Modern.az

Hippokrata ölüm? Yoxsa mən ölüm? - Kəndçi qızın arzuları

Hippokrata ölüm? Yoxsa mən ölüm? - Kəndçi qızın arzuları

27 İyun 2013, 18:56

Mahir Qabiloğlu


Aaz, nə sifətimə baxırsan? Gözünü sumkama dikmisən. Pul istəyirsən, hə? İndi zəng edərəm “Qaynar xətt”ə. Səni işdən çıxartdıraram. Hippokrat andı içmisən. Müalicə də etməlisən. Borcundur.

- Mən Sizə  nə dedim axı?

- Nə deyəcəksən? 10 gündür müalicə edirsən uşağı. Düzəldib qurtarmısan. İndi də bilirəm, pul istəyəcəksən. Ərim şofer babadır. Mənim sənə verəcəyim pulum yoxdur. On gündür boynumu büküb dayanmışam. Elə bilmə ki, fağıram. Bu dəqiqə aləmi qataram bir-birinə.

- Bacı, vallah heç nə lazım deyil...

- Yox, guya desəydin ki, “lazımdır”,  sənə nəsə verəcəkdim? Ay sən öləsən!

Xəstənin anası  qapını çırpıb gedir. Pərt şəkildə oturmuşam. Fikirləşirəm. 11 il məktəb, 6 il institut, bir il interna. Yarım ştat terapevt. 70 manat maaş. Sonda da xəstələrin “təşəkkürü”.  Bəlkə özəl xəstəxanalardan birinə keçim?  Deyilənə görə yaxşı maaş verirlər. Yox, axı mən Hippokrat andı içmişəm. Havayı müalicə etməliyəm. Həkimlik borcumu şərəflə yerinə yetirməliyəm. Bəs onda özəl xəstəxanalarda işləyənlər niyə pul alırlar? Axı onlar da mənim kimi Hippokrat andı içiblər. Axi necə olur ki, özəl həkimlərə – onların əliylə, zehniylə klinika quran  hansısa sahibkara və ya  mənim kimi Tibb Universitetini qurtarıb dərman istehsal edən və ya aptekdə satan əzcaçıya külli miqdarda pul ödəyəndə bu,  onun halalca çörəyi sayılır, mənə isə 5 manat verəndə - rüşvət?  Nə isə başa düşmürəm.  Yaxşı ki, ərim başqa sənətin sahibidir. Ailəni o dolandırır.

O gün də televizorda göstərirlər ki, avtobuslarda kart sistemi quraşdırılacaq. Sürücülərə də yüksək – 600-700 manat maaş veriləcək.  Sonra da biz sərnişinləri insan yox - 20 qəpiklik cildində görən, 1 ay qabaq “aya 150-200 manat güclə qazanıb, başımızı dolandırırıq” deyərək “ağladığını” yaddan çıxaran sürücülərdən biri buna nə münasibət bildirsə yaxşıdır?
“Yox!  700 manat azdır. Bununla ailə dolandırmaq olar?” Belə çıxır ki, avtobus  sürücüsü 700 manatdan da çox qazanır? Bəs onda  bizə 5 manat verəndə niyə canları çıxır.
“Ay xəstə, 70 manata ailə dolandırmaq olar?” deyəndə də aləmi qatırlar bir-birinə. O saat  da ““Qaynar xətt”ə zəng edəcəyik” deyirlər. İndi isə açıq-aydın bütün respublikaya car çəkirlər: “700 manata dolanmaq olar?” Belə çıxır ki, mən sərnişin də “Qaynar xətt”ə zəng etməliyəm?

Yox, istəmirəm həkimliyi. 18 il oxuyub, həkim olub 70 manat almaqdansa, 3 ay kurs  keçib, “prava” alıb, avtobus sürücüsü kimi  700 manat almaq yaxşıdır.

KƏNDÇİ QIZIN ARZULARI

Kəndimizdə ümumtəhsil orta məktəb yox idi. Mən qız uşağı olmağıma baxmayaraq atam, anam mükəmməl təhsil almağımı istəyirdilər. Daha doğrusu  məni həkim görmək istəyirdilər. Qohum-əqraba atamı ha yoldan eləmək istədilər ki, “ay kişi qızdır. Uşağa əziyyət vermə. Qoy getsin texnikuma. Medsestra olsun. Ya da baytar, arıçı. Kəndin də dadına çatar, üstəlik qonşu kəndlərin də”. Atam isə qulaq asmadı. “Qızım həkim olacaq. Özü də can həkimi”.
Ona görə də 9-11-ci sinfi qonşu kəndəki orta məktəbə getməyə başladım. Payızın yağışında, qışın çovğununda, yazın yağmurunda, qarda-palçıqda hər gün piyada 6 kilometr o yana,  piyada 6 kilometr bu yana. Gədəbəyin ucqar dağ kəndində ev-eşik qayğıları da öz yerində. Təndir qalamaq, bulaqdan su gətirmək, balaca bacı-qardaşlarımla məşğul olmaq - bir sözlə anama kömək eləmək. Üstə də gəl dərslərim. Və Tibb Universitetinə hazırlıq. Beləcə 3 il.

Məktəbi bitirməmiş hələ elçilər də ayaq açmağa başladı. Bizim kənddə qızları adət üzrə 17 yaşında ərə verirlər.  Atam isə israrla “vermirəm. Mənim qızım oxumalıdır. Doktor olmalıdır” deyirdi.

Nəhayət qəbul imtahanları. Həyəcanlı anlar. Qəbul olunan tələbələrin siyahısında adımı görəndə  elə bil ki, dünyanı mənə bağışlamışdılar. Amma bir tərəfdən də pis olmuşdum.  Pullu təhsilə düşmüşdüm. Atam evin yeganə çörək ümidi idi. Bu tərəfdən də mən. Qıza əsasən “qız yükü, duz yükü deyirlər”. Mənim çəkim isə bir az da artmışdı. “Qız yükü, dağ yükü” olmuşdum. Dedi ki, “qızım narahat olma, təki oxu, həkim ol. Bir təhər yoluna qoyaram”.

Yataqxanada yer olmadı. Günəşlinin ucqarında bir tələbə rəfiqəmlə şərikinə mənzil kirayələdik. 100 manat o verirdi, 100 manat mən. Pul isə evdən gəlirdi. Mənim yeməyim, gündəlik xərclərim də öz yerində. Pal-paltarı demirəm.

Dərsimiz  səhər  doqquzun yarısı başlayırdı. Fasilə  yarım saat olurdu -  şəhərin bu başından o biri başındakı xəstəxanaya getməkçün. Xüsusi  mikroavtobuslar tuturduq ki, gecikməyək. Dərsimiz axşam beşin yarısında başa çatırdı. Yolumuzu kitabxanadan salırdıq. Şəhərin  tıxaclarıyla evə çatanda saat 8-9 olurdu. Sonra da dərslərimizi hazırlayırdıq.  Səhərimizi qucağımızda insan sümükləriylə açırdıq. Beləcə 6 il.

Atamgil boğazlarından kəsib mənə göndərirdilər. Mən də onlara layiq olum deyə yaxşı oxuyurdum. Müəllimlər mənə qarşı yox, mən onlara qarşı tələbkar idim. İnternanı da uğurla başa vurdum. Diplomumu, vəsiqəmi aldım. Nəhayət məzun günü. Çoxdan gözlədiyimiz Hippokrat andı. Təntənəylə Hippokrat andı içdiyim günə daş düşəydi. Terapevt  - can həkimi oldum.

Atamın mənə xərclədiklərini hesablayıb yazırdım. Nəvaxtsa əvəzin çıxmalıydım. 7 il ərzində kirayə pulu- 8400 manat. 6 illik təhsilim – 12 000 manat. Gündəlik xərcliyim, yeməyim, pal-paltarım – aya minimum 200-250 manatdan hesablasam 21000 manat. Beləliklə atam mənim həkim olmağıma ən aşağısı 40 min manat pul xərcləmişdi.

“LAYİQLİ” QİYMƏT

Bu da xəstənin mənə verdiyi qiymət: Sağ ol əvəzinə ““Qaynar xətt”ə zəng eləyəcəyəm”. Niyə? Axı mən nə etdim ki? 10 gün əziyyət çəkib, uşağına şəfa verdim də. Budurmu mənim günahım? Düz deyirlər. Günah etmişəm - “Hippokrat andı” içmişəm.

Fikirləşirəm: Hökumət mənə öz biliyim hesabına daxil olduğum, dövlətin  büdcəsindən maliyyələşən məktəbində pullu ali təhsil verəcəyini deyəndə “Hippokrat andı” içmişdimi?  Mənzilini kirayəyə pulla verən ev yiyəsi “Hippokrat andı” içmişdimi? Məni evə, instituta pulla aparıb-gətirən avtobus şoferi, metropoliten işçisi “Hippokrat andı” içmişdimi? Bazarda, dükanda mənə pulla ərzaq, sabun, poroşok, kibrit  satan “Hippokrat andı” içmişdimi? Tibbi kitabları nəşr edənlər, həkimlik xalatını tikənlər, fonendoskopu istehsal edənlər və  baha qiymətə bizə sırıyanlar “Hippokrat andı” içmişdilərmi? Qaz, işıq, su satanlar necə - “Hippokrat andı” nədir, bilirlərmi? Bəs onda  18 ilin məşəqqətindən, atam 40 min manat xərcləyəndən sonra Hippokrat andı içib həkim olan MƏN  hər şeyi pulla ölçənlərə, hətta şəxsiyyət vəsiqəsini, vətəndaşlıq pasportunu belə havayı verməyənlərə ömrümün axırına qədər niyə  pulsuz xidmət göstərməliyəm? Üstəlik onların razılıqlarını yox, tənəli baxışlarını süzməliyəm.  
“Qaynar xətt”, “korrupsiya”, “prokurorluğ”a şikayət edəcəyik deyəndə tir-tir əsib qorxmalıyam? Niyə?

Əmilərim düz deyirdilər. Gərək baytar həkim olaydım. Heyvanları müalicə etməyə nə var? Nə dilləri var, nə ağızları. Bir şey olanda da yiyəsi mundar olmasın deyə o saat kəsir. Üstəlik xəstə ətini də satır şəhər camaata. Mənə burda xoruzlananlar isə əti bəh-bəhlə alıb  verir uşağına. O da xəstələnir gətirirlər yanıma ki, “bəs borcundur, havayı müalicə elə”. Uşağının xəstələnməyinə səbəbkar mənəmmi?

Vətənə borcdan qiymətli şey yoxdur dünyada. Əsgər belə, sədaqət andı içəndə bir il yarım xidmət edir. Sonra da qayıdıb deyir ki, “Vətənə borcumu verdim”. Bəs biz həkimlər niyə bir dəfə and içib, ömrü boyu borclu qalmalıyıq? Özü də məni əkən, doğan, böyüdüb boya-başa çatdıran, təhsil verən, 40 min manat xərc çəkib həkim edən  valideynlərimə yox, hər şeyi pulla satan, qaz vurub qazan dolduran, amma Hippokrat andı içməyənlərə?

Bir həkim yoldaşım var.  Bəzən dözmür. “Hippokrat andı içmisən” sözləri eşidəndə elə bir od qoyurlar buna, xəstələrlə davaya çıxır. Deyir ki, “Bəli, and içmişəm. And içmişəm ki, həkim adına məni layiq gördüyünə görə hər cümə axşamı məscidə gedib Hippokratın dədəsinə də, nənəsinə də yasin oxudacağam”. Xəstə də o saat kiriyir.

Yaxud da xəstənin adamları ondan “qarantiya” – zəmanət tələb edəndə, deyir ki, “baş üstə!” Ədəb-ərkanla kağıza bir ünvan yazır, göndərir xəstənin yiyələrini ora. Onlar da qışqır-bağırla qayıdırlar ki, “ay həkim, bizi dolamısan? Göndərdiyin ünvan  “Beko”nun firma mağazasıdır”. Elə bil dünyanı verirlər həkim dostuma. Yumur gözünü, açır ağzını ki, “bəs, sənin 80 yaşlı aton “Beko” xolodilniki-zaddır ki, operasiya eləməmişdən qabaq 3 illik zəmanət verim? Üstündə də ütü hədiyyə?”.

O biri həkim dostum isə lap ağıllı hərəkət edir.  Xəstənin adamlarından  Hippokratın adını eşidən kimi, xəstənin bədənində gözünə müxtəlif şişlər görünməyə başlayır. Həmən göndəriş yazıb göndərir onkoloqa. Təsəvvür edin də nə günə düşürlər. Bahalı-bahalı aparatlara 400-500 xərcləyəndən, ürək-göbəklərini yeyəndən, pirlərə nəzir, qurbanlıq boyun olandan sonra aparatlar, analizlər xəbər verir ki, “Allaha çox şükür! O zəhirmar xəstəlik bunda yoxdur. Adi “jirovikdir”. “Novokain” vurub, kəsmək olar. Xərci də ki, vur-tut...”.

Nəsə görmədiyim günləri görürəm. Və bunları görmək üçün mənə 18 illik təhsil və atamın havaya buraxdığı 40 min manat lazım imiş.

Yox! Xəstələr düz edirlər. Mənə o da azdır. Yəqin atamın, anamın  ahı tutdu məni. İndi də qulağıma çatır ki, giley-güzar edirlər. “18 il uşaq oxudasan, əziyyət çəkəsən. Heç iynəmizi də vurmur. Baytar Qasıma möhtac qalmışıq”. Düz deyirlər. 11 il məktəbdə, 7 il Tibb Universitetində oxutdurdular məni. Onların qarşısında diz çöküb, minnətdarlığımı bildirmək, əllərin öpüb onlara sədaqət andı içib xidmət eləmək üçün kəndimizə getməkdənsə, eramızdan əvvəl 350 il əvvələ  qayıdaraq  tanımadığım, ömründə üzünü belə görmədiyim, mənə minnətdən başqa heç nəyi dəyməyən birinə and içdim:  Hippokrat müəllimə  “Hippokrat andı”. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi