Modern.az

Yazıçı Gülhüseyn Hüseynoğlu haqda BİLMƏDİKLƏRİMİZ...

Yazıçı Gülhüseyn Hüseynoğlu haqda BİLMƏDİKLƏRİMİZ...

Ədəbi̇yyat

8 İyul 2020, 10:57

Mahir Qabiloğlu

Mənsur şeirin banisi


“MÜCRÜ”DƏN BAŞLANAN TANIŞLIQ


“Açıldı mücrü, bağlandı mücrü”. Bu qısametrajlı filmə Azərbaycan televiziyasında dəfələrlə baxmışam. Xalq artisti Ofelya Sənaninin baş rolda çəkildiyi film yaddaşıma həkk olunub desəm,  yanılmaram. Bədii janrlardan başım çıxmasa da, 6 yaşlı mən bilirdim ki, bu mənsur şeirdir. Atam demişdi. Müəllifin də qiyabi tanıtmışdı. “Gülhüseyn Hüseynoğludur. Yaxşı kişidir. Azərbaycanda mənsur şeirin banisidir. Müşfiqşünasdır. Müşfiqşünas deyil e... Sonsuz Müşfiqin oğludur. Həyatını ona həsr edib”.
Təqdimat bununla başa çatırdı. Amma bilmirdim ki, demə bu, təqdimatın başlanğıcıdır. Sadəcə Sovet vaxtı olduğundan bəzi mətləblər gizlədilir.


GÜLHÜSEYN MÜƏLLİM


1983-cü il idi. Universitetin filologiya fakültəsinin birinci kursunda  oxuyurdum. Oktyabr ayı idi. Dekan müavini İfrat xanım Əliyeva auditoriyaya daxil oldu: “Uşaqlar hamı bir nəfər kimi qalxsın 9-cu mərtəbədəki böyük auditoriyaya. Gülhüseyn müəllimin yubileyidir”. O saat yadıma “Mücrü” düşdü.  Rəyasət Heyətində “Mücrü”nün müəllifi filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu oturmuşdu.  İlk tanışlığım da ordan başlandı.


- Uşaqlar, tələbələr mən özümə yubiley keçirmək istəmirdim. Bu yaxında məni maşın vurdu. Qol-qıçımı sındırdı. Neçə ay xəstəxanada yatdım. Gördüm həyatla ölüm gözlə-qaş arasındadır. Fikirləşdim ki, belə getsə çətin 70-ə qalam. Ona görə də yubileyimin keçirilməsinə razılıq verdim.


Əslində bu tədbiri yubiley adlandırmaq olmazdı. Sadəcə öz tələbələriylə görüşü idi.


MİKAYIL MÜŞFİQƏ “MANYAK” MƏHƏBBƏTİ


İkinci kursdan məni əsgəri xidmətə çağırdılar. Qayıdanda artıq yeni qrupda, özümdən iki yaş kiçiklərlə təhsil alırdım. Bir əlaçı qızımız vardı. Aytək Abdullayeva. Bütün müəllimlər razılıq edirdi ondan. Sonradan bildim ki, Gülhüseyn müəllimin qızıdır. O gündən Gülhüseyn müəllimi həm də ata kimi tanımağa başladım. Beşinci kursda “Xüsusi kurs”lar keçirilməyə başlandı. Mikayıl Müşfiqdən isə mühazirəni əlbəttə ki, müşfiqşünas, dağlıların “Fəxri dağlı” adına layiq gördüyü  masallı balası Gülhüseyn Hüseynoğlu deyirdi. Demirdi – nağıl edirdi, o dövrü yaşayırdı. Bizi də o dövrə aparırdı. Hərdən özündən çıxıb Səməd Vurğunun, Məmməd Rahimin, Süleyman Rüstəmin ünvanına  nələr demirdi? Arxivdən çıxardığı materiallarla dediklərini sübuta yetirirdi. İnanmıram ki, Mikayıl Müşfiqin doğma oğlu olsaydı belə, onu Gülhüseyn müəllim qədər sevə, müdafiə edə bilərdi. Bu Müşfiqə adi yox, “manyak” məhəbbəti idi.


Professor İfrat Əliyeva Məmməd Rahimin tədqiqatçısı idi. Bilirdi ki, atam Qabil də o məktəbin – heca vəznində yazanların davamçısıdır. Bilirdi ki,  Məmməd Rahim bizim ailənin bütün xeyir işlərində, mənim ad günlərimdə həmişə başda olub, tamadalıq edib.  İfrat xanım Gülhüseyn müəllimlə bir kafedrada çalışırdı. Mənim də diplom işim o kafedrayla bağlı olduğundan dəhlizdə dayanıb professor Cəlal Abdullayevi gözləyirdim.  Birdən kafedranın qapısı açıldı. İfrat xanım əsəbi, pörtmüş vəziyyətdə otaqdan çıxdı.  Məni görən kimi:


- Mahir, Məmməd Rahim necə şair olub?

- İfrat xanım, necə yəni “necə şair olub?”. Görkəmli şairimiz olub. Xalq şairi adına, orden, medal, mükafatlara layiq görülüb. Cild-cild əsərləri var.

- Bunu mən bilirəm e, bunu get Gülhüseyn müəlliminə de. Deyir ki, Məmməd Rahim şair deyil. Satqındır. Mikayıl Müşfiqi satıb. Mənimlə də dava edir ki, onu niyə tədqiq edibsən.

Qəribə adam idi. Mikayıl Müşfiqə görə hətta əlbəyaxaya çıxmağa hazır idi.


“...AYTƏK MƏNİM BELİMİ QIRDI”


Beşinci kursu başa vururduq. Səhər dərsə gələndə gördüm ki, qızlar hönkür-hönkür ağlayır. Birinci partada isə gül qoyulub. Aytəkin oturduğu partada.


- Nə olub?

- Aytək evlərinin pencərəsini siləndə 5-ci mərtəbədən düşüb yerə.


Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tez gəldim Gülhüseyn müəllimgilə. Həyətdə - xeyir-şər evində məclis qurulmuşdu. İçəri keçdim. Məni görcək yanında oturtdu:

- Mahir, deyirdim ki, 4 övladım olsun.  Öləndə hərəsi cənazəmin bir tərəfindən tutub məni qəbiristanlığa aparsın. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur. Mən öləndə necə olacaq? Mahir, Sovet vaxtı , Stalinin dövründə “İLDIRIM”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular. Tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı. 


“İSTİQLAL” ORDENSİZ İSTİQLALÇI


İllər keçdi. Yas mərasimində “İldırım” sözünü eşitsəm də, bunu başa düşməmişdim. Müstəqillik dövrünə qovuşduq. Gülhüseyn müəllim “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma atamın bir sözü yadımdan çıxmır. “Bu zəmanədə “İstiqlal” ordeninə Azərbaycanda əsl iki şəxs layiqdir. Biri Gülhüseyndir, biri də İsmixan Rəhimov. İndi istiqlalçı olmağa nə var ki? Hünərin var 1948-ci ildə bu sözü dilinə gətirəydin. Yenə bəxtləri gətirdi.  Məhkəmə başlananda güllələnməni ləğv etdilər. 25 il həbslə əvəz olundu”.
Sonradan bildim ki, “İldırım” - millətçi gənclər təşkilatı olub. O vaxt həbs olunan 7 gəncdən biri də Gülhüseyn müəllim imiş.


NƏ QƏDƏR “QIDIQLADIM” XEYRİ OLMADI


Atamın son illərində müəllimimlə  tez-tez görüşürdük. Atam ha deyirdi ki, “Gülhüseyn 48-ci ildə olanları yaz da. Səndən qalan bu olacaq”. Deyirdi ki, “yox, yazmayacağam”. Sonralar televiziyada mənə digər müxbirlər də yaxınlaşdılar ki, “bəs Gülhüseyn müəllimə zəng edirik, müsahibə verməkdən imtina edir. Bilirik səni çox istəyir, desən razılıq verər.  80 illiyidir”. Dedim mən yoluna qoyaram. Zəng etdim, nə qədər xahiş elədim, “qıdıqladım” xeyri olmadı.


İyulun 9-u ölüm xəbərini aldım Gülhüseyn müəllimin. 90 illik yubileyinə - oktyabra hazırlamaq istəyirdim bu yazını. Onu şəxsən tanımağımın 30 ilinin tamamında. Bir də 48-ci il tarixini yazmağı xahiş edəcəkdim. Bəlkə də yazıb qoyub. Övladları yaxşı bilər. Yazmayıbsa – Heyf! Mən isə yazdım. Atam da yazmışdı.


Allah hər ikisinə rəhmət eləsin!

GÜLHÜSEYN


Həm mənzumdu, həm mənsurdu Gülhüseyn.
Həm mə’sumdu, həm məğrurdu Gülhüseyn.
Zindanların zülmətini əridən
Al şəfəqdi, qızıl nurdu Gülhüseyn. 


Müəllimdir - alnıaçıq, üzüağ.
Ona yaddır başqa cürə yaşamaq.
Özü qıvraq, qayışbaldır, diribaş,
Şagirdinin saqqalı ağ, saçı ağ... 


Mücrü onun mücrüsüdür -- xəbərdar!
Mücrüsünə toxunmayın, lo salar.
Gülhüseynə tay tutmasın özünü
Mücrüsü boş, ürəyi boş olanlar. 


İstiqanlı ilk fırtına quşudur,
Onu şahin nəğmələri yaşadır.
Öz canından keçməyinə keçdi o,
Ölmədisə -- bu allahın işidir... 


Müşfiq dağı sinəsində əbədi,
Müşfiq şe’ri -- səcdəgahı, mə’bədi.
Əzabkeşin, cəfakeşin qisməti,
Ömür yolu, tale hökmü belədi. 


Qəzəblənmə, qəzəbinə, hirsinə,
Gülhüseyn tək məşəqqətə gər sinə!
Ona dəyən dəysəydi qeyrisinə...
Başı-gözü çevrilərdi tərsinə. 


Vətən! -- deyib sinəsinə çırpmadı,
Hökm oxundu -- gözünü də qırpmadı.
Sal qranit, gül yarpağı Gülhüseyn.
Mənsur şe’rin bağça-bağı Gülhüseyn.
Nakam müşfiq pasibanı Gülhüseyn,
Mənsur şe’rin bağıbanı Gülhüseyn.


Masallıdan o, qucaqda ayrılıb,
Qönçə ikən gül budaqda ayrılıb.
Gülhüseyni Bakı çəkib ovxara
O, qınından bura çıxıb sıyrılıb. 


Əsəbinin səbəbi də birdimi?
Dirigözlü oda düşüb gəncliyi.
Hörmət elə, səcdə etmə, Pirdimi?!
Ömrü uzun, ürəyi pak, gözü tox
İndi tapıb bir az qulaq dincliyi. 


Kələyi yox, hiyləsi yox, toru yox.
Coşmağı var, daşmağı var, zoru yox.
Masallıda yırğalanıb beşiyi...
Azərbaycan torpağında yeri çox.


11.11.2000

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi