Modern.az

TQDK abituriyentləri narahat edən sualları cavablandırır

TQDK abituriyentləri narahat edən sualları cavablandırır

Aktual

6 İyul 2013, 13:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ünvanladığı çoxsaylı sualları cavablandırıb. Modern.az-ın məlumatına görə, abituriyenlərin elektorun poçt vasitəsilə göndərdiyi suallara TQDK rəsmi internet səhifəsində aydınlıq gətirib – (//tqdk.gov.az/az/info/).

Komissiyaya ali təhsil müəssisələrinə qəbulla bağlı müxtəlif istiqamətli suallar verilib.

— Cüdo üzrə beynəlxalq yarışın qalibiyəm. Ali məktəbə müsabiqədənkənar qəbul oluna bilərəmmi?

Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Qeyd olunmalıdır ki, müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli qərarı ilə, idman sahəsi üzrə isə beynəlxalq yarışların siyahısı Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 159 nömrəli qərarı ilə təsdiq edilmişdir. Belə ki, sonuncu qərara əsasən, yalnız Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri müvafiq ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanına malikdirlər.
Bununla bağlı yuxarıda göstərilən kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri müəyyən edilmiş müddətdə TQDK-ya və ya onun regional bölmələrinə təqdim etməlidirlər:
1) ümumi qaydada müvafiq SQK-da təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surətini;
2) müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surətini.

Sualınıza konkret cavab olaraq bildiririk ki, cüdo olimpiya idman növü olduğundan, cüdo üzrə Olimpiya oyunları və Dünya və Avropa çempionatı və birinciliklərinin qalibləri “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə ali təhsil müəssisəsinə müsabiqədənkənar (test və qabiliyyət imtahanlarından azad olunmaqla) qəbul olmaq hüququna malikdirlər.

— Kimya fənni üzrə keçirilmiş respublika olimpiadasında birinci yeri tutmuşam. Qəbul imtahanında iştirak etmədən ali məktəbə qəbul ola bilərəmmi?

Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunurlar. Qanunun həmin maddəsinə əsasən, bu güzəşt respublika olimpiadalarının qaliblərinə şamil olunmur.

— Mən Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşıyam. Bu il Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyirəm. Sənədlərimi hansı qaydada və harada təqdim etməliyəm?

Cavab: Siz ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (bunların siyahısı “Abituriyent” jurnalının ərizə qəbulu elanı dərc olunacaq 2-ci sayında göstəriləcəkdir) TQDK-da və ya onun regional bölmələrində yaradılmış SQK-lardan hər hansı birinə təqdim etməklə ərizənizi təsdiq etdirməlisiniz.

— Mən I ixtisas qrupu üzrə imtahana hazırlaşıram. Milli Aviasiya Akademiyasına daxil olmaq istəyirəm. Oxuduğum məktəbdə bizə xarici dil kimi fransız dili tədris olunur. Qəbulda xarici dil kimi fransız dilindən imtahan verə bilərəmmi?

Cavab: Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər qəbul imtahanında xarici dil kimi yalnız ingilis dili fənnindən imtahan verməlidirlər.

— Rus bölməsində təhsil alıram, ali (orta ixtisas) təhsilimi də rus bölməsində davam etdirmək istəyirəm. Bildiyimə görə bu bölmədə təhsil alanlar Azərbaycan dili fənnindən də imtahan verməlidirlər. Bu imtahan barədə ətraflı məlumat almaq istərdim.

Cavab: Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. İmtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal TQDK-nın müəyyən etdiyi müsabiqə şərtini ödəməlidir. Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə keçirilir. Birinci imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.

— Mən ötən il rus bölməsinin abituriyenti olmuşam. Azərbaycan dili fənni üzrə imtahandan məqbul almışdım, lakin qəbul imtahanında kifayət qədər bal toplaya bilmədiyimə görə ali məktəbə qəbul olmadım. Bu il Azərbaycan dili fənnindən yenidən imtahan verməliyəm?

Cavab: Hər il ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqə məhz həmin ildə keçirilən imtahanların nəticələrinə əsasən aparılır. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan qəbul imtahanlarının tərkib hissəsidir. Ona görə də siz qəbul qaydalarına əsasən bu il həmin fəndən təkrar imtahan verməlisiniz.

Qeyd edək ki, TQDK-nın veb səhifəsinə daxil olaraq sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı