Modern.az

Azay Quliyev: “Erməni nümayəndə heyəti ən çirkin üsullardan istifadə etdi” - MÜSAHİBƏ

Azay Quliyev: “Erməni nümayəndə heyəti ən çirkin üsullardan istifadə etdi” - MÜSAHİBƏ

8 İyul 2013, 13:07

Modern.az saytı QHT Şurasının sədri, millət vəkili, ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyevin müsahibəsini təqdim edir.

- Azay müəllim, Sizin adınızla bağlı Türkiyədən ard-arda gündəmdə yaxşı mənada səs-küy yaradan xəbərlər gəldi. ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında baş verənlər Azərbaycanın ciddi tarixi uğuru kimi dəyərləndirildi. Hələlik bu barədə geniş açıqlama verməmisiz. Mümkünsə daha ətraflı öyrənərdik: nə baş verib və bu uğurun mahiyyəti nədən ibarətdir?

- Həqiqətən, ATƏT Parlament Assambleyasının İstanbul  toplantısı Azərbaycan üçün çox uğurlu keçdi. Ilk dəfə idi ki, ölkəmizin müəllifi olduğu qətnamə layihəsi ATƏT PA tərəfindən qəbul olundu. Azərbaycan nümayəndə heyətinin üzvü təşkilatın Siyasi Məsələlər və Təhlükəszilik Komitəsinin sədr müavini və büro üzvü seçildi. Nümayəndə heyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nəticəsiz fəaliyyətini növbəti dəfə tənqid etdi və bu nəticəsizliyin qarşısını almaq, mövcud vəziyyətə düzgün qiymət vermək və perspektiv imkanları müzakirə etmək üçün Minsk qrupuna üzv olan bütün ölkələrin, yəni 11 ölkənin iştirakı ilə Minsk konfransının çağırılmasını tələb etdi. Bu isə o deməkdir ki, Azərbaycan artıq mövcud vəziyyətlə, yəni status-kvonun bundan sonra da saxlanılması ilə  barışmaq istəmir, buna görə də bütün imkanlarından, o cümlədən ATƏT PA-dakı mandatından istifadə edərək Ermənistana təzyiqin artırılmasına nail olmağa çalışır. Hələlik konkret qərar olmasa da, mövqeyimizi ATƏT ölkələrinin parlamentlərinə çatdırdıq və gələcəkdə də bu məsələni gündəmdə saxlayacağıq.

- Sizin müəllifi olduğunuz “ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi” adlı qətnamənin qəbulu və Sizin ATƏT PA rəhbər orqanlarına seçilməyiniz necə baş tutdu? Nəzərə alsaq ki, hər iki hadisə ilk dəfə idi baş verirdi və bu sahədə təcrübəmiz yox idi. Nə kimi çətinliklərlə üzləşdiniz?

- Əlbəttə, ATƏT PA kimi nüfuzlu və mötəbər təşkilatda qətnamə qəbul elətdirmək və rəhbər orqanlara seçilmək ölkəmiz üçün çox mühüm bir hadisədir. Bu ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və gücünün göstəricisidir. Şəxsən mənim son 8 illik ATƏT PA-dakı fəaliyyətim zamanı ölkəmizə olan inam və etimadın ilbəil  necə artdığının və bizimlə bir çox ölkələrin hesablaşdığının şahidi olmuşam. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düzgün siyasət Azərbaycanı hər yerdə tanıdıb və onun beynəlxalq nüfuzunu xeyli artırıbdır. Təkcə bir faktı xatırlatmaq istəyirəm ki, keçən il ölkəmizin 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi məhz dediyim bu siyasətin və şəxsən Prezident İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsi idi. Bu baxımdan ATƏT PA-da əldə olunan uğurların əsas səbəbini bunda görürəm.

İkinci səbəb nümayəndə heyətinin 2005-ci ildən bu yana işinin düzgün qurması, ATƏT PA-nın müxtəlif səpkili tədbirlərində yaxından iştirakı, sessiyalar zamanı keçirilən müzakirələrdə fəallıq nümayiş etdirməsi və bununla da avropalı həmkarlarının rəğbətini qazana bilməsidir. Yəni indiyə qədər əldə edilən təcrübə və görülən iş öz bəhrəsini verdi.

O ki qaldı çətinliklərə, təəssüflər olsun ki, seçki ilə əlaqədar bir sıra süni problemlər və düşünülmüş suallar ortaya atıldı. Hətta bəziləri namizədliyimi geri götürməyim üçün xahiş, minnət və yumşaq formada təzyiqlərə də əl atdılar. Xüsusilə, rəqibimin ətrafında Rusiyanın təsiri altında olan ölkələrin cəmləşməsi seçkilərin rahat keçməyəcəyindən xəbər verirdi. Ən pis hal isə ondan ibarət idi ki, erməni nümayəndə heyəti ənənələrinə uyğun şəkildə ən çirkin üsullardan istifadə edərək mənim seçilməyimin qarşısını almağa çalışır və bunun üçün müasir dünyanın düşüncə tərzinin qəbul edə bilməyəcəyi metodlardan istifadə edirdilər.

 Ancaq bütün bunlara baxmayaraq, ayrı-ayrı siyasi qruplarla keçirdiyim görüşlər və fərdi qaydada aparılan danışıqlar öz bəhrəsini verdi. Avropalı həmkarlarım mənə inandılar,  həm qətnaməm yekdilliklə qəbul edildi, həm də rəqibimi üstələyərək seçkiləri qazana bildim.

Fürsətdən istifadə edərək mənə səs verən ATƏT PA-nın bütün üzvlərinə dərin təşəkkürümü bildirir və eyni zamanda Azərbaycanın bu uğuruna sevinənlərin hamısına “Çox sağ olun!” deyirəm. Bahar xanım Muradova başda olmaqla nümayəndə heyətinə və katibliyə də minnətdaram ki, onlar bu işdə mənə əllərindən gələn köməyi əsirgəmədilər.

- ATƏT-in Minsk Qrupuna üzv olan 11 dövlətin birgə iclasının çağırılması təklifini səsləndirmisiniz. Həqiqətən də belə bir iclas baş tutsa, nələr müzakirəyə çıxarılmalıdır?

- Məlum olduğu kimi, 1992-ci il martın 24-də yaradılmış ATƏT-in Minsk qrupunun əsas vəzifəsi  münaqişənin həllinə nail olmaqdan ibarət idi. Paradoksal hal ondan ibarətdir ki, bu qrup yarandıqdan sonra problem nəinki həll olunmadı, əksinə 92-ci ilin martından sonra Şuşa işğal edilməklə Dağlıq Qarabağın ilhaq edilməsi prosesi başa çatdırıldı və bununla kifayətlənməyərək Ermənistan ətrafda olan 7 rayonu da zəbt etdi. Sonradan yaradılan həmsədrlik institutunun da heç nəyə nail ola bilməməsi və işğal faktorunun aradan qaldırılmamsı göz qabağındadır. Ona görə də bu gün Azərbaycanın tam haqqı var ki, bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün Minsk konfransının çağırılmasını ciddi şəkildə ortaya qoysun. Minsk qrupuna daxil olan 11 ölkənin - ABŞ, Rusiya, Fransa, Belarus, Almaniya, İtaliya, İsveç, Türkiyə, Azərbaycan və Ermənistanın iştirakı ilə münaqişənin həlli məsələləri və indiyə kimi danışıqların nəticə verməməsinin səbəbləri müzakirə edilsin. Ona görə də Minsk konfransında bir neçə suala aydınlıq gətirilməlidir: Nə üçün danışıqlar nəticəsiz qalıb? Başlıca maneələr nədir? Minsk Qrupunun həmsədrlik institutunun hazırkı formatı problemi həll etməyə qadirdimi və yaxud bunu istəyirmi? Məhz elə bu səbəbdən də biz təkid edirik ki, Minsk qrupu tam tərkibdə toplanmalı və bu suallara cavab tapmalıdır. Siyasi iradə və istək olarsa Minsk konfransının çağırılması üçün heç bir hüquqi baryera yoxdur. Bu həm də həmsədrlərin fəaliyyətlərinin reabilitasiyası üçün də yeni bir fürsət olar.

- ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında "ATƏT regionunda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi” qətnamə layihəsi ilə çıxış etdiniz və layihə səsverməyə çıxarılaraq yekdilliklə qəbul edildi. Bundan sonra nə baş verəcək? Bu hadisənin Azərbaycandakı QHT sektoruna  hansı səviyyədə xeyri dəyəcək?

- Azərbaycanın vətəndaş cəmiyyətini dəstəkləyən demokratik ruhlu belə bir qətnamənin müəllifi olması çox müsbət bir hadisədir. Bu bir həqiqətdir ki, son illər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm işlər həyata keçirilibdir. Hesab edirəm ki, ATƏA PA-da sözü gedən qətnamənin qəbulu isə bütün digər parametrlərlə yanaşı, həm də bu quruculuğun etirafı və dəstəklənməsidir.

Konkret faydasına gəldikdə isə deməliyəm ki, qətnamədən təkcə Azərbaycan yox, ATƏT-ə üzv olan bütün ölkələr faydalanacaq. Belə ki, sənəddə iştirakçı dövlətlər qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyətləri institutlarının informasiya resurslarına çıxışları üzərində olan məhdudiyyətləri aradan qaldırmağa, onlarla dialoqa, qərar qəbulu prosesinə və sosial problemlərin həlli məsələlərinə vətəndaş cəmiyyəti institutlarını cəlb etməyə çağırılır. Ən vacib maddələrdən biri regionda münaqişələrin beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllinin vacibliyi vurğulanır və bu prosesə QHT-lər və digər vətəndaş cəmiyyəti institutlarının yaxından cəlb edilməsi ilə əlaqədar ATƏT-in üzv ölkələrinə çağırış edilir.

Mühüm yeniliklərdən biri də QHT-lərə ATƏT-in müvafiq institutlarında məşvərətçi statusun verilməsi haqqında ayrıca maddənin olmasıdır. Qətnamə, həmçinin, iştirakçı dövlətləri QHT-lərin fəaliyyətinin davamlılığını və maliyyə resurslarının müxtəlifliyini, o cümlədən daxili və xarici maliyyə mənbələrinə çıxışlarını təmin etmək üçün münbit şəraitin yaradılmasına və onların cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrə yaxından cəlb etməyə həvəsləndirir.

Bütövlükdə, bu qətnamənin qəbulu ilə  ATƏT PA vətəndaş cəmiyyəti institutları ilə bağlı indiyə kimi formalaşan təcrübərəyə əsaslanaraq yeni dövrün çağırışlarını və prioritetlərini müəyyən etmiş oldu. Bu sənəd ATƏT-ə üzv olan bütün ölkələrin hökumətlərinə göndəriləcək və gələcəkdə mənbə kimi ona istinad olunacaq.

- Biz jurnalist olaraq cəmiyyətin müxtəlif sferalarında tanınan, fərqlənən şəxslərin fəaliyyətini izləməyə borcluyuq. Sizin fəaliyyətinizi də izləyirik. Demək olar ki, siyasi və ictimai sferada heç uğursuzluğa rast gəlmədiniz. Bunun sirrini bizlərə də deyə bilərsizmi?

- Açığı, bu sual bir az gözlənilməz oldu. Əslində burada heç bir sirr də yoxdur. Ümumiyyətlə, düşünürəm ki, həyatda nəyəsə nail olmaq üçün ilk növbədə bildiyin işlə məşğul olmalısan, başladığın hər bir işin uğuruna inanmalı və özünü ona həsr etməyi bacarmalısan. Öz potensialını və imkanlarını düzgün qiymətləndirməli və daim üzərində işləməlisən. Nəhayət, heç bir çətinlikdən çəkinmədən öz amalın və doğru bildiyin yol uğrunda mübarizəni sona qədər aparmalısan. Məncə, onda qarşıya qoyulan istənilən məqsədə çatmaq mümkün olur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi