Modern.az

“Təmiz adam” peşəsi

“Təmiz adam” peşəsi

5 İyul 2013, 09:30

Fazil Mustafa

Hər zaman hansısa iradı səsləndirən insanların mühakiməsinin necə əsaslandırılmış olmasına baxıram. Adam mahiyyəti tutmuşmu, yoxsa öz beynində qurduğu sxemin sənin görüşlərində yer almasına yalnızca diqqət yetirir və bunu tapmayanda, ağıllı görünmək üçün tanış şablona əl atır:

"Müqayisəniz qüsurludur." Anladıq da, buyurun qüsurumuzun və ya qələtimzin nədən ibarət olduğunu açıqlayın. Bir qisim dostlarımıza görə, Mursi ilə Elçibəy müqayisəsi məntiqli sayılmamış. Nədən? "Çünki Əbülfəz bəy kimsə ilə müqayisəyə gəlməz!" Bu melodiyanı mənim qədər əzbər bilən varmı görəsən? Bu saxta melodiyadan uzaq durmaq üçün illərdir hansı sıxıntıları adlamamışam? Bu saxta bütsevərlər, imamsevərlər, şahsevərlər, pirsevərlər cəmiyyətində hamı üçün bir müqəddəslik donu geydirib müzakirədən və müqayisədən uzaq tutmağa çalışırlar.

Əslində Elçibəyin hakimiyyəti qorumaq şansları Mursininkindən qat-qat artıqdı. Misirdə bir ordu sistemi onun üzərinə gəldi. Bizdə isə ordudan uzaqlaşdırılmış bir qrup qiyamla addım-addım bəsit bir formada hakimiyyəti alt-üst etdi. Mursi iqtidara gələrkən əksər səlahiyyətləri əlindən alınmışdı, üstəlik Məclisi də formalaşdırmaq mümkün olmamışdı. Elçibəy isə tam səlahiyyət sahibi idi. Üstəlik Məclisin idarəçiliyi də Xalq Cəbhəsinin əlində idi.

Əsas bənzərlikləri çeşidli situasiyalarda meydana çıxarmaq çətin deyil: Hər ikisi də hakimiyyət məqamında öz ideoloji görüşlərini, inandığı dəyərləri tərk etməyərək başqa görüş və dəyərlərlə konfrontasiya içində qaldı. Mursi də hansısa dövlət idarəçiliyi məktəbi keçmədən prezident olmuşdu, Elçibəy də... Mursi də korrupsiyaya bulaşmadı və sadə bər həyat tərzinə sahibdi, Elçibəy də...Hər ikisi də konkret idarəçilik modelinə hazırlaşmamışdı və bu modeli maraqlıdır ki, Türkiyədən mənimsəməyə çalışırdılar. Fərq onda idi ki, Elçibəy Türkiyəyə Atatürk obrazında, Mursi isə Ərdoğan obrazında simpatiya tapmışdı. Mursiyə qarşı hərbi çevrilişi Ana müxalifət partiyası dəstəklədi, Elçibəyə qarşı da AMİP-in atdığı addımlar xeyli bənzərdi...Elçibəyən qarşısında həlli haradasa imkansız olan Qarabağ düyünü vardı, Mursinin də qarşısında Qəzza və Sina yarımadası düyünü.

Bu müqayisələrin aparılması ona görə vacibdir ki, siyasət əxlaqını yüksək dəyərləndirdiyim Elçibəyin gerçəkləşməsi əsaslandırılmamış illüziyalarının illərdir əsiri olmuş insanlar, indi də onun toxunulmazlıq, müqəddəslik obrazında yeni bir illüziya qurmağa çalışırlar. Bunlara doğurdanmı zərurət hiss edənlər öz davranışlarında səmimidirlər? Onun səmimiyyəti ilə, səhvləri ilə, dürüstlüyü ilə, dağınıq, sistemsiz idarəçilik obrazı ilə gerçək tanıtımından imtina edərək müqayisədən qaçırlar, saxta pafos və sevgi tərənnümləri ilə öz natamamlıqlarını gizlətmə səngəri tapırlar.

Mursi mənim üçün simpatik bir kimlik deyildi, ancaq simpatik bir prosesin brendi idi. Ondan fərli olaraq Elçibəy həm simpatik kimlik, həm də arzuladığım bir prosesin brendi idi.. Bənzəyən, bənzəməyən çox şeyləri bir kənara qoyub, cəmiyyətin demokratiya üçün fədakarlıq səviyyəsini müəyyənləşdirməyə çalışaq. O zaman bir-birini tanımamış bu iki siyasət adamının əslində keçici olaraq, bəlkə də qurbanlıq olaraq hakimiyyətə gəlməsindəki bənzərliyi də sezmiş olarıq.
Sonda içimdən keçənləri özətləyim: Kaş ki, Mursinin əleyhinə çıxan xalq kütlələri, müxalifət liderləri ordunu işə bulşdırmadan, özləri çözüm yollarını tapaydılar. Hakimiyyət dinc yolla dəyişəydi, ancaq hərbi çevriliş olmayaydı. Çünki Şərq adı ilə təsvir olunan qaranlıq bir dünyada bu həyati məna daşıyırdı...Bu çevrilişə sevinən insanlar guya demokratiya üçün meydana doluşmuşdular, ancaq hakimiyyəti ələ keçirmək məqamında hər yolu məqbul görüb razılıqla qarşıladılar. Ondan dolayıdır ki, 14 əsr öncə Hz. Əli "Nəhcül Bəlağa"da Müaviyədən çox, öz çevrəsindəki cəmiyyətin fərdlərinin natmamlığından, sədaqətsizliyindən, imansızlığndan gileylənirdi.

Mursi və Elçibəyin iqtidarının bənzər sonunu hazırlayan əsas məqamı mütləq görməliyik. Onları iqtidara demokratiyanı canıyla, ruhuyla mənimsəmiş bir cəmiyyət deyil, narazı meydan aurasının yetişdirdiyi diktator olmadan da diktə etməkdən başqa bir üslub tanımayan bir kütlə gətirmişdi. Demokratiyaya hazır cəmiyyət heç vaxt arxasından qaçmazdı hansısa seçilmiş insanın.
Nəticə: Hakimiyyətə gəlməzdən öncə cəmiyyətə gəlmək lazım. Cəmiyyətin strukturunu sağlamlaşdırmadan, mühakiməsini doğru qəlibə salmadan demokratik, ədalətli bir iqtidar ancaq keçici sürədə ayaqda qala bilər.

Elçibəyə "Təmiz adam" dedilər. Mursiyə də "Təmiz adam" deyəcəklər...Ruslar isə deyirlər ki, "Təmiz Adam" deyilən bir peşə yox.
Əslində Ədalətli bir cəmiyyət yaratmaq, dövlət qurmaq üçün bu Rus məntiqindən qurtulmaq gərək: "Təmiz adam" mütləq peşəyə çevrilməlidir.

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı