Modern.az

Bir içmişik mən, dədəm - Dədəm də dəm, mən də dəm - DEYİŞMƏ

Bir içmişik mən, dədəm - Dədəm də dəm, mən də dəm - DEYİŞMƏ

1 İyul 2013, 16:58

Atam şair Qabilin Şamaxıda yaxın dostları çox idi. Baba müəllim, Soltanpaşa Vəliyev, Heydər, Vəlican, Ələsən, Ədalət, Malik - saymaqla qurtarmaz. Hər dəfə şəhərə gələndə bu torpağın neməti olan şərab gətirirdilər. Özü də 10, 15 litr. Evdə qonaqlıq öz yerində, qonşulara ayrıca pay da çatırdı. Necə deyərlər bizdə yeyib-içəndən sonra, “paxmel”i evdə açsınlar. 
Günlərin bir günü atam belə paydan birini də qonşumuz, xalq yazıçısı Hüseyn Abbaszadəyə göndərir.
Bir az keçir qapı döyülür. Hüseyn oğlu İlqarla Qabilə bir parça kağız göndərir:

İçmə çaxırı, ay Qabil!
Yoxdur axırı, ay Qabil!
İçki elə bir şeydir ki,
Açır paxırı, ay Qabil!

Sonra bir cümlə də əlavə edir ki, “Buna baxmayaraq çaxır üçün çox sağ ol”.

Qabil də dərhal bir vərəq götürüb naməyə cavab yazır:

Fayda verir cana çaxır, ya Hüseyn!
Üz qızarır, gözlər axır, ya Hüseyn!
Gəl şərabın bəhrinə lap baş vuraq,
Gül kimiyik – yoxdu paxır, ya Hüseyn!

ÇİYNİNİZDƏ GEDİM...
           
Atam dayılarımla yeyib-içəndə elə hey deyirdi: “Çiyninizdə gedim”. Onlar da cavablarında həmən deyirdilər: “Allah eləməsin, ay Qabil. Sən nə danışırsan?”.
Hər “yüz-yüz” vurduqca bu sözləri deyir, onlar da bu cavabı təkrar edirdilər. Axırda  dözmürdü:

“Ay balam mən demirəm çiyninizdə o dünyaya gedim. Mən ölməyə hazırlaşmıram. Deyirəm ki, yəni o qədər  yeyib-içim ki, ayaq üstündə dayana bilməyim. Məni çiyninizdə evə aparasınız”.

BİR İÇMİŞİK...

Mən çox da içən deyildim. Yüz vurub dayanırdım. “Sən adam deyilsən a... adamı yarı yolda qoyursan”. Sonra da əlavə edirdi ki, “düz eləyirsən, qurşanarsan, evim yıxılar”. Ona görə də həmpiyaləni çalışırdı ki, kənardan tapıb evə çağırsın. Əlinə heç kim keçməyəndə, məcbur olurdu ki, bir yerdə oturaq. Hər dəfə sağlığı belə olurdu:

Bir içmişik mən, dədəm,
Dədəm də dəm, mən də dəm.

NƏRİMAN HƏSƏNZADƏYƏ

Atam 1977-ci ildə  “Azərbaycan” jurnalında işləyirdi. Xalq şairimiz Nəriman Həsənzadə isə həm yazıçıların əsas gəlir yerlərindən biri olan  “Litfond”un (Ədəbiyyat Fondu) direktoru, həm də Yazıçılar İttifaqının partkomu idi. Günlərin bir günü atama zəng edir ki, filan işçiyə icazə ver yanıma gəlsin. Atam icazəni verir, həm də nəzmə çəkir:

                                               Nə ixtiyarla, ay canım,
                                               Mən sənə etiraz edim?
                                               Bu xahişinlə keyfimi
                                               Gərək bir az da saz edim.

                                               Partiya naz götürməyir,
                                               Əşşi, düşər-düşməzi
                                               Lap istəyir həddin aşım,
                                               Lap istəyir bir az edim.

                                               Şükr edirəm sifarişin
                                               Sən deyən ağır olmadı.
                                               Yaxşı qurtarmışam… gərək,
                                               Gedib nəzir-niyaz edim.

                                               Bir tərəfin xəzinədar,
                                               Bir tərəfin də partkom,
                                               Gərək səninlə, Nəriman,
                                               Haqq-hesabı taraz edim.

“CANIM, GÖZÜM HƏSƏN!”

Az.TV-nin “Xəbərlər” proqramına təzə işə düzəlmişdim. Atamın da növbəti şeirlər kitabı çapdan çıxmışdı. İkisinin üstünə avtoqraf yazdı. “Birini Nizami Xudiyevə (Az.TV-nin sədri), birini də müdirin Həsən müəllimə (“Xəbərlər”in baş redaktoru Həsən Həsənov) verərsən,- dedi. Əslində Həsən müəllimə yazdığı avtoqraf ərkyanə bir tapşırıq idi.
                                               
Canım, gözüm Həsən!
                                               Mahirə bir şey olsa
                                               Bəs sən orda Nəsən? 


“SƏFƏRİM”

O vaxtın raykom katibləri çox əzazil və ağzı söyüşcül idilər. Atam onların adını “mini padşah” qoymuşdu. Bununla yanaşı, onlar həm də səmimi, sadə adamlar idi. Bu baxımdan hamısı atamın xətrini çox istəyirdi. Necə deyərlər həmxasiyyət idilər. 
Onlardan biri 50-ci illərdən tanıdığı  Səfər Verdiyev idi. 70-ci illərdə o, Yardımlıda 1-ci katib idi. Babamgil də orada yaşadığından tez-tez görüşərdilər. Babam Ağasəf Rəhimov maşın növbəsinə dayanmışdı. Əməkdar müəllim və veteran kimi ona növbədənkənar maşın verəcəklərinə əmin olan atam, tezbazar maşını satıb “ayaqsız” qalmışdı. Yay ayı, gəzməyi xoşlayan, rayonları kəndbəkənd gəzən Qabil üçün bu böyük “işgəncə” idi. Heç kim də bilmirdi ki, babamın alacağı maşının pulunu atam verib, necə deyərlər “Ad babamın, dad isə atamın”dır. Maşının yubandığını görən atam məcbur olur ki, Səfər Verdiyevə məktub yazıb ki, məsələdən agah eləsin.

                        Mən ölüm, sən məni gəl, qoyma nigaran, Səfərim!
                        Aparar yayda maşınsız məni tər-qan, Səfərim!                       

                        Köhnənin qardaşıyıq, ay kişi, Yardımlı bilir,
                        Qəlbimiz bir sinədə çırpınır hər an, Səfərim!

                        Görmüsən arxalı dağ zəlzələdən lərzələnə?!
                       Olmasan arxam, olar can evi viran, Səfərim!

                        Sənə ümid edibən rədd elədim köhnəsini,
                        Nə xəbər var, de görüm, tazə maşından, Səfərim!

                        Vədinə bil ki, xilaf çıxsan əgər, xalq deyəcək:
                        Ləntəraniydi bu dostluq, ya da hədyan, Səfərim!

                        Göstərin şairə yardımlıların yardımını…
                        Damədin (rayispolkom) damədinə qoy olaq heyran, Səfərim!

                        Şükr edin ki, hələ mən yük maşını istəmirəm,
                        Bir “Jiquli”ylə qurtar canını əlan, Səfərim!

                        Verdiyevlər tanıyır Qabil İmamverdiyevi,
                        Edəcək sizləri dillərdə o, dastan, Səfərim!

                        Bu səxavətdən ucalsın başı həm qayınatamın, -
                        Qoy yaraşsın kişiyə qürrə, şərəf-şan, Səfərim!

                        Yığışaq… süfrə açaq, hansı bulaq ustə desəz,
                        Meşə əlvan, kabab əlvan, şərab əlvan, Səfərim!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər