Modern.az

Misirdə nə baş verdi? - TƏHLİL

Misirdə nə baş verdi? - TƏHLİL

4 İyul 2013, 13:54


Modern.az
“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) Misirdə baş verən hadisələrlə bağlı qısa təhlilini təqdim edir.

İlk öncə, Misirdə dövlət çevrilişi baş verdi. Misirin sayca beşinci, lakin demokratik seçkilər vasitəsilə seçilən ilk prezidenti Mohamed Morsi ordu tərəfindən məcburi istefaya göndərildi. Prezidentin özünün də açıqladığı kimi bu dövlət çevrilişidir. Əlbəttə, ordunun qanuni prezidenti istefaya göndərməsi çox ciddi presedent yaradır. Bu presedent artıq yenidən təkrarlana bilər. Misirin bundan sonra seçilən yeni prezidenti çevriliş qorxusu altında fəaliyyət göstərəcək və buna görə də bəzən ehtiyatlı addımları üzündən iradəli prezidentə çevrilə bilməyəcək. Ümumilikdə, hüquqi və presedent baxımından Misirdə prezidentin istefaya göndərilməsi yaxşı hal deyil, amma qurbanlar bahasına başa gəlsə də Misirin özünəməxsus demokratiyaya malik olmasına səbəb olacaq.

Bununla bərabər, Misir Hosni Mübarek zamanı bütün Ərəb dövlətlərinin hamisi və Hosni Mübarek isə bütün Ərəb diktatorlarının “xaç atası” hesab olunurdusa, indiki halda Misir öz demorkatiyası ilə Ərəb dünaysının hamisi hesab olunacaq. Artıq bu gün, əminliklə demək olar ki, Misir Ərəb dövlətlərinə bir örnəkdir, Misir xalqı qəhramanlıq simvolu və dönməzlik timsalıdır. Bəlkə də tarixdə ikinci dəfə olaraq, Misir xalqı özünü dünyaya yenidən təqdim edir. Ilk dəfə o özünü bəşəriyyətin sivilizasiyası kimi, qədim ehramlaırn vətəni və dövlətçiliyin açarı kimi təqdim etmişdi. İndi isə, Ərəb dünyasının demokratiya beşiyi kimi təqdim etməkdədir.

İnqilab niyə yenidən baş verdi?

Mohamed Morsi söz versə də bütün Misirlilərin prezidentinə çevrilə bilmədi. 2011-ci ilin noyanrbında öz səlahiyyətlərini artırdı və xalqın etiraz səsini qulaq ardına vurdu. Ordu rəhbərliyində yerdəyişmələr etdi və onları tam olaraq öz nəzarətinə almağa çalışdı. Misir dövləti həmişə müəyyən dünyəvilik elementlərini özündə saxlamış dövlətdir. Mohamed Morsi Misirin siyasi, dini və mədəni düzənini dəyişməyə qalxdı. Digər tərəfdən, o, 1 illik prezidentliyi dövründə beynəlxalq dəstəyə nail ola bilmədi. Məhz, ordunun ona 48 saatlıq ultimatum verməsindən sonra ABŞ prezidentinin ona xalqla dialoqa getməsinə çağırış etməsi, diplomatik dildən tərcümədə “istefa ver” anlamına gəlir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı da analoji çağırış etmişdi.

Mohamed Morsi Misirin iqtisadiyyatıni gerilikdən qurtara bilmədi və bunun işartıları da ortada yox idi. Kasıb və varlılar arasında uçurum həddindən çox dərinləşmişdi. Dünya Bankının hesablamalarına görə, Misir əhalisinin 35-40%-i gündə 2 ABŞ dollarından az məbləğla yaşayır. Bu isə kasıbçılıq həddi deməkdir. 84 milyondan çox Misir əhalisinin cəmi 2-3 %-i varlıdır. 3 milyon Misirli xaricdə işləyir və 2012-ci ildə ölkəyə 21 milyard ABŞ dolları vəsait göndərə bilib. Misirlilərin öz ölkələrində normal yaşamaq şansları zəifdir. Belə bir vəziyyətdə, xalq razı qala bilməzdi.

İqtisadi məsələdən başqa, Misirdə baş verən inqilabda beynəlxalq faktor da var. Bu barədə aşağıdakı yarım başlıqda.

Qərb niyə müdafiə etmədi?

Səbəb aydındır. Qərb Morsinin prezident kimi qalmasında maraqlı deyildi və onun getməsini dəstəklədi. Bu demokratiyanın pozulması və dövlət çevrilişi olsa belə. Ərəb Baharı gələn ölkələrdə Qərbin gözləntilərinin əksinə olaraq, hakimiyyətə dünyəvi və demokratik quruluş tərəfdarlarının yox, islamçılaırn gəlməsi Qərbi çox mıyus etdi. Qərb “yağışdan çıxıb, yağmura düşdü”.

Elə buna görə də, onlar Suriyanın dağılmasına və artıq 90,000 suriyalının ölməsinə göz yumurlar. Çünki, Suriyada dinçilərin hakimiyyətə gəlməsinə mane olacaq zəmanət yoxdur. Xalqın birmənalı dəstəklədiyi lider də yoxdur. Buna görə də Suriya davası davam etməkdədir. Bu gün Suriyada hakimiyyət dəyişikliyi demokratiyanın qələbə çalması anlamına gəlmir. Çünki, Misirdən başqa (az-çox) Ərəb dövlətlərində demokratik və vətəndaş cəmiyyəti təsisatları yox dərəcəsindədir.

Buna görə də, Ərəb Baharının hakimiyyətə gətirdiyi liderlərin başının üzərindən “Damokl Qılıncı” asılı qalmaqdadır və Qərb onları xalq iğtışaşları zamanı dəstəkləməyəcəyi aydındır. Ərəb baharının və küləyinin əsdiyi ölkələrdə yenidən inqilabların olması gözləniləndir və bu dəfə daha çox dünyəvi fikirli və demokratik dünyanın qəbul etdiyi şəxslərin birinci posta əyləşdirilməsi ehtimal edilir. Misirdə də bu senari işləyəcək və növbəti prezidentin Mohamed el-Baradei-in olması şansı böyükdür. Əgər, o seçkilərdə namizəd olmaq istərsə.

Qonşu dövlətlərə təsiri

Bu ölkədə baş verənlər bütün ərəb dünyasına sirayət edəcək. Misir xalqının mübarizə əzmindən ruhlanan digər ərəb dövlətlərində də iğtişaşlar, demokratiya çağırışları və islahatlar tələbi vüsət alacaq. Yəqin ki, Ərəb dövlətlərinin, xüsusən də Səudiyyə Ərəbistanı, Əlcəzair, Suriya, Bahreyn, Kuveyt və digər ölkələrdə narazı kütlələr tələblərlə çıxış etməyə başlayacaq. Gözləmək olar ki, Ərəb dünyasında yavaş da olsa, demokratik dəyişikliklər gedəcək və tədricən Ərəb dövlətləri demokratiyaya qucaq açmış olacaqlar. Qucaq açmayanlar, yaxın 5-10 il ərzində xalqın tələbi və qəzəbi ilə hakimiyyətdən getməli olacaqlar.

Misirdə baş verən hadisələr Azərbaycana, Orta Asiya Respublikalarına, o cümlədən Rusiya və İrana da təsirsiz ötüşməyəcək. Siyasi qüvvələr Misirdə baş verənlər fonunda daha inamlı və daha əzmlə mübarizəyə qoşulacaqlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir