Modern.az

Qeydiyyata alınmayan QHT-lər Azay Quliyevə böyük imid bəsləyir

Qeydiyyata alınmayan QHT-lər Azay Quliyevə böyük imid bəsləyir

Qarabağ

5 Aprel 2010, 12:44

Dövlət qeydiyyatına alınmayan bir qrup QHT Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət edərək onunla görüşmək niyyətini ifadə ediblər. Bu məqsədlə qeydiyyatsız QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvü, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev millət vəkili Azay Quliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının təşəbbüsü ilə yaradılmış Qeydiyyatından İmtina Olunan QHT- lərin Əlaqələndirmə Şəbəkəsinin üzvləri olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi sizinlə görüşmək və üzləşdiyimiz problemin həllində yardımçı olmanızı istəyirik. Ümid edirik ki, dövlətin QHT- lərlə bağlı siyasətini həyata keçirən Şura və onun rəhbəri kimi siz həmişə olduğu kimi QHT-lərin bu probleminə də həssaslıqla yanaşacaq və məsələnin həlli ilə bağlı əməli addımlar atacaqsınız”.

Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev Modern.az-a bildirib ki, müraciəti 33 QHT imzalayıb: “Bu ilin yanvarın 28-də bir qrup qeydiyyatdan keçməyən QHT-in təşəbbüsü ilə 11 təşkilat birləşib, Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası adlı Əlaqələndirmə Şəbəkəsi yaratdı. Hazırda bu Şəbəkəyə üzv olan QHT-lərın sayı 33-dür. Qeydiyyata alınmayan bu təşkilatlar  müxtəlif vaxtlarda dəfələrlə Ədliyyə Nazirliyinə (ƏN) müraciət ediblər. Təkcə bizim Demokratik İslahatlar Uğrunda Cəmiyyət 8 dəfə nazirliyə müraciət edib. Ancaq hər birində də rədd cavabı verilib”.

O.Gülalıyev Ədliyyə Nazirliyinin qeydiyyata alınmayan QHT-lərə əsassız səbəblər göstərdiyini deyir: “Müəyyən bir ərəfə vardı ki, həmin vaxt QHT-lər qeydiyyata alındı. Ancaq sonra qeydiyyat məsələsi yenə məhdudlaşdırıldı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Hesab edirəm ki, bu narazılıqlar haqlıdır. QHT-lərin qeydiyyata alınmaması ilə bağlı çox absurd səbəblər göstərirlər. Məsələn, əgər hansısa təşkilatın təsisçilərindən birinin şəxsiyyət vəsiqəsinin surəti yoxdursa, bunu səbəb kimi göstərib  qeydiyyata almırlar. Hər halda bunu zəng edib demək də olar. Bundan başqa, QHT-lər nizamnamədə “təşkilatın fəaliyyətinə xitam verilməsi” sözü yazanda, Ədliyyə Nazirliyi qeyd edir ki, bu ifadə “ləğv olunması” sözü ilə əvəzlənməlidir. Sonra biz nazirliyin dediyi kimi yazanda, onda digər ifadənin vacibliyini göstərirlər. Bir sözlə, səbəb kimi tamamilə bəsit cavablar öz əksini tapır”. O.Gülalıyev deyir ki, qeydiyyata alınmayan QHT-lər arasında Seçkilərin Monitorinqi Mərkəzi, Ekoloji-Milli Proqonazlaşdırma Mərkəzi,  İqtisadi İnnovasiya Mərkəzi,  Ekstremal Jurnalistlər Birliyi kimi aktiv qurumlar da var.

DİUC-in həmsədri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ilə görüşün bu həftə baş tutacağını bildirdi: “Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının sədri ilə keçiriləcək görüşə Qeydiyyatından İmtina Olunmuş QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvləri ilə yanaşı Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının nümayəndələrinin də qatılacağı, qeydiyyat məsələsi ilə yanaşı vətəndaş cəmiyyəti institutlarının digər problemlərinin də müzakirə olunacağı nəzərdə tutulub. Biz hər zaman QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini izləyirik. Ehtimalımız var ki, Şuranın sədri Azay Quliyevin obyektiv və həssas yanaşması bizim problemimizin həllində əsas vasitə olacaq”.

Günay MUSAYEVA

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir