Modern.az

Azərbaycanın Pakistandakı səfiri: “Orada ailə-uşaqla yaşamaq çətindir, təhlükəsizlik üçün rahatlıq yoxdur” - MÜSAHİBƏ

Azərbaycanın Pakistandakı səfiri: “Orada ailə-uşaqla yaşamaq çətindir, təhlükəsizlik üçün rahatlıq yoxdur” - MÜSAHİBƏ

3 İyul 2013, 12:24

Daşqın Şikarov: ”Mənə yaradılan şərait başqa ölkələrin səfirləri üçün yaradılmır”


İnsanlar müxtəlifdi həyatda. Bəziləri müştəbeh, özündən razı, bəziləri sadə, səmimi.... Elə insanlar var ki, onlarla söhbət edərkən zamanın necə keçdiyinin fərqinə də varmırsan. Hər kəlmədə, hər sözdə onu daha da yaxından tanıyırsan. Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovla söhbətimiz zamanı onun sadə, səmimi və eyni zamanda vətənpərvər biri olduğunu şahidi oldum. Vətəndən uzaqlarda olanda belə ürəyi Azərbaycan sevgisiylə döyünən Daşqın müəllim, söhbət zamanı Pakistanda yaşamağı çətinliklərini də dilə gətirsə də, işini və Pakistanı çox sevdiyini də dedi.

Modern.az saytının müsahibi səfir Daşqın Şikarovdur.

- 1973- cü ildə Şamaxı rayonunda anadan olmuşam. Anam müəllimə, atam mühəndis idi.  Orta məktəbi Bakı şəhərində 4 saylı Seyid Cəfər Pişəvəri adına fars təmayüllü məktəbi bitirmişəm. Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldum.  Universiteti bitirdiyim illərdə İran İslam Respublikasında diplomatik kurslar təşkil olunmuşdu. Xarici İşlər Nazirliyinin xətti ilə həmin kurslara qatıldım.  Qayıdandan sonra da XİN-nin o zamanalar İslam Konfransı Təşkilatı İdarəsinə (indi ikinci ərazi idarəsi) qəbul olunmuşam. 1999-cu ildən 2001-ci ilə qədər İstanbulda baş konsulluqda işləmişəm. 2011-ci ildə  yenidən XİN –nin ikinci ərazi idarəsinə qayıtmışam. Həmin ilin sonunda məni Pakistan İslam Respublikasına üçüncü katib təyin etdilər. 2005-ci ildə yenidən qayıdıb gəlmişəm. Həmin ildə XİN –nin konsulluq idarəsinə birinci katib olaraq, qəbul olundum.
2007-ci ilin mart ayında mən yenidən Pakistana birinci katib vəzifəsinə təyin edildim. Daha sonra orada müşavir oldum. Bizim Pakistandakı səfirimiz Eynulla Mədətli Ukraynaya səfir təyin olunanda mən 2010-cu ildən 2011-ci ilin mart ayına kimi səfir vəzifəsini icra elədim.  2011-ci ildə  cənab prezidentin sərəncamı ilə Pakistan İslam Respublikasına səfir təyin edildim. 2012-ci ilin aprel ayından isə eyni zamanda Əfqanıstana da səfir kimi təyin edildim. Hazırda səfir kimi fəaliyyətimi davam etdirirəm. Evliyəm, 3 oğlum var. Böyük oğlumun 13, ortancılın 8, üçüncünün isə 3 yaşı var.

- Pakistanda ailənizlə yaşayırsınız?

- Bəli, ailəm, uşaqlarım mənimlə Pakistanda yaşayır. Uşqlarım orada məktəbə gedir.

- Vətəndən ayrı yaşamaq çətin deylmi? Həm də uşaqlarla...

- Çətindir, çox çətindir. Həm uşaqlar üçün, həm də mənim üçün çətindir. Amma bizdə belədir ki, birbaşa prezidentin sərəncamı ilə təyin olunduğum üçün, harasa təyin edilməyimiz, hardansa geri çağırılmağımız sırf prezidentin səlahiyyətindədir. Adətən bizdə səfirlər 5 il müddətinə təyin edilir. Əgər bu 5 il müddətində hər hansı bir nöqsana yol verməsə, növbəti mərhələdə cənab prezident onu başqa bir ölkəyə təyin edir.  Əgər səfir nöqsansız çalışarsa... təbii ki, hər şey fəaliyyətdən asılıdır. 5 il tamam olduqdan sonra onun fəaliyyəti analiz edilir. Əgər bir səfir etimadı doğruldursa, mərkəz tərəfindən verilən tapşırıqları ləyaqətlə yerinə yetiribsə, o zaman onu yenidən 5 il müddətinə başqa bir ölkəyə səfir göndərirlər.

Pakistanda yaşamaq həqiqətən çətindir. Birincisi iqlim şəraiti bizim şəraitə uyğun deyil. Orada mart ayından oktyabr ayına kimi havalar çox isti olur. Hardasa 48-50 dərəcə isti olur.  Bununla yanaşı, rütubət çox olur və hava da çirklidir. Oksigen çatışmazlığı var. Bütün bunlarla yanaşı  son 2-3 ildə elektrik problemi yaranıb. Ölkə ərazisində bəzi bölgələrdə gün ərzində 18-20 saat elektrik olmur. Amma paytaxt İslamabadda demək olar ki, 12-14 saat elektrik olmur.  Bu həm işə mənfi təsir göstərir. Həm də bilirsiniz, yay aylarında kondinsioner çalışmayanda problem olur.  Həm bizim səfirliyin təhlükəsizlik kameraları var, elektrik olmayanda böyük problem olur.   

Orada ailə üçün daha çətindir. Mən yenə işlərimlə əlaqədar harasa gedirəm, amma ailə, uşaqlar üçün getməyə yer yoxdur. Və təhlükəsizlik baxımından da rahatlıq yoxdur.  Uşaqların vaxt keçirmək, uşaq həyatını keçirməsi üçün şərait yoxdur. Uşaqlar hansısa parka getsin və yaxud gəzintiyə çıxsın, bu çox təhlükəlidir.  Çünki orada bir çox diplomatlara qarşı sui-qəsdlər olub.  Orada Əfqanıstanın səfirini oğurlamışdılar. 23 aydan sonra çox çətinliklə səfiri geri ala bildilər.  İranın konsulunu qaçırmışdılar, Qazaxıstanın müşavirini elə öz evində öldürdülər, Səudiyyə Ərəbistanın səfirinin əməkdaşını öz evində öldürdülər.  Pakistanda xüsusi terrorçu qruplaşmalar var ki, bütün bunları Pakistanı nüfuzdan salmaq məqsədilə məqsədli şəkildə həyata keçirirlər.  Buna görə də diplomatları, xarici vətəndaşları hədəf seçirlər.  Biz bu təhlükəni nəzərə alıb, ailələrimiz kənara getməyə qoymuruq. Ən çox vaxt tədbirlərdən- tədbirlərə məcburən gedirəm. Gedəndə yoldaşımı da aparıram.

İkinci problem odur ki, birbaşa reyslər yoxdur.  Mən ora gedəndə ya Dubay, ya da İstanbul üzərindən gedirəm. Bu da narahatçılıq yaradır. Təsəvvür edin, burdan 3 saat İstanbul, ordan da 6 saata Pakistana bu adamı çox yorur və vaxt aparır.  Bizim əsas çətinliklərimiz iqlim şəraiti və terrorla bağlıdır. 10 il bundan əvvəl Pakistanda belə problem yox idi. Son 2-3 ildə həm elektrik problemi yaranıb, həm də terror hadisələrinin sayı artıb.  Amma güman edirəm ki, Pakistan dövləti tezliklə bu problemlərin öhdəsindən gələcək.

- Bakıya gəlirsiniz, vətəninizə. Burada həyat rahatdır. Geri dönəndə hansı hissləri keçirirsiniz?

- Ümumiyyətlə Bakını heç yerlə müqayisə etmək olmur. Hansı ölkəyə gedirsənsə get, 10 gün sonra Bakı üçün darıxırsan. Çünki Bakı əksər Avropa ölkələrindən bir çox cəhətlərinə görə, daha üstündür. Bakı gündən-günə dəyişir, inkişaf edir. Mən nümayəndə heyəti olanda gəlib-gedirəm Bakıya. Təxminən mart ayında gəlmişim sonuncu dəfə. Pakistandan nümayəndə heyəti ilə gəlmişdim. Mehriban xanım orada “2012-ci ilin adamı” seçilmişdi. Dövlət xadimi Rubina xanım özü ödülü təqdim etmək üçün şəxsən Azərbaycana gəlmişdi. Martdan 3 ay keçib. Baxıram 3 aya nə qədər dəyişiklik olub. Burada hər şey dəyişir. Bunu xarici qonaqlar da görür.  Məsələn,  Pakistanda son illərdə nəzərə çarpacaq dəyişikliklər olmur. Amma Azərbaycan gündən-günə dəyişir, sürətlə inkişaf edir. Mən Bakıdan gedəndən sonra çox darıxıram, öyrəşmək asan olmur, nostalji hisslərlə bir az yaşayıram. Amma məcbur da olsaq, dözürük. Ümumiyyətlə, insan psixologiyası elə yaradılıb ki, harada olursa, olsun çətinliklərə dözə bilir, adaptasiya olur. Mən də zamanla adaptasiya oluram. Düzdür, vətəndə işləmək daha asandır. Amma orda da vətəni kimsə təmsil etməlidir. Mən işimdən də, həyatımdan da razıyam, çətinliklər olsa da.  Vətəni təmsil etmək mənə qürur hissi verir.

- Keçən dəfə sizinlə müsahibə zamanı dediniz ki, orada Azərbaycan diasporu yoxdur. Bu nədən irəli gəlir, iqlim şəraitindənmi, ölkədə olan kasadlıqdanmı? Səbəb nədir?

- Bunun əsas səbəbi ölkədə olan terror hadisələridir.  Amma iqlim şəraiti və birbaşa reyslərin olmamağı da böyük rol oynayır.  Güman edirəm ki, ən böyük səbəb oradakı təhlükəsizlik vəziyyəti ilə bağlıdır.  Əgər Pakistan bu gün Azərbaycan kimi stabil dövlət olsaydı, nə qədər isti olursa, olsun bizim tələbələr gedərdi ora. Və son zamanlar, yəni son 3 ildə olan ciddi elektrik problemi də öz təsirini göstərir. Amma ən əsas faktor təhlükəsizlikdir.

- Bəs orada erməni diasporu varmı?

- 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edib, Pakistana müraciət edən zaman o dövrdə olan rəhbərlik Dağlıq Qarabağ problemini çox aydın şəkildə izah edə bilib bu ölkəyə.  Bizim torpaqların ermənilər tərfindən iğal olunma faktını vaxtında izah edə biliblər.  Torpaqların işğalı, məscidlərin dağıdılması, insanların qaçqın vəziyyətə salınması, deportasiya bütün bu faktlar Pakistan tərəfindən qəbul edilmişdi. Və bizdən sonra Ermənistan müstəqilliyini elan edəndə Pakistan qəbul eləmədi. O vaxtdan Pakistan Ermənistanla nə diplomatik əlaqə qurub, nə gediş-gəlişləri var. Pakistanda bir dənə də olsun erməni təşkilatı, şirkəti, ümumiyyətlə erməni yoxdur.  Bu gün Pakistan rəsmilərinin ermənilərlə demək olar ki, heç bir təması yoxdur.  Ermənistan hökuməti dəflərlə diplomatik münasibətlərin qurulması üçün cəhd göstərib. Təxminin 7 ay öncə də Ermənistan diplomatik münasibətlərin qurulması üçün müraciət etmişdi.  Amma Pakistan dövləti yenə öz mövqeyində qaldı və israrla bəyan etdi ki, “biz o vaxt sizinlə diplomatik münasibətlər qurarıq ki, siz işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarasınız”. Və həmin cəhddən sonra daha addım atılmayıb.
Pakistan tərəfi Erməni diasporunun yaranması üçün Ermənistana Azərbaycan torpaqlarını qaytarılması şərtini qoyub. Və onu da deyim ki, Ermənistan diplomatik əlaqələr üçün çox cəhd edir. Bunun birinci səbəbi odur ki, Pakistanın nüvə silahı və çox böyük ordusu var.  Pakistan ordusu ən güclü ilk onluğa girir. Bu böyük faktordur.  Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsi, beynəlxalq təşkilatlarda bunu açıq şəkildə bəyan etməsi Ermənistana mənfi təsir edir. Elə tribunalar var ki, biz onlara çıxa bilmirik, amma Pakistan bizim mövqeyi müdafiə edir. Elə komissiyalar var ki, Pakistan da, Ermənistan da onlara üzvdür. Amma biz üzv olmaq istəyəndə Ermənistanın vetosu ilə üzləşirik. Həmin o komissiyalarda bizi əsas müdafiə edən Pakistan və Türkiyədir. Ermənistan Azərbaycanın əleyhinə bir məsələ qaldıranda dərhal Pakistanın vetosu ilə qarşılaşır. Bu səbəbdən də Ermənistan Pakistanı zərərsizləşdirmək məqsədilə diplomatik əlaqələrə cəhd edir. Düşünür ki, Pakistandan xeyir gəlməsə də, bunlara zərər dəyməsin.
Pakistan hər zaman mövqeyində möhkəm qalıb. Buna səbəb isə 2012-ci ildə Mehriban xanımın,  silsilə yardımlar etməsidir. Bu layihələr güclü maddi məbləğ aparmasa da, xalqlararası münasibətlərə böyük töhfə verdi. Bu gün Pakistanda hər kəs Mehriban xanımı tanıyır. Hamısı o humanitar layihələrin sayəsində. Təsəvvür edin, 30 min insan hepatit B virusuna qarşı peyvənd edildi, 35 min insana qurban əti paylanıldı. Onlar belə şeylərə üstünlük verirlər. Pakistanın yetimxanalarında iftar süfrələri açıldı, əyləncələr keçirildi. Pakistan İslam Respublikası olduğu üçün Qurban, Ramazan bayramlarına üstünlük verirlər. Bütün bunlardan əlavə Kəşmirdə zəlzələdən sonra  2007-ci ildə Mehriban xanım böyük bir məktəb inşa etdirdi. 2010-cu ildə sel fəlakəti məktəbə ciddi zərər vurdu.  Pakistan tərəfinin həmin məktəbin təmiri üçün maddi gücü yox idi. Bizə deməyə isə utanırdılar. Biz biləndə həm məktəbin ərazisini genişləndirdik, həm də əsaslı təmir etdirdik. Əvvəl məktəbin ərazisi 40 sot idi, biz onu 130 sota qədər genişləndirdik.  Xalq gördü ki, bizim onlara qarşı sonsuz diqqətimiz var. Onlar hər zaman bildirirlər ki, Azərbaycan xalqı Pakistanın dostudur.

- Pakistan və Hindistan arasında olan Kəşmir probleminə sizin baxışla nəzər salaq...

- 1947-ci ilə qədər hər iki ölkə İngiltərənin müstəmləkəsində idi. 1947 –ci ildə hər iki dövlət  müstəqillik əldə etdi. Pakistan rəhbəri Məhəmmədəli Cinnah, Hindistanın tərəfindən Məhəmməd Qandi Kəşmirlə bağlı danışıqlıqlar apardılar. İngiltərə onlara müstəqillik verəndə Kəşmiri ölkələrin ixtiyarına vermişdi. O zamanlar Kəşmirin əhalisini 85 faizini müsəlmanlar təşkil edirdi. Danışıqlar nəticə vermədiyi üçün müharibələr oldu. İndiyə qədər 3 müharibə olub və bu müharibədə 100 min insan həlak olub.  Bu günə kimi  Pakistan və Hindistan tərəfi Beynəlxalq təşkilatların səyi ilə yenidən bir masaya oturdular ki, sülh yolu ilə həll etsinlər bu məsələni.  Sonradan BMT qərar verdi ki, Kəşmir xalqı özü öz müqəddəratını həll etsin. İstələr Hindistan, istəsələr Pakistan tərəfini seçə bilər və ya müstəqil şəkildə qala bilərlər. Pakistan tərəfi bu qərarı qəbul elədi. Çünki dediyim kimi, orada yaşayan əhalinin çox hissəsini müsəlmanlar təşkil edirdi. Amma zamanla Kəşmirdə hindli əhalinin sayı artırıldı. Hindlilərin həyata keçirdiyi layihələr buna böyük səbəb oldu. Dövlətdən də maliyyə yardımı edildi bu iş üçün. Kəşmirdən çoxlu çaylar keçir. Mübahisə də elə bu səbəbdən yaranıb. Bu gün Pakistana gələn bütün çaylar  Hindistandan keçir. Hindistan tərəfi bu gün istədiyi zaman çayların qarşısını kəsir və yaxud bəndləri aralayıb, sellərin yaranmasına səbəb olur. Əslində bu iki ölkənin bu problemi danışıqlar yolu ilə həll etməsi hər iki tərəf üçün önəmlidir. Çünki bu ölkələr bir zamanlar iç-içə yaşayıblar. Bu gün Hindistanda 200 milyondan çox pakistanlı yaşayır. Bu ölkələr arasında gediş-gəliş var. Yəni mehriban düşməndirlər.  Bu gün onlarn münasibəti tam yaxşı olarsa, onlar üçün bu daha gözəl olar.  İndi hakimiyyətə gələn Nəvaz Şərif sülh tərəfdarıdır.  Hindistan da buna meyllidir. Mən fikirləşirəm ki, yaxın zamanlarda bu problemlər həll olunacaq.

- Daşqın müəllim, deyirsiniz ki, Pakistan terror təhlükəsi olan bir ölkədir. Belə bir şəraitdə siz Azərbaycan üçün önəmli tarixləri qeyd edə bilirsinizmi? 20 Yanvar, Xocalı  hadisəsi və s. kimi...

- Biz mütləq 20 Yanvar faciəsini, Xocalı soyqırımını qeyd edirik.  20 Yanvar faciəsini Priston Universitetində, səfirlikdə və Kayd-Azim Universitetində qeyd etdik. Priston Universitetində qeyd etdiyimiz tədbirdə Pakistanın xarici işlər üzrə dövlət naziri, senatın xarici əlaqələr  komitəsinin sədri qonaq qismində iştirak edirdi. Türkiyə, Özbəkistan, Qazaxıstan, Rumıniya səfirləri də tədbirə qatılmışdı. Bizim tədbirlərdə Xarici İşlər Nazirliyindən dövlət nümayəndələri, digər nazirliklərin nümayəndələri, baş nazirin müavini iştirak edirdi. 2012 –ci ilin oktyabrında müstəqillik günü ilə bağlı tədbir keçirdik. Burada 42 general, 67 senator, 100-ə yaxın millət vəkili və bütün səfirlər, Pakistanın 4 əyalətindən 2-sinin qubernatoru iştirak edirdi. Bizə qarşı pakistanlılarda rəğbət hissi var. Mən başqa ölkələrin tədbirlərində iştirak edirəm. Bizim təbirlərə daha çox gəlirlər. Bizə qarşı çox diqqət göstərirlər. Onların gəlməsi bizim dövlətimizə qarşı hörmətdir.

- Azərbaycan-Pakistan münasibətlərində gələcək üçün nə kimi yeniliklər gözlənilir?

- Pərviz Müşərrəf prezident olduğu dövrdə 2004-cü ildə Azərbaycana səfər edib. Müşərrəf münasibətlərə daha çox önəm verirdi. İndiki hakimiyyət başçısı Nəvaz Şərif də müsəlman dünyasına, bizə yaxındır. Onun baxışı fərqlidir. Nəvaz Şərif sənayeçi ailəsində anadan olub, Müşərrəf isə hərbçi ailəsindən idi. Mən düşünürəm ki, Nəvaz Şərifin zamanında Azərbaycan-Pakistan iqtisadi əlaqələri daha böyük inkişaf edəcək.  Çünki bu gün bizim iqtisadi əlaqələrimiz çox aşağı səviyyədədir. Bizim əsas məqsədimiz odur ki, iqtisadi əlaqələri siyasi əlaqələr səviyyəsinə çatdıraq.  Bundan ötrü düşünürük ki, iki dövlət arasında qarşılıqlı biznes forumlar təşkil edək, iqtisadi komissiyaların iclaslarını keçirək. Biz hədəf almışıq ki, iki dövlət arasında ticarət dövriyyəsi ən azı 100 milyon olmalıdır. Nəvaz Şərif iqtisadçıdır. O may ayının 11–də maksimum səslə parlament seçkilərində qələbə çaldı. O vaxta qədər mən onunla iki dəfə görüşmüşəm. Hər iki görüşdə onun Azərbaycana olan sevgisini hiss etmişəm. Tam əminəm ki, baş nazir olduğu 5 il müddətində iqtisadi əlaqələrimiz inkişaf edəcək. Müşərrəfin dövründə Azərbaycan-Pakistan siyasi əlaqələri yüksək səviyyədə inkişaf etmişdi. Bənazir Bhutto 1995-96–cı illərdə Heydər Əliyevlə görüş zamanı 32 müqavilə imzalamışdı.  Həmin o 32 müqavilə Azərbaycan-Pakistan münasibətlərinin bazasını təşkil edir.  Güman edirəm ki, Nəvaz Şərifin də dövründə bir neçə müqavilə imzalanacaq və bizim münasibətlər bir az da irəliyə gedəcək.  Buna hər iki ölkənin potensial imkanı var. Düşünürəm ki, iqtisadi əlaqələr genişlənəcək, birbaşa reyslər açılacaq.

- Daşqın müəllim, son olaraq nə demək istərdiniz?

- Bizim əməkdaşlardan danışmaq istərdim. Onlar öz xoşlarıyla Pakistanı seçiblər işləmək üçün. Pakistan Avropa ölkələrindən fərqlidir. Avropa ölkələrinə birbaşa reyslər var. Şəraiti var, iqlim problemi yoxdur, qayğısız həyat sürürlər. Ailələr normal yaşayır, uşaqlar məktəbə gedə bilirlər. Təhlükəsiz həyat var. Bütün bunlara rəğmən əməkdaşlarımızın Pakistanı seçməsi fərəhvericidir.  Özü də bir söz deyim sizə, bizdə çalışanların heç biri məcburi göndərilməyib, könüllü gəliblər.  Öz xoşlarıyla gəlib, belə çətinliklərə qatlanmaq ancaq Azərbaycana olan sevgidən yarana bilər. Pakistanda işləmək üçün əvvəlcə öz dövlətini, daha sonra isə işlədiyin dövləti sevməlisən.  Bəzən mənə sual verirlər ki, niyə Pakistanı sevirsən? Belə cavab verirəm: - Çünki Pakistanla Azərbaycanı heç bir tel bağlamır.  Tarixə nəzər salanda da bunu görmək mümkün deyil. Amma Azərbaycanın müstəqillik elan edən Paku=istan tərəfindən tanınması, qısa bir müddətdə qardaşlıq münasibətləri qurması və bizə görə Ermənistanı tanımamağı məndə rəğbət hissi yaradıb. Və eyni zamanda son Xocalı soyqırımı ilə bağlı qəbul edilən qətnamə bu sevgini bir daha artırdı. 2012 –ci ildə Xocalı soyqırımı ilə bağlı qəbul edilən qətnamədə qeyd edilir ki, “Ermənistan dinc əhaliyə qarşı soyqırımı həyata keçirib və bunu beynəlxalq aləm qəbul edib qınamalıdır”, ikinci bənddə deyilir ki, “Xocalı faciəsinin qurbanlarına Ermənistan kompensasiya ödəməlidir” və son bənd “Ermənistan qeyri-şərtsiz Azərbaycan torpaqlarını geri qaytarmalıdır”. Bu qətnamənin qəbul edilməsi böyük faktordur.  Bizə qarşı olan belə münasibət məndə bu ölkəyə olan sevgini artırır. Pakistan doğma ölkədir. Pakistanda mən hansısa nazirlə görüşmək üçün iki gün gözləməmişəm. Mənim üçün elə həmin gün görüş təşkil edilir. Başqa ölkələrin səfirləri üçün belə şərait yaradılmır. Bu, mənim dövlətimə olan hörmətdir. Adi küçədə gedirsən, biləndə azərbaycanlısan sənə başqa cür diqqət göstərirlər. Azərbaycandan gələn nümayəndələrə də başqa diqqət, doğmalıq göstərirlər. Mən onların arasında özümü onlardan biri hiss edirəm. Mən bilirəm ki, mənə sadə pakistanlılardan heç bir  xətər gəlməz.


İradə CƏLİL

“Odlar Yurdu” təşkilatının keçirdiyi müsabiqəyə təqdim olunur

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir