Modern.az

Milli Məclisin poliqlotu hansı millət vəkilidir?

Milli Məclisin poliqlotu hansı millət vəkilidir?

Parlament

1 Sentyabr 2009, 15:37

PARLAMENTİN ƏN ÇOX VƏ ƏN AZ DİL BİLƏN DEPUTATLARI

 

Hazırda bütün planeti öz təsiri altına almış qloballaşma prosesləri dünyaya çıxış üçün aparıcı xarici dilləri öyrənməyi zəruri edib. Azərbaycanın qloballaşan dünyada layiqli yerinin təmin edilməsi, ölkə həqiqətlərinin təbliği baxımından hər bir vətəndaşın xarici dilləri bilməsi çox vacibdir. Bu tələbat son illər daha qabarıq hiss olunur. İndii təkcə yeniyetmələrin və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığının şahidi oluruq.

 

Hazırda təkcə xarici və yerli şirkətlər, özəl biznes qurumları deyil, hətta dövlət orqanları da işə qəbul zamanı bir və ya bir neçə xarici dili bilən mütəxəssislərə üstünlük verirlər. Bunu onunla əlaqələndirirlər ki, xarici dil bilməyən kadrların bilik və təcrübəsi respublika çərçivəsi ilə məhdudlaşır.

Qeyd edək ki, indi Bakıda onlarla xarici dil kursları fəaliyyət göstərir. Bu kurslarda ingilis, alman, fransız, rus, ispan, italyan, çin, yapon, ərəb, fars, bolqar, ivrit, acar, fin, urdu, hind, gürcü, polyak və başqa əcnəbi billər öyrədilir. Araşdırmalar göstərir ki, kurslara yazılanların böyük əksəriyyəti ingilis dilinə üstünlük verir.

Mütəxəssislərin fikrincə, dil öyrənmək heç vaxt gec deyil, əsas həvəs, meyl olmalıdır. Son illər xarici dillər sırasında ingilis dilinin daha dominant mövqeyə çıxaraq kütləviləşməsi dövrün tələbi ilə əlaqələndirilir. Müasir dövrdə ingilis dilini öyrənməklə əksər ölkələrdə asanlıqla ünsiyyət qurmaq, dünya xalqlarının mədəniyyəti ilə tanış olmaq, hətta xaricdə iş tapmaq olar.

Əcnəbi dil bilmək dövlət orqanlarında, xarici şirkətlərdə, QHT sektorunda çalışanlara, siyasətlə məşğul olanlara, millət vəkillərinə də çox vacibdir. Azərbaycanın qanunverici orqananında deputat mandatı daşıyan şəxslərin hansı xarici dilləri bilmələri ictimaiyyət üçün də maraqlıdır.

Milli Məclisin internet səhifəsindəki deputatlarla bağlı  məlumatlarda onların xarici dil bilikləri barədə də bilgilər  yerləşdirlib. Həmin məlumatlardan aydın olur ki, hazırda parlamentdə təmisil olunan 122 deputatdan 121-si ən azı iki-Azərbaycan və rus dillərini bilir. Saytda yer alan ifnormasiyaya görə, Mixail Zabelin yeganə deputatdır ki, rus dilindən başqa heç bir dili bilmir. Azərbaycan dilində danışan 53 deputat isə əcnəbi dillərdən yalnız rus dilini bilir. 59 deputat iki xarici dildə (rus və ingilis, rus və fransız, rus və alman) danışmağı bacarır.

Parlamentimizdə üç xarici dildə danışmağı bacaran deputatlar da var. Bunlar İqbal Ağazadə (rus, fars və ingilis dilləri), Gövhər Baxşəliyeva (ərəb, rus, ingilis dilləri), Nizami Cəfərov (rus, ingilis, fars dilləri),  Rafael Hüseynov (ingilis, fars, rus dilləri), Dünyamin Xəlilov (rus, gürcü, ingilis dilləri), Fuad Muradov (rus, ingilis, fransız dilləri), Yevda Abramovdur (rus, türk, fars dilləri).

İki deputat isə dörd əcnəbi dil bilir. Nəsib Nəsibli ingilis, fars, rus və fransız dillərini, Cavanşir Paşazadə isə rus, fars, özbək və tacik dillərində danışmağı bacarır. Azərbaycan parlamentində ən çox əcnəbi dil bilən yeganə deputat Gültəkin Hacıyevadır. O, 5 xarici dil (ingilis, fransız, rus, ərəb, fars dilləri) bilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir