Modern.az

Rəbiyyət Aslanova: “XXI əsrin nəsli “İndiqo uşaqları”dır, onu tərbiyə etmək çətindir” - MÜSAHİBƏ

Rəbiyyət Aslanova: “XXI əsrin nəsli “İndiqo uşaqları”dır, onu tərbiyə etmək çətindir” - MÜSAHİBƏ

1 İyul 2013, 14:24

“Qılınc gərək olan yerdə qələm işlətmək nəticə vermir”


Modern.az saytı
 sizlərə “XXI əsrin adamı” layihəsində ikinci müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirəcək, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Bu dəfəki qonağımız isə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,  fəlsəfə elmlər doktoru, professor Rəbiyyət Aslanovadır.

- XXI əsr özünə hansını daha yaxın buraxır:  “qılıncı” yoxsa “qələmi”?

- Qılınc və qələm” fəlsəfəsi, metaforası bütün əsrlərdə, Şərqdə və Qərbdə, demək olar ki, bütün xalqların ədəbi və fəlsəfi fikrində mövcud olub, hazırda da ona müraciət edilir.

Tariximizdən buna çoxlu misallar gətirə bilərik. Məmməd Səid Ordubadinin məlum “Qılınc və qələm” romanında sərkərdə Fəxrəddin qılıncı, dahi şairimiz Nizami Gəncəvi isə qələmi təmsil edir. Nəsrəddin Tusi cəmiyyəti təhlil edəndə insanları “qələm əhli” və “qılınc əhli” kimi sistemləşdirirdi. 

Daha vacibi odur ki, tariximizdə həm qılıncla, həm də qələmlə fatehlik zirvəsinə çatan şəxsiyyətlər olub. Bu çox vacib məsələdir və Azərbaycan xalqının nə kimi irsə və potensiala malik olduğunu göstərir.

Tarixlə bağlı misallara davam edək. Koroğlunun həm misri qılıncı, həm də telli sazı, yəni qələmi vardı. Məhəmməd peyğəmbərin İlahi vəhyi də, Tanrının onun vasitəsi ilə insanlara göndərdiyi dinimizi qoruyan qılıncı da var idi. Bəzən belə fikirlər səslənir ki, odlu silah çıxanda Koroğlu qılıncı yerə qoyub, “mərdlik getdi” deyib, “qılıncı atıb, qələmi tutub”. Mən bu fikirlə razı deyiləm. Çünki qeyd etdiyim kimi, “qılınc və qələm” maddi mənada başa düşülən deyil, insanın xalqa, dövlətə, cəmiyyətə, ən başlıcası isə haqq işinə xidmətinin bir formasını ifadə edən,  məcazi, fəlsəfi məna daşıyan anlayışlardır.

Azərbaycan xalqının dövlətçiliyinin tarixində bir əlində qələm, bir əlində silah tarix yazan dahilər olub. Həm qılınc, həm də qələm dahisi Şah İsmayıl Xətai şəxsiyyəti olub.   

Doğru olan bundan ibarətdir ki, dövlətin, xalqın və insanın haqq işinə xidmətlə bağlı olanda hər ikisi gərəkli olur. Yəqin buna görə deyim var ki, qılınc da, qələm də haqdandır.

Bu onunla bağlıdır ki, qələmlə yazılanı qılıncla qorumaq lazım gəlir. Ondan irəli gəlir ki, qələm işləməyəndə qılıncları sıyırmaq  zərurəti yaranır və ya əksinə. Bəzən aydın görünən haqqı illərlə kələf kimi, “Qordi düyünü” kimi dolaşdırırlarsa, Makedoniyalı İsgəndər kimi onu  bir qılınc zərbəsi ilə kəsib atmaq lazım gəlir. Amma hər ikisi ağlın gücünü tələb edir. Onları birləşdirən də budur. Qılınc gərək olan yerdə qələm işlətmək nəticə vermir. Bu fatehin və dahinin hansına qərar verməsi ilə bağlıdır. 

Hər bir xalq onun tarixində əsrlərlə qılınc və qələm çalanlara minnətdardır. Hər ikisi haqq işinə xidmət edirsə - silahdır!

“XXI  əsr özünə “qılıncı”, yoxsa “qələmi” daha yaxın buraxır” salına cavaba gəldikdə isə deməliyəm. Əsrlər keçib, misri qılınc zəka qılıncına çevrilib, qələmi isə indi nəinki klaviatura əvəz edib, bir insan əlinin toxunuşu ilə hökmlər yazılır. “Qələm” deyəndə əlyazma artıq tarixdə qalıb. Buna görə haradasa məsuliyyət də azalıb.

Sizin XXI əsrlə bağlı müsahibənizdə bu  sualın öz əksini tapmasını məntiqi hesab edirəm.  Amma sualın “qılınc”, yoxsa “qələm” kimi qoyuluşu ilə razı deyiləm. Əvvəla ona görə ki, XXI əsrin yeni məntiqi, hamımızın misal gətirdiyi Lütfi Zadənin məntiqinə görə “ya bu, ya da o”, “bu, yoxsa o biri” kimi düşünmək doğru nəticə vermir. İkincisi ona görə ki, Tanrı hər şeyi qoşa yaradıb, vəhdətdə yaradıb. Sadəcə, hərəsinin öz yeri var, məqamı var. İnsanın böyüklüyü də məhz,  o məqamı seçə bilmək, hansına müraciət etmə qərarını verə bilməkdədir.

XXI əsrin qılınc və qələmin imkanları daha genişdir. Onlarla yalnız  üzbəüz olduğun insanlara deyil, bütün dünyaya xeyir, həm də ziyan verə bilərsən. Bu əsrdə qılınc və qələmin qeyri-peşəkarların əlinə düşməsi, "özümüzü kəsən qılınc"a çevrilməsi ehtimalı olduqca çoxalıb. Yaxşı olardı ki, hər ikisi - qılınc da, qələm də əsil peşəkar əlində, ədalətli əldə olsun, haqqa xidmət etsin. Şah İsmayıl bununla bağlı deyirdi ki: “Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil”.

Doğrudur, XXI əsrin “yumşaq texnologiyalar”, yəni qələm  dövrü olması barədə çox yazılır. Həmin texnologiyalar doğrudan da əvvəllər “qılıncla” görülən işləri görə bilir, neçə ölkələrdə çaxnaşmalar, sarsıntılar yaradılır. Sonra da yığılıb onların taleyini həll etmək üçün  qərarlar verirlər,“qələm çalırlar”.

Lakin sual bundan ibarətdir: Yazılanlar haqq işinə yoxsa haqsızlığa xidmət edir?  Xalq şairimiz Bəxtiyar Vahabzadə XIX əsrdə Azərbaycanın parçalanması hadisələrinə həsr etdiyi “Gülüstan” poemasında bunu nəzərə alıb yazırdı:

Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Düşünürəm ki, nə odlu silah qılıncı ləğv edə bilib, nə də kompüter qələmi əvəz edə bilib. Çünki fəlsəfə, mahiyyət həmin eyni mahiyyətdir! Hər bir xalqın həm güclü, həm də zəkalı olmasının fəlsəfəsidir. Gələcəyini düşünən hər bir dövlətin “qılınc” gücü də, “qələm” gücü də olmalıdır! Hər bir əsrdə yenidən Bəxtiyar Vahabzadənin sualı səslənir:

Bəs hanı bu əsrin öz Koroğlusu-
Qılınc Koroğlusu, söz Koroğlusu?

Atalar sözü var:  “Qələm yazanı qılınc poza bilməz”. Hesab edirəm ki, bu qələmin haqq yazdığı, ədalətə xidmət etdiyi hallara aiddir. Əgər qələm haqsız qərar veribsə, o pozulacaq və pozulmalıdır. Bu günə qədər biz hələ ki, dünyaya haqq işimizi, Azərbaycan həqiqətlərini çatdırmaqla  “qələm” yoluna üstünlük vermişik. Haqqımıza nail olmaq üçün sonra nə etməli olacağımıza yenə də Azərbaycanın sərkərdəsi, Ali Baş Komandanımız İlham Əliyev qərar verəcək.

- XXI əsrin insan-insan münasibətləri sağlam cəmiyyət yarada  bilmək gücündədirmi?

- Rəsmi təqvim mənasında XXI əsr 2001-ci il yanvarın 1-də başlayıb və  2100-cü il dekabrin 31-də sona çatır. Yeni yüzilin hələlik cəmi 13 “yaşı var”. Bu isə hər hansı  mühakimə yürütmək üçün  fikrimcə az müddətdir. Eyni zamanda, qeyd edilən sahədə keçən əsrdən qalan miras nə vəziyyətdədir, nikbinlik üçün əsas varmı- bu məsələyə nəzər salmaq lazım gəlir.

 XXI əsr  insan-insan münasibətləri çox geniş və olduqca mürəkkəb ifadədir. Bu əsrin, bu  günün insan-insan münasibətləri deyəndə bu-iki yüzə yaxın dövlət, dörd mindən çox müxtəlif xalqlar, dinlər, sivilizasiyalar və mədəniyyətlər, onların daşıyıcısı olan, sayı 7 milyardı keçən insan deməkdir. Bu hələ münasibətlərin bir tərəfidir.

Digər məsələ nəsillərarası dialoq, “atalar-oğullar” kimi adlanan münasibətlərdir. XX əsrdə doğulanlar XXI əsrdə doğulanları necə başa düşə bilərlər və ümumiyyətlə başa düşə bilərlərmi? Artıq nə isə etmək gecdirmi, yaxud bəlkə hələ tezdir?

Suallar sonsuzdur və narahatlıq doğurur. Mən qətiyyən bədbinlik mənasında demirəm. Reallıq belədir. XXI əsrin nəsli tamamilə yeni fenomendir. “İndiqo uşaqları” nəslidir. Tədqiqatlara  görə, 15-25 yaş arası 40 faiz uşaqlar “indiqodur”, yəni yüksək intellektə və yaradıcılıq potensialına malikdirlər. Onlar  artıq yeniyetmə yaşındadırlar. Onların psixoloji matrisası artıq formalaşıb. Özəllikləri var, özünə əmin və  müstəqildirlər. Onları valideynləri ilə yanaşı, bəlkə də daha çox  virtual reallıq tərbiyə edir. Bax bu nəsillə münasibət qurmaq, onu ənənəvi mənada  tərbiyə etmək çox çətindir. Həmişəkindən qat-qat çətindir. Çünki onlar həm real, həm də virtual  dünyaları tanıyırlar, gözləntiləri, arzuları hüdudsuzdur.

Eyni zamanda, bütün dövrlərdə  münasibətlərin  bünövrəsi olan ünsiyyət texnolgiyalarının imkanları da hazırda həmişə olduğundan çox genişdir, hətta sonsuzdur. Ona görə insan hər şeyə   qadir ola bilər. Bir şərtlə ki, münasibətlərin harmoniyasına qeyd etdiyim bütün istiqamətlərdə- dövlətlər, xalqlar, dinlər və mədəniyyətlərarası səviyyələrdə, eləcə də nəsillərarası dialoq müstəvisində  nail olmaq mümkündür və lazımdır. Nikbinlik xatirinə danışmaq kifayət deyil. Burada sözün əsl mənasında gecə-gündüz çalışmaq, bəşəriyyətin bir tam kimi öz iradəsini ortaya qoyması lazımdır.

- Bu  proses bizim ölkədə necə cərəyan edir?

- Azərbaycan da qlobal cəmiyyətin ən fəal və  ayrılmaz tərkib hissəsidir və deyilənlər bizə də aiddir. Fərq ondadır ki, Azərbaycanın qeyd edilən sahədə olduqca dəyərli, mən deyərdim ki, misli bərabəri olmayan birgəyaşayış təcrübəsi mövcuddur. Bizim üstünlüyümüz və şansımız bununla bağlıdır. Azərbaycanın,  insanlar və dövlətlərarası münasibətlərin indisi və gələcəyinə həsr edilən qlobal forumların keçirildiyi məkana çevrilməsi məgər təsadüfdürmü? Heç Ermənistanda belə bir forumlarım keçirilməsini eşidən, görən olubmu?

Cəmiyyətimizdə insanlararası münasibətlərin təməlini əsrlərin sınağından çıxan məhz, bu təcrübə, milli mənəvi dəyərlər, təməllər və dayaqlar təşkil edir. Yəni,  sarsılmaz təməllər mövcuddur. Onu qorumaq və yaşatmaq lazımdır.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 13-də XXI əsrin və yeni minilliyin başlaması münasibəti ilə xalqımıza ünvanladığı tarixi bəyanat onun bizlərə bir vəsiyyəti, tapşırığıdır. Azərbaycan xalqının böyük  oğlu insanlararası münasibətlərin təməlində nəyin durduğunu gözəl bildiyi üçün bizlərə bunları vəsiyyət etdi: “Hər bir xalqı həmişə mənəvi dəyərlər birləşdirir. İnsan mənəviyyat üçün yaşamalıdır. Çünki başqa dəyərlərlə müqayisədə mənəvi dəyərlər hər şeydən ucadır.”

Azərbaycan dövləti bu dəyərlərinə-mədəniyyətinə, musiqisinə, mənəvi-dini ənənələrinə sahib çıxaraq onların qorunması üçün əlindən gələni edir. Vətəndaşlarımız da bu işə öz töhfəsini verməyə çalışır. Mən arzu edərdim ki, burada hər birimizin töhfəsi olsun və biz bu sahədə dünyaya öz nümunəmizi daha əminliklə bəyan edə bilək. Həm də bu təməlləri kənar zərərli  təsirlərdən qoruya bilək. Çünki hazırda bu təsirlərin miqyası çox genişlənib. Burada KİV-lərin üzərinə də çox böyük məsuliyyət düşür.

- XXI əsrdə sanki insanlıq azalır, amma insanlar çoxalır.  Bu tərs mütənasibliyin sonu necə  olacaq?

- Sualda həqiqət var. Belə ki, hazırda “bəşəriyyət” sözünü belə, ehtiyatla işlədirlər.  Onun əvəzinə “istehlak cəmiyyəti” termini daha çox istifadə edilir. Problem yenə də qeyd etdiyimiz və insan varlığını məhz,  insan edən  mənəviyyat və dəyər oriyentasiyalarının vəziyyətidir.

Nə qədər paradoksal olsa da, bu vəziyyətin səbəbkarı da elə insandır.

XXI əsr insanının “əlinin altında” həyatını komfort yaşaması üçün lazım olan  hər şey var: Kosmosa turist kimi getmək imkanı, atom qayıqları, ayfonları, nə bilim daha nələri... Lakin əgər elm, tərəqqi insanın yalnız texnoloji-istehlak  tələblərini ödəməyi əsas vəzifəsi hesab edirsə, o zaman burada natamamlıq  və arzuolunmaz nəticələr də var.

Dünyanın hazırda hökmran mövqedə olan texnokratik düşüncə qədər, bəlkə ondan daha çox mənəvi fəlsəfəyə, insanın öz adına layiq yaşamasını hədəfə alan, böhrandan çıxış yolunu və istiqamətini göstərən mənəvi-ideoloji paradiqmaya ehtiyacı var.

Üstəlik də tədqiqatlara görə müasir insan özünün milyon illər davam edən  təkamülündə dönüş mərhələsini yaşayır. İntellektual qabiliyyətlərinin, konkret olaraq insan beyninin görünməmiş inkişafı mərhələsinə qədəm qoymuşdur. Məhz, belədirsə, insanı əhatə edən mühiti və zahiri deyil, onun daxili aləmini təkmilləşdirən, “mənəvi boşluğu” aradan qaldıran  texnologiyalar da  diqqət mərkəzində olmalıdır. Bu gün isə qeyd edilən sahədə balans pozulub, tərəzinin bir gözü demək olar ki, boş qalmaqdadır.

 İnsanın intellektual, mənəvi, psixoloji və fiziki  inkişafını bütövlüyünü təmin edən nəzəri baxışlar sistemi, mərkəzlər daha çox formalaşmalı, tədqiqatlar daha çox aparılmalıdır. Bəşəriyyətə daha bir “robot-humanoid” lazımdırsa, yeni mənəviyyat fəlsəfəsi, ideologiyası da ondan daha çox lazımdır. Yalnız robotlar deyil, mənəviyyatlı, əsrlərin sınağından çıxan mənəvi ideallar və dəyərlərin daşıyıcısı olan insanın formalaşması  XXI əsrin prioriteti olmalıdır.

Belə deyim var ki, hər əsrin öz qəhrəmanı var. Zəmanəmizin qəhrəmanı - o kimdir? Onu tanıyırıqmı, təbliğ edirikmi? Hər halda “hörümçək adam və ya supermen” kimi qəhrəmanla hara qədər getmək mümkündür? Əvvəlcə bunu bilməliyik. Əks təqdirdə “antiqəhrəmanlıq” qəhrəmanlıq hesab edilə bilir və edilir də. Doğrudur, deyə bilərsiniz ki, XXI əsr hələ yeni başlayıb və onun qəhrəmanı hələ yetişməyib. Lakin “qəhrəman idealını” bütün əsrlərdə səciyyələndirən xüsusiyyətər də var. Əslində  əvvəlki iyirmi yüz ilin sınağından çıxan həqiqət birmənalı olaraq məlumdur-insanları qəhrəman edən ali mənəvi dəyərlər, keyfiyyətlərdir! 

- Fikrinizcə, XXI əsr  “Sivilizasiyaların toqquşduğu” zaman deyil ki?

- İstər fikirlərdə, ideyalar sahəsində, istərsə də dünyada və cəmiyyətdə qarşıdurmalar, fikir müxtəlifliyi, ifratçılıqlar  bütün əsrlərdə olub. O zamanlar da, indilər də toqquşan məhz,  həmin ifratçı ideyalar, mövqelər olub.  Buna görə radikal baxış tərəfdarlarının deyil, sivilizasiyaların toqquşmasından danışmaq  özü ifratçılığın bir nümunəsidir. Yəni,  müxtəlif insanlara, radikal qruplara, xas olan bir xüsusiyyəti ümumiləşdirərək bütöv bir sivilizasiyaya necə aid etmək və onların toqquşmasından danışmaq olar?  Bilirsiniz, toqquşmanın labüdlüyü bir nəzəriyyəyə, “teoremə” çevrilirsə, bunun arxasında düşünülmüş, hesablanmış  məqsədlər durur. Yəni belə bir niyyət dayanır ki, dialoq mümkün deyil, yalnız “qılınc” məsələsi işə yarayır və müvafiq addımlar atılır!

Əslində isə qeyd etdiyim kimi, ifratçı baxışlar, radikallıqlar toqquşur. Hər dövrdə hər cəmiyyətdə ifrat, radikal, fundamentalist ideologiyalar və onları qəbul edən insanlar olur. Bunun ümumiləşdirilməsi isə ən azı bəşəriyyətə çox böyük fəlakət gətirir. Bu o deməkdir ki, bütöv bir sivilizasiyalar, dinlər dialoqa yararsız hesab edilir, “islamofobiya” kimi  arzuolunmaz nəticələr doğurur. Halbuki, universal dəyərlər: humanizm-insanpərvərlik, mərhəmət, şəfqət, azadlıq və hüquqlar  mövcuddur və onlar bütün sivilizasiyalarda, dinlərdə həkk edilib. Xüsusilə də özündən əvvəlki bütün dinlərin varisliyini vurğulayan islam dinində ümumbəşəri dəyərlər müqayisəedilməz dərəcədədir.

Hesab edirəm ki, “sivilizasiyaların toqquşması”  sivilizasiyalar adından istifadə edilərək konkret maraqlara xidmət məqsədini güdən geosiyasətdən başqa bir şey deyil və onun real elmi əsasları yoxdur. Burada  digər  tərəflərin ideyalar irəli sürmək imkanlarını  məhdudlaşdırmaqla “toqquşma” ideyasının qloballaşmasını təmin etmək məqsədini də nəzərdən qaçırmaq  olmaz.

Əslində  XXI əsri “sivilizasiyalararası münasibətlər” əsri adlandırmağa nə mane olurdu ki? Belə olsa idi insanları və  sivilizasiyaları bir-birini tanımağa, hörmət etməyə daha çox “kökləmək” olardı, nəinki “toqquşma” məntiqinə kökləməklə! Reallıq bundan ibarətdir. Ən azı Azərbaycanda  nə əvvəlki əsrlərdə, nə də XXI əsrdə dini-sivilizasion köklərə bağlı toqquşma heç zaman olmayıb və olmayacaq!

 

- İnsan və zaman münasibətlərində birincinin təfəkkürü ikincinin gərdişinə məğlub olmur ki?

- İnsan-zaman münasibətləri sonsuza qədər davam edən mürəkkəb məsələdir. Burada “kim-kimi aparır-insan zamanı, yoxsa əksinə” sualından tutmuş bütün suallara dahilər, mütəfəkkirlər cavab verməyə çalışıblar. Tarix boyu fəlsəfi-humanitar zəkanın missiyası insan- zaman münasibətlərində baş verən və baş verə biləcək problemin həlli yollarını göstərmək olub. Fəlsəfə tarixinə nəzər salsaq, bütün cəhdlər məhz, bu missiyaya xidmət edib, yeni və daha mükəmməl ideyalarla daha gözəl zaman yaratmaq arzusu heç vaxt gündəmdən düşməyib. Həyatın fasiləsiz   dəyişən reallığında zamandan  heç olmasa bir addım öndə olmaq arzusu  düşünən insanları bir an belə tərk etməyib.

Yəqin ki,  biz də ilk növbədə əldə edilən həmin qənaətlərə nəzər salmalıyıq.

Məsələn, görkəmli ingilis tarixçisi Arnold Toynbiyə görə hər zamanın “Çağırışı” var və ona “Cavab” vermək tələbi var. Yeni zaman yeni çağırış deməkdir. Cavab verilməlidir və bunun alternativi yoxdur. Əgər insan, dövlət, bəşəriyyət bu çağırışlara cavab verə bilirsə o həm də yeni zamanı yarada bilir və irəliyə doğru daha bir addım atır. Toynbiyə görə cavablar yoxdursa, onlar  yox ola bilər. Yəni, hər əsrin öz Hamlet sualı (“Olummu?”, “Ölümmü?”) olur.

Bu hələ məsələnin bir tərəfidir. Digər fundamental məsələ: bu əsrdə çağırışların olduqca çoxşaxəli olması və onların ilk növbədə hansının həllinin vacib olduğunu  müəyyən etməkdir. Çünki XXI yüzilliyin insanı daha bir paradoksal çağırışın təzahürləri, dəqiq deyilsə, sürəti ilə üz-üzədir: bu gün dəyişə, yeniləşə  bilməyən, zamanı önləyən ideyalara biganə olan insan da, cəmiyyət də həyatın sınağından çıxa bilmir, iflasa məhkum olur.

Fikrimcə, bəşəriyyət üçün  başlıca sual belə səslənir: XXI əsr insanlığın mənəvi tənəzzülü yaxud tərəqqisi zamanı, əsri olacaq? 

Burada reallıq ondan ibarətdir ki,  seçim və qərar üçün verilən vaxt məhduddur, zaman ağlaglməz sürətlə keçir.

Ən böyük çağırış  mənəviyyat və humanizmin böhranının qarşısının alınması, onların aparıcı dəyərlər kimi bərqərar olmasıdırsa, digər çağırış-maddiyat və istehlak fəlsəfəsinin hökmranlıq etməsidir. Hələlik birinci ikinciyə məğlub olur. Sonda isə hər variant ola bilər. Əgər nikbin yanaşsaq, deməliyik: Əlvida XXI əsrin maddi baxımdan güclü insanı.
Əgər nikbin yanaşsaq deməliyk: salam XXI əsrin həm də mənəviyyatca güclü insanı!

İnsan-zaman münasibətlərinə xalq şairimiz Səməd Vurğunun dillər əzbəri olan şeri var:
“Bəşərdə hər hökmü bir zaman verir”.

 Digər xalq şairimiz B.Vahabzadə yazırdı:

Hər şeyin zamana ehtiyacı var
Zamanın imana ehtiyacı var!

Mənə elə gəlir ki, bundan daha düzgün mühakimə etmək mümkün deyil. XXI əsrin zamanının insanlığa, imana, humanizmə daha çox ehtiyacı var. Bütövlükdə isə bütün mənfi hallar üçün zəmanəni ittiham etmək düzgün yanaşma deyil. Çünki zaman insanların nə etdiyinin nəticəsidir.

- Elm və sənət bir quşun qoşa qanadlarıdır. XXI əsr bu gün o qanadlarla pərvazlana bilirmi?

- Elm və sənətin qoşa qanadlar olması birmənalıdır, sadəcə burada söhbət  quşun qanadlarından deyil,  insan idrakının, dünyanı dərk etməyin iki ayrılmaz formalarından gedir.

XXI əsrdə dünyagörüşün, şüurun bütövlüyünü təşkil edən bu iki amil bir-birinə nə qədər yaxındır, yaxud nə qədər uzaq düşüb. Dünya xəritəsində baş verən hadisələrə baxanda onların əl-ələ verərək nə isə etməsini deyə bilmərəm. Elmin yaratdıqlarının xeyrə işləməsi, xidmət etməsi üçün sənət onunla ayaqlaşa bilmir. Üstəlik də sənət “hər şeyi inkar etmək, dağıtmaq, təzədən qurmaq” kimi fəlsəfə, yaxud postmodernizmin bəzi ifratçı baxışları üzərində qurulursa, bu bizə yaxşı heç nə vəd etmir.

Rasionalizm və  praqmatizm üzərində qurulan, mənəvi etik prinsiplərə dəxli olmayan elm bir Qərb fenomenidir. Qərb sənəti də haradasa əksər hallarda bu mövqenı dəstəkləyib. İnsanı “ali dəyərlərin daşıyıcısı” kimi deyil, “insinktlər yığınından” başqa heç nə olmadığını təbliğ edib və edir. Sənət insinkti təbliğ edirsə və onu ağlın, şüurun, ən dəhşətlisi qəlbin yerinə qoyursa, nihilizm əhval-ruhiyyəsi bu günkü kimi qlobal miqyaslı hadisəyə çevrilir. 

Qloballaşma prosesləri nəticəsində hazırda Avropa, Qərb dəyərləri adı altında, əslində isə  dəyərlərə dəxli olmayan və sürətlə yayılan davranış və əxlaq  formaları tirajlanmaqdadır. Burada sənətin üzərinə çox böyük məsuliyyət düşür.

Aydın məsələdir ki, elm və sənət taleyüklü məsələlərdə öz sözünü birlikdə  deməli olduğu yerdə qoşa adlaya bilmir. Buna görədir ki, insan mənə­viy­yatının böhranı, məhv olmaq təhlükəsi heç vaxt  XXI əsrdə olduğu qədər dərin miqyas kəsb etməyib. Bu mənim fikrimdir. Bu böhranın mənşəyində elə insanın əhatəsini super texnika ilə dolduran elm də, onun qəlbini boş qoyan sənət də günahkardır.

Elmdə və sənətdə XXI əsrin insanını, onun bütün müsbət və ən vacibi mənfi xüsusiyyətlərini  səciyyələndirən hər hansı əsərlər, konsepsiyalar mövcuddurmu? Nəticədə tarixdə ilk dəfə “gələcəyin böhranı” adlandırılan fenomen yaşanılır. Yəni, dünyanın ümumi gələcəyinə dair baxışlar, nəzəriyyələr böhran dövrünü yaşayır. Yeni yüzilliyə hansı insan idealı və ideya ilə qədəm qoyulmasına dair ümumi qənaət mövcud deyil. Sübuta  ehtiyac yoxdur ki, elmin və sənətin XXI əsr insanının fundamental keyfiyyətlərinə dair  ideyasının olmamağı,  əslində bəşər  tarixinin sonu anlamına gəlir.

- Cəmiyyətimizdəki düşüncə tərzi XXI əsrin standartları ilə səsləşə bilirmi?

- Azərbaycan  bu gün öz inkişafında nəinki tamamilə yeni, həm də gələcəyimiz üçün ən məsuliyyətli mərhələyə qədəm qoymuşdur. Öz növbəsində bu məntiqi olaraq mövcud problemlərin həlli üçün yeni düşüncə tərzinin və fəlsəfi dünyagörüşün formalaşmasına zərurət və sosial sifariş yaradıb. Düşüncə tərzi problemi fəlsəfə tərəfindən gündəmə gətirilib. Bəşəriyyət tarix boyu yaşadığı böhranlardan növbəti pilləyə məhz, fəlsəfi fikrin təqdim etdiyi yeni düşüncə paradiqmaların, mənəvi–etik təlimlərin köməyi ilə adlaya bilmişdir. Hər bir zamanın öz düşüncə tərzi formalaşmışdır.

Uzaq və yaxın keçmişdə cəmiyyətin  üzləşdiyi böhran və sarsıntılar dinamik dəyişən reallıq şəraitində düşüncə və təfəkkürün dəyişə bilməməyinin uğursuz nəticəsi olmuşdur. “Dünyada dəyişməyən, daimi  bir şey varsa, o da dəyişikliklərdir” aforizminin yaşı əsrlərlə ölçülsə də,  sivilizasiyanın dinamik inkişaf mərhələsinə qədəm qoyması haqda yekdil qənaətə yalnız indi gəlinib. Bu baxımdan hazırda  ictimai elmimizin, sənətin, fəlsəfənin ən mühüm vəzifəsi düşüncə sistemində ənənə və yeniliklərin, ətalət və dinamizmin optimal münasibətlərini formalaşdırmaqdır. Bu da öz növbəsində artıq baş verənlərin nəticələrini təhlil etmək kimi deyil, prosesləri önləyən - preventiv fəaliyyət göstərməyi gündəmə gətirir – düşünmək  fenomenini  şərtləndirir. 

Sürət, rəqabət və novasiyalar XXI yüzillikdə milli məkanda, cəmiyyətimizdə dünyagörüşün, fəlsəfi humanitar düşüncənin məzmun və istiqamətini tamamilə dəyişməyi tələb edir. Qloballaşma prosesləri yalnız iqtisadi,  siyasi,  mədəni və s. sahələri  deyil, düşüncə sistemlərini  də əhatə edir. Bir sıra sualları cavablandırmaq lazım gəlir: ölkəmizdə  həyata keçirilən miqyaslı islahatların  əsasında  hansı prinsiplər, dəyərlər və təfəkkür tərzi durmalıdır?

Eyni zamanda “yeni düşüncə tərzi” Azərbaycan vətəndaşı üçün qeyri-müəyyən, yad fenomen deyildir. Cəmi 21 ili əhatə edən son  dövrdə  ölkəmiz ağlagəlməz çoxşaxəli novasiyaların  həyata  keçirildiyi möhtəşəm sınaq məkanına çevrilib. Bir quruluş dağılıb, yerində tamamailə yeni demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin formalaşması, bazar iqtisadiyyatına keçid prinsiplərinə əsaslanana dövlət qurulub. Bu hələ hamısı deyil. Qloballaşma proseslərinin sürətləndirdiyi mədəni-mənəvi novasiyalar, ictimai şüurun və təsəvvürlərin “alt-üst” olması da bu sıradadır. Ölkəmiz çox önəmli bir mərhələni qət edərək, elmə-biliyə əsaslanan innovasiyalı cəmiyyət quruculuğunu hədəfə alıb. Yeni mərhələyə keçid, sualınızda qoyulduğu kimi, start imkanlarımızı və milli spesifikamızı, düşüncə resursu  və potensialımızın səfərbər edilməsini tələb edir.

Prezident İlham Əliyev İslam ölkələri elm və təhsil nazirlərinin IV Bakı konfransı iştirakçıları ilə görüşündə bu məqamı nəzərə alaraq demişdir: “Bu gün dünya dəyişir. Qloballaşma, inteqrasiya prosesləri gedir. Gələcəyini qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və bacarıqlı insanlar və ən yüksək standartlara cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik”.

Reallıq belədir ki, hazırda düşüncə tərzini yeniləşdirmək və müasirləşmək yalnız hər bir vətəndaşın şəxsi rifahı məsələsi olmayıb,  dövlətin uğurunu təmin edən strateji resursa,  potensiala çevrilir. Siyasi, iqtisadi, mədəni və s sahələrdə tam müstəqil olan bir dövlətin, öz müstəqil düşüncəsi və dünyagörüşü, fəlsəfəsi olmasa nə baş verə bilər? Əlbəttə ətrafımızda  özünü müstəqil hesab edən, əslində isə şüurunda yabançı (qərbpərəst, kosmopolit və  s.) dünyagörüşü daşıyan, dəyişməyi və müasirləşməyi yalnız “qərbləşmək” kimi anlayanlar da az deyildir. Əslində isə dəyişikliklərin dinamikasına uyğun olaraq yeniləşmək, onları öncədən sezmək başqa mahiyyətli prosesdir. Əsas məsələ - həm fərdi, həm də kollektiv düşüncə səviyyəsində yeni ideyalara köklənmək, intellektual təşəbbüslərin  irəli  sürülməsini  fasiləsiz  prosesə, bir  ənənəyə  cevirməyi, inersiya və arxaik stereotiplərdən qurtulmağı  təmin edən müasirləşməni təmin etməkdir.       

Azərbaycanın milli varlığını, perspektivlərini yeni yüzillikdə məhz hazırkı  nəslin düşüncə potensialı müəyyən edəcəkdir. Buna görə də yeni mərhələdə cəmiyyətin bütün sahələrində innovasiyalı inkişaf mühitini və modelini yarada biləcək  insanların  yetişməsi taleyüklü məsələldir.

 

- Hüseyin Cavid Turan üçün yeganə xilas yolunu mədəniyyətdə görmüşdü...

- Mütəfəkiir şairimiz, XX əsrin sənət və fəlsəfə dahisi Hüseyn Cavidin  “Yalnız mədəniyyət!” imperativinə çox müraciət edirik. Eyni zamanda  hamımıza yaxşı məlumdurmu ki, dahi şair mədəniyyət deyəndə dar mənada deyil,  bütöv bir geniş sistemi, baxışlar kompleksini nəzərdə tuturdu. O elmi də, düşüncə tərzini də, bir sözlə, cəmiyyəti irəli apara biləcək bütün zəka resurslarını da nəzərdə tuturdu. Əks təqdirdə onun alternativsiz tərzdə bəyan etdiyi bu vəsiyyəti necə başa düşə bilərik: “Bir çarə var ancaq – yeniləşmək!”. Axı dahi mütəfəkkir həm də deyirdi ki, “Şübhəsiz bilgidə Allah gücü var!”

XXI əsrdə Azərbaycan mədəniyyətinin,  xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti sahəsində  artıq fəth etmədiyimiz məkan qalmayıb. Hətta yeni dünyanın, texnologiyanın yaradıcılıq laboratoriyası olan “Silikon vadisində” də bu gün Azərbaycan musiqisini, mədəniyyətini öyrənirlər. Bu çox böyük uğurdur. Digər məsələ odur ki, mən əminliklə düşünürəm ki, Cavidin mədəniyyət dedikdə nəzərdə tutduğu elmimizlə, zəka mədəniyyətimizlə də seçilə bilək, dünyanın diqqətini cəlb edə bilək. 

- Orta əsr müsəlman Şərq fəlsəfəsi olan sufizmin mədəniyyət və humanizm kriteriyasını XXI əsrin yaşam tərzinə tətbiq etmək olarmı?

- İnsan haqda  elmi-fəlsəfi antropologiya Qərbdə yalnız XX əsrdə yaranıbsa, Şərq islam fəlsəfəsi, sufizm bütövlükdə  yaranışından insan varlığı, həyatının  mənası, missiyası haqqında təlim olmuşdur. Sufizmdə dünyanın dərki insanın dərki   ilə demək olar ki, eyni statusa malikdir.

Ancaq təəssüf ki, insan varlığının Qərb anlamı son əsrlərdə bütün dünyaya sirayət edib. Onun mahiyyəti haqda şərq  təfəkküründəki məna isə hələlik kölgədə qalıb.  Son dərəcə zəngin irsi hələ də mükəmməl təhlil olunmayan, zaman keçdikcə insana dair təlimləri daim sınaqdan  çıxaraq daha da müasirləşən sufizm fəlsəfəsinin dəyəri deyilənlərin fonunda əvəzsiz əhəmiyyət kəsb edir. 

Sufizmdə insan ali dəyərlərin daşıyıcısı olan,  nadir və bənzəri olmayan bir varlıqdır. Sufizmin mənşəyi, kökləri müqəddəs kitabdan qaynaqlanır. Quranda insana dair ayələrin məzmunundan məlumdur ki, insan Yer üzündə Tanrının xəlifi, yaradılmışların ən şərəflisidir. Başqa varlıqlarla, hətta mələklərlə müqayisədə belə üstünlüyə malikdir. İnsanın mahiyyətində hər hansı bioloji-heyvani başlanğıcın olmasına dair işarə belə yoxdur. Əksinə, insanın ali mahiyyətə malik olması həmişə xüsusilə vurğulanır. Həm də ən vacib fikir odur ki, hər bir insan doğuluşundan potensial olaraq mahiyyətində  ali dəyərlərin daşıyıcısıdır. Onun üzə çıxarılması, reallığa çevrilməsi, naqislikdən uzaqlaşması və kamilləşməsi üçün insan da, elm və sənət də bayaq deyildiyi kimi, ayrı-ayrılıqda deyil, ələ-ələ tutaraq çalışmalıdır.  Sufizm təlimində qırmızı xətlə keçən fikir budur ki, humanizm, kamil cəmiyyət yalnız mənəviyyatca zəngin, kamil insanların yarada biləcəyi bir imkandır.

Amma bundan fərqli olaraq, Qərb insanı bioloji təməllərə, instinktlərə bağlayır. 

Ümumiyyətlə desək, dünyanın sözün əsl mənasında dahi adlana biləcək heç bir mütəfəkkiri, sənətkarı, şairi, filosofu sufizm kimi möcüzəli təlimin cazibəsindən kənarda qala bilməmişdir. Xüsusilə də XXI əsrdə böhran yaşayan humanizm və insansevərlik baxımından. Sufilər üçün Tanrının yaratdığı bütün insanlar bir birinə doğmadır, qardaşdır, dostdur. Cəmiyyətdə ahəngin kökündə nifrət deyil, məhəbbət dayanır. Mənəvi zənginlik-başqa insanın da dəyərli olduğunu duymaqda ifadə olunan ən ali sərvətdir, bu insanın mahiyyətidir.

Amma Qərbin hətta  Nobel alan  filosoflarının insana  münasibəti tam başqadır. Məsələn,  Sartrın ən çox istinad edilən məşhur  sözlərini yada salaq: “Başqaları- cəhənnəm deməkdir. Başqalarının baxışları-bu  dözülməzdir.”

Nikbinlik üçün əsas verən odur ki, sufizmin insan təlimi heç zaman gündəmdən düşməyib və XXI əsrdə xüsusi cazibə ilə həmin Qərb elminin maraq mərkəzinə  çevrilib.  Ona görə ki, bu təlimə görə, bəşəriyyət, insanlar yalnız maddi gücü artırmaqla deyil, ilk növbədə mənəvi gücünü cəmləməklə hər çətinliyə, böhrana qalib gələ bilər. Əks təqdirdə, insan robotun bir əlavəsinə çevrilə bilər. Əsas odur ki, kamil insan təliminin yaranmasından 7-8- yüz il keçdiyi indiki  dövrdə heç olmasa onun təbliğinə və tətbiqinə cəhd edilsin.

Mən əminliklə, məsuliyyətlə deyə bilərəm ki, XXI əsrdə insanlararası münasibətlər sufizm fəlsəfəsinin  müəyyənləşdirdiyi mənəvi meyarlar, dəyərlər  rəhbər tutularsa, mövcud mənəvi böhranı dəf etmək mümkündür. Maddiyyat amilinin hər şeyi üstələməsinə rəğmən, mənəviyyat amilinin kölgədə qalması, bunun da insan varlığının dayaq nöqtələrini laxladaraq, dünyagörüşündə məhvedici boşluq yaratması kimi təhlükəli meyllərin güclənməsinin qarşısını almaq mümkündür.

- Bu gün, XXI əsrdə bəşəriyyəti “mədəniyyət örtüyü ilə büküb“ onu yad ünsürlərdən xilas etmək mümkünmü?

- Qısa cavab vermək istəsək, birmənalı şəkildə mümkün deylil. Qloballaşma dövründə  özünütəcrid mümkün deyil. Həm də bəşəriyyətdən deyil, mədəniyyətdən söhbət getməlidir. Mədəniyyət sahəsini uzun illər tədqiq etdiyimdən, təcrübəmdən çıxış edərək deyə bilərəm ki, XXI əsrin qloballaşan dünyasında mədəniyyətlərin taleyi probleminə dair üç ssenari mövcuddur:   qarşıdurma (toqquşma), dialoq və  lokal mədəniyyətlərin qlobal hökmran mədəniyyətdə əriyərək ona qarışması (assimilyasiya) kimi səciyyələndirilən istiqamətlərdir. Göründüyü kimi, burada özünütəcrid ssenarisi yoxdur. Çünki bu reallığa cavab vermir və özünütəcrid məhv deməkdir.

Mədəniyyətlərin qarşılıqlı təsirinin “multikulturalizm” modelinin böhranı son zamanda siyasətdə də müzakirə mövzusudur. Daha doğrusu,  onun Qərb cəmiyyətində reallaşdırılan  modelinin böhranla üzləşməsindən söhbət gedir.

Mədəniyyətimizin ziyanlı, yad təsirlərdən  xilas olmasının yolu, təcrid olunmaq deyil, əksinə, onlara kəskin və  fəal, çevik cavablar vermək, təsirlərə qarşı mədəni-mənəvi müqaviməti təşkil  etmək, öz mədəniyyətinin zənginliyini, unikallığını, müasirliyini daha geniş məkanlara yaymaqdır. Onunla dünyanı heyran etməkdir. Bu isə təcridlə deyil, qarşılıqlı təsirlə mümkündür. Bu fəaliyyət hazırda Heydər Əliyev Fondunun işi sayəsində dünyada ən yüksək səviyyədə həyata keçirilir.

Təbii ki, başqa məsələlər də var. Cəmiyyətimizin daxilində gənc nəslin öz mədəni-mənəvi dəyərlərinə sahib çıxması, onların milli məkanımıza  axınla axan yabançı mədəniyyət adı altında manipulyasiya aləti olan təsirlərə dövlətçilik ruhunda cavab verməsi yönündə görüləcək işlər çoxdur. Gənclərimiz bu sahədə də fəaldırlar. Eyni zamanda təsirlərin miqyası nəzərə alınarsa,  fəallığın daha da artırılması ehtiyacı da var. Bu sahə olduqca ayıq-sayıq olmağı tələb edir.

Mədəniyyət tarix boyu olduqca çətin mərhələlərdən keçib, fəlakətli itkilər verib. Lakin həyatiliyini və yaşarlığını da sübut edib. Həqiqi mədəniyyətin məhvi mümkün deyil. Məhz buna görə bəşəriyyətin gələcəyinə dair nikbin  perspektivlər də müstəsna olaraq mədəniyyət və mənəviyyatla bağlıdır.

- Sonda XXI əsr insanına sözünüz...

- XXI əsrin yeni nəsli-bu həm də bizim hər birimizin övladlarımızdır. Biz çox istəyirik ki, onlar daha dinc, daha ahəngdar, mənəviyyatca daha zəngin dövrdə yaşasınlar. Amma yaşaya biləcəklərmi? Buna görə demək istədiklərimiz, sözümüz çoxdur. 

Qısa demək istəsək, sözüm bu ola bilər: “Qoy XXI əsrdən insanlığın, humanizmin, şəfqətin, sülhün bərqərar olduğu dövr başlanğıcını götürsün. Qoy fikir nəhəngimiz Hüseyn Cavidin dediyi “Yer üzünü axan qan izlərindən qurtaran dahi” olmaq bu əsrin insanlarına nəsib olsun.

Dünyada fəlsəfənin eyni vaxtda çoxsaylı ölkələrdə yarandığı “ox dövrü” ilə müqayisə etsək, qoy XXI əsr mənəviyyatın dirçəlişi və üstünlüyü ilə yadda qalan “yeni ox dövrü” olsun.

XXI əsr insanına ən vacib sözüm odur ki, qoy bu əsr Azərbaycan və azərbaycanlıların dünyada ən güclü inkişaf etdiyi, sivilizasiyaya, elmə və mədəniyyətə ən böyük töhfələr verdiyi əsr olsun və olacaq da!

Söhbəti apardı: Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir