Modern.az

“Pambıq yığan qız heç vaxt qəşəng ola bilməz” – Ədəbi qəhrəmanlar POLEMİKASI

“Pambıq yığan qız heç vaxt qəşəng ola bilməz” – Ədəbi qəhrəmanlar POLEMİKASI

29 İyun 2013, 10:23


Sovet dövründə yaranan əsərlərin ədəbi əsərlərin qəhrəmanları bir sıra hallarda cəmiyyətin idealına çevrilirdi. İnsanlar hər vəchlə özünü onlara oxşatmağa çalışırdı. Hər kəsin ya gizli, ya da aşkar bir qəhrəmanı olurdu: hüquq fakültəsində oxuyan tələbələr Mehmanı (Sülüeyman Rəhimov, “Qanun naminə”), inzibati işlərdə çalışan şəxslər Rüstəm kişini (Mirzə İbrahimov, “Böyük dayaq”), romantik gənclər isə Zauru (Anar, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”). Bu faktın özü cəmiyyətdə ədəbiyyatın nüfuz göstəricisi idi.

Bəs bu gün yazılan əsərlərin qəhrəmanları kütlə tərəfindən niyə müzakirə olunmur ? Niyə kütlənin ideal  kimi qəbul edəcək personaj yoxdur? Yazıçılar bu cür qəhrəmanları yarada bilmir, yoxsa artıq bu günün insanı heç nəyi qəbul etmir?

Modern.az-ın yeni polemikada ədəbiyyat xadimləri cavab verməyə çalışacaqlar.

Elçin Hüseynbəyli (yazıçı): “Qaldırdığınız məsələnin özü bir qədər mürəkəbdir. Sovet dövründə yaranan qəhrəmanlar daha çox ideoloji qəhrəmanlar idilər. Onların hərəsi ayrı-ayrılıqda bir ideologiyaya xidmət edirdilər. Cəmiyyət də əsasən buna görə onları ideallaşdırırdı. Müstəqillik illərindən sonra hərə öz müstəqil qəhrəmanını yaratdı. Düşünmürəm ki, bu gün bizdə layiqli ədəbi qəhrəman yoxdur. Bu gün bizdə qəhrəman obrazı var, sadəcə ədəbiyyatın özü dəbdən düşdüyünə görə, geniş kütləyə çatmadığına görə, mütaliənin aşağı düşdüyü üçün onlar o qədər də müzakirə obyektinə çevrilə bilmir. Amma bu məsələni gündəmə gətirməyiniz çox yaxşıdır. Qəhrəmanlar və müasir obrazlar oxuculara tanınsa çox yaxşı olar.

Qulu Ağsəs (şair): “Biz ədəbi qəhrəmana olan münasibətdə əvvəlki stereotiplərdən uzaqlaşmışıq. Bunun özü çox normal haldır. O vaxt iki cümlədən sonra başa düşürdün ki, bu qəhrəman mənfi qəhrəmandır. Qara şlyapa, ağır palto geyirdi və danışanda da ədəbi normalardan kənara çıxırdı. Müsbət qəhrəman isə çox səliqəli geyinirdi, danışığı da ütülü olardı. Bugünkü ədəbiyyatda isə mənfi və müsbət qəhrəman yoxdur. Bu gün ədəbiyyatda insan var. İnsan mənfi, yaxud müsbət ola bilər, alçaq, ya yüksək ola bilər, o həm ideal, həm realdır, o, həm sevir, həm də nifrət edir. Çağdaş Azərbaycan oxucusu sovet dövründə təsvir olunmuş qəhrəmanı yox, məhz, bu cür insanı qəbul edir. Gerçək ədəbiyyatın işi real insanı yazmaqdır. İnsan iki qütbə, Şimal və Cənub yarımkürələrinə bölünmür. İnsanın “Avropa”sı da var, “Şərq”i də, “Qərb”i də. Kim bunu qəbul edirsə, qəhrəman anlayışının saxta olduğunun fərqinə varacaq. Ədəbiyyatın işi insanı olduğu kimi yazmaqdır. Hər bir insan əsərdə potensial qatildir. Yalnız biri qatil, biri qəhrəman ola bilməz. Sovet dövründə yazılan əsrlərdəki qəhrəmanların hamısı saxtadır, onlar gerçək insan deyillər. Çoxu yalançı obrazlardı. Süleyman Rəhimovun əsərində yazılır ki, bir qız bütün günü pambıq yığır , özü də kənddə hamıdan qəşəng qızdır. Vallah yalandır. Bütün günü kənddə pambıq yığan qız hamıdan qəşəng ola bilməz. Bütün günü kənddə pambıq yığan qıza heç bir oğlan tamah salmaz”.

Vaqif Yusifli (ədəbi tənqidçi): “Ədəbiyyatı qəhrəmansız təsəvvür etmək mümkün deyil. Amma həmin qəhrəmanın təqdimində , tipologiyasında sovet dövründə müəyyən sxematizm yaranmışdı. Bu da həmin ideologiyadan sosializm quruluşundan irəli gəlirdi. Burada əmək qəhrəmanları, inqilabçılar müsbət qəhrəman kimi təsvir olunurdu. Yazıçılar onları daha çox iş başında, peşə fəaliyyəti zamanı təsvir edirdi. Bu kolxozlarda, zavodlarda, barrikadalarda baş verirdi. Qəhrəmanın daxili aləmi, psixoloji aləmi, ruhi çırpıntıları bəzən kənarda qalırdı. Mənfi qəhrəmanları isə tamamilə qapqara boyalarla təsvir olunub. Bütün pis cəhətlər onların üzərinə yönəlirdi. 60-cı illərdən bu yana isə qəhrəmanlara münasibət tamamilə dəyişdi. Artıq xüsusi insanlar yox, adi sürücü də , tələbə də qəhrəman seçilirdi. Həm də bu illərdən başlayaraq müsbət qəhrəman tək müsbət yox, həmçinin mənfi çalarlarla da təsvir olunurdu. Qəhrəmanı təsvir edərkən onu “boyaların qatışığında” təsvir etmək lazımdır. Mənfidə də müsbət tərəflər olar, müsbətdə də nəsə çatışmaya bilər. “Dəli Kür” və “Qarlı aşırım” əsərlərində qəhrəmanlar boyalarla təsvir olunurdu. İndi bu günün ədəbiyyatında da məhz bu cür qəhrəman təsvir etmək lazımdı. Bir rəngli qəhrəman ədəbiyyata o qədər də baş  ucalığı gətirmir”.

Əsəd Cahangir(ədəbi tənqid çi):" Burda iki məsələ var - birincisi, modernist yox, postmodernist yazıçılar. Çünki biz modernist yox, postmodernist dövrün adamlarıyıq. İkincisi, postmodernist yazıçı ideal qəhrəman yaratmağı nəinki bacarmır, həm də bunu istəmir. Çünki postmodernizmin mahiyyətində ideal yaratmaq yox, idealları uçurmaq durur. Bunun kökü beş-altı əsr öncəyə gedir.İntibah dövründə insan allaha inamını itirib özünə inanmağa başladı. Beş-altı əsr ərzində o özünə inamı da itirməyə başladı. İnsanın özünə inamının itməsində üç faktın rolu oldu.

Kopernikin heliosentrik sistemi kəşf etməsi. Bu kəşf hesabına insan başa düşdü ki, Yer kürəsi kainatın mərkəzi deyil, Günəş və digər planetlər Yerin başına fırlanmır. Yer də daxil olmaqla bütün planetlər Günəşin ətrafına fırlanır. Demək, insan kainatın mərkəzində yaşamır. Demək, insan heç də kainatın tacı deyil. Bu, insanın özünə olan inamına vurulan kosmik-astronomik zərbə oldu.

Darvinin təkamül nəzəriyyəsi. Bu nəzəriyyə hesabına məlum oldu ki, insan kamil varlıq kimi yaradılmayıb, tədrici inkişaf hesabına ağıllı varlığa çevrilib. Demək, hər bir canlı bu inkişaf yolunu keçə bilər. Və demək, insanın təbiətdəki canlılar arasında müstəsna mövqeyi yoxdur. Bu, insanın özünə inamına vurulan bioloji zərbə oldu.

Freydin psixoanalitik təlimi. Bu təlim göstərdi ki, insan nə qədər ağıllı olsa da, onu şüur yox, heyvani şüuraltı instinktlər idarə edir. Və o özü özünün hərəkətlərinin motivini belə həmişə bilmir. Bu, insanın özünə inamına vurulan psixoloji zərbə oldu.Və nəticədə insan indi nəinbki Allaha, hətta özünə belə inanmır. Bunun ədəbiyyatda nəticəsi o oldu ki, ideal qəhrəmanlar meydana çıxmır.


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi