Modern.az

Əkbər Qoşalı: “Səfir Hidayət Orucovla Şeir Şöləni haqda danışmaq zövqlü idi” - MÜSAHİBƏ

Əkbər Qoşalı: “Səfir Hidayət Orucovla Şeir Şöləni haqda danışmaq zövqlü idi” - MÜSAHİBƏ

Ədəbi̇yyat

28 İyun 2013, 10:00
Modern.az-ın müsahibi Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.  

– Bu günlərdə Qırğızıstanda “Türkcənin 10-cu Uluslararası Şeir Şöləni” keçirilib və siz də bu tədbirdə iştirak etmisiniz. Tədbir, onun mahiyyəti ilə bağlı nə deyə bilərsiniz?  

– Şeir Şöləni Çingiz Aytmatovun xatirəsinə həsr olunmuşdu. 21 türk dövlət, muxtar dövlət və topluluğundan gələn, o cümlədən yerli ədəbi mühiti təmsil edən, toplam 100-ün üzərində şair, ədəbiyyatşünas iştirak edirdi. 20 il öncədən başlayaraq 2 ildə bir dəfə təşkil olunmaqla Türkiyə Yazarlar Birliyinin (TYB) təşkilatçılığı ilə baş tutan Şeir Şöləninin onuncusu Türkiyə prezidentinin himayəsi ilə keçirilirdi. Şəxsən mənim üçün bu Şeir Şöləni bir neçə məqamla yaddaqalan oldu. İlk türk-müsəlman dövləti olan Qaraxanlıların dövləti idarə etdikləri yeri, onlardan qalan abidəni də ziyarət etdik, türkün qüdrətli dönəmlərinin işıq selinə, ruh dalğasına, energetikasına bələndik...

– Şeir Şölənində və Azərbaycandan sizdən başqa kimlər vardı? 

– Şair-publisistlər Mahir Qarayev və Elşən Əzim.

Hansı isə bir ödül, ya da təltiflər nəzərdə tutulmuşdumu?

– Şöləndə fərqlənən şairlərə “Manas Böyük Ödülü”, “Yusuf Has Hacib Böyük Ödülü”, “Namiq Kamal Böyük Ödülü” olmaqla üç ödül nəzərdə tutulmuşdu.

Bizim yazarlardan kimlərsə ödülə sahib oldu?

– Özüm haqqında bir söz deməyim, bəlkə düzgün çıxmaz, ancaq həm Mahir Qarayev, həm də Elşən Əzimin oxuduqları şeirlər ödülə layiq idi. Bununla belə, biz ora ödül üçün getməmişdik və ödül alanları da layiqli hesab edirik. Ödüllərin verilməsi meyarlarını TYB-nin xüsusi komissiyası müəyyənləşdirir və bu il o ödülləri Altay Yazıçılar Birliyinin başqanı, Rusiya Yazıçılar Birliyinin məsul katibi Brontoy Bedurova (“Yusuf Has Hacib”), Türkiyədən gəlmiş ədəbiyyatşünas professor Kırlanğıca (“MANAS”) və Tatarıstanı təmsil edən gənc yazar Rifat Salixova (“Namiq Kamal”) verdilər. Bir daha deyirəm, hər üçü özünə görə istedad və yazar ləyaqətinə sahib insanlardır.

Bir neçə gün ərzində tədbirdən əlavə haralara dəvət aldınız ya da ziyarət edə bildiniz?

– Qırğız Respublikasındakı səfirimiz Hidayət Orucov bizi axşam yeməyinə dəvət etdi. Sağ olsun, çox maraqlı söhbətimiz oldu. Biz öz səfər təəssüratlarımızı bölüşdük. Bilirsiniz, Hidayət Orucov şairdir, qələm adamıdır və onunla Şeir Şöləni üzərinə danışmaq zövqlü idi.

Sizcə, hazırda türk ölkələrinin yazarları arasında ədəbi əlaqələr hansı səviyyədədir?

Müəyyən bir səviyyə, keçilmiş yol var, təbii. Ancaq gediləcək yol, son illər birliyimiz üçün keçilən yoldan uzun olacaq...

– Təşkilatınızın bu sahədə nə kimi rolu var?


– DGTYB-nin mandatı adından bəllidir… Biz məhz türksoylu yazarların arasında qaynaşma, dayanışma yönündə iş aparırıq. Bax, bu ayın 30-dan gələn ayın 4-dək Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısını keçirəcəyik. Hesab edirəm, bizim rolumuz da, görəcəyimiz işlər də orada bir daha gözlər önünə gətiriləcək: kitab-kitab, yazı-yazı, tədbir-tədbir…
Sizə deyim, bizim gündəlik yenilənən dgtyb.org və bizimyazi.com saytlarımız, “feysbuk” səhifəmiz, eləcə də, DGTYB başqanlığına daxil olan yazarların, fəallarımızın sosial şəbəkələrdəki səhifələri, bir baxıma, güncəl ədəbiyyat məkanı, Türk Dünyası sevdalılarının, düşünürlərinin görüş yeri, bilgi axtarma ünvanı, dartışma alanıdır…

Yeri gəlmişkən, Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısında nəyi hədəfləyirsiz, Toplantıya necə bir proqram, format biçmisiniz?

Təbii, proqramımız var. Bununla belə, bu yazar toplantısıdır, burada yerindəcə hansısa məsələ çıxa, özünə münasibət tələb edə bilər. Biz, müəyyən qərar layihələri təqdim edəcəyik, ancaq son qərar Toplantının gedişində gerçəkləşdirəcəyimiz DGTYB hesabat-seçki qurultayında veriləcək. İyulun 1-də Dövlət Mahnı Teatrında “DGTYB-15: ödül törəni və Türk Dünyası Şeir Axşamı” düzənləyəcəyik. Fürsətdən istifadə edib, zamanı, həvəsi olan bütün şeir dostlarını, ədəbiyyatsevərləri həmin gecəyə dəvət edirəm. İyulun 2-də də qurultayımız olacaq. Yerdə qalan gün və saatlarda bir sıra önəmli görüşmələr, ziyarətlər planlaşdırmışıq.  

Elmin Nuri  
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi