Modern.az

Rəbiyyət Aslanova: “Azərbaycan Qərbdən, Şərqdən, Şimaldan və Cənubdan təzyiqlərə məruz qalan bir ölkədir”

Rəbiyyət Aslanova: “Azərbaycan Qərbdən, Şərqdən, Şimaldan və Cənubdan təzyiqlərə məruz qalan bir ölkədir”

8 Aprel 2010, 14:04

SUALLARIMIZI MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN SƏDRİ RƏBİYYƏT ASLANOVA CAVABLANDIRIR

- Rəbiyyət xanım, bir müddət öncə parlamentdə hökumətin növbəti illik hesabatı dinlənildi və bu zaman hökumətin iqtisadi sahədəki fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirildi. Siz Azərbaycan hökumətinin fəaliyyətini yetərli sayırsınızmı?

- Azərbaycanın bugünkü durumu, maliyyə sabitliyi göz qabağındadır. Tez-tez müxtəlif ölkələrdə olduğum üçün müqayisə aparmaq imkanım daha çoxdur və görürəm ki, Azərbaycan maliyyə-iqtisadi böhranından az ziyanla çıxan ölkələrdən biridir. Bəzən insanlara elə gəlir ki, bunlar birdən-birə baş verib. Bu baxımdan, Azərbaycan vətəndaşı başa düşməlidir ki, dövlət  onun müqəddəratı, iqtisadi, mənəvi, sosial varlığını qorumaq üçün çox vacib addımlar atır. Onu demək kifayətdir ki, son bir il ərzində dövlət başçısı dəfələrlə hökumət üzvləri ilə görüşlər keçirib və hər görüşdə baş verə biləcək hər hansı təhlükənin qarşısını almaq üçün önləyici tədbirlərin görülməsi istiqamətində göstərişlərini verib. Bu, adi bir məsələ deyil. Bu gün dünyamız gözlənilməz hadisələrlə üz-üzədir. Dünyanı cənginə alan maliyyə böhranında çeviklik nümayiş etdirilməzsə, burada çox xoşagəlməz hallarla rastlaşıla bilər. Məhz bu baxımdan mən bu gün Azərbaycan hökumətinin fəaliyyətindən çox razıyam. Kiminsə nədənsə narazılığı varsa, bu, əsaslandırılmamış narazılıqdır. Azərbaycan bu gün dünyadan təcrid olunmuş dövlət deyil. Eyni zamanda, siyasəti də iqtisaqdiyyatdan ayrımaq olmaz. Çünki müəyyən siyasətlər iqtisadi təzyiqlərlə sonuclanır. Ona görə də, Azərbaycanda baş verən hər hansı bir prosesə qlobal çərçivədə baxmaq lazımdır. Qlobal çərçivədə elə proseslər gedir ki, bundan qorunmaq bəlkə də ən böyük qəhrəmanlıqdır. Unutmayaq ki, Azərbaycan  Qərbdən, Şərqdən, Şimaldan və Cənubdan müəyyən təzyiqlərə məruz qalan bir ölkədir. Açıq deyək ki, bu gün dünyada beynəlxalq qurumların hər hansı bir ölkəyə ən əsas təzyiq vasitəsi iqtisadi təzyiqdir. Buradfan çıxış etsək, Azərbaycandakı mövcud durum arzuladığımız uğurlu vəziyyətdir.

- Azərbaycan maliyyə böhranın ikinci dalğasını itkisiz adlaya biləcəkmi?

- Sözsüz. Çünki bu dalğanın önlənməsi üçün artıq birinci dalğa zamanı müvafiq addımlar atılıb. Baxın, indi bəzi ölkələrdə iş yerlərinin azalması, insanların küçələrə axışması prosesi getməkdədir. Buna son misal kimi, Yunanıstanı göstərmək olar. Eyni zamanda, bir müddət öncə Çexiyada səfərdə olarkən maraqlandıq ki, burada maliyyə-iqtisadi böhranla əlaqədar hansı addımlar atılır. O zaman bizə bildirildi ki, orada iş yerləri bağlanmır, sadəcə, iş günlərinin sayı azalır və bununla da avtomatik olaraq işçilərin əmək haqları aşağı düşür. Bir iş yerində 3 gün bir adam, 3 gün isə başqa adam işləyir. Amma bu gün Azərbaycanda ciddi işsizlik problemi yoxdur. Maliyyə böhranı Azərbaycanda ciddi işsizlik problemi yaratmayıb. Əksinə iqtisadi tərəqqinin nümayişi olan yeni binalar tikilir, yeni müəssisələr, iş yerləri açılır. Belə demək mümkünsə, biz o maliyyə gərginliyini hiss etmədik. Halbuki digər ölkələrə diqqət yetirəndə başqa mənzərə görürsən. Uzağa getməyək, qardaş Türkiyədə bu gərginlik çox ciddi şəkildə özünü göstərir.

Kamil HƏMZƏOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?