Modern.az

Bir nəfər kimi, Olaq səfərbər, Allahu-Əkbər!

Bir nəfər kimi, Olaq səfərbər, Allahu-Əkbər!

26 İyun 2013, 20:11

Əziz Musa

ƏSGƏRİM

Qarabağım darda qalıb,
Satan satıb, alan alıb.
Namərd bizi dərdə salıb,
“Misri”, “Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Dağlar yanır, daşlar yanır,
Qarı düşmən haqqı danır.
Ürəkdə qəzəb oyanır,
“Misri”, “Cəngi” çal əsgərim,
Qarabağı al, əsgərim.

Demə bəxtimiz yatıbdı,
Düşmən od-ocaq çatıbdı.
Döyüş zamanı çatıbdı,
“Misri”, Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Qazan xanın nəvəsisən,
Koroğlunun nərəsisən,
Babəkin qeyrət səsisən,
“Misri”,” Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.

Bu dərd-kədər bizi əyir,
Doğma dağlar qara geyir,
Vətən sənə oğul deyir,
“Misri”, “Cəngi” çal, əsgərim,
Qarabağı al, əsgərim.


İGİD  ƏSGƏR

Igid əsgər, igid əsgər,
Vətən, yurd səni səsləyir.
Ana Vətən, doğma diyar,
Indi sənə oğul deyir.

Bu torpağın oğlu heç vaxt,
Qorxu bilməz, igid əsgər.
Qoyma gülsün quduz düşmən,
Ayağa qalx, hünər göstər.

Meydan vermə namərdə sən,
Pozulmasın sərhəddimiz.
Silahını qoyma əldən,
Qoy ucalsın Vətənimiz.

Bu millətin qeyrəti var,
Qoy tanısın cahan səni.
Qarabağı vermə yada,
Igid əsgər, möhkəm dayan.


DEYİR

Nə vaxtdı gözündən qan-yaş axıdan,
O sərin bulaqlar, qisas al deyir.
El üçün darıxan, köməksiz qalan,
Boynu bükük dağlar, qisas al deyir.

Murovun başını duman-çən alıb,
Şuşanın yolları xəyala dalıb.
Qoca Xudafərin yadlara qalıb,
Sürüsüz yaylaqlar, qisas al deyir.

Xocalı, Kəlbəcər, Laçın ağlayır,
Həkəri hönkürür, Tərtər çağlayır,
Arazın naləsi ürək dağlayır,
Ziyaratdakı qar, qisas al deyir.

Hanı Cəbrayılın dövləti, malı,
Indi Füzulinin çətindi halı.
Gəlmir Zəngilana Naxçıvan balı,
Qubadlıda bağlar, qisas al deyir.

Yolunda, izində tikanlar bitən,
Başının üstündən durnalar ötən,
Şəhidlər qanına boyanan        Vətən,
Çinarlar, qovaqlar, qisas al deyir.

Həsrətdən, hicrandan susan bülbüllər,
Saralan çiçəklər, üşüyən güllər,
O şəhid ruhları, didərgin ellər,
Nəgməsiz dodaqlar, qisas al deyir.

DÖYÜŞMƏLİYİK

Düşmən inadından dönməsə əgər,
Soyuq məzarlara çevrilsə səngər,
Gülləni köksündə soyutsa əsgər,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Çadırdan yaylağa dönməsə elim,
Şuşaya, Laçına yetməsə əlim,
Millətlər içində xar olsa dilim,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Ağdamın üstündən çəkilməsə çən,
Düşmən əl çəkməsə Kəlbəcərimdən,
Yağılar adlasa Xudafərindən,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi döyüşməliyik.

Düşmən Cəbrayıla bayraq taxırsa,
Hələ Füzulidə qanlar axırsa,
Zəngilan, Qubadlı yada baxırsa,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

Tanrı eşitmirsə qanlı ahları,
Kor dünya görmürsə bu günahları,
Bizi səsləyirsə şəhid ruhları,
Qardaş bir cərgədə birləşməliyik,
Pozub atəşkəsi, döyüşməliyik.

HAYDI  İGİDLƏR

Cavanşirin, Babəkin,
Nəvələri atlanın,
Tanrı sizə yar olsun,
Döyüşlərdə ad alın.

Qoymayın torpağımız,
Parçalansın bir daha.
Yumruq kimi birləşin,
And verirəm Allaha.

Qeyrət, namus vaxtıdı,
Düşməni diz çökdürün.
Tikanlı məftilləri,
Aralıqdan götürün.

Qılıncları siyirin,
Qoy gurlasın səsiniz.
Qorxmayın, əyilməyin,
Qanlı döyüşlərdə siz.

Koroğlutək adınız,
Qoy düşsün dildən-dilə.
Hünəriniz hər zaman,
Yayılsın eldən-elə.

Qarabağı təzədən,
Qaytarın özümüzə,
Doğma Vətən dağları,
Qoy gülsün üzümüzə.

DÖYÜŞ  MARŞI

Çətin günlər qapımızı kəsdirib,
Qalxın Vətən oğulları, atlanaq.
Xain düşmən daha bizi bezdirib,
Ölüm-dirim savaşında ad alaq.

           Bir nəfər kimi,
           Olaq səfərbər.
           Haydı igidlər,
           Allahu-Əkbər!

Qılıncımız qoy parlasın havada,
Nərəmizdən düşmən bağrı yarılsın.
Sözümüzü gəlin deyək havada,
Şöhrətimiz hər tərəfə yayılsın.

             Bir nəfər kimi,
             Olaq səfərbər.
             Haydı igidlər,
             Allahu-Əkbər!

Qoy acılsın qələbəylə hər səhər,
Namus, qeyrət zamanıdı, irəli.
Döyüşlərdə bizə inam, qüvvət ver,
Ya Allahım, Ya Məhəmməd, Ya Əli.

             Bir nəfər kimi,
             Olaq səfərbər.
             Haydı igidlər,
             Allahu-Əkbər!

       YAXINLAŞIR

Kişnə Qırat, dillən sazım,
Qisas günü yaxınlaşır.
Siyril qından Misri qılınc,
Qisas günü yaxınlaşır.

Dağıldı, köçdü ellərim,
Alışdı yandı, yandı çöllərim,
Hazırlaşın dəlilərim,
Qisas günü yaxınlaşır.

Düşmşn yaman qan eyləyib,
Yurdumu viran eyləyib,
Nə varsa talan eyləyib,
Qisas günü yaxınlaşır.

Siz ey sinəsi dağlılar,
Ay qardaşlar, eloğlular,
Nərə çəkin koroğlular,
Qisas günü yaxınlaşır.

QALXIN

Vətənsiz nə tac, nə saray,
Torpaqdan, yurddan olmaz pay.
Nərə çəkin, salın haray,
Qalxın Vətən oğulları.

Hanı sərin yaylağımız,
Əldən gedir torpağımız.
Qeyrət olsun yarağımız,
Qalxın Vətən oğulları.

Duman, çən yolu bağlayır,
Göylər bizə yas saxlayır.
Uca dağlar qan ağlayır,
Qalxın Vətən oğulları.

Qoy kişnəsin kəhər atlar,
Sönübdü ocaqlar, odlar.
Yurdumuzda gəzir yadlar,
Qalxın Vətən oğulları.

Vətən bizi bağışlamaz,
Yurd-yuvasız nə bahar, yaz,
Tökülən qan yerdə qalmaz,
Qalxın Vətən oğulları.

     AĞ  ATLI  OĞLAN

Haqqın gözü qıpıq, qolları bağlı,
Düzlər düzdə qalıb, sinəsi dağlı,
Bu necə dövrandı, ey vətən oğlu,
Indi at oynadır xəyanət, yalan,
Gəl, gir bu meydana, ağ atlı oğlan.

Yalan ayaq tutub, şər keçib başa,
Əyrilər, oğrular dayanıb qoşa.
Arzular, istəklər çırpılıb daşa,
Indi seçmək olmur ağı, qaradan,
Gəl, gir bu meydana, ağ atlı oğlan.

Düşmən bu meydanda çox qala bilməz,
Nahaqq qalib gəlsə, zəmanə gülməz,
Itsə ümidimiz neyləyərik bəs?
Tanrı da götürməz, bu zülmü inan,
Gəl, gir bu meydana, ağ atlı oğlan.

Gözümüz yoldadı nə vaxtdan bəri,
Daha çəkmək olmur bu dərdi-səri.
Bir dəli nərə çək, siyir xəncəri.
Belə gedə bilməz bu acı dövran,
Gəl, gir bu meydana, ağ atlı oğlan.

    MARŞ

 

Vətən əsgəri,

Ayıq ol, ayıq.

Xain düşməni,

Susdurmalıyıq.

 

Qoç Koroğlunun,

Nəvələriyik.

Şir kimi qorxmaz,

Nər oğlu nərik.

 

Biz yağılara,

Vermərik fürsət.

Silahımızdı,

Inam, cəsarət.

 

Geri çəkilmək,

 Yaraşmır bizə,

Gərək düşmənlə,

Gələk üz-üzə.

 

Bir nəfər kimi,

Olaq səfərbər.

Bizim olacaq,

Qələbə, zəfər.

 

Son sözümüzü,

Döyüşdə deyək.

Qələbəmizi,

Bayram eyləyək.

 

AYAĞA  QALX

 

Ayağa qalx, Vətən oğlu, qalx ayağa,

Namus, qeyrət zamanıdı, tez ol görək.

And iç doğma od-ocağa, bu torpağa,

Yağıları diz çökdürək bu gün gərək.

 

Bəsdir daha dözdüyümüz qəm, kədərə,

Gəl qurtaraq bu döyüşü, bu savaşı.

Illər boyu vaxt itirdik hədər yerə,

Bir dəfəlik qoy qurusun bu göz yaşı.

 

Açaq daha səbrimizin cilovunu,

Namərd düşmən bələd olsun gücümüzə.

Biz qalxmasaq kim qurtarar bu oyunu,

Döyüşlərdə zəfər gülsün üzümüzə.

 

Nə zamandı haray çəkir ana Vətən,

Qarabağın köməyinə yetişək biz,

Qoy qanına qəltan olsun qarı düşmən,

Bir də qara geyinməsin Vətənimiz.

 

Bir nərə çək, atıl düşmən üzərinə,

Qov düşməni yurdumuzdan Vətən oğlu.

Bütün dünya alqış desin zəfərinə,

Özün qoru azadlığa gedən yolu.

 

   DUR  QARDAŞIM

 

Ana Vətən yaralıdı, yaralı,

Ellər düşüb bir-birindən aralı.

Qara geyib Qarabağın maralı,

Neyləyirəm belə ömrü, həyatı,

Dur qardaşım, yəhərləyək Qıratı.

 

Illər boyu bu dərd-qəmə dözmüşük,

Vətən deyib, boynu bükük gəzmişik.

Bu həsrətdən üzülmüşük, bezmişik,

Neyləyirəm belə ömrü, həyatı,

Dur qardaşım, yəhərləyək Qıratı.

 

Yada qalıb torpağımız, daşımız,

Ayrılıqdan nələr çəkib başımız.

Qurumayıb selə dönən yaşımız,

Neyləyirəm belə ömrü, həyatı,

Dur qardaşım, yəhərləyək Qıratı.

 

Sinələrdə dağlara bax, dağlara,

Gözləməklə sağalarmı bu yara.

Biz getməsək, kim gedəcək dağlara,

Neyləyirəm belə ömrü, həyatı,

Dur qardaşım, yəhərləyək Qıratı.

 

Niyə bizdən üz döndərib bu fələk,

Birdəfəlik ya ağlayaq, ya gülək,

Vətən deyib, ya öldürək, ya ölək,

Neyləyirəm belə ömrü, həyatı,

Dur qardaşım, yəhərləyək Qıratı.

 

        VƏTƏN  OĞLU

 

Ayaqlandı ismətimiz,

Talan oldu sərvətimiz.

Harda qaldı qeyrətimiz,

Igid əsgər.

 

Həqiqətin üzünə bax,

Şimşək kimi dağlarda çax.

Vaxt, vədədi ayağa qalx,

Igid əsgər.

 

Sağalmazdı sinə dağım,

Haray çəkir Dəli dağım,

Yol gözləyir Qarabağım,

Igid əsgər.

 

Qaçqın, köçkün olub millət,

Yoxdu bir haqq, bir ədalət.

Bu nə bəxtdir, bu nə qismət,

Igid əsgər.

 

Qara yellər əsir yenə,

Imkan vermə sən düşmənə,

Oğul deyir Vətən sənə,

Igid əsgər.

 

Qurtar bu qanlı savaşı,

Kəsilsin elin göz yaşı,

Geri qaytar dağı, daşı,

Igid əsgər.

 

   İRƏLİ, ƏSGƏR

 

Vətən savaşa köklənib,

Irəli, əsgər irəli.

Qarabağ qana bələnib,

Irəli, əsgər irəli.

 

Fələk niyə bizə qıydı,

Həsrət bizi yolda qoydu,

Dərd-qəm sinəmizi oydu,

Irəli, əsgər irəli.

 

Bəsdi bu ağı, bayatı,

Səsləyin eli, elatı,

Cidarlardan açın atı,

Irəli, əsgər irəli.

 

Qurtaraq bu söhbətləri,

Sökək qanlı sərhədləri.

Yığ başına igidləri,

 Irəli, əsgər irəli.

 

Çağırır yurd-yuva bizi,

Qorxuzmasın dava bizi.

Yol gözləyir Cıdır düzü,

Irəli, əsgər irəli.

 

 İGİD  ƏSGƏR

 

Gecikmə, igid əsgər,

Tələs, döyüşə tələs.

Düşmən yaman quduzdu,

Düşmənin yolunu kəs,

Səni gözləyir bu yol,

Ən kəsərli qılınc ol,

Ən iti xəncərə dön.

 

And iç, mərd babaların,

Ocağına, oduna,

Layiq ol, bu Vətənin,

Şöhrətinə, adına,

Gir döyüşə nər kimi,

Pələng kimi, şir kimi

Ən isti səngərə dön.

 

Həqiqət səninlədi,

Öz yolundan dönmə sən.

Qoy səni qorxüzmasın,

Nə qar-boran, nə də çən.

Ön cərgədə dayan, dur,

Düşmənin boynunu vur,

Qalib bir əsgərə dön.

 

    EY İGİD ƏSGƏR

 

“Cəngi” çalınmasa düşmən çəkilməz,

Vətən qorunmasa, torpaq əkilməz.

Qeyrətli igidin dizi bükülməz,

Keşikdə sayıq dur, ey igid əsgər.

 

Vermə ehtiyatı əldən bir an da,

Həmişə sadiq ol içdiyin anda.

Səndən razı qalsın doğma anan da,

Keşikdə sayıq dur, ey igid əsgər.

 

Sənə tapşırılıb Vətənin varı,

Tuşla silahını düşmənə sarı.

Itirmə heç zaman sən etibarı,

Keşikdə sayıq dur, ey igid əsgər.

 

Yurduma göz dikir hər yoldan ötən,

Qeyrətə, namusa söykənir Vətən.

Səni qorxuzmasın nə duman, nə çən,

Keşikdə sayıq dur, ey igid əsgər.

 

Arazın suları lil axır hələ,

Həsrətli gözlərdən sel axır hələ.

Aldanma hər sözə, hər şirin dilə,

Keşikdə sayıq dur, ey igid əsgər.

 

        QALX  AYAĞA

 

İgid əsgər, qalx ayağa,

Igidləri yığ başına.

Qoyma qalsın qarı düşmən,

Bu meydanda öz başına.

 

Silahını al əlinə,

Arxa-dayaq ol elinə.

Dur min Qıratın belinə,

Qalxanını çək başına.

 

Yurd-yuva yada qalmasın,

Gül-çiçəklər saralmasın.

Qərənfillər qərq olmasın,

Anaların göz yaşına.

 

At oynadır qarı düşmən,

Darda qalıb doğma Vətən.

Qisas deyir ölüb-itən,

Sahib ol öz dağ-daşına.

 

     ƏSGƏR ANASI

 

Başını uca tut, əsgər anası,

Oğlunu şir kimi mərd böyütmüsən.

Bilirəm özün də,sular sonası,

Oğlunun qəlbində əsgər getmisən.

 

Vətəni qoruyur övladın bu gün,

Adınla bağlıdı Vətənin adı.

Vətən müqəddəsdi, bilirsən özün,

Keşikdə dayanar yurdun övladı.

 

Dünyanın xoşbəxti, bəxtəvərisən,

Güvənir oğluna bu yurd, bu Vətən.

Oğlunun dilinin sən əzbərisən,

Torpaq qorunmasa bitərmi bir dən.

 

Daha uşaq demə, igiddi balan,

Əlində avtomat keşikdə durur.

Vətəni şərəflə qoruyur hər an,

Qəlbində müqəddəs bir istək, qürur.

 

Sən qeyrət tacısan, sular sonası,

Analar gülərsə, Vətən güləcək.

Başını uca tut əsgər anası,

Oğlun kişi kimi dönüb gələcək.

 

       OĞLUMA

 

Bilirəm keşikdə oyaq qalmısan,

Əlində avtomat, qolunda qüvvət.

Düşmənin gözünə bir ox olmusan,

Qəlbində böyükdü düşmənə nifrət.

 

Sən qorxu bilməyən igidsən oğul,

Sinəndə sevginin odu qalanıb.

Ürəkdən başlayır yurda gedən yol,

Bilirsən bu torpaq, bu yurd talanıb.

 

Hələ dərdimizin sərhəddi yoxdu,

Qarabağ qalıbdı düşmən əlində.

Bu yurda göz dikən namərdlər çoxdu,

Dağ-daş qan ağlayır Qorqud elində.

 

Doğranıb yurdumun sərhəddi-səddi,

Tutubdu göyləri qara buludlar,

Sınıbdı dağların vüqarlı qəddi,

Hələ də Cıdırda kişnəmir atlar.

 

Candan keçməliyik bu Vətən üçün,

Vətənin layiqli bir əsgəri ol.

Sayıq olmalıyıq hamımız bu gün,

Yurdun keşiyində möhkəm dur, oğul.

 

      AZƏRBAYCAN  ƏSGƏRİ

 

Bəsdi, oyan yuxudan,

Həsrətdən üzüldü can.

Qurtar xalqı qorxudan,

Azərbaycan əsgəri.

 

Bu yurdun ər oğlu, ər,

Vətənin nər oğlu, nər.

Göstər döyüşdə hünər,

Azərbaycan əsgəri.

 

Meydana atıl yenə,

Xalqım inanır sənə.

Yeri düşmən üstünə,

Azərbaycan əsgəri.

 

Qorxu bilməz əsgər ol,

Döyüşə səfərbər ol.

Qeyrətdən keçir bu yol,

Azərbaycan əsgəri.

 

Dərdin kökü dərindi,

Haqq, ədalət sənindi.

Vətən çağırır indi,

Azərbaycan əsgəri.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?