Modern.az

Milli Qəhrəman övladı: “Mənə elə bir iş təklif etdilər ki...” – MÜSAHİBƏ

Milli Qəhrəman övladı: “Mənə elə bir iş təklif etdilər ki...” – MÜSAHİBƏ

Müsahibə

27 İyun 2013, 11:25

Ədalət Aznaurova: “Atam haqda film deputat Sevinc Hüseynovanın köməyi nəticəsində ərsəyə gəlib”

 

Modern.az saytı “Milli qəhrəman övladları” layihəsini davam etdirir. Müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun qızı Ədalət Aznaurovadır. O, Milli Qəhrəmanın üç qızı yadigarından biridir.

Milli Qəhrəman haqda arayış: İsgəndər Söhrab oğlu Aznaurov 1956-ci il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində dünyaya gəlib. Əslən Ahıska türküdür. 1963-cü ildə burada məktəbə gedib, 1973-cü ildə həmin məktəbi bitirib. 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olub. 1983-cü ildə ali təhsilini başa vurduqdan sonra elə həmin il təyinatla Daşkənd vilayətinin Akkurqan rayonu Qalyakudur sovxozuna işləməyə göndərilib.  

İsgəndər Aznaurovun Azərbaycana gəlişi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin yeni mərhələyə qədəm qoyduğu vaxtına təsadüf edir. Bu vaxtlar Gədəbəyin 28 kəndini əhatə edən Şınıx bölgəsində də döyüşlər getdikcə şiddətlənirdi. Hərbi xidmətdə olarkən topçuluğun sirlərinə yiyələnən İ.Aznaurov 1992-ci ilin mart ayında könüllü olaraq Milli Orduya yazılır. Onu Gədəbəy rayonunun Şınıx kəndində “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Aznaurov tez bir zamanda topçuluq məharəti, döyüş zamanı təşkilatçılıq bacarığı, igidliyi ilə tanınır. 18 aprel 1993-cü ildə İsgəndər Aznaurov döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant İ.Aznaurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Şəmkirdəki Kür qəsəbəsinin 1 saylı orta məktəbi İsgəndər Aznaurovun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Burada qəhrəmanın həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə “İsgəndər” adı verilib. Gədəbəyin Şınıx kəndinin Mormor yüksəkliyində “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb, ön cəbhədə “İsgəndər qalası” hələ də düşmən üçün bir səddir.

Milli Qəhrəmanın qızı Ədalət Aznaurova ilə söhbəti təqdim edirik.

– Ailəmiz 4 nəfərdən ibarətdir: anam, iki bacım və mən. Bacılarım ikisi də ailəlidir. Kiçik bacım övladına atamın adını qoyub. Onlar Türkiyədə yaşayırlar. Mən də ailə qurandan sonra anamla burda yaşayıram. Yoldaşım hərbi xidmətdədir. Artıq gəlməyinə bir neçə gün qalıb.

– Özbəkistanda yaşanan qanlı olaylardan sonra sizdə bir çox ahıskalılar kimi oranı tərk etdiniz. Bəs əvvəlcə harada məskunlaşdınız?

– Ahıska türkü olduğumuz üçün bura gəlməyimizlə bağlı problemlər yaşadıq. 1990-cı il 20 yanvar hadisələri zamanı Bakıya köçüb gəldik. Amma sonra vəziyyətin yaxşı olmadığını görüb, burdan getməyə məcbur olduq. Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşdıq. Müharibə şəraiti atamı çox narahat edirmiş. Və artıq ermənilərin amansız hücumuna dözməyən atam Milli Ordunun sıralarına könüllü olaraq yazılıb. Əslində bundan nə anamın, nə də nənəmin xəbəri olmuşdu. Atam heç kimə demədən gedib bu işi etmişdi. Sonradan biz bundan xəbər tutduq. O zaman 9 yaşım vardı. Kimsə düşünə bilər ki, bu yaşda uşağın yadında nələr qala bilər. Amma yaşananlar dünən olmuş kimi mənim yadımdadır. Atam gələn vaxt mən həyətdə oynayırdım. O zamanlar ortalıqda hərbi formada gəzmədikləri üçün atamın geyimi mənim diqqətimi çəkmişdi. Amma uşaq olduğum üçün heç bir şey başa düşmürdüm. Evə gəlib könüllü olaraq Milli Orduya yazıldığını və nə olursa-olsun qərarını dəyişməyəcəyini bildirdi. Məndə vətən qarşısında olan borcumu bundan sonrada layiqincə yerinə yetirməliyəm dedi. Amma gedərkən bizə tez-tez gəlib baş çəkəcəyini söylədi. Daha bilmirdik ki, aylarla atamın üzünə həsrət qalacağıq...

– Atanızla bağlı hansı xatirələriniz var?

– Gecələr onun həsrətini çox çəkərdim. Gəldiyi vaxt özünə məxsus fit çalardı. Eşitdiyimdə o qədər sevinirdim ki. Bilirdik ki, atam gəlir. Amma o gələndə o qədər yorğun və halsız olduğuna görə istədiyimiz kimi atamla söhbət edə bilmirdik. Müharibənin içindən çıxıb gələn insan nə qədər yaxşı ola bilərdi ki... Hətta bəzən gəldiyi zaman anama deyərmiş ki, uşaqları oyandırma. Gəlib bir günlük də olsa, bizi görüb qayıdırdı. Atamın yolunu tək biz deyil, bütün hər kəs səbirsizliklə gözləyərdi. O gələn vaxt bizdən öncə qonşular onu qarşılamaq üçün küçəyə çıxırdılar. Bütün hər kəsin sevgisini qazanmışdı. Mən onunla qürur duyuram. Bu yaxınlarda atamla bağlı bir videokaset izlədim. Bir neçə dəqiqəlikdə olsa, orda atamın sağ olduğunu gördüm. Bu kaseti atamgilin yanında olan yaxın dostu çəkib gətirmişdi. Kasetdə atamın necə bir qəhrəman olduğunu bir daha görmüş oldum. Ermənilərə qarşı necə vuruşduqlarını və etdiyi qəhrəmanlıqları görmək bizim üçün qürurverici bir hissdir.

Bir dəfə atamı görmək üçün bir nəfər gəlib. Atamın yanında da uca boylu bir insan  dayanıbmış. Bu insanı görən kimi qucaqlayıb “İsgəndər, sən necə də qorxmaz və mərd insansan” deyib. Ucaboy adam da cavab verib ki, “İsgəndər mən deyiləm, bu insandır”. O da gözlərinə inana bilmir ki, bədəncə bu qədər cılız adam belə qəhrəmanlıqlar göstərsin.

Atamın yanında olan dostu bizə elə şeyləri danışırdı ki, eşitdikcə dəhşətə gəlirdik. Ermənilər onu öldürənə 1 milyon manat pul vəd etmişdi.

– Atanızın ölüm xəbərini necə eşitdiniz?

– Ölümündən üç gün qabaq evə gəlmişdi. Səhər yuxudan oyananda atam anama deyib ki, “bu gecə çox qəribə bir yuxu görmüşəm. Gördüm ki, ətrafımda çoxlu ilanlar var. Mənə ziyan verməyə çalışırlar..”. Üç gün sonra atamın meyitini gətirdilər...

– O vaxtlar sizə kimlər dəstək oldu?

– Atamın bütün yas mərasimləri dövlət tərəfindən qarşılandı. Bizə isə 18 yaşına çatana qədər müavinət verildi. Bu gün Şəmkirin korpus  komandiri vəzifəsində çalışan Rövşən Əkbərovun bizə mənəvi cəhətdən çox böyük dəstəyi olub. Anamın sayəsində bir çox şeylərə nail olmuşuq. O, üçümüzün də təhsil alması üçün əlindən gələni edib. Ali təhsilimi Moskvada almışam.

– Gədəbəydən olan Milli qəhrəmanlara aid bir film çəkilib. Orada atanızla bağlı bir kadr var. Bu film haqda nə deyə bilərsiniz?

– “Alınmaz qalanın qəhrəmanları” adlı bu film 4 Milli Qəhrəman haqdadır. Filmin bu yaxınlarda təqdimatı oldu. Bu film Gədəbəydən seçilmiş xanım deputat Sevinc Hüseynovanın köməyi nəticəsində ərsəyə gəlib. Filmi izləyərkən atamızla bir daha fəxr etdik...

– Sizcə, bu gün niyə Milli Qəhrəman övladları bir-birlərini tanımırlar?

– Mən bu haqda anamla söhbət edəndə onların hər birini yaxından tanımaq istədiyimi deyirəm. Çünki bizim atalarımız o cür qəhrəmanlıqlar göstəriblər. Bir yerdə olub hər zaman atalarımızla bağlı danışmalıyıq deyə düşünürəm. Mən təhsilimlə bağlı bir neçə il burdan uzaq olduğum üçün sanki buralara yadlaşmışdım. Artıq burdayam və zamanı gəldiyində o insanların hamısını yaxından tanımaq istəyirəm.

– Atanızla döyüş bölgəsində olmuş insanlar bu gün sizinlə əlaqə saxlayırlarmı?


– Onun “Həsənəli qardaş” deyə çağırdığı insanın bizim üzərimizdə çox böyük zəhməti var.

– Azərbaycandan kənarda təhsil almısınız. Orada Milli Qəhrəman övladı olduğunuzu kiməsə demişdiniz?

– Bunu fəxrlə deyirdim. Atamın Qarabağ müharibəsində şəhid olduğunu və onun qəhrəmanlıqlarından danışırdım.

– Ali təhsiliniz var. Bəs işləməyi düşünmürsünüz?


– Universiteti hüquqşünaslıq ixtisası üzrə bitirsəm də, burda iş tapmaqda çox çətinlik çəkirəm. Milli Qəhrəman övladı olaraq mən heç bir köməklik göstərilmir. İşlə bağlı bir çox qurumlara müraciət etdim, haqqımda bilgiləri götürdülər. Amma məni elə bir yerə işə düzəldirdilər ki... "Mcdonalds"da satıcı....

 

Pərvin ARZUQIZI
Elçin MURAD

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür