Modern.az

Həsrətin axan qanı

Həsrətin axan qanı

27 İyun 2013, 12:58

Həsrətin qanının axdığını görən olubmu heç? Onun həsrəti qan ağlayırdı. Həsrətdən göyərən ağac içində o qədər böyümüşdü ki, daha vücuduna sığmırdı. “Vətən” yaralarının qanı ilə suvardığı Həsrət Ağacının qol-budağı üzünü-gözünü cırırdı. Qan-qana qarışırdı. Ağrı-ağrıya qovuşurdu. Həsrət Ağacının Xatirə adlı meyvələri çürümürdü, yox olmurdu, qanına-canına sorulub ömrünə baltalar çalırdı.

Üzü dənizə qartal kimi dayanmışdı. Dərdini sulara deyirdi. Səssiz söhbətində nələr-nələr yoxdu? Ha boylansa da, dağları görə bilmirdi. Birdən... yazda-yayda topladıqları kəklikotunun ətri gəldi burnuna. Ləzzətlə sinəsinə çəkib saxladı o havanı. Nəfəs almağa qorxurdu - “Vətənin ətri uçub gedər”,- deyə. Onu dağların başından alıb çökəkdəki dənizin sahilinə gətirmişdilər. Nə yaxşı heç olmasa bu dəniz vardı.

Fikrində dağlara boylansa da, düz dənizin qənşərindəydi. Üfüqə dirənmiş sular ayağını yuduqca ona elə gəlirdi ki, dərdinə şərik olur bu mehriban dəniz, onu ovutmağa çalışır. Nə yazıq ki, qəlbində qaysaq bağlamış yaraları yuyub təmizləməyə heç bu dənizin də suyu yetməzdi. Beynindəki hər tərpənişdən – düşüncədən çatlayırdı qaysaq, qanı axmağa başlayırdı. İyirmi beş ildi hey qanı axırdı “Vətən” yaralarının, yurd həsrətinin. İnsanın bədənində cəmi beş-altı litr qan olduğu halda, onun  qanı heç tükənmirdi. Elə hey axırdı, axırdı...

Vətən itkisinə məruz qalan həyata və insanlara o qədər yüksəklikdən baxırdı ki... İtirdiklərinin müqabilində mövcud olan, əlində olan hər şey çox xırda və əhəmiyyətsiz görünürdü. Təkcə torpağını əlindən almamışdılar. Yurduyla birgə yaşamını təmin edən bütün sərvətlərdən məhrum etmişdilər onu. Tək onu yox. Bütün əzizlərini, elini-obasını. Havası çatmırdı. Boğulacaqdı. - “Buralarda hava yoxdur ki.” - Əslində hava hər yerdə eyni dərəcədə korlanmışdı. Lakin onun mənəvi aləmində çatışmayan hava, həsrət qoymurdu ki, vücudu fiziki aləmdəki havadan bəhrələnsin, rahat nəfəs alsın. Havasızlığa məhkum olunduğu iyirmi beş il idi.

Ağac bar verdikcə, insan yaşlandıqca başını torpağa əyər. Təzim edər ana torpağın qarşısında. Ta ona qovuşanadək. Cücərdiyi torpaqdan küləyin sovurub uzaqlaşdırdığı çiçək kimi o da öz torpağına qovuşacağı günün intizarındaydı. Gözləyirdi. İztirabları iyirmi beş yaşına çatmışdı. Dünya qloballaşmışdı. Çox şey qaynayıb-qarışmışdı: quruluşlar, adətlər, insanların yaşam tərzi... Bu qarışıqlıqda haqlıyla haqsızın arasındakı fərq, ədalətlə təcavüzün sərhədi də incəlib-incəlib gözəgörünməz olmuşdu. Qloballaşan dünyanın güc mərkəzləri torpaq həsrətlisi ilə torpaq hərisini tərəzinin eyni gözündə çəkirdilər. “Vətən” adlı yaralarına məlhəm tapa bilməyənlərsə öz torpaqlarına dönmək inadından əl götürmürdülər. “Torpaq elə hər yerdə torpaqdır. Nə fərqi var?”- düşünənlər bilmirdilər ki, üzü dənizə dayanıb da bəsirət gözüylə “o dağlara” baxan Vətən Həsrətlisinin nəzərində  torpağın torpaqdan çox fərqi vardı. İntizarın sonu görünmürdü. İyirmi beş ildi içindəki Həsrət Diyarında sürgündəydi. Geriyə sayımla məşğuldu: - “8 min 777 gün öncə bağımızdakı şaftalıların son məhsulunu yığırdıq... 8 min 888 gün öncə yaman qar yağmışdı. Şaxtadan yollar buz bağlamışdı... 8 min 968 gün öncə son dəfə Vətənin havasını udub, suyunu içdim... vidalaşdıq!”

Dənizə baxıb da dağları görən Vətən Həsrətlisi duydu ki, qulağı səsin şiddətindən batır. İç dünyasından ayrılıb canına qulaq verdi. Deyəsən, ürəyinin döyüntüsüydü. - “Adam ürəyi kimi döyünmür ki. Elə bil zərb alətidir”.

2013

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir