Modern.az

“Mətbuat Şurası internet saytlarının da “qara siyahı”sını hazırlayacaq” - İdarə Heyətinin üzvü

“Mətbuat Şurası internet saytlarının da “qara siyahı”sını hazırlayacaq” - İdarə Heyətinin üzvü

16 İyul 2013, 14:07

“Mətbuat Şurası bu ilin əvvəlində internet mediası ilə bağlı komissiya yaratmışdı. Mən də həmin komissiyanın üzvü idim. Müəyyən məsələləri müzakirə etdik. Nəticədə belə qərar gəlindi ki, Mətbuat Şurasının tərkibinə internet medianı təmsil edən əlavə üzvlər də cəlb edilsin. Ona görə də jurnalistlərin 6-cı qurultayında internet medianın təmsilçisi kimi Mətbuat Şurasının İdarə Heyətinə seçildim”.

Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.
“Yəqin ki, Mətbuat Şurası bu yaxınlarda öz toplantısını keçirəndən sonra internet media ilə bağlı məsələlər geniş müzakirə olunacaq. Hələlik konkret qərarlar olmadığından yalnız öz mülahizələrimi deyə bilərəm. Hər halda internet medianın tənzimlənməsi üçün bu sahənin yaxşıca öyrənilməsi lazım olacaq. Artıq bir sıra onlayın media qurumları Mətbuat Şurasına üzv olublar”.

Onlayn media qurumunun işinə nəzarətin çətin olduğunu, eyni zamanda, qanunvericilikdə ciddi boşluqların olduğunu deyən A. Həsrət bu sahədə də müəyyən işlərin görüləcəyini vurğulayıb.

“Təbii ki, Mətbuat Şurası özünün məhdud resursları ilə hər gün ortaya çıxan bütün onlayın medianı öz nəzarətinə götürə bilməz. Ona görə də təklifim bu olacaq ki, yalnız könüllü şəkildə Mətbuat Şurasının üzvlüyünə ərizə vermiş və MŞ-ya qəbul edilmiş onlayın media qurumları ilə bağlı problemlərə baxılsın”.

Saytlardan şikayətlərə gəlincə, A. Həsrət bildirib ki, onlara da MŞ-də çap mediasına olduğu kimi yanaşılacaq.

“Əlbəttə, virtual aləmdə olan media orqanından söhbət gedirsə, jurnalistlərin peşə davranışı qaydaları eyni qaydada tətbiq olunacaq. Bu  zaman KİV haqqında qanun və Mətbuat Şurasının Nizamnaməsinə əsaslanılacaq. Hazırda müəyyən qaydalar işləyib hazırlayırıq. Həmin qaydalardan kənara çıxan xüsusilə, haqqında bilgi verməyən saytlarla bağlı qaydalar işlənib hazırlanacaq. Əgər davamlı o tip saytlar insanlara şər-böhtan ataraq onları alçaldan informasiyalar yaymaqla məşğul olacaqlarsa, ənənəvi mediada olduğu kimi, onlarla bağlı yəqin ki, “qara siyahı” üzərində düşünüləcək”.

MŞ İdarə Heyətinin üzvü, beynəlxalq “com”, “info”, “net” domenlərinə də fəaliyyət göstərən, sahibi qeyri-müəyyən sayt və portallara münasibəti belə açıqlayıb: “Leqal yolla fəaliyyət göstərən istənilən informasiya mənbəyi özünün təsisçisi, baş redaktoru və başqa əlaqəli şəxslərə bilgini açıq şəkildə təqdim etməlidir. Mətbuat Şurası həmin bilgilərə, necə deyərlər, çata bilməlidir. Bunlar gizlədilirsə, təbii ki, deməli, onların pis niyyətləri var”.  

Namidə BİNGÖL
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir