Modern.az

“İndi Əli Kərimlinin mənə uzanan əlini geri qaytarmazdım, barışardım” - MÜSAHİBƏ

“İndi Əli Kərimlinin mənə uzanan əlini geri qaytarmazdım, barışardım” - MÜSAHİBƏ

12 İyul 2013, 12:51

“Artıq Elçibəy dövrünün Fazil Qəzənfəroğlusu deyiləm”

Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.

...Söhbətə Fazil bəy özü başladı.

- Yayda işlər bir az çox olur. Heç bir işi zamanında yerinə yetirmək olmur.

– Fazil bəy, xaraktercə dəyişkən insansınız?

– Yox.

– Amma görüşəcəyimiz məkanı 20 dəqiqə ərzində dəyişmək qərarına gəldiniz.

– Mühafizəkar xarakterə sahibəm. Yeniliyi sevirəm. Hər situasiyada yeni dəyişikliyin olmasını istəyirəm.

– Mühafizəkar xarakterə malik olmağınız nədən irəli gəlir?

– Bir az dini nöqteyi-nəzərdən onun təsiri ola bilər. Ardıcıl xətt aparmağın tərəfdarıyam. Vəziyyətə, həyat şərtlərinə görə yeniliyi sevirəm. Köhnə nə varsa, atmağa hazıram. Çox vaxt köhnəlik insana əngəl olmağa başlayır.

– Dini nöqteyi-nəzərdən məsələlərə yanaşmanız var. Siyasətlə din bir arada necə yola gedir?

– Hər halda ikisi də üst-üstə düşür. O baxımdan ki, din siyasətə qarışmır. Fərdi həyatı tənzimləyir. İnsanın şəxsi xarakterinin formalaşmasına, daha sağlam və dürüst müəyyən olunmasına kömək edir. Siyasətdə heç də bu parametrləri tətbiq etmək mümkün deyil. Bəzən düz yolda birxətli hərəkət etmək imkanları olmur. Bu gün İslamın çoxluq təşkil etdiyi cəmiyyətlərdə  İslamın total anlaşması yanlış məcrada baş veribdi. İslama fərdi din kimi baxılmalıdır. Hər kəsin Allahla olan iltifatı kimi baxılmalıdır. Əslində, bu gün Şərq ölkələrinin ən böyük faciəsi fərdi ağlın kənara qoyulmasıdır. Qurani-Kərimdə hər şey yazılıb. Sənin ağlına ehtiyac yoxdur. Din buna əsaslanır. Ağıl isə hər şeyi həll edə bilər. Bunu arxa plana qoyurlar. Düşünmədən oxunan İslam zərərli vəziyyətə gətirib çıxarır. Bizə tərbiyə olunub göndərilən İslamın indiki İslamın mahiyyətindən çox böyük fərqi var. Fərqə baxın. Gedin Mir Möhsüm ağanın məzarının üstünə, görün minlərlə adam tökülüb ora. Niyə tökülüb? “Gəlmişik məqbərəni ziyarət eləməyə”. Zəkaca İslamdan çox uzaq mahiyyətini anlamamış, Allaha şərik qoşmaq istəyən hər bir vasitə ilə özünün kimliyini tapmağa çalışan özü birbaşa Allahla əlaqə qurmaqdan qorxan insan cəmiyyətidir. Şərq cəmiyyəti budur.

– Söylədiyiniz ən azı mübahisəlidir. Bununla belə, özünüz nə vaxtsa Mir Möhsüm ağanın ziyarətinə getmisiniz?

– Əvvəllər bir neçə dəfə getmişəm. Pirlərə, ziyarətgahlara sadəcə, tanışlıq üçün getməyə dəyər. Tarixi abidə, mədəniyyət abidəsi kimi getməyə dəyər. Amma din abidəsi kimi pirlərə getmək yanlışdır. Bu İslamın prinsiplərinə uyğun gəlmir. Əhalinin böyük əksəriyyəti qurbanını aparıb orda kəsir. Bu nə məntiqsiz düşüncədir. Harda istəyirsən qurbanını kəs. Allaha niyyətini ver. Əsas odur. Bu həm də dindən uzaqlaşan bir cəmiyyət formalaşdırır. Sonrakı proseslərdə də dinin neqativ şəkildə cəmiyyətə təqdim olmasına gətirib çıxarır. Bu həm də insan hüquqlarının pozulmasına gətirib çıxarır. Belə düşüncə formalaşa bilər ki, dindarlar hakimiyyətə gələrsə, hər hansı bir model qurulacaq. Türkiyə və başqa yerlərdə dindarlar hakimiyyətə gələndə daha liberal iqtisadi modeli tətbiq elədilər. Fərqli bir dünyaya açıq siyasət izlədilər. Məncə, bundan qorxmağa ehtiyac yoxdur.

– Azərbaycanda din hakimiyyətə gəlsə, nə baş verər?

– Cəhalət mühiti yaranar. İndiki cəmiyyət cəhalət içindədir. Təsəvvür edin, cəmiyyət içində olan din dövlət başına gələndə necə təhlükəyə çevrilər. Mən dindar kimi hələ ki, hansısa dini cərəyanın hakimiyyətə gəlməsində maraqlı deyiləm. Çünki din cəmiyyət içində cilalanmalı, tolerantlıq öyrənməlidir. Cəmiyyət içində cəhalətdən, mövhumatçılıqdan uzaqlaşmalıdır. Cəmiyyətdə tolerant mühiti yaranandan sonra artıq din hakimiyyətə gələndə başqasının ibadətinə, başqasının həyat tərzinə anlayışla siyasət aparılacaq.

– Dinimizdə kimləsə küsülü qalmaq yasaqdır. Amma siz dindar olaraq keçmiş dostunuz Əli Kərimli ilə küsülüsünüz. Hətta, o zamanlar Lalə Şövkət sizi barışdırmaq istəyəndə Əli Kərimlinin sizə uzanan əlini geri qaytardınız. Etdiyiniz doğru idimi?

– O dövrün ab-havasında tamam başqa bir həyat tərzinə sahib idim. Həyata baxışlarım tam fərqli idi. Maksimalist baxışlara sahib idim. İndiki vəziyyətdə başqa cür hərəkət edərdim. Mənə uzanan əli geri qaytarmaram. Eyni zamanda, barışardım. Bugünkü məqamda xüsusilə siyasətdə küsülü olduğum kimsə yoxdur.


– İsa Qənbərlə üz-üzə gələndə salamlaşırsınız?

– Normal münasibətimiz var. Müxalifətdə bu gün elələri var ki, siyasi mövqeyimi qəbul eləmədən üzlərini çevirib gedirlər. Onlara da kin bəsləmirəm. Ən azı salamımı almayandan sonra salam vermirəm. Mən siyasətdə başqa cinahdayam, sən başqa cinahdasan. Buna görə salam verməməlisən? Bunlar yanlış yanaşmalardır. Azərbaycanda qapalı bir idarəetmə modeli olduğuna görə siyasətdə daşlar yerinə oturmayıb. Normal seçki düzənində bəlli bir parlamentlər dövlət strukturunda yeri dəqiqləşmədiyinə görə ünsiyyət mədəniyyəti də yetkinləşməyib. Siyasətdə neqativ, düşmən münasibətin formalaşması yanlışdır. İndi prinsipim sizinlə savaşanlarla savaşın. Kimsə mənə saldırmırsa, aşağılayıcı sözlər demirsə, mən də onlara çalışıram ki, şəfqətlə cavab verim. İndiki üslubum xeyli dəyişib.

– İndiki durumda hansısa məclisdə müxalifət və ya iqtidar nümayəndələri ilə üz-üzə gələndə sizə qarşı soyuq münasibəti hiss edirsiniz?

– Soyuq münasibət açığı məni maraqlandırmır. İlk növbədə insan özünə hesabat verir. Bugünkü siyasi mövqeyim, həyata baxışım başqasının qiymətləndirilməsi üzərində qurulmadığına görə özümü çox rahat hiss edirəm. Sadəcə, bizim siyasət anlayışımızda köklü dəyişiklik baş verib. 15 il öncəki anlayışa sahib deyiləm. Azərbaycanın özünə fərqli baxıram. Kimsə deputat olmağımı həzm edə bilmir. Son dövrlərdə mənə olan sərt münasibəti hiss edirəm. Ağlı, mühakiməsi, məntiqi yerində olan sağlam insanla problemim yoxdur.

– Bir vaxtlar cəbhəçi olan Fazil Mustafa bu gün siyasi meylini dəyişib. Sizə qarşı sərt davranışın bir qolu da bu ola bilərmi?

– Əslində mən o cinahda olanda mənə qarşı düşmən münasibət daha artıq idi. Çünki məndə ikiüzlü oyun yoxdur. Hakimiyyətlə bugünkü münasibətlərimdə açıq formada fikir yürüdürəm. O dönəmdə mənim qiymətləndirməm partiya daxilində müxalifət içində olub hakimiyyətlə gizli formada əməkdaşlıq edib, sonra da gəlib hamıdan qatı müxalifətçi kimi görünənlərə olan barışmaz bir münasibət idi. Bunu həzm edə bilmirdilər. İkincisi, Əbülfəz Elçibəy faktoru vardı. Ona edilən hücumların qabağında bir çox hallarda tək də dururdum. Bəlkə 10 köşə yazarı ilə mətbuatda öz yazılarımla savaşırdım. Siyasətçilərlə meydanda savaşırdım. Bütün siyasi gələcəklə bağlı proqnozlarım Elçibəy üzərində  qurulmuşdu. O rəhmətə gedənə qədər vicdanla onun liderliyini qəbul elədim. Çox şeylər mənim mövqeyim deyildi. Çox şeylər onun liderliyini qorumaq üçün çalışmaq idi. Artıq Elçibəy dövrünün Fazil Qəzənfəroğlusu deyiləm. Özü müstəqil kursunu elan etmiş, ayrıca partiya yaratmış hətta Elçibəyin görüşlərinin xeyli hissəsini bu gün olduğu kimi qəbul etməyən, bir az təftiş etməyə çalışan, bəzi fikirləri ilə əhəmiyyətli dərəcədə razılaşmayan Fazil Qəzənfəroğlu vardı. Burda dəyişməyim nəzərdə tutula bilər. Dəyişməyən insan elə də ağıllı insan deyil.

– İsa Qəmbər 20 ildir mövqeyini dəyişməyib. O ağıllı deyil?

– Hər halda 20 ildir eyni düşünürsə, alqışlamazdım bunu. 20 ildir eyni cür düşünmür. Fərqli düşünür, reallıqları da görür. Hamı eyni cür düşündüyünü imitasiya edir. Bunu etməsən,  çevrəndə olan insanları itirərsən. Hamı arzulayır ki, çevrəmdə min nəfər olsun, məni dəstəkləsin. Siyasətdə bu, səmimiyyət deyil. Siyasətdə əsas səmimiyyət bəlli bir situasiyalarda real imkanları nəzərə alaraq xalqa xidmət eləməkdir.

- Qəbul edilməsə də, müxalif qüvvələrin yaratdığı Milli Şura son vaxtlar diqqət mərkəzindədir. Fikrinizcə, müxalifət iqtidarı üstələyibmi?

– Elə fikirdə deyiləm. Resurslar, ideyalar yoxdur. Situasiyaya görə, doğru qərar qəbul eləmə potensialı da. Təbii ki, iqtidardan narazı qüvvə kifayət qədər çoxdur. İqtidarın kifayət qədər ciddi səhvləri var. Xarici siyasət istisna olmaqla, daxili siyasət başdan-ayağa səhvlərlə doludur. Aparılan siyasət əhalinin yaşam şərtlərini xeyli aşağı salır.


– Müxalifət də bu cür situasiyadan çox yaxşı yararlanmağa çalışır
...

– Müxalifət bu qədər narazılıq fonunda ağıllı ideyalar tapa bilmədiyinə görə, bundan istifadə edə bilmədi, öz çevrəsini genişləndirə bilmədi. Müxalifət sadəcə ideoloji narazı insanları çevrəsində tuta bildi. Amma sosial narazı insanları çevrəsinə qata bilmədi. Hakimiyyətdən narazı olan böyük çoxluq belə, müxalifətə də yaxınlaşmır. Bu olduqca ciddi problemdir. Ona görə də müxalifətin yeganə yolu kənardan hər hansı bir şəkildə Azərbaycandakı proseslərə müdaxilədir. Sizə tam məsuliyyətlə söyləyirəm. Avropa Şurası, ATƏT başqa məsələlərdə  təzyiq düşüncəsi, yaxud onlar tərəfindən təzyiq olunası barədə təsəvvürlər olmasaydı, çox adam həbsxanaya sürətlə getməzdi. Hamı bilir ki, filankəsi tutmaq olmaz. ATƏT, Avropa Şurası qarışacaq. Bu məsələdə bu siyasət qarantiyalı siyasətdir. Təki xarici ölkənin dəqiq dəstəklədiyi bir qüvvə olsun ki, hakimiyyəti yarıb keçə bilək.
Bütövlükdə Rüstəm İbrahimbəyov faktoruna müxalifətin aparıcı liderlərinin yanaşması budur. Onlar fikirləşirlər ki, “Rüstəm İbrahimbəyovu Rusiya dəstəkləyəcək, biz özümüz hakimiyyətə qalib gələ bilmirik. Rusiya ilə hakimiyyəti üz-üzə qoymaqla yaranmış vəziyyətdən istifadə edib bəlli bir mövqeyə gələ bilərik”. Bu, bir illüziyadır. Rusiya elə bir ölkədir ki, səninlə razılaşdığı kimi, indiki iqtidarla da razılaşa bilər. Daha ciddi güzəştlər əldə edəndən sonra hakimiyyət məsələsinə heç bir müdaxilə eləməz.

– Rüstəm İbrahimbəyovla İsa Qəmbər arasında sanki gizli oyun gedir. Bu oyunu necə qiymətləndirisiniz?

– Nə etdiklərini özləri də bilmirlər. Çünki qarşılarındakı gücün potensialını maddi resurslarını tam qiymətləndirə bilmirlər. Neçə illərdir mövcud hakimiyyət heç bir təhlükə hiss etmədən mövcudluğunu davam etdirir və gündən-günə möhkəmlənir. Ən azı maddi baza baxımından. Müxalifətin isə pulu yoxdur ki, lazımi səviyyədə seçki kampaniyası baxımından prosesləri idarə etsin. Sadəcə hansısa xarici qüvvələr ortaya pul qoya bilər. Niyə qoysunlar? İndiki iqtidar hazırkı vəziyyətdə xarici təmin edir. Neft istəyənə – neft, pul istəyənə – pul verir. Belə vəziyyətdə müxalifətin arxasınca narazı cəmiyyət necə gedə bilər?!

– Prezidentliyə namizədliyinizi vermək fikriniz var?

– Bəli. Amma situasiyaya görə qərarı bir də gözdən keçirəcəyəm.

– Deputat həmkarlarınızdan dostluq etdiyiniz kimlər var?

– Qüdrət Həsənquliyev, Novruz Aslan, Zahid Oruc, Rüstəm Xəlilov. Parlamentdə əksəriyyətlə çox sağlam dostluq münasibətim var. Zarafat edə biləcəyim, komplekssiz danışacağım insanlardır. Həddən artıq yumor hissinə sahibəm. Odun parçası olmayan hər kəslə münasibət qurmağı bacarıram.

- Sabunçu rayonundan seçilmiş deputatsınız. Seçicilərlə tez-tez görüşürsünüz?

– Həftənin bazar günləri seçiciləri qəbul edirəm. Seçicilərin problemi olanda icra başçısı ilə əlaqə saxlayıram. Hansısa bir ərazidə problem varsa, dərhal yerində həll olunur. Təbii bizdən asılıdırsa.

– Bəs nazirliklər sizin sözünüzə qulaq asır?

– Mənim şikayətimə yox, seçicilərin müraciətlərinə qulaq asırlar.

– Hansı nazirliyin işini daha yüksək qiymətləndirirsiniz? Hansı nazirlik sözünüzü eşitmir?

– DİN, Baş Prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti bütün göndərilən sualları yerində cavablandırır. Səhiyyə Nazirliyi vətəndaşın sağlamlığını saymadığı kimi, millət vəkillərinin də müraciətlərini də saymır. Onlar deyir: “Biz ayrıca adayıq, istədiyimizi edəcəyik”. Nəqliyyat Nazirliyi də laqeyd münasibət göstərir. Bu da idarəetmədə ayrı-ayrı adamların səlahiyyətlərini başa düşməməsindən irəli gəlir.

– Övladlarınızın siyasətə marağı varmı?

– Qızımın 3 yaşı var, oğlumun 14. Oğlum daha çox təhsilə fikir verir, dini bilgilər almağa çalışır. Hər halda oğlumun siyasətdə olmasını istəmərəm.

– Xanımınız nə işlə məşğuldur?

– Xəstəxanaların birində tibb bacısı işləyir. Hazırda analıq məzuniyyətindədir.

– Övlad itkisi valideyn üçün çox ağırdır. Böyük oğlunuzu itirəndə nə düşündünüz?

– Buna Allahın qisməti kimi baxıram. Uşaqların ölümünə baxışım fərqlidir. Özünü suçlayırsan. Qazı elə etsəydin, o faciə baş verməzdi. Dolayı yolla bəlkə günahkar deyilsən. Amma körpə uşağın yaşamasının şərtləri səndən asılıdır. Nədəsə məsuliyyətsizlik edib boşuna buraxmısansa, bir az daxili əzab verir. İllər keçməsinə baxmayaraq, insanın daxilində o boşluq yara yeri var. Bunu adlamalısan. Tək sən deyilsən axı! Zəlzələdə yüzlərlə ev dağılır, bir ailə məhv olur. Əgər Allah bir nəfəri saxlayıbsa, bu qismətdir. İnamda, düşüncədə tərəddüd etmək olmaz.

– Milli Məclisin üzvləri istirahətdədir. Siz necə istirahət edirsiniz?

– İndi oruc tuturam. Buna baxmayaraq, hər gün oruc-oruc meydanda futbol oynayıram. İdmana fasilə vermirəm. Mütaliəyə də vaxt ayırıram. Bazar günləri də basketbol oynayıram. Bəzən deyirlər ki, necə çatdırırsan?! Təbii ki, ailə ilə dənizə də gedirəm. Hamının getdiyi yerə gedirik. Xüsusi fərqlənməyi sevmirəm. Bağım da dənizə yaxındı. Bağda da özüm işləyirəm. Bağbanlıq qabiliyyətim aşağı olduğuna görə, bostandakı tərəvəzləri sulayıram. Allah ümidinə nə çıxar-çıxar. Bağın texniki məsələləri ilə daha çox özüm məşğul oluram.


Namidə BİNGÖL
Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı