Modern.az

AzTV və digər telekanallar - kimdə qüsur çoxdu, kimdə az... Teleməkanın TƏHLİLİ

AzTV və digər telekanallar - kimdə qüsur çoxdu, kimdə az... Teleməkanın TƏHLİLİ

16 İyul 2013, 15:50

Xalid NİYAZOV, 
Əməkdar jurnalist

Azərbaycan Televiziyası: teleməkanda orijinal, peşəkar və kreativ efirin örnəyi

İnsan xilqəti etibarilə elə bir varlıqdır ki, çox vaxt eşitdiyinə, oxuduğuna deyil, məhz gördüyünə inanır. Təbliğat və təşviqat vasitələri içərisində vizual effektin şəriksiz liderliyi tək müasir informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələ olmayıb, eyni zamanda ideoloji işin çox zabitəli və qüvvətli bir instrumentinə çevrilmişdir. 

Azərbaycanın orta statistik tamaşaçısının yeganə mövcud televiziyanın istehsal etdiyi məhsulları izləməyə məhkum olduğu dövr keçmişdə qalıb. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti institutlarının formalaşması, ictimai həyatın, cəmiyyətin sosial-siyasi seqmentlərinin təşəkkülü ümumbəşəri nemət olan söz və mətbuat azadlığının bərqərar olmasına, çap və elektron media vasitələri şəbəkəsinin az qala həndəsi silsilə ilə artmasına münbit zəmin yaratmışdır. Belə bir kəmiyyət marafonu isə, heç şübhəsiz, neqativlərsiz ötüşməmişdir; bütün qınaq, məzəmmət, tənqid və təhnizlərin tək ünvanı fəaliyyətlərin ən vacib parametri sayılan keyfiyyət və peşəkarlıq olmuşdur.

Günümüzün vazkeçilməz reallıqlarından biri də odur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən daha üstün mövqeyə malikdir. Onlar hər evə, ailəyə daxil olaraq gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Belə bir status cəmiyyətdə milli-mənəvi dəyərlərin, insanların etik-estetik və əxlaqi görüşlərinin formalaşmasında efirin oynadığı müstəsna rolu bariz şəkildə görüntüləyir. Deməli, ictimaiyyət efirdən tələb etməkdə haqlıdır.Bəs əvəzində biz nə görürük?

Əslində, inkişafın, fikir və zövq plüralizminin, sənətkarlıq imkanlarının nümayişinin bir kürsüsü olan telekanalların kəmiyyət dinamikası heç vəchlə keyfiyyətlə bağlı haqlı gözləntiləri doğrultmur. Heç şübhəsiz, yaradıcılıq nöqteyi-nəzərindən efir “setka”sını yalnız keyfiyyətli “əmtəə” ilə doldurmaq perspektivsiz bir gözlənti olsa da, ortada bunun artıq xroniki iş təcrübəsinə çevrilməsi ilə bağlı təlaş və təcrübə də var. Birincilik “palma”sının konkret olaraq hansı telekanalın “bəxtinə” düşdüyünü söyləməyə çətinlik çəksək də (bu meydanda “rəqabət” güclüdür – X.N.), ATV, “Space”, “Lider”, ANS və “Xəzər”in bəzi verilişləri özünün ideya-bədii və bədii-estetik məziyyətlərinə görə izləyici auditoriyasının rəğbətini bölüşmür. Bir qədər də irəliyə gedərək deyək ki, bu telekanaılların yayımladığı bəzi şou-proqramlar geniş ictimaiyyət tərəfindən haqlı narazılıqla qarşılanır. İnsanlar dincəlmək, əylənmək məqsədilə mavi ekranın qarşısına keçirlər. Ancaq əfsuslar olsun ki, ekranlardan evimizə bayağı, şit, bəzən isə ikrah doğuracaq qədər səviyyəsiz verilişlər ayaq açıb yeriyir. Ona görə də bu məsələdə seyrçilərin hüquqları nəzərə alınmalı, ictimai qınaq mexanizmləri formalaşdırılmalıdır. Bəli, seçim imkanı var. Kabel və peyk televiziyası ilə istədiyin kanalı izləyə bilərsən. Lakin onlar nə qədər keyfiyyəli, peşəkar səviyyədə hazırlanmış məhsul təqdim etsələr də, biz zövq mədəniyyətimizin formalaşmasında, gənc nəslin tərbiyəsində aparıcı mövqenin məhz milli televiziyalarımıza  məxsus olmasını istəyirik və bu bir ümummilli mənafe, mənəviyyat məsələsi olduğuna görə onlardan umuruq, tələb edirik.


Təəssüflə xatırladaq ki, bu gün Azərbaycan telekanallarının efir “zənbili”ndəki bir çox proqramlar da məhz rusiyalı, türkiyəli həmkarlarının istehsal etdikləri məhsulun  keyfiyyətsiz “kontrafakt”ından, zəif və naşı təqlidindən başqa bir şey deyildir. Elmi-kütləvi proqramlar həkim məsləhətləri və falçı məclisləri ilə, maarifçilik funksiyası aşpaz və “asudə vaxtlarında” müğənniliklə məşğul olanların mətbəx “fərasətlərinin” təbliği ilə əvəz olunub. Yaş təbəqələrinin, müxtəlif zümrə və qrupların maraq dünyası “yaddan çıxıb”. Ciddi problemləri təhlil və mükalimə müstəvisinə çəkən tok-şoular yox dərəcəsindədir.

Yaradıcılıqdan söz düşmüşkən. AzTV və İctimai televiziyanın bəzi layihələri  istisna olmaqla qalan yayımçıların fəaliyyətində axtarış, dolğun məzmunla zənginləşdirilmiş yeni forma tapıntıları, bayağı və nimdaş şou bataqlığından deyək ki, intellektual-əyləncəli proqramlara keçid istəyi hiss olunmur. Bu nə ilə bağlıdır - tamaşaçının zövq mədəniyyətinin korşalması ilə, telekanalların özünün yaradıcılıq imkanlarının tükənməsi ilə, yoxsa ucuz reytinq və qazanc dalınca qaçmaq nəfsi ilə?!

Bəli, sirr deyil ki, bugünkü televiziyanın maddi-texniki bazası, maliyyə durumu nə qədər güclü olursa-olsun, onun simasını keyfiyyətli verilişlər təyin edir. Bu cür verilişləri isə yalnız peşəkar, püxtə jurnalistlər hazırlaya bilərlər. Etiraf edək; potensial seyrçini razı salmayan, hələ bir qədər də irəli getsək, qıcıqlandıran, yayımlanan efir məhsullarının keyfiyyətsizliyi ilə yanaşı, həm də onları təqdim edən aparıcıların əksəriyyətinin səriştəsizliyi, qüsurlu nitqi, nimdaş zövqü, səhnə mədəniyyətinin olmamasıdır. Bu, artıq patologiyaya çevrilmiş bir bəladır və təəssüflər olsun ki, özəl kanalların əksəriyyətinə sirayət edib.

Efir siyasətinin ciddi təshih olunması, idarəetmə, marketinq və menecment fəaliyyətinin təkmilləşdirilməsi məsələlərindən bəhs edərkən bu sırada ixtisaslı kadr seçimi, onların peşəkarlığının artırılması və yaradıcılıq məsələlərinə də toxunmaq yerinə düşərdi. Zira, bu sahədə ölkə telesənayesinin həqiqi lokomotivi sayılan Azərbaycan Televiziyası zəngin və mötəbər təcrübə məktəbi kimi çıxış edir. Zaman-zaman bu televiziya haqqında onun özcə “qınından” çıxanların bəlli çap və elektron media vasitələrində körüklədikləri böhtan kampaniyasına baxmayaraq, ölkənin orta statistik seyrçisi AzTV-nin bu seqmentdəki ağsaqqal statusunu, mötəbər rolunu qəbul edir. Ən güclü, qollu-qamətli budaq da ağacın gövdəsindən pardaxlandığı kimi, bu gün ölkə ərazisi ilə kifayətlənməyib xaricə də yayımlanan telekanalların aparıcı mütəxəssislərinin istisnasız olaraq hamısı Azərbaycan Televiziyası adlı bir yaradıcılıq məbədinin qoynundan çıxıb. Və bu da təsadüfi deyil. Belə ki, uzun illər ölkə teleməkanının şəriksiz “hökmdarı” AzTV olduğuna görə bütün kadr potensialı, yaradıcı potensial, idarəetmə resursları bu televiziya nəhənginin əlində cəmlənmişdir. Həmin o peşəkar, milli televiziyanın inkişafı yolunda kiprikləri ilə od götürtmüş, bu sənətə tək çörək təknəsi deyil, həm də bir könül məbədi kimi baxan və taleyini bu doğma yaradıcılıq ocağı ilə bağlayan fədakar insanların zəhməti sayəsindədir ki, son yeddi ildə Azərbaycan Televiziyası həm texniki, həm də sırf yaradıcılıq baxımından irəli sıçrayaraq sahənin bayraqdarı statusunu qoruyub saxlayır.

Hər nə qədər mühafizəkarlıqda, ləngərlilikdə, qəlibçilikdə qınansa belə, opponentləri unudurlar ki, Azərbaycan televiziyası öz fəaliyyətində konservatizmi deyil, milli kök və dəyərlərə sadiqlik nümayiş etdirən ənənəçiliyi üstün tutur, “ləngərli” replikası onun iş üslubunda“ağırtaxtalı” anlamına gəlir, yayımçılığın əsas parametri, ölçü vahidi sayılan operativlik informasiya tutumlu verilişlərin günün nəbzi ilə vuran dinamikasında özünü göstərir. Stereotiplərə gəldikdə isə, AzTV-nin “efir gündəliyi”nin zəngin palitrası barmaqla sayılacaq adamları məyus etsə də, milyonları sevindirir. Burada seyrçilərin ən tələbkar zövq və maraq dünyasını qane edəcək say və keyfiyyətdə verilişlər var. Belə ki, ictimaiyyəti düşündürən, üstünü uzun illərin biganəlik tozu basmış problemlərin “halayını pozan”, cəmiyyətdəki cox ciddi ictimai-siyasi, sosial-iqtisadi və etik-əxlaqi görüşləri mükalimə müstəvisinə çəkən verilişlər sırasında “Məclisi-üns”ün, “Azərbaycan dili”nin, “Haqqın dərgahı”nın, “Azərbaycan tarixi”nin, “Muğam dünyamız”ın, “Yada düşər xatirələr”, “Səadət”, “Təmas nöqtəsi”, “Təhsil və tərəqqi”nin, “Turan” və başqalarının adını çəkməyə bilmərik.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, ölkə telekanallarının əksəriyyəti gözlərimiz önündə “ayaq açıb yeridiyi” üçün onların əllərindən kimin tutub ərsəyə çıxartdığı gizli deyil. AzTV bütün resursları – həm yaradıcı, həm də maddi-texniki imkanları ilə ölkə teleməkanının formalaşmasında müstəsna rol oynamışdır. Bu sıraya heç bir istisna qoymadan özəl telekanalların qaranquşu olan ANS-dən tutmuş “Lider”, “Spaсe”, ATV və “sonbeşik” İTV aiddir.

Məsələn, hamının yadındadır ki, ANS efirə məhz AzTV-nin binasındаn çıxıb və fəaliyyətini iki-üç il ərzində məhz “doğma divarlar” arasında davam etdirib.

Belə bir maraqlı faktı da gözardı qoymaq olmaz ki, vaxtilə AzTV-dən özəl telekanallara getmiş televiziya mütəxəssislərinin son dövrdə yenidən M.Hüseyn, 1 ünvanına qayıtdıqları müşahidə olunur. Eləcə də,  AzTV-nin də digər telekanallardakı istedadlı gənc kadrları QSC-yə cəlb etməsi anlaşılandır.

Son vaxtlar İctimai Televiziyadakı dəyişikliklərlə bağlı ölkənin çap və elektron mediasında baş qaldırmış ajiotajın da adi maraqla səbəblənmədiyi qənaətindəyik. Kimlərsə bu adi prosesi İTV-nin AzTV-nin nüfuz dairəsinə daxil olması kimi təqdim etməyə çalışır, kadr yeniliklərini konkret şəxslərə bağlamağa cəhd göstərir. Amma hər şey professional baxımdan çox adi və bəsitdir. Əgər nəzərə alsaq ki, İctimai Televiziyanın ilk baş direktoru həmişə AzTV-nin “şinel”indən çıxdığı ilə fəxr edən İ.Ömərov olmuşdur və bu kanalın özəyini təşkil edən komandanın üzvləri də vaxtilə AzTV-dən “transfer” edilmişdilər, onda yeni baş direktorun da məhz bu məkandan gəlməsi nədən təəccüblə qarşılanmalıdır? Maraqlıdır, bir vаxtlar həmin faktı məxsusi vurğulayanlar indi hansısa sövq-təbii ilə elə bir ab-hava yaratmaq istəyirlər ki, sanki İTV-nin təməlini qoyanlar elə Avropa Şurasından gəlibmişlər.  

O ki, qaldı yeni baş direktora, televiziya ictimaiyyəti yaxşı bilir ki, C.Quliyev də, onun cəlb etdiyi kadrlar da sahənin kifayət qədər peşəkar, səriştəli, yüksək işgüzar potensiala və etik-əxlaqi məziyyətlərə malik nümayəndələridirlər və onlar kifayət qədər ənənələri olan bu televiziyanın bəzi zərərli “vərdişlərini” dəf etərək inkişaf etdirməyə nail olacaqlar. Bu məqsədi yerinə yetirmək üçün dəyərli komanda yaratmağı hədəfləyən və hər bir idarəçi kimi bu amilin inkişafın vazkeçilməz şərti olduğunu yaxşı bilən C.Quliyevin 2011-ci ildən Azərbaycan Televiziya və Radio verilişləri QSC-nin nəzdindəki direktoru olduğu “Mədəniyyət” kanalından, habelə AzTV-in özündən peşəkarlığına və sənətkarlığına daha yaxından bələd olduğu adamları yanına dəvət etməsi ən azı başadüşüləndir.

İTV-nin fəaliyyətindən görünür ki, yeni baş direktor bacarıqlı və yaradıcı televiziyaçıları dəyişmək niyyətində deyil. Sadəcə, teleməkanda daha çox AzTV-nin efirindən müşahidə olunan daha incə zövqün, peşəkarlığın, kreativ yanaşmanın İTV-nin efirinə gətirilməsinə və seyrçilərə aşılanmasına çalışır. Artıq bu istiqamətdə konkret addımlar atılır, izləyicilərə mədəniyyət və incəsənətin ən gözəl nümunələri təqdim edilir, tok-şoulardakı fikir müxtəlifliyi, proqramlardakı rəngarənglik tamaşaçıları yenə də özünə cəlb etməkdədir.

Son illərdə AzTV-nin hər cür bayağılıqdan imtina edərək cəmiyyətə yalnız hörmət, ehtiram və işıq aşılayan şəxslərə efirdə yer verməsi maarifçilik ideyalarına sadiqliyindən irəli gəlir. Dəfələrlə vurğulanmışdır ki, AzTV-nin apardığı maarifçilik xətti, musiqi siyasəti cəmiyyətdə razılıqla qarşılanır. Ölkəmizin tanınmış siyasi, ictimai, elm, mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş sənədli filmlər, portret verilişlər, cəmiyyəti maraqlandıran fundamental məsələlərə dair tok-şoular, Ü.Hacıbəyli və M.Maqomayevin əsasını qoyduqları orkestrlərə yeni nəfəs verilməsi, muğam, opera və estrada müsabiqələrində uğur qazanmış gənc müğənnilərin bu kollektivlərə solist kimi cəlb edilməsi, milli, klassik və müasir musiqi janrlarının layiqincə və miqyaslı şəkildə təbliğ edilməsi olduqca təqdirəlayiqdir. Odur ki, bəzən hansısa qalmaqal müəllifinin AzTV-yə sifarişli çamur atmaq cəhdi, hətta bəzi az-çox tanınmış müğənnilərin mərkəzi televiziyanın efirində konsert proqramı ilə çıxış etmək qarşılığında astronomik məbləğlərin tələb olunduğu ilə bağlı səsləndirdikləri şayiələr “ayaq açıb yerimir”, ikrah doğurur.

Bir məqamı da insaf xatirinə qeyd etmək lazımdır ki, TV ilə bağlı mürtəce, qərəzli, konyunktur tənqid bol olsa da, xeyirxah, islahedici, yol göstərən tənqid yox dərəcəsindədir. Məlum məsələdir; xeyirxah tənqid hardasa obyektiv tənqiddir. Obyektiv tənqid isə yalnız peşəkar adamların bacara biləcəyi işdir. Peşəkarlarımız yox deyil. Amma işgüzar və gerçəkçi tənqid qəhətə çəkilib. Hesab edirik ki, televiziya tənqidinin formalaşdırılması üçün mətbuatla televiziyanın işgüzar, sağlam və qarşılıqlı iş birliyinə ehtiyac vardır. Nəzərdə tutulan yeni layihələrin çap mediasında müzakirəyə çıxarılması işin xeyrinə olar və auditoriyanın mövqeyinin zondlaşdırılması baxımından fayda verərdi.

Heç şübhəsiz, televiziya müstəqil fəaliyyət sahəsi olmaq etibarilə həm də bir biznes layihəsidir, sahibinə pul qazandırmalıdır. Ancaq televiziya, eyni zamanda, böyük bir auditoriyaya açılan xitabət kürsüsüdür, maarifçilik məbədidir, əxlaq, mədəniyyət, mənəviyyat örnəyidir, nəhayət, siyasətdir. Telekanalların konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı