Modern.az

Kəmaləddin Heydərov - “Yaxşı adamların həsrətindəyik!” 

Kəmaləddin Heydərov - “Yaxşı adamların həsrətindəyik!” 

Aktual

11 İyul 2013, 22:19

Mahir Qabiloğlu


Kəmaləddin Heydərovu ilk olaraq Fəttah Heydərovun oğlu kimi tanıyıram. Fəttah müəllim atamın yaxın dostu idi. İndi də məni harda görürsə, əvvəlki səmimiyyət, məhəbbətlə görüşür, hal-əhval tutur. Atamın adın çəkir, köks ötürür, xatirələri yada salır. Çox sadə adamdır... Kəmaləddin Fəttah oğluyla isə şəxsən ünsiyyətdə olmasam da, fəaliyyətini diqqətlə izləyənlərdənəm. Ona görə də atamın dilindən eşitdiyim və şahidi olduğum bir çox  məqamları yada salıb qənaətlərimi bölüşməyə qərar verdim.  Bilmirəm yanaşmam, şəxsi mülahizələrim düzgündür, ya yox? Nədənsə “Deyilən söz yadigardır” kəlamını çox sevirəm.


KƏMALƏDDİN HEYDƏROV ZİYALIDIR


Heydər Əliyevin hakimiyyəti dövrü idi. Quru, qeyri-səmimi, təmənnalı görüşlərdən boğaza yığılan vəzifəli adamlar, o cümlədən Kəmaləddin Heydərov da insanlar üçün açıq, səmimi, zarafatcıl atamın xətrini çox istəyirdi. Hər görüşündən sonra atamla şəkil çəkdirir, hətta yaşı çoxdan pensiya həddini ötən dayımı da xalq şairinə böyük hörmətinə görə işdən uzaqlaşdırmırdı. 

Şair Qabilin 75 yaşı tamam olurdu. Bu münasibətlə atamı Gömrük Komitəsinə dəvət etmişdi. O vaxt atam dollarla desək, 500 dollar prezident təqaüdü alırdı. Həmin görüşdə Kəmaləddin müəllim öz tərəfindən atama bir o qədər də təqaüd kəsərək, işçisinə tapşırmışdı ki, Qabil müəllim hər ayın əvvəli gəlib bu pulu alacaq. Amma atam təqaüdün dalıyca getməmişdi.

Təqaüd  söhbəti bir də atamın 80 yaşında - 2007-ci ilin fevralında gündəmə gəldi. Kəmaləddin müəllim bu addımı bir daha, amma daha tədbirli atdı. Daha demədi ki, “Qabil müəllim gələcək”. General rütbəli ən yaxın adamına tapşırıq verdi ki, hər ayın əvvəli özəl pensiyanı aparıb evdə şəxsən özü atama təqdim etsin. Belə də oldu. Apreldə isə atam rəhmətə getdi. Amma dəxli yoxdur. Söhbət pulda deyil, Kəmaləddin Heydərovun ziyalılara göstərdiyi böyük hörmət və ehtiramdadır.   


KƏMALƏDDİN HEYDƏROV ZİYALILARIN DOSTUDUR

Ziyalılar cəmiyyətin qaymağı olsalar da, maddi durum cəhətdən həmişə korluq çəkiblər. Həmişə dövlətdən və cəmiyyətdən diqqət və qayğı umublar. Hətta onların övladları da iş tapmaqda çətinlik çəkiblər. O ki qalsın yüksək maaşlı, çinli iş ola. Əvvəllər də belə olub, indi də...    
İşlə təmin olunanları da ataları öləndən sonra vəzifədən uzaqlaşdırırlar... Kəmaləddin müəllim nəinki ziyalılara - onların uşaqlarına, qohumlarına da hörmətlə yanaşıb. Bu ənənə indi də davam edir.   
Yazıçı, şair, bəstəkar, alimlərimizin övladları, qohumları, neçə-neçə jurnalistimiz bu gün də Kəmaləddin müəllimin diqqət və qayğısının çevrəsindədir. Kəmaləddin müəllim həm qiymət verəndir, həm də çörək.  Müasir jurnalistikamızın, idmanımızın inkişafında xidmətləri göz qabağındadır. Yolunu azanları düz yola çəkmək, islah etmək qabiliyyətinə malikdir. Kəmaləddin müəllim ziyalıların dostudur – himayədarıdır.


NAZİR VƏ KOMİTƏ SƏDRİ KİMİ ONA QİBTƏ EDİRƏM


Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyini sıfırdan qəbul edib, qısa müddət ərzində hər iki strukturu yüksək səviyyədə qurmağı bacarmaq hər adama qismət olmur. Bu hələ onun dövlət vəzifəsinə daxil olan səlahiyyətləridir. Onun adı gələn yerdə hər şey yüksək səviyyədə həll olunur. Çünki gördüyü hər işdə halallığı yaddan çıxarmır. Atamın bir sözü var idi: “Pulunu verən canını da verər”.  Hələ bu günəcən bir gömrük işçisi və Fövqəladə Hallar Nazirliyi əməkdaşı görməmişəm ki, Kəmaləddin müəllimdən gileylənə. Hamısı razılıq edir və onun qurduğu iş prinsipindən razıdır. 


KƏMALƏDDİN HEYDƏROVA PƏNAH GƏTİRƏNLƏR


90-cı illər idi. Hər gün səhər-axşam Gömrük Komitəsinin qabağından keçib işə gedirdim. Hər dəfə də qapısında adamlar – qara camaat çox olurdu. Fikirləşirdim ki, əgər bura Gömrük Komitəsidirsə, qəbul günüdürsə, formalı, furajkalı gömrükçülər niyə gözə dəymir? 

Günlərin bir günü özəl televiziyalardan hansısa belə xəbər yaydı. “Qarabağ əlilləri “Oka” markalı əlil maşınını Gömrük Komitəsinin qabağında yandırıblar”. Nəsə mənə çatmadı... Axı niyə məhz Gömrük Komitəsinin qabağında?  Əlillərin Gömrüklə nə alış-verişi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti olsaydı hardasa başa düşmək olardı... 
“Nəsə tələb ediblər və əməl olunmayıb? Onlar da etiraz əlaməti olaraq  hökumətin hədiyyə verdiyi “Oka” maşınlarını yandırıblar”.  Nəsə mənə qaranlıq qaldı. Sonra “Xəbərlər”də eşitdim ki, Gömrük Komitəsinin sədri xarici ölkədə səfərdədir.

Əlilləri başa düşdüm.  Kəmaləddin müəllim həmişəki kimi onların dərdinə yanmayıb. Daha dəqiq desək, Bakıda olmadığı üçün onların və qapısına pənah gətirən digərlərinin  qarşısına çıxmayıb. Əlillər də sadəcə olaraq incikliklərini bu cür biruzə veriblər. İnanmayıblar ki, Kəmaləddin müəllim idarədə yoxdur. Xülasə, Kəmaləddin müəllim həm də qara camaatın adamıdır.


KƏMALƏDDİN HEYDƏROV MÜQƏDDƏS RUHLARIN DA ADAMIDIR


Tez-tez Fəxri Xiyabana gedirəm. Atamın məzarını, Hacıbala Abutalıbovun şəxsi vəsaiti hesabına ucaldılmış qəbirüstü  abidəsini ziyarət edirəm. Xiyabanda gəzib-dolanıram. Bəzi heykəl və büstlərə baxanda Kəmaləddin müəllimin izini görürəm. Bəziləri onun şəxsi vəsaiti hesabına ucaldılıb. Bunu mən də təsadüfən bilmişəm. Sadalamaq istərdim. Amma
əminəm ki, Kəmaləddin müəllimin sağ əlinin verdiyini heç sol əli də bilmir...


KƏMALƏDDİN HEYDƏROV İLHAMLI ADAMDIR


Gözəl nəğmələri var. Hamısı da yadda qalandır. Hitdir. Ağadadaş, Aygün, Nəsibə Abdullayeva və digərlərinin ifasında xalqımızın qəlbinə yol tapıb. Amma mən onu bəstəkar kimi bircə mahnısına görə - “Sən elə bir zirvəsən” mahnısına görə – daha çox sevirəm. Çünki bəstəsi də, sözləri də, ifası da ürəkdən gəlib.


HEÇ NƏYƏ EHTİYACI YOX, BİR ŞEYƏ MÖHTAC OLANLAR...


Hər kəsə məlumdur ki, yüksək vəzifə sahibləri səlahiyyətli adamlardır. İnsanlarla işləyir, onların taleyini həll edirlər. Göstəriş verməyi xoşlayır, xahiş yağmurunda boğulurlar. Əsasən də yaxşılıq edirlər. Həqiqi minnətdar olanlar da var, yaltaqlıq edənlər də... Öz həqiqi  qiymətlərini ancaq özləri bilirlər. Qiymətlərini isə illər sonra, heyf ki,  çox gec alırlar. Ona görə də yüksək vəzifə sahiblərini “Heç nəyə ehtiyacı olmayan, bircə şeyə möhtac olan adamlar"  adlandırıram. Niyə?

Bir haşiyə çıxım. Sovet dövründə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vardı – Azad Quliyev. Şair ruhlu adam idi. “Azad Talışoğlu” təxəllüsü ilə şeirlər də yazırdı. Şairlərə, yazıçılara böyük hörmətlə yanaşır, onların qayğısına qalırdı. Azad müəllim istefaya çıxdıqdan sonra doğulduğu Masallı rayonunda yaşayırdı. Günlərin bir günü atam dedi ki, “dayın Rafiqlə gedirik Masallıya. Azad Talışoğlunun 80 yaşıdır. Köhnə dostumuzu təbrik etmək lazımdır".  100 dollar da konvertə qoydu ki, xətri nə istəsə özü alar.

Səhəri gün qayıtdılar. Atamın təəssüratı isə  vəzifədə olan insanlara qiymət vermək baxımdan mənimçün bir etalona çevrildi: “Azad müəllim çox kövrəldi. Pulu almadı. Dedi ki, “sənin gəlişin mənimçün milyondur. Vəzifədə olduğum 30-40 il ərzində çox insana yaxşılıq etmişəm, türmədən qurtarmışam, düz yola qaytarmışam, çörək vermişəm, vəzifəyə qoymuşam... Onlardan heç biri bu gün məni yada salıb, təbrikimə gəlməyib. Bircə, Qabil, sən gəlmisən. Heç bir yaxşılığım keçməyən, təmənnasız, səmimi dost, şair Qabil””.

Dediyim kimi yüksək vəzifəli insanların heç nəyə ehtiyacları yoxdur. İynə ucu boyda səmimiyyətə möhtacdırlar. Daha dəqiq desək – təmənnasız ünsiyyətə və qiymətə.

Yeri gəlmişkən, Kəmaləddin müəllim, iyulun 15-i ad gününüzdür. Fikirləşdim ki, görəsən Sizə hansı hədiyyəni  bəxş etsəydilər razı qalardınız. Tapa bilmədim. Çünki gözlə sezilən hər şeyiniz var. Özünüz digərlərini hədiyyə selində boğmağa qadirsiniz. Atamın danışdıqlarından və həyat təcrübəmdən çıxış edərək fikirləşdim ki, Siz yalnız bir şeyə möhtac ola bilərsiniz - səmimi, təmənnasız, yaxşı adamlara. Şair Qabil  bir şerində dediyi kimi – “Yaxşı adamların həsrətindəyik”.  Dünən də, bu gün  də, sabah  da...


Balaca, bəstəboy,
Lap cantaraq çox,
Şirin, gülərüz çox,
Qaraqabaq çox,
Kifir, yaraşıqlı,
Qara çox, ağ çox,
Öküz çox, tülkü çox,
Uzunqulaq çox...
Həm ağıl dəryası,
Həm balqabaq çox...
Adam görməmişik? Vəhşiyik, nəyik?
Yaxşı adamların həsrətindəyik...


Adamlar qaynaşır
Qarışqalar tək,
Ürək donur buz tək,
Əriyir qar tək,
Kimi qarlı qış tək,
Kimi bahar tək.
Tale ayrı şeydir,
Qismət ayrı şey.
Xasiyyət ayrı şey,
Xislət ayrı şey,
Gəlhagəl ayrı şey,
Şöhrət ayrı şey.
Biz başqa söhbətin hikmətindəyik,
Yaxşı adamların həsrətindəyik.


Nisbidir həm yaxşı,
Nisbidir həm pis.
Ancaq nisbi deyil,
Nə qızıl, nə mis.
Ancaq nisbi deyil,
Cins ilə nacins.
Gəzirik xalisi,
Gəzirik xası
Nə baş ağrıdım ki,
Sözün qısası,
Biz ayrı sevdanın xiffətindəyik,
Yaxşı adamların həsrətindəyik.


52 yaşınız mübarək, Kəmaləddin müəllim. 80 yaşınızda Çeşməbasarda – “həsrətində olduğunuz yaxşı adamların” əhatəsində  yubiley  arzusuyla. 


10.07.2013

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər