Modern.az

Türkiyənin azərbaycanlı xalq şairi

Türkiyənin azərbaycanlı xalq şairi

9 İyul 2013, 10:16

Mahir Qabiloğlu


Tez-tez Yardımlıya gedirdik. Bakıdan Masallıya qədər 230 kilometrlik yolu 3-4 saata, Masallıdan Yardımlıya qədər 53 kilometrlik məsafəni isə 3 saata dəf edirdik. Yəni “vura-vura”. Bacanağım Rəfail də bir gün bizə qoşuldu. Qəriblər meşəsində yedik-içdik. Bir az getmişdik, artıq Odrağaran yoxuşuna çatanda atam dedi ki, maşını böyük, qocaman ağacın yanında saxla. Saxladım. Rəfaillə düşdü. Dedi ki,  “zakuska hazırla vuracağıq”.

- Rəfail, bu ağacın  adını qoyuram  “Yaşılbəy”.  İçək bu “Yaşılbəy”in sağlığına.

Vurdular. Oturdular maşına. Sonradan  Rəfaili  elə “Yaşılbəy” çağırmağa başladı.

Bir müddət keşdi. Növbəti görüşlərin birində:

- Rəfail, sən bilirsən mən maşını o ağacın altında niyə saxlatdırdım? Orda niyə vurduq? Vaxt olacaq mən dünyada olmayacağam. Sən isə hər dəfə rayona gedəndə, Odrağaran yoxuşunu qalxanda, “Yaşılbəy”i görəcəksən. O saat Qabil əmin yadına düşəcək. 

Məhəbbət

Televiziyada şairlərlə Xarici Dillər İnstitutu tələbələrinin görüşü translyasiya olunurdu. Verilişi o vaxt Yazıçılar İttifaqının katibi işləyən Cabir Novruz aparırdı. Tələbələrdən biri durub sual verdi ki, bəs şairlər məhəbbət şeirlərini sevib  yazırlar, yoxsa? Cabir Novruz da sualı yönəltdi atama ki, bəs cavab ver. Atam da:

- Bir var bulaqdan axan suyun dadı, tamı, bir də var laboratoriyada distilizə edilmiş su. İkisi də sudur, ikisi də H2O-dur. Amma distilizə olunmuş suyun dadı olmur. Bax sevib məhəbbət şeri yazanda bu bulaq suyudur, sevməyib yazanda distilizə olunmuş.

Ağsaqqal

Ad günüm idi. Tasadüfdən həmin gün “Xəbərlər”in axşam buraxılışında həmkarım Azad Müzəffərli ilə növbətçiydim. Dedim ki, “Azad, mən qaçdım, əvəz elə, bəs ad günümdür. Papa gözləyir”. Evə gəldim. Özümüz idik. Atam, anam, yoldaşım bir də uşaqlar. Birdən telefon zəngi gəldi. Danışan Azad idi.

- Mahir, biz Madərin universamının yanındayıq, gəlmişik səni təbrik etməyə, düş qarşıla, evi tanımırıq.

Tez aşağı düşdüm. İş yoldaşlarım Azad Müzəffərli, Natiq Abdullayev, Bahadır Şəfi və Əli Nəcəfxanlını  qarşıladım. Evə qalxdılar. Bahadır aldıqları iri  it kuklasını mənə təqdim etdi. 34 yaşlı mənə niyə it kuklası almışdılar? Deyə bilmərəm.

Süfrə araxasına  keçdik. Sağlıq demək həvəskarı Azad başladı danışmağa. Əlbəttə ki, atama xitabən. Hər cümləsinin əvvəli də, axırı da ki, “Ağsaqqal”. Xəbəri də yox idi ki, atamın ağsaqqal sözündən zəhləsi gedir.  Axırda atam dözmədi:

- Ay oğul, mənim adım Qabildir. Mənə ağsaqqal demə. Bildin?

Azad bir az pərt olsa da, mülayim səslə dedi:

- Baş üstə, ağsaqqal.

Türkiyənin xalq şairi

90-cı illərin əvvəlləri idi. Atamla birlikdə Yazıçılar İttifaqına gedirdik. Küçənin o tayından Rəfiq Zəka atamı haylayaraq bizə çatdı. Osmanlı türkcəsində xoş-beş, on beş, hal-əhval tutdu. Atam Rəfiqi uşaqlığından tanıyırdı. Bilirdi ki, qeyri-adi hərəkətləri var. Məsələn bir hadisəni tez-tez danışırdı:

Günlərin bir günü Xalq yazıçısı Mirzə İbrahimovu səhər tezdən bir telefon zəngi yuxudan oyadır:

- Mirzə müəllim, çox gözəl məqalədir. Gənclərə qayğı Siz tərəfdən böyük alicənablıq sayıla bilər. Bundan sonra day Rəfiqçün bütün qapılar açıldı. Eşq olsun Sizə.

Mirzə İbrahimov məəttəl qalır ki, nə məqalə, nə Rəfiq, o kimdir? Heç nə yadına düşmür. Telefondakından soruşur. Xəttin o başındakı adam da “Necə yəni?  “Kommunist” qəzetində gənc şair Rəfiq Zəka haqqında məqaləniz çap olunub. Onu deyirəm” cavab verir.

Mirzə İbrahimov heç nə demir. Zəng edir birbaşa Rəfiq Zəkaya ki, Rəfiq, bala, bəs bu nə məsələdir, axı mən sənin haqqında məqalə-zad yazmamışam? O da:

- Mirzə əmi, yadınızdadır filan qonaqlıqda, atam idi, mən idim, Siz idiniz və digər hörmətli qonaqlar. Mənim haqqımda çox yaxşı sözlər dediniz. Belə məclislər çox olub. Siz də həmişə mənim haqqında xoş sözlər demisiniz. Dedim böyük adamsınız, vaxtınız da ki, yox. Dediklərinizi yazıya köçürdüm, təqdim etdim qəzetə. Onların da ağzı nədir ki, Sizin müəllifi olduğunuz yazını çap eləməyə?

Atam Rəfiqin bu baməzə işlərini bilirdi. Soruşdu ki, Ay Rəfiq hər yerdə Hüseyn Arif üçün yazırlar: “Azərbaycanın və Türkiyənin xalq şairi”. Sən də ki, ilin 9 ayını Türkiyədə olursan. “Azərbaycanın xalq şairi” başa düşdüm. Bu “Türkiyənin xalq şairi” sözü nə məsələdir? Səhv etmirəmsə Türkiyədə fəxri ad deyilən dövlət təltifi yoxdur axı? Deyəsən, bu sənin “ixtirandır” axı.

- Yox Qabil müəllim. Bu dəqiqə isbat edim. Hüseyn qağanın vəzifəsi nədir?

- Aşıqlar Birliyinin sədri.

- Türkiyədə bəs aşığa nə deyirlər?

- Xalq şairi.

- Deməli Hüseyn Arif  Türkiyənin də xalq şairidir, Azərbaycanın da. Vəssalam.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər