Modern.az

Biz “separatist”ə oxşayırıq?

Biz “separatist”ə oxşayırıq?

8 İyul 2013, 14:11

“Türküstan” qəzetinin baş redaktoru

Ötən günlərdə “Türküstan” qəzeti ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsullarının nəzarətə götürülməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdi. Xatırladaq ki, məktubda, milli ayrıseçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü alovlandıran, yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxaran geyimlərin ölkəyə gətirilməsinin qarşısının alınması və satışdan yığışdırılması istənilirdi.

Qaldırdığımız bu məsələ ölkə mediasında geniş işıqlandırıldı. Hətta Milli Məclisdə millət vəkili Sabir Rüstəmxanlı tərəfindən səsləndirildi.

Ancaq bu arada başqa “sürprizlərlə” də qarşılaşdıq.

Özlərini etnik qrupların təəssübkeşləri kimi göstərən, əslində isə bölücü fikirləri ilə hamıya tanış olan bəzi şəxslər bu xəbər ətrafında ajiotaj yaratmağa çalışdılar. “Türküstan” qəzetinə, mənə qarşı gülməli ittihamlar yağdırdılar. Xeyli sayda təhdidedici, aşağılayıcı mesajlar göndərdilər. Sən demə, biz bu məsələni gündəmə gətirməklə,  hansısa etnik qrupun haqlarını tapdalamışıq.. Xəbərin yayıldığı saytları paylaşaraq ağıllarına gələn şərhlər yazdılar.

Bu mesajlarda aşkar kin-küdurət, bölücülük, məsələnin mahiyyətini başqa səmtə yozmaq cəhdi vardı. Bir çoxu isə bu təşəbbüsümüzün qarşılığı olaraq bizi Azərbaycanda oturub “Türküstan” adlı qəzet çıxarmaqda (?!) suçlayırdı.

Onlardan bir neçə örnək:

Separatist "Turkustan" qəzeti gör nə sayiqlayır e? Taliş, ləzgi haqq edir. Bəs görəsən "Türküstan", "Moqolustan", " Türkmənistan", "Özbəkistan" adlı qəzetlər Abşeronda, Bakıda nə edirlər? Bununla heç maraqlanan olubmu?

Və yaxud:

“Üzərində “talış” sözü yazılan papaq geymək bölücülükdür, lakin illərdir “Türküstan” adlı qəzet buraxıb insanları milli-ayrı seçikliyə çağırmaq vətən sevgisidir”.

Bir başqası:

“Görün pantürkistlər digər millətlərin oyanmasından necə qorxuya düşüblər...Onlar gözləmirdilər ki, 20 illik şərəfsiz hərəkətlərinin nəticəsində bu qədər qeyri-türk öz milli hisslərini biruzə verə bilər. Görün kimlər bu təkliflə çıxış edir – “Türküstan” qəzeti…”

Bu cür şərhlər, münasibətlər, təhdidlər, təhqirlər…

Bir daha qeyd edim ki, bizim müraciətimizdə hansısa etnik qrupun adı çəkilmir, ümumi şəkildə Azərbaycan cəmiyyətində milli, məhəlli və sosial ayrıseçkiliyi ifadə edən geyimlərin yığışdırılmasından söhbət gedir. Burada hansısa toplumu, o cümlədən, əziz qardaşımız talışların adını qabartmaq və onların vəkili kimi çıxış etmək rəzillikdir. 

Biz deyirik ki, Azərbaycanın əhalisi və ərazisi o qədər də çox deyil. Buna görə də cəmiyyətimiz daha çox bütövlüyü, birliyi, həmrəyliyi özündə etiva edən dəyərlər ətrafında birləşməlidir və buna məhkumdur. Nəinki, ayırıcı, fərqləndirici məqamlar üzərində... Mən, bizə bu ittihamları yönəldənlərdən soruşmaq istəyirəm – nə təklif edirsiniz, bu ölkədə hər kəs hansı millətdən, hansı bölgədən və hansı sosial təbəqədən olduğunu bildirən kepka qoymalıdırmı başına?

“Türküstan” qəzetinə və Türküstan məfkurəsinə gəlincə, bu ad özündə bölünməyi, parçalanmağı, xırdalanmağı yox, böyüməyi, bütövləşməyi, dünyada böyük güc olmağı hədəfləyir. Bu böyük coğrafiya bütövləşib vahid güc olanda, o zaman bu coğrafiyada yaşayan hər kəs - milli, dini, məhəlli və sosial mənsubiyyəti nə olur olsun, bu gücün verdiyi üstünlükləri yaşayacaq, ondan yararlanacaq.

Ona görə də, gəlin, bizi birləşdirən və gücləndirən dəyərlər, hədəflər ətrafında səfərbər olaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir