birimizi təbrik edirik. İsgəndər müəllimlə də əlaqələrimiz yaxşıdır. Mən konflikt adamı deyiləm, amma lazımi məqamda mübariz qadınam. Mənim prinsipiallığım insanlara xeyir gətirirsə, öz mövqeyimdə duruş gətirməyə hazıram. Yadınızdadırsa, Heydər Əliyev müşavirələrdə iştirakçılara “sizin mövqeyiniz nədir” deyə sual edirdi. İstər məişətdə, ailədə, xidməti münasibətlərdə, cəmiyyətdə mövqe sahibi olmaq, şərtlərdən asılı olmayaraq o mövqeyi təlqin etmək insan üçün çox vacibdir. Kiminsə mövqeyi sənin fikrinlə üst-üstə düşmürsə, buna da hörmətlə yanaşmaq lazımdır.

- Elmar müəllim rektor təyin olundu. Siz isə hazırda kafedra müdirisiniz. Bu suala səmimi cavab verəcəyinizə inandığım üçün soruşuram. Sizin də belə bir gözləntiniz oldumu?

- Heç kim anadan nə nazir müavini, nə nazir, millət vəkili doğulur. Bu həyatdır və göstərilən xidmətlərin nəticəsində müəyyən mərhələyə çatırsan. Mənimçün çox böyük etimad idi ki, 2002-ci ildə ulu öndər Heydər Əliyev etimad göstərərək, təhsil nazirinin müavini təyin etdi. İstər Sovet quruluşunda, istərsə də indi Heydər Əliyev ideyalarına sədaqətlə xidmət eləmişəm. YAP-a daxil olmağım Heydər Əliyevin ideyalarını dəstəkləməyimdən irəli gəlib.

- Neçənci ildən partiyanın üzvüsünüz?

- 1992-ci ildən, partiya yaranandan YAP-ın üzvüyəm. Heydər Əliyevin yetirməsi olmuşam və bununla da şərəf duyuram. 1981-ci ilin oktaybr ayını 10-da Respublika sarayında Ümumittifaq kənd təsərrüfatı gününə həsr edilmiş ümumrespublika müşavirəsi keçirilirdi. Həmin müşavirədə kənd təsərrüfatı naziri Məmməd Əsgərov, xalq şairi Bəxtiyar Vahabzadə, tələbələr adından mən -o vaxt Azərbaycan Dövlət Universitetinin ikinci kursunda oxuyurdum - və Heydər Əliyev çıxış etdi. Tələbələr adından çıxış edəndə hansısa nəticəni düşünmürdüm. Mənim çıxışım onun diqqətini cəlb etdi və səhəri gün universietə gələndə rəhbərlik məni çağırıb dedi ki, “Heydər Əliyev şəxsən sizinlə maraqlanır”. Təcili şəkildə şəxsi uçot vərəqimi doldurmağı istədilər. Ondan sonra məni Lidiya Rəsulovanın rəhbəri olduğu Həmkarlar İttifaqına dəvət elədilər. Lidiya xanımla söhbətimiz oldu, uzun müddət şəcərəm süzgəcdən keçirildi. O vaxt kimisə harasa irəli vermək çətin idi, süzgəclərdən keçməliydin. Günlərin birində yenidən mənə xəbər gəldi ki, Azərbaycan Həmkarlar İttifaqının qurultayına nümayəndə seçilirəm. Həmin qurultaydan SSRİ Həmkarlar İttifaqının 17-ci qurultayına nümayəndə seçildim. Həmin qurultayda da məni Mərkəzi Təftiş Komissiyasının üzvü seçdilər. Kremlin Qurultaylar sarayında beş min nəfər arasında 18 yaşlı yeganə nümayəndə idim.

“Heydər Əliyev dedi ki, “çox gözəl natiqlik qabiliyyətin var”

- Məncə bunları heç vaxt deməmisiniz.

- Elədir. Böyük həyata vəsiqəni Heydər Əlieyevin əlindən almışam, onun xeyir-duası ilə irəliləyən, inkişaf edən gənclərdən biri olmuşam. Ümumiyyətlə, istər Heydər Əliyevin dövründə, istərsə də indi gənclər siyasəti böyük önəm kəsb edir. 1982-87-ci ildə Azərbaycanı ünumittifaq səviyyəsində təmsil etmişəm. Moskvada olarkən də bizim Heydər Əliyevlə görüşlərimiz olmuşdu. Maraqlı fakt danışım. 1996-cı ildə Qırğızıstanın o vaktki prezidenti Əsgər Akayevlə Bakı Dövlət Universitetində görüş keçirilirdi. Mən iki prezident arasında əyləşərək Heydər Əliyevin dedidklərini Akayev üçün tərcümə edirdim. Tədbirdən sonra o hər kəsin qarşısında çox isti, doğma şəkildə mənimlə görüşdü və dedi ki, “sən 1981-ci ildə Respublika sarayında çıxış edən qız deyilsən? Çox gözəl natiqlik qabiliyyətin var”. Sonra soruşdu ki, “indi harda işləyirsən?”. Dedim ki, “universitetdə müəlliməyəm”. Bu adamın fenomenal yaddaşına heyran qaldım.

“O elə bir şərait yaratdı ki, elə bil doğma atamla danışırdım”

- Nazir müavini təyin olunmağınız necə baş verdi?

- 2002-ci ilin yayında ailəylə birgə Nabrana istirahətə getmişdik. Qayıdanda məni Prezident Aparatına çağırdılar. Doğrusu, nə üçün çağırdıqlarını bilmirdim.

- O vaxt da universitetdə müəllimə idiniz?

- Bəli, burda oxumuşam və işləmişəm. Artıq 33 ildir burdayam. Nazir müavini işləyəndə də burda işləmişəm. Mənə dedilər ki, “sizi Heydər Əliyev qəbul edəcək”. Düşündüm ki, nitqim kəsiləcək, ayağım tutulacaq. Çünki prezidentin qəbulunda olmaq çox böyük məsuliyyətdir. Heydər Əliyevin çox böyük kabineti var idi. Mən ora daxil olarkən daxilimdəki bütün gərginlik keçdi.O elə bir şərait yaratdı ki, elə bil doğma atamla danışırdım. O hər bir sahəni mükəmməl bilən mütəxəssis idi. Otaqdan çxanda mənə dedilər ki, “siz bir saatdan artıqdır ki, Heydər Əliyevin qəbulundasınız”.
O vaxtın necə keçdiyini hiss eləmədim. Ancaq onu bildim ki, hər bir sahədən danışdıq. Mənim də fikirlərim onun üçün maraqlı idi ki, gənc müəllim, alim və qadın kimi mövqeyim necədir. Görüşün səhəri gün mənə yenidən zəng olundu ki, “siz yenidən Prezident Aparatına gəlməlisiniz”. Yenidən gəldim və məlum oldu ki, o məni bir də görmək istəyir. İnana bilmədim. İkinci görüşümüz daha yüksək səviyyədə, səmimi, isti doğma şəraitdə keçdi. Bir saat iyirmi dəqiqə onun qəbulunda oldum. Söhbətin axırında mənə dedi ki, “səni tanıyıram, sovet dönəmindən sən mənim yetirməmsən, səni fərqləndirən cəhətlərdən biri sabit və sədaqətli olmağındır. Eyni zamanda işgüzarsan”. Dedi ki, “səni təhsil nazirinin müavini təyin edirəm”. Mənim yanımda həmin fərmana imza atdı. On il bu vəzifəni icra etdiyim dövrdə Heydər Əliyevin kadrı olmaq məsuliyyətini hiss edirdim. Elm sahəsinə rəhbərlik edən nazir müavini olaraq istər elmi konfranslar, olimpiadalar, elmi yarışmalar üçün müvafiq şərait yaratdım. Bir daha söhbətin əvvəlinə qayıdım ki, insan vəzifəsindən asılı olmayaraq tutduğu mövqeyi insanların xeyrinə yönəldə bilirsə, deməli, o , öz yerindədir. Bu, mənim həyat kredomdur. Cəmiyyət maraqlarını lazım gələndə öz maraqlarından üstün tutmalısan. Bu gəlişi gözəl söz deyil.

“Bunu tam səmimi etiraf edirəm”

- Adətən vəzifəli xanımlar özlərinə lazımınca vaxt ayra bilmirlər. Bu, sizdə alınır?

- Allah insanı qadın yaradıbsa, başlıcası özünə hörmət etməlidir. Qadın olaraq özünə hörmət etmək nədir? Səliqəli geyinmək, səliqə-səhmana diqqət etmək, hər zaman başqaları üçün yaxşı nümunə olmaq. Qadın həyatdır, bəşəriyyəti yaşadan mühüm varlıqdır, cəmiyyət üçün bir cəfakeşdir. Eyni zamanda qadın həyat yoldaşıdır. Əbəs deyil ki, dinimizdə də “cənnət anaların ayaqları altındadır” deyə kəlam var. Əgər qadının durumu, rifah halı yüksəkdirsə, cəmiyyətin mənəvi durumu da yüksək olacaq. Çünki ana hər şeyin özəyidir, əsasıdır. Tarixən Azərbaycanda qadına böyük hörmət olub. Hazırda bizim üçün ən gözəl nümunə Mehriban xanım Əliyevanın fəaliyyətidir. Bunu tam səmimi etiraf edirəm. O Azərbaycan qadınının incəliyinin, ağlının, cəsarətin, zəkanın nümunəsidir. Onun bütün fəaliyyəti sosial baxımdan kövrək olan sahələrə-uşaq evləri, internat müəssisələri, xüsusi qayğıya ehtiyacı olan insanlara yönəlib. Bu gün milli mənəvi dəyələri yaşatmaq üçün Heydər Əliyev Fondu çox böyük işlər görür. Bizim milli incimiz olan muğamın YUNESKO-nun maddi-mənəvi irs siyahısına daxil olması böyük uğurdur. Mədəniyyətin, təhsilin inkişafında prezidentlə yanaşı, Mehriban Əliyevanın böyük rolu var. Mehriban Əliyeva İlham Əliyevin təkcə xanımı yox, həm də silahdaşıdır, həmfikiridir. Bu da Azərbaycan xanımına xas xüsusiyyətdir.

- Bildiyimə görə Heydər Əliyev haqda ilk dissertasiyanı da siz yazmısınız.

- Əvvəla çox böyük qürur duyuram ki, Heydər Əliyev haqda ilk doktorluq dissertasiyasının müəllifiyəm və bunu onun öz xeyir-duası ilə etmişəm. Həyatımım on ildən artıq dövrünü məhz buna sərf etmişəm. Bu dissertasiyanı yazarkən Rusiyadakı bir çox dövlət arxivlərinə, Naxçıvan Ali Məclisinin arxivinə müraciət elədim. Həmçinin bütün dövlət arxivlərində tədqiqatçı kimi çalışmışam. Mövzum “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” olub və 1941-ci 2003-cü illəri əhatə edib. Heydər Əliyevlə bağlı bir neçə kitabın, elmi monoqrafiyaların müəllifiyəm. Onun fəaliyyətinin hansı dövrünə nəzər salsaq, görərik ki, ən vacib prinsip dövlətçilik olub. Onun ən böyük xidməti də ən qanlı- qadalı dövrlədə dövlətçiliyimizi qoruyub saxlaması idi. Mənim doktorluq dissertasiyamın müdafiəsi Azərbaycan tarixşünaslığında Əliyevşünaslıq elminin də əsasını qoydu. İşin 70-80 faizi hazır olanda şəxsi arxivi ilə bağlı ona müraciət etdim. Dərhal tapşırıq verildi və tədqiqatçı kimi mənə müvafiq şərait yaradıldı. İlk dəfə onun şəxsi arxivinə müraciət etdim. Artıq Əliyevşünas alim olaraq mənim elmi rəhbərliyimlə Heydər Əliyevin fəaliyyəti ilə bağlı namizədlik və doktorluq dissertasiyalarının məsləhətçisi və elmi rəhbəri olmuşam. Əliyevşünaslıqla bağlı elmi məktəb də inkişaf etməkdədir. Onun fəaliyyətinin gənc nəsilə ötürülməsi çox vacibdir.

“Zaman tapanda özümü formada saxlamağa çalışıram”

- Nazir müavini kimi rəsmi əməkhaqqınız nə qədər idi?

- Səhv etmirəmsə, 1000-1100 manat arası idi. Dövlət məmuru olaraq aldığım məvacibi doğrultmağa, vəzifəmin öhdəsindən layiüqincə gəlməyə çalışmışam.

- İdmanla məşğul olursunuz?

- İdmançı olduğumu deyə bilmərəm. Amma idman çox faydalıdır. Amma ara-sıra məşğul oluram. Bəzən istəklərlə reallıqlar üst-üstə düşmür. Zaman tapanda özümü formada saxlamağa çalışıram. Bu həm də özünə hörmətdir.

- Bu il prezident seçkisi olacaq. Gözləntiləriniz maraqlıdır.

- Bu il ümumiyyətlə zəngin ildir. Əvvəla Heydər Əliyevin 90 illik yubleyi qeyd olundu. Eyni zamanda prezident seçkisidir. İnanıram ki, xalqımız düzgün seçimini edəcək. Biz xalq olaraq İlham Əliyev ətrafında daha da sıx birləşəcəyik. İnanıram ki, xalq öz səsini İlham Əliyevə verəcək.

“Musiqi də bəstəliyirəm”

- Musiqiylə aranız necədir?

- Ümumiyyətlə incəsənəti çox sevirəm, milli incimiz olam muğamı çox sevirəm. Bu, dərin fəlsəfədir. Hər bir musiqi janrının gözəlini dinləyirəm. Estradada da gözəl musiqilər var. İmkan olanda royalda ifa edirəm, musiqi də bəstəliyirəm.

- Musiqinizi kimsə ifa edib?

- Bunu özüm və yaxınlarım üçün edirəm. Eyni zamanda oxumağı da bacarıram.

- Valideynləriniz də pedaqoq olublar?

- Anam çox gözəl həkim olub və bununla yanaşı, royalda çalırdı, muğam bilicisi idi, şeirlər yazırdı, rəsm əsərləri yaradırdı. Atam isə müəllim idi, tarda ifa edirdi. Məndə incəsənətə sevgi genlə gəlir.

- Siz şeir yazırsınız?

- Yox. Gözəl musiqilər ruhun qidasıdır. Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədovun, Rəşid Behbudovun yaradıcılığını çox bəyənirəm. Müslüm Maqomayevin böyük pərəstişkarı olmuşam. Üzeyir Hacıbəyovun hər bir musiqisi klassikadır. Hər zaman milli musiqimizlə öyünürəm. Muğam isə gələcək nəsillərə ötürülməlidir. Muğamın əsl vətəni Azərnbaycandır.

 - Mütaliə edirsiniz?

 - Vaxt olanda edirəm.

 - Son oxuduğunuz kitab hansıdır?

- Səmimi olmağa çalışıram. Müasir dövrlə bağlı olan vacib informasiyalar, tarixi ədəbiyyatları daha çox oxuyuram. Onları oxuyarkən məndə müəyyən fikirlər formalaşır və sonra oturub onları kitab şəklində izhar edirəm. Mən eyni zamanda müəlliməyəm. Çalışıram ki, əldə etdiyim yeni fikirləri öz tələbələrimə də təlqin edim. Biz burdn tələbələri təkcə savadlı yox, həm də vətəndaş kimi yola salmalıyıq.

- Neçə övladınız var?

 - İki qızım, iki nəvəm var.

 - Hansı peşənin sahibləridirlər?

- Hər ikisi hüquqşünasdırlar, elmlə məşğuldurlar, doktoranturada oxuyurlar. Eyni zamanda da dövlət qurumlarında  çalışırlar.

- Müəllimlərin əməkhaqqı hər zaman müzakirə mövzusudur. Sizcə indiki əməkhaqları qaneedicidir?

- Müəəllimlərin əməkhaqı nə qədər yüksək olsa, təhsilin keyfiyyəti də yüksək olacaq. Ancaq biz gərək real danışaq. Məsələn bu yaxlnlarda Gürcüstanda böyük konfransa çıxış elədim. Deməzdim ki, hanslsa bir ölkə bizdən üstündür.

- Məsələn orda müəlimlərin əməkhaqqı necədir?

- Məncə ən münasib şərait Azərbaycandadır. Əvvəla sabitlikdir. Təbii ki, iqtisadi baxımdan qüdrətləndikcə əməkhaqları da artacaq. Bu yöndə müvafiq tədbirlər görülür.

- Sizcə niyə bizim universiterlər beynəlxaq reytinq siyahısına düşə bilmirlər?

- Niyə ki? İmpa faktoru məsələsi çox vacibdir. İmpa faktoru olan jurnallara bizim qabaqcıl alimlərimizin jməqalələri daxil edilib. BDU həmişə qabaqcıl təhsil ocaqlarından olub və bu gün də belədir.

- Amma burda belədir. Bəs beynəlxaq arenada?

- İstər respublika, istər dünyada bir çox göstəricilərə görə BDU öncül yerdədir. Məsələn, bir neçə kateqoriya üzrə BDU öncül yerlərdədir. Burda köklü pozitiv dəyişikliklər baş verməkdədir. Şərqdə ilk ali məktəbdir. Universitetimiz mötəbər təhsil və elm ocağıdır.

- Tələbələrlə işləmək və keçmiş nazir müavini üçün çətin deyil ki?

- Mən nazir müavini olanda da müəllimə olmuşam. Tələbələrlə ünsiyyətdə olmaq insana yaradıcılıq impulsu verir, özün özünə qarşı tələbkarlıqla yanaşırsan. Hər dəfə auditoriyaya daxil olanda yeni fikir gətirməlisən ki, tələbələrin marağına səbəb olsun. Əgər hər dəfə eyni fikirlə daxil olacaqsansa, fayda verməyəcək.


İntiqam Valehoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır