Arxiv
9 İyul 2013, 16:30 |
Mərhum yazıçı Gülhüseyn Hüseynoğlu haqda BİLMƏDİKLƏRİMİZ...

Mənsur şeirin banisi

“MÜCRÜ”DƏN BAŞLANAN TANIŞLIQ

“Açıldı mücrü, bağlandı mücrü”. Bu qısametrajlı filmə Azərbaycan televiziyasında dəfələrlə baxmışam. Xalq artisti Ofelya Sənaninin baş rolda çəkildiyi film yaddaşıma həkk olunub desəm,  yanılmaram. Bədii janrlardan başım çıxmasa da, 6 yaşlı mən bilirdim ki, bu mənsur şeirdir. Atam demişdi. Müəllifin də qiyabi tanıtmışdı. “Gülhüseyn Hüseynoğludur. Yaxşı kişidir. Azərbaycanda mənsur şeirin banisidir. Müşfiqşünasdır. Müşfiqşünas deyil e... Sonsuz Müşfiqin oğludur. Həyatını ona həsr edib”.
Təqdimat bununla başa çatırdı. Amma bilmirdim ki, demə bu, təqdimatın başlanğıcıdır. Sadəcə Sovet vaxtı olduğundan bəzi mətləblər gizlədilir.

GÜLHÜSEYN MÜƏLLİM

1983-cü il idi. Universitetin filologiya fakültəsinin birinci kursunda  oxuyurdum. Oktyabr ayı idi. Dekan müavini İfrat xanım Əliyeva auditoriyaya daxil oldu: “Uşaqlar hamı bir nəfər kimi qalxsın 9-cu mərtəbədəki böyük auditoriyaya. Gülhüseyn müəllimin yubileyidir”. O saat yadıma “Mücrü” düşdü.  Rəyasət Heyətində “Mücrü”nün müəllifi filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu oturmuşdu.  İlk tanışlığım da ordan başlandı.

- Uşaqlar, tələbələr mən özümə yubiley keçirmək istəmirdim. Bu yaxında məni maşın vurdu. Qol-qıçımı sındırdı. Neçə ay xəstəxanada yatdım. Gördüm həyatla ölüm gözlə-qaş arasındadır. Fikirləşdim ki, belə getsə çətin 70-ə qalam. Ona görə də yubileyimin keçirilməsinə razılıq verdim.

Əslində bu tədbiri yubiley adlandırmaq olmazdı. Sadəcə öz tələbələriylə görüşü idi.

MİKAYIL MÜŞFİQƏ “MANYAK” MƏHƏBBƏTİ

İkinci kursdan məni əsgəri xidmətə çağırdılar. Qayıdanda artıq yeni qrupda, özümdən iki yaş kiçiklərlə təhsil alırdım. Bir əlaçı qızımız vardı. Aytək Abdullayeva. Bütün müəllimlər razılıq edirdi ondan. Sonradan bildim ki, Gülhüseyn müəllimin qızıdır. O gündən Gülhüseyn müəllimi həm də ata kimi tanımağa başladım. Beşinci kursda “Xüsusi kurs”lar keçirilməyə başlandı. Mikayıl Müşfiqdən isə mühazirəni əlbəttə ki, müşfiqşünas, dağlıların “Fəxri dağlı” adına layiq gördüyü  masallı balası Gülhüseyn Hüseynoğlu deyirdi. Demirdi – nağıl edirdi, o dövrü yaşayırdı. Bizi də o dövrə aparırdı. Hərdən özündən çıxıb Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin ünvanına  nələr demirdi? Arxivdən çıxardığı materiallarla dediklərini sübuta yetirirdi. İnanmıram ki, Mikayıl Müşfiqin doğma oğlu olsaydı belə, onu Gülhüseyn müəllim qədər sevə, müdafiə edə bilərdi. Bu Müşfiqə adi yox, “manyak” məhəbbəti idi.

Professor İfrat Əliyeva Məmməd Rahimin tədqiqatçısı idi. Bilirdi ki, atam Qabil də o məktəbin – heca vəznində yazanların davamçısıdır. Bilirdi ki,  Məmməd Rahim bizim ailənin bütün xeyir işlərində, mənim ad günlərimdə həmişə başda olub, tamadalıq edib.  İfrat xanım Gülhüseyn müəllimlə bir kafedrada çalışırdı. Mənim də diplom işim o kafedrayla bağlı olduğundan dəhlizdə dayanıb professor Cəlal Abdullayevi gözləyirdim.  Birdən kafedranın qapısı açıldı. İfrat xanım əsəbi, pörtmüş vəziyyətdə otaqdan çıxdı.  Məni görən kimi:

- Mahir, Məmməd Rahim necə şair olub?
- İfrat xanım, necə yəni “necə şair olub?”. Görkəmli şairimiz olub. Xalq şairi adına, orden, medal, mükafatlara layiq görülüb. Cild-cild əsərləri var.
- Bunu mən bilirəm e, bunu get Gülhüseyn müəlliminə de. Deyir ki, Məmməd Rahim şair deyil. Satqındır. Mikayıl Müşfiqi satıb. Mənimlə də dava edir ki, onu niyə tədqiq edibsən.

Qəribə adam idi. Mikayıl Müşfiqə görə hətta əlbəyaxaya çıxmağa hazır idi.

“...AYTƏK MƏNİM BELİMİ QIRDI”

Beşinci kursu başa vururduq. Səhər dərsə gələndə gördüm ki, qızlar hönkür-hönkür ağlayır. Birinci partada isə gül qoyulub. Aytəkin oturduğu partada.

- Nə olub?
- Aytək evlərinin pencərəsini siləndə 5-ci mərtəbədən düşüb yerə.

Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tez gəldim Gülhüseyn müəllimgilə. Həyətdə - xeyir-şər evində məclis qurulmuşdu. İçəri keçdim. Məni görcək yanında oturtdu:

- Mahir, deyirdim ki, 4 övladım olsun.  Öləndə hərəsi cənazəmin bir tərəfindən tutub məni qəbiristanlığa aparsın. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur. Mən öləndə necə olacaq? Mahir, Sovet vaxtı , Stalinin dövründə “İLDIRIM”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular. Tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı. 

“İSTİQLAL” ORDENSİZ İSTİQLALÇI

İllər keçdi. Yas mərasimində “İldırım” sözünü eşitsəm də, bunu başa düşməmişdim. Müstəqillik dövrünə qovuşduq. Gülhüseyn müəllim “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma atamın bir sözü yadımdan çıxmır. “Bu zəmanədə “İstiqlal” ordeninə Azərbaycanda əsl iki şəxs layiqdir. Biri Gülhüseyndir, biri də İsmixan Rəhimov. İndi istiqlalçı olmağa nə var ki? Hünərin var 1948-ci ildə bu sözü dilinə gətirəydin. Yenə bəxtləri gətirdi.  Məhkəmə başlananda güllələnməni ləğv etdilər. 25 il həbslə əvəz olundu”.
Sonradan bildim ki, “İldırım” - millətçi gənclər təşkilatı olub. O vaxt həbs olunan 7 gəncdən biri də Gülhüseyn müəllim imiş.

NƏ QƏDƏR “QIDIQLADIM” XEYRİ OLMADI

Atamın son illərində müəllimimlə  tez-tez görüşürdük. Atam ha deyirdi ki, “Gülhüseyn 48-ci ildə olanları yaz da. Səndən qalan bu olacaq”. Deyirdi ki, “yox, yazmayacağam”. Sonralar televiziyada mənə digər müxbirlər də yaxınlaşdılar ki, “bəs Gülhüseyn müəllimə zəng edirik, müsahibə verməkdən imtina edir. Bilirik səni çox istəyir, desən razılıq verər.  80 illiyidir”. Dedim mən yoluna qoyaram. Zəng etdim, nə qədər xahiş elədim, “qıdıqladım” xeyri olmadı.

Bu gün – iyulun 9-u ölüm xəbərini aldım Gülhüseyn müəllimin. 90 illik yubileyinə - oktyabra hazırlamaq istəyirdim bu yazını. Onu şəxsən tanımağımın 30 ilinin tamamında. Bir də 48-ci il tarixini yazmağı xahiş edəcəkdim. Bəlkə də yazıb qoyub. Övladları yaxşı bilər. Yazmayıbsa – Heyf! Mən isə yazdım. Atam da yazmışdı.

Allah hər ikisinə rəhmət eləsin!

GÜLHÜSEYN

Həm mənzumdu, həm mənsurdu Gülhüseyn.
Həm mə’sumdu, həm məğrurdu Gülhüseyn.
Zindanların zülmətini əridən
Al şəfəqdi, qızıl nurdu Gülhüseyn. 

Müəllimdir - alnıaçıq, üzüağ.
Ona yaddır başqa cürə yaşamaq.
Özü qıvraq, qayışbaldır, diribaş,
Şagirdinin saqqalı ağ, saçı ağ... 

Mücrü onun mücrüsüdür -- xəbərdar!
Mücrüsünə toxunmayın, lo salar.
Gülhüseynə tay tutmasın özünü
Mücrüsü boş, ürəyi boş olanlar. 

İstiqanlı ilk fırtına quşudur,
Onu şahin nəğmələri yaşadır.
Öz canından keçməyinə keçdi o,
Ölmədisə -- bu allahın işidir... 

Müşfiq dağı sinəsində əbədi,
Müşfiq şe’ri -- səcdəgahı, mə’bədi.
Əzabkeşin, cəfakeşin qisməti,
Ömür yolu, tale hökmü belədi. 

Qəzəblənmə, qəzəbinə, hirsinə,
Gülhüseyn tək məşəqqətə gər sinə!
Ona dəyən dəysəydi qeyrisinə...
Başı-gözü çevrilərdi tərsinə. 

Vətən! -- deyib sinəsinə çırpmadı,
Hökm oxundu -- gözünü də qırpmadı.
Sal qranit, gül yarpağı Gülhüseyn.
Mənsur şe’rin bağça-bağı Gülhüseyn.
Nakam müşfiq pasibanı Gülhüseyn,
Mənsur şe’rin bağıbanı Gülhüseyn.

Masallıdan o, qucaqda ayrılıb,
Qönçə ikən gül budaqda ayrılıb.
Gülhüseyni Bakı çəkib ovxara
O, qınından bura çıxıb sıyrılıb. 

Əsəbinin səbəbi də birdimi?
Dirigözlü oda düşüb gəncliyi.
Hörmət elə, səcdə etmə, Pirdimi?!
Ömrü uzun, ürəyi pak, gözü tox
İndi tapıb bir az qulaq dincliyi. 

Kələyi yox, hiyləsi yox, toru yox.
Coşmağı var, daşmağı var, zoru yox.
Masallıda yırğalanıb beşiyi...
Azərbaycan torpağında yeri çox.

11.11.2000


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada təyyarə qəza enişi etdi – 2 ölü, 22 yaralı 27 İyun 2019, 08:42 Niderlandda Azərbaycanı təmənnasız təbliğ edən soydaşımız 27 İyun 2019, 08:10 Canəli Əkbərov xəstəxanada 27 İyun 2019, 00:58 Vyanada güclü partlayış: 10 nəfər yaralandı 27 İyun 2019, 00:47 7 nəfər ölümdən son anda qurtuldu 27 İyun 2019, 00:31 Şəhid hərbçilərin övladları üçün robotiks təşkil olundu - FOTOLAR 27 İyun 2019, 00:14 “Türkiyə Rusiya istehsalı S-400 alarsa...” - Pentaqon 26 İyun 2019, 23:51 Rusiyanın AŞPA-da səsvermə hüququ bərpa edilib 26 İyun 2019, 23:32 Şıxovda gənc qız boğuldu 26 İyun 2019, 23:15 Dünya son 1500 ilin ən isti yayını yaşayır 26 İyun 2019, 23:01 AŞPA-da Azərbaycandakı yeni çağırışlardan danışıldı 26 İyun 2019, 22:44 Avropa Şurasına  yeni baş katib seçildi - FOTO 26 İyun 2019, 22:25 Putin İnquşetiyaya yeni rəhbər təyin etdi 26 İyun 2019, 22:16 Cəmaləddin Məhəmmədov bürünc medal qazandı 26 İyun 2019, 21:58 İran uranın zənginləşdirilməsini sürətləndirir 26 İyun 2019, 21:46 Azərbaycana  avtomobil idxalı artıb 26 İyun 2019, 21:29 Gömrük postu yaxınlığındakı avtomobil dayanacağı yandı 26 İyun 2019, 21:11 Bakıda yaşayış binası yandı: 15 sakin təxliyə edildi 26 İyun 2019, 20:53 Tbilisidə  aksiyalar yenidən başladı 26 İyun 2019, 20:38 Rektor tələbələrə daha 10 tövsiyə verdi  26 İyun 2019, 20:36 Azərbaycan II Avropa Oyunlarında ilk qızıl medalını qazandı 26 İyun 2019, 20:19 İlham Əliyev: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” 26 İyun 2019, 20:03 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - YENİLƏNİB 26 İyun 2019, 20:00 Elçibəyin müşaviri vəfat edib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10