Modern.az

Həsən Ruhani İranın siyasi həyatında yeni dövrün başlanğıcı ola biləcəkmi? - TƏHLİL

Həsən Ruhani İranın siyasi həyatında yeni dövrün başlanğıcı ola biləcəkmi? - TƏHLİL

Aktual

5 İyul 2013, 16:40

İranda 11-ci prezident seçkiləri arxada qaldı. Tezliklə prezident səlahiyyətlərini həyata keçirəcək yeni dövlət başçısı Həsən Firudin Ruhaninin vəzifəsini icrasına başladıqdan sonra atacağı addımlar, yeridəcəyi daxili və beynəlxalq siyasət istər region, istərsə də dünya dövlətlərini yaxından maraqlandırır. Bu da əbəs deyil. İranla münasibət istisnasız bütün dövlətlərin  xarici siyasətində özünə xüsusi yer tutur. İranda baş verən hadisələr, yaxud İranla bağlı qəbul edilən qərarlar bütün ölkələrin mənafeyində iz buraxır. İstər mənfi, istərsə də müsbət.

İranınn yeni seçilmış prezidentinin yeridəcəyi siyasətlə bağlı politoloqlar arasında bu gün iki fikir daha çox səsləndirilir. Bəziləri iddia edir ki, kimin prezident seçilməsindən asılı olmayaraq İran ali dini rəhbər Seyid Əli Xameneyi tərəfindən idarə olunur və bundan sonra da olunacaq. Həsən Ruhani İran siyasətində dəyişiklik edəcək qüvvəyə malik deyil.

Digər səslənəm fikir ondan ibarətdir ki, Ruhani İranda ən böyuk qüvvəyə malik olan islahatçı qanadın dəstəyini alaraq preziden seçkisində qalib gəlib və bu dəstəyə arxalanaraq İran siyasətində müəyyən dəyişikliklər edə biləcək.

Təbii ki, hər iki fikrin yaşamaq hüququ var. Amma nəzərdən qaçırmaq lazım deyil ki, Ruhani həqiqətən islahatçı hesab olunur və  Əli Əkbər Haşimi Rəfsəncaninin siyasi kursunun davamçısı kimi tanınır. Əli Əkbər Haşimi Rəfsəncaninin namizədliyi Konstitusiyaya Nəzarət Şurası tərəfindən rədd edildikdən sonra  islahatçılar bütün diqqəti Ruhaninin namizədliyi üzərində cəmləşdirdilər. Rəfsəncaninin elektoratı Ruhaninin qələbəsi naminə meydana atıldı. Bütün bunlar Ruhaninin 51 faiz səslə qalib gəlməsi iə nəticələndi. İslam inqilabı tarixində görünməmiş hadisə baş verdi: Ali dini liderin dəstəklədiyi qüvvələr öz namizədlərini prezident kürsüsündə görə bilmədilər. Beləliklə Ruhani hələ vəzifəsinin icrasına başlamadan öz üzərinə islahatçıların  qoyduğu vəzifələri götürdü. O, indi Rəfsəncaninin prezident olaraq həyata keçirə bilmədiyi vəzifələrin öhdəsindən gəlməlidir. Bu vəzifələr isə hamıya aydındır - nüvə problemi ilə bağlı irəliləyiş əldə etmək, iqtisadi blokadanı aradan qaldırmağa çalışmaq, gündən–günə ağırlaşan iqtisadi vəziyyəti yaxşılaşdırmaq və s.

Göründüyü kimi problemlər yetərincədir. Amma fikrimizcə, Ruhaninin qarşılaşacağı əsas problem ali dini rəhbər və onun tərəfdarları ilə münasibətlərin qurulmasıdır. Konservativ qüvvələrdən hesab olunan namizədin seçilməməsi Ruhani üçün güclu müxalifətin artıq mövcudluğundan xəbər verir. Mətbuata sızan bəyanatlar ilk prezidentlik dövrünün heç də asan olmayacağına işarə vurur.

Güclü müxalifətin mövcudluğuna baxmayaraq, Ruhaninin həm dini məktəb keçməsi, həm də İngiltərədə hüquq təhsili alması inanmağa əsas verir ki, o mövcud qüvvələrlə dil tapa biləcək, dünya güclərinin İrana qarşı təzyiqlərini ən azından müəyyən müddətə dondurmağa nail olacaq. Beləliklə İran ciddi ehtiyacı olduğu tənəffüsə nail olacaq, bu tənəffüs region dövlətləri üçün də əhəmiyyətlidir.

Ümumiyyətlə, İranın nüvə problemi ətrafında baş verən hadisələr birbaşa İrana toxunduğu qədər olmasa da, region olkələrinə təsirsiz ötüşmür. Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, Türkmənistan İranla bağlı problemin dinc yolla tezliklə həll olunmasını arzulayan və buna çalışan ölkələrdir. Regionda haqlı olaraq düşünülür ki, münaqişənin dinc yollarla həll olunması bütün region dövlətlərin mənafeyinə xidmət edir. Bu baxımdan İran dövlətinin qarşısında yeni imkanlar açılıb. Bu imkandan yetərincə istifadə olunacaqmı? Yaxin gələcəkdə cərəyan edəcək hadisələr  bunu göstərəcək.

Əlimusa İbrahimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür