Modern.az

Onlardan biri "Mançester Yunayted"də oynaya bilər - REPORTAJ -FOTOLAR

Onlardan biri "Mançester Yunayted"də oynaya bilər - REPORTAJ -FOTOLAR

İqtisadiyyat

27 İyun 2013, 10:25

“Bakcell" şirkəti və “Mançester Yunayeted” futbol klubunun birgə təşkil etdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbi haqda iyunun 24-də “Bakcell Arena”da başlayıb. Əslində bu özü özlüyündə istər "Bakcell", istərsə də Azərbaycan futbolu üçün uğur sayılmalıdır. Çünki ortada dünya futbolunun titanı olunca, başqa cür mümkün də deyil.

 

Biz də futbol məktəbi ilə yaxından tanış olmaq üçün 2Bakcell Arena"ya yolanırıq. Öncədən qeyd edim ki, burada respublikanın müxtəlif bölgələrindən olan 8-12 yaş arası 32 uşaq “Mançester Yunayted”in məşqçiləri tərəfindən təlim-məşq toplantısı keçir. Məktəbə seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyilə iyunun 11-dən 22-ə kimi Bakı, Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıtda təşkil olunub. Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc Mançesterə səfər edərək “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasında olacaqlar. Yay məktəbinin nəticələri və seçimlər haqqında Bakcell-in iyunun 28-də təşkil edəcəyi mətbuat konfransında məlumat veriləcək.

..Saat 11-dir. Fotomüxbirimiz Elçinlə "Bakcell Arena"dayıq. Bizə deyirlər ki, ilk məşq başa çatdığından bir qədər gözləməliyik. Bayaqdan ora-bura var-gəl edən bu şəxs diqqətimi cəlb edir. Yaxınlaşıram.

 

 

XəlilovNofəl seçimlərdə iştirak etmək üçün övladını Mingəçevirdən Bakıya gətirib. Doğrudan da təqdirəlayiqdir. Milli komandası Lüksemburqu uda bilməyən ölkənin vətəndaşı futbolumuzun gələcəyinə inanaraq 300 kilometr yolu qət edib gəlib. Deyir ki, oğlu Nihatın səkkiz yaşı var, heç bir komandada oynamayıb. Buna baxmayaraq, Mingəçevirdə keçirilən seçimlərdə bəyənilərək “Bakcell Arena”ya dəvət edilən beş nəfərdən biri olub.
Bu sarşın uşaq isə “Qəbələ” klubunun uşaq məktəbindən seçilərək paytaxta dəvət edilib. On iki yaşı var. Artıq futbolçulara məxsus imic yaratmağa da müvəffəq olub. Hər halda fikirlərimi bu yeniyetmənin fotosundan da aydın sezmək mümkündür. Deyir ki, üçüncü ildir futbola məşğuldur, sağ cinah yarımmüdafiəçisidir. Öz gücünə inanır Tamerlan. Ana dilindən savayı rus dilini də bilir.


Özü demişkən "azcana" da ingiliscə danışmağı var. Balaca müsahibim bunları ona görə xatırladır ki, “Bakcell”in təşkil elədiyi seçimlərdə qalib gələrək Mançesterə aparılacağı halda ünsiyyət problemi olmayacaq.
Elə Tamerlanla söhbətin şirin yerində bayaqdan atası ilə haqqında söhbət açdığım qəhrəman soyunub geyinmə otağından gəlir. Boyu o qədər balacadır ki, onunla danışmaq üçün mütləq aşağı əyilməlisən.


Amma diribaş uşağa oxşayır. Hər halda heç bir futbol məktəbi görməyən uşağın paytaxta dəvət edilməsi təsadüfi deyil.

Nigar Mirzalıyeva isə burdakı 32 nəfərin içərisində yeganə qız futbolçudur. İdmanla məşğul olsa da, iffətini, zərifliyini qoruyub. Çox sevindiricidir:


“2002-ci il təvəllüdəm. Mingəçevir futbol məktəbində oynaıyram, hücumçuyam”.

Yavaş-yavaş məşqçilər də meydançaya daxil olurlar. Bax, dil bilməmək belə şeydir. Vurhay tərcüməçi axtarıram.

Məşqləri dünyaca məşhur “Mançester Yunayted” klubunun məşqçiləri Kol və Pol Qrey aparır. Ayaqüstü Kolla həmsöhbət oluruq. Deyir ki, şənbə günündən Bakıdadırlar və beş gün ərzində azərbaycanlı uşaq futbolçular üçün təlim-məşq toplanışı keçirəcəklər.

“Uşaqları dinləmək bacarığı və dediklərimizi icra etmələri bizi qane edir. Burda olmağa çox şadıq. Həqiqətən maraqlı uşaqlardır. Hələ ki konkret fərqlənən uşaq yoxdur”.

Sonda verəcəyim suala alacağım cavabı təxmin eləmişdim. Amma ingilis yumoru sözünü deyir.

-Bu oyunçulardan hansınınsa gələcəkdə “Mançester yunayted”də forma geymək şansı var?
-Gördüyünüz kimi onlar hamısı “Mançester Yunayted” formalarındadırlar(gülürük).


“Bakcell”in marketinq məsələlərinə məsul olan Ayaz bəy isə deyir ki, təmsil etdiyi şirkətin “Mançester Yunayted”lə üç illik müqabviləsi var:

"Gələcəkdə belə layihələr davamlı ola bilər. Bakıda bu klubun akademiyasını açmaq istəyirik. Onların şərtlərindən biri yay akademiyasını təşkil olunmasıdır. Çünki onlar yerli oyunçu potensialı və şəraitlə tanış olmaq istəyirlər.Bu stadion 12 min azarkeş tutur, dünya standartlarına uyğun tikilib".

Öyrənirəm ki, burdakı 32 uşaqdan Gəncə, Mingəçev, Lənkəranın hər birindən 5 nəfər təmsilçi var. Yerdə qalan 12 nəfər isə paytaxtı təmsil edir:

"Hazırda seçmə mərhələdir. Burda fərqlənən uşaqlardan beş nəfər bir həftəlik Mançesterə göndədərəcəyik. Təxminən avqust-okytabr aralığında “Mançester Yunayted-“Çelsi” oyununa baxacaqlar. Ora yerli uşaq akademiyasında da birgünlük iştirak olacaq. Ordakı məşqçilər bir uşağımızı da bəyənsələr böyük uğurdur".

Bayaqdan heç ağlıma gəlməzdi ki, bu uşağın 12 yaşı var. Şəkildən də gördüyünüz kimi bu oğlan mən boydadır. Hələ ayaq ölçüsünü demirəm. Çünki özü deyəcək. Maraq üçün deyim ki, bəndənizin boyu təxmninən 180 santimetr civarındadır. Məlum olur ki, Bakının "İnter" klubunun yetirməsidir:

“İnter”də məşğul oluram, yarımmüdafiəçiyəm. Boyum 178-180 santimetrdir. Çox sürətlə artıram. Burdan seçiləcəyimə inanıram. Ayaqqabım 44 "razmer"dir".


 

Müsahibələri bitirib məşqi izləməyə davam edirəm. İnfgilis mütəxəssislərin apardığı məşq gerçəkdən də fərqlidir. Həm də maraqlı. Yəqin ki, başqa cür olması mümkün də deyil. Uşağın dilini anasından yaxşı kim bilə bilər ki?


 


İntiqam VALEHOĞLU

Fotolar Elçin MURAD

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür