Modern.az

Vaqifin söz “xəzinə”sinə “xəzanə” yamağı

Vaqifin söz “xəzinə”sinə “xəzanə” yamağı

9 İyul 2013, 15:50

Molla Pənah Vaqifin “Sevdiyim, ləblərin yaquta bənzər” misrası ilə başlayan qoşması poeziya həvəskarlarına yaxşı tanışdır. İki əsrdən çoxdur ki, bu şeir qiraətçilərin dilinin əzbəri, korifey xanəndələrin repertuarının bəzəyi olub. Qoşma janrında yazılan ən mükəmməl poeziya nümunələrindən biri kimi daim diqqəti cəlb edib. Tək-tük şeir tapmaq olar ki, yarandığı gündən bu cür sevilsin və bütün dövrlərdə təravətini qoruyub saxlasın. Ancaq mən bu qoşmanı hər dəfə dinləyəndə, yaxud hardasa oxuyanda

“Sədəf dəhanından çıxan sözlərin
Hər biri bir qeyri xəzanədəndir”

misralarında məzmun pozuqluğu olduğu qənaətinə gəlmişəm. Mən Vaqif poeziyasını təftiş etmək fikrindən uzağam. Və ona da əminəm ki, dövrünün qüdrətli şairi, müxtəlif elmlər sahəsində dərin biliyə, mükəmməl savada malik Molla Pənah belə çiy fikir söyləyə bilməzdi. Bütün şeirlərində hər sözü zərgər dəqiqliyi ilə yerli-yerində işlədən böyük söz adamı haqqında təsadüfi demirdilər ki, “Hər oxuyan Molla Pənah olmaz”.

Qayıdaq mətləb üstə. Ordan başlayaq ki, həmin misralarda şair sevgilisinin ağzından çıxan sözlərə yüksək dəyər vermək istəyib. Lakin tərsinə alınıb, gözəlin sözü dəyərsizləşdirilərək mənasız bir anlama gətirilib. Belə çıxır ki, onun hər sözü saralmış, çürümüş xəzan (payız) yarpağıdır. Halbuki sözlə xəzan yarpağı arasında nə fiziki, nə də poetik mənada bağlılıq var. Yəni sədəf dəhandan (ağızdan)  saralmış yarpaq şəklində söz çıxması qətiyyən inandırıcı deyil. Sədəf dəhandan ancaq inci, dürr kimi qiymətli söz çıxa bilər. Bu qiymətli sözün də hər biri şairin yazdığı kimi, başqa-başqa xəzinələrdən götürülüb. Ona görə də Vaqif “Hər biri bir qeyri xəzanədəndir” yox, “Hər biri bir qeyri xəzinədəndir” yaza bilərdi və buna heç bir şübhə olmamalıdır.
Əlbəttə, misranın belə hala salınmasının günahı Vaqifdə deyil, onu qələmə alan mirzələrdədir. Buna baxmayaraq bu gün bizlərin də “xəzinə”ni “xəzanə” kimi yazmağı, oxumağı yolverilməzdir. Məncə, buraxılmış səhvi düzəltmək indi də gec deyil. Səməd Vurğunun dünyaca məşhur “Azərbaycan” şeirinin

“El bilir ki, sən mənimsən,
Yurdum-yuvam məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan!”

bəndindəki “Anam, doğma vətənimsən” misrası da sonralar dəyişikliyə uğrayıb. Çox böyük ehtimalla şair bu misrada “anam” yox, “demək” yazıb. İlk çap variantlarında, köhnə lent yazılarında həmin misranın “Demək doğma vətənimsən” kimi işlənməsi bunu deməyə əsas verir. Bu dəyişikliyin şairin, yaxud xalqın redaktəsi ilə baş verdiyini demək çətindir. Əsas odur ki, dəyişiklik nəticəsində məna və məzmuna ciddi xələl gəlməyib. Ona görə də bunu zamanın öhdəsinə buraxmaq lazımdır. Hansı yaşamağa layiqdirsə, xalq onu da yaşadacaq. Vaxtilə şair Məmməd Arazın məşhur “Çoban, salamat qal” qoşmasında da maraqlı bir dəyişikliyə rast gəlmişdim. Şeirin sonuncu bəndində şairin yazdığı “Varı-bərəkəti, xeyri də sənsən” misrasını (Kitabda bu cür oxumuşdum) aşıqlar, xanəndələr hər yerdə “Bini-bərəkəti, xeyri də sənsən” kimi oxuyurdular. Bu misranın da kim tərəfindən dəyışdirilməsi məni çox maraqlandırırdı. Təxminən, səksəninci illərin ortalarında hansı versiyanın düzgün olduğunu mən şair Məmməd Aslanın da iştirak etdiyi bir çay stolu arxasında Məmməd Arazın özündən soruşmalı oldum. Şair dedi ki, o, misranı “Varı-bərəkəti...” yazıb, ancaq xalq onu dəyişərək “Bini-bərəkəti...” eləyib. Şair təvazökarlıq göstərərək bu “redaktə”dən çöx razı qaldığını söylədi.

Doğrudan da çox uğurlu bir “redaktə”dir. Xalqın bir misranı, yaxud bir bənd şeiri cilalaması, daha oxunaqlı formaya salması üçün bəzən aylar da kifayət edir. Elə “Azərbaycan”, “Çoban, salamat qal” şeirində olduğu kimi. Lakin M. P. Vaqifin “Sevdiyim, ləblərin yaquta bənzər” misrası ilə başlayan qoşmasındakı “Hər biri bir qeyri xəzinədəndir” misrası nədənsə cilalanmaq əvəzinə, daha da bərbad vəziyyətə salınıb. Görəsən, “yağı yağ, ayranı ayranlıq edən” xalq yüz illərdir bu yanlışlığa niyə göz yumub? Təəssüf ki, bunu xalqdan soruşmaq Vaqifdən soruşmaq qədər çətindir. Belədə son sözü Vaqifşünaslar desə, yəqin ki, daha məqsədəuyğun olar.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub