Modern.az

Heydər Əliyev Fonduna şikayət...

Heydər Əliyev Fonduna şikayət...

4 İyul 2013, 22:03

Mahir Qabiloğlu


Uşaqlıqda həyətdə oynayanda özümdən yaşca kiçik bir  uşağın xətrinə dəydim. Ağladı: “Bax, atam axşam işdən gəlsin. Ona deyəcəyəm. Səni döyəcək”. Məhlə uşaqlarıyla onu məsxərəyə qoyduq. Adına “xəbərçi”dedik.  O atasını güclü bilirdi. Ona güvənirdi. 

Onda başa düşməmişdim. İndi başa düşdüm.

Sovet vaxtı idi. Şamaxıdaydıq. Əmioğlu Nadir Xəlilov Rayon İcraiyyə  Komitəsinin Ümumi şöbəsinin müdiri işləyirdi. Bütün günü işdə olurdu. Ona görə də evə gəlməyini gözləmədim. Getdim “rayispolkom”a. Gördüm ki, nəsə fikirlidir. Səbəbini soruşdum.  Qabağıma bir məktub qoydu.

- Bu nədir?
- Məktub.
- Kimdən  gəlib?
- Lenindən.

1983-cü il idi. Vladimir İliç Leninin ölümündən  düz 59 il keçirdi. Bəs onda Lenindən necə məktub almaq olardı. Bu bir zarafat idimi? İnanmıram. Sovet dövründə, “Rayispolkom”un binasında  belə bir zarafat  yersiz yox, sadəcə xatalı idi.

- Nə Lenin? Başın xarabdır?
- Xarab niyə? Üstünü oxu.

Məktubun üstünü oxuyuram. Böyük bir möhür var. Möhürün üstündə rus dilində “Leninin qəbri. Movzoleydən” sözləri yazılıb.

- İcraiyyə komitəsinin sədri bir  Şamaxılını incidirdi. Torpaq istəyirdi yazıq – ev tikmək üçün. Vermədilər. Umacaqları vardı. O da  şikayət məktubu yazaraq göndərib Leninin qəbrinə. İndi də Movzoleydən cavab gəlib ki, bəs şamaxılı torpaqla təmin olunsun. Vəssalam. Başa düşdün?

Öz-özümə sual verdim. Sovet dövründə şikayət ediləsi o qədər orqan var: Xalq Nəzarəti Komitəsi, DTK, Mərkəzi Komitə, prokurorluq. Bəs onda niyə Leninin qəbri?

Onda başa düşməmişdim. İndi başa düşdüm.

Müstəqillik dövrü idi. Ümummilli liderimiz Heydər Əliyev prezident idi. Yeni institutlar, təsisatlar yaradılırdı. Prezidentimiz mətbuata, televiziyaya xüsusi diqqət ayırırdı. Diqqət o səviyyəyə çatmışdı ki, mətbuat 4–cü hakimiyyət adlandırılırdı. Mən də jurnalist idim. Qılıncımızın qabağı da, dalı da kəsirdi.

Milli Elmlər Akademiyasının nəzdində İnsan Hüquqları institutu yaradılmışdı. Dostum, Azərbaycanın ilk siyasi elmlər doktoru Rövşən Mustafayev direktor təyin olunmuşdu. Çox enerjili adam idi. Yeniliklə nəfəs alırdı. Çəkilişlərə də məni çağırırdı. O dövrdə yeni təsisat olan “İnsan Hüquqları Müvəkkili – Ombudsman” institutu yaradılırdı. Qanun layihəsinin yazılmasını da İnsan Hüquqları institutuna tapşırmışdılar. Rövşən müəllim isə bunu başqa cür ifadə edirdi: “İlk dəfə olaraq məhz onun rəhbərlik etdiyi institut Milli Məclis qarşısında qanunvericilik təşəbbüsüilə çıxış edəcəkdi”. Qanun layihəsi hazır idi. Müzakirələr gedirdi. Müzakirələrdə o qədər iştirak etmişdim ki, qanunu maddə-maddə əzbər bilirdim.

AzTV-də işdəydim. Günlərin bir günü Rövşən müəllim zəng etdi:

- Axşam saat 6-da  institutda ola bilərsən?
- Əlbəttə, Rövşən müəllim.

Deyilən vaxtda operator və kamera ilə instituta gəldim. Bizi – daha doğrusu kamera və operatoru  görəndə duruxdu. Demə, Rövşən müəllim şəxsən məni – jurnalist Mahiri dəvət edibmiş. Qonağı isə Avropa Şurasından gələn bir məsul şəxsdir. Sadəcə insan  hüquqlarından xəbəri olan, “Ombudsman təsisatı” ilə maraqlanan jurnalistlərlə görüşmək istəyirmiş. Avropalılar da kamera görəndə yaman qıcıqlanırlarmış. Mən isə bunu bilmirdim.

Operatoru geri göndərdim. 5-6 jurnalist və Avropa Şurasının eksperti stol arxasında “Ombudsman”la bağlı qanun layihəsinin müzakirəsinə başladıq. İnstitutun kollektivi,  Rövşən müəllim isə arxa sıralarda oturmuşdu. Ekspertin ilk sualı bu oldu:

- Bu gün Azərbaycanda Ombudsman institutu yoxdur. Təzə-təzə yaradılmağa başlayır. Bəs bugünəcən əhali hüquqları pozulanda, əli hər yerdən üzüləndə kimə müraciət edib, kimin qapısını döyüb?

Hərə bir söz dedi. Daha çox mövzuya dəxli olmayan, mitinq məfkurəli fikirlər səsləndirildi.  Növbə mənə çatdı.

- Bu günəcən Azərbaycanda Ombudsman rolunu mətbuat, televiziya oynayıb. Bizim qapımızı döyüblər. Biz də kömək əlaməti olaraq bu problemləri işıqlandırmışıq.  Prezidentimiz Heydər Əliyev də həmən reaksiya verib.

Görüş qurtarandan sonra Rövşən müəllim məni qucaqlayıb öpdü. Bircə bunu dedi: “Mahir,  sağ ol.  Çox sağ ol!” Rövşən müəllim niyə başqa jurnalistlərə yox, məhz mənə xüsusi minnətdarlığını bildirdi?

Onda başa düşməmişdim. İndi başa düşdüm.

“Ümid sonda ölür”. “İnsanın əli hər yerdən üzüləndə saman çöpündən belə yapışar”. “İnsanın əli yananda barmaqlarını ağzına təpər”. Misallar çoxdur. Televiziyada da reytinq xətrinə çox verilişlər yaradılıb: “Ümid qapısı”, “İkinci həyat”və sairə, ilaxır.

Köpüyü çox, içi boş. Leninin qəbri viran qalıb. Mətbuat – 4-cü hakimiyyət çoxdan devrilib. Avropa Şurası, Avropa Məhkəməsi hörmətdən düşüb. Televiziyalar, qəzetlər reytinqinin qurbanına çevrilib.

Televizorda xəbər bülleteni  gedir: “Qaz, su gəlmir. İşıq yanmır. Yol düzəlmir. Zibil daşınmır. Avtobus işləmir. Evimizi söküb, pulun vermirlər”.

Camaat əlacsız qalıb yolu bağlayır. Aləm bir-birinə dəyir. Diqqətlə izləyirəm. Görəsən bu tifillər onların üstünə gələn İcra hakimiyyətini, polisləri  nəylə qorxuzacaqlar? Nə daş atırlar, nə “Molotov kokteyli”. Nə söyüş söyürlər, nə də qarğış edirlər. Gözləyirəm ki, deyəcəklər: “Baxarsınız sabah prokurorluğa, məhkəməyə, Bakı şəhər İcra Hakimiyyətinə, prezident Aparatına, Ombudsmana, Ali Məhkəməyə, Avropa Şurasına, Avropa Məhkəməsinə, Amerika səfirliyinə, BMT-yə müraciət edəcəyik”.

Heç birini eşitmirəm. Bircə bunu deyirlər: “Sabah düz Heydər Əliyev Fonduna gedəcəyik. XANIMın qəbuluna”.

Bu qədər dövlət və beynəlxalq təsisat olduğu halda niyə məhz Heydər Əliyev Fonduna? Niyə məhz Mehriban xanım Əliyevanın qəbuluna?

Başa düşürəm. Allah heç kimi ümidsiz qoymasın....

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi