Modern.az

Müşfiq Ələsgərli: “Redaksiyalarda jurnalistlərin maaşları artıb, amma...”

Müşfiq Ələsgərli: “Redaksiyalarda jurnalistlərin maaşları artıb, amma...”

17 İyul 2013, 13:09

Jurnalistlərin işi, hansı şəraitdə işləmələri, aldıqları əməkhaqlarının azlığı hər zaman müzakirə mövzusu olub və bunların qələm sahiblərinin tələblərini və tələbatlarını ödəmədiyi haqqında qeydlər edilir. Bu gün ən çox diqqət yetirilən isə əməkhaqlarının azlığıdır.

Bəs jurnalistlərin indi aldıqları məvaciblər qanedicidir? Əvvəlki illərlə müqayisədə artım müşahidə edilib, ya yox?   Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında bildirib ki, onlar 2003-cü ildən daimi olaraq jurnalistlərin əməkhaqları ilə bağlı sorğular keçirir və ilin sonunda nəticələri açıqlayırlar.

“Sonuncu 2012-ci il üçün apardığımız nəticələr göstərir ki, çap mediasında çalışanların orta aylıq əməkhaqqı 350-400 manat, informasiya agentlikləri, internet mediasında çalışan jurnalistlərin orta aylıq əməkhaqqısı 400-500 manat, regional KİV-lərdə çalışan jurnalistlərin orta aylıq əməkhaqqı 200-250 manat civarındadır. Bu çıxardığımız orta rəqəmdir. Çox az olan spesifik redaksiyalar var ki, burada əmək haqqı 500 manatdan yuxarı, hətta 700-800 manat civarında və daha yuxarı olur”.

M. Ələsgərli 2008-ci illə müqayisədə hazırda jurnalistlərin əməkhaqlarının artımında ciddi dəyişiklərin olduğunu qeyd edib.

“Müqayisə üçün biz 2008-ci ili götürürük. Çünki 2008-ci ildən sonra Azərbaycan KİV-ində ciddi dönüş oldu və KİVDF yarandı və redaksiyalara ciddi şəkildə maddi-texniki, maliyyə dəstəyi göstərildi. 2008-ci illə müqayisə etsək, bu gün jurnalistlərin iş prosesində 60 faizə qədər dəyişmə və inkişaf var. Bu çox ciddi göstəricidir. Göstərici təkcə əmək haqqında deyil, əmək münasibətlərinin rəsmiləşdirilməsində, əmək müqavilələrinin bağlanmasında, istirahət hüququnun təmin olunmasındadır. Amma bunlar nə qədər qaneedici olması məsələsi müzakirə doğurur. Əlbəttə, əməkhaqqının son məbləği yoxdur, hər kəs istər ki, daha çox əməkhaqqı alsın”.

JuHİ sədrinin sözlərinə görə, bu gün jurnalistlərin vəziyyəti orta azərbaycanlının alıcılıq və qazanc qabiliyyətindən yaxşıdır. “Amma burada iki problem ortaya çıxır. Birincisi, alınan əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlıdır. Redaksiyaların çoxunda hələ də “qara kassa”nın saxlanılmasının şahidi oluruq və jurnalistlərin real aldıqları əməkhaqqı ilə onların rəsmiləşdirilən əməkhaqları arasında fərq əmələ gəlir.

İkinci tərəfdən, əməkhaqqının artmasının vacib bir şərti var. Ölkədə ipoteka kreditləşməsi və bir sıra digər kampaniyalar həyata keçirilir ki, burada əməkhaqqının minimum 500 manatdan yuxarı olması qeyd olunur. Əlbəttə arzulanan odur ki, jurnalistlər minimal olaraq 500 manat əməkhaqqı alsınlar ki, o tip kampaniyaların tərkibinə düşə bilsinlər. Təbii ki, burada redaksiyaların imkanları və jurnalistlərin yaradıcılıq qabiliyyətləri və s. nəzərə alınmalıdır”, – deyə JuHİ sədri qeyd edib”.  

Aytən ƏLİYEVA
 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər