Modern.az

Zəhlətökən şəkilçilər “mışdır”, “müşdür” - Jurnalistlər hansı dövlət qurumlarının press-relizlərini təmizləyirlər - SORĞU

Zəhlətökən şəkilçilər “mışdır”, “müşdür” - Jurnalistlər hansı dövlət qurumlarının press-relizlərini təmizləyirlər - SORĞU

Media

22 İyul 2013, 10:25


Jurnalistlər həmişə xəbər axtarışında olurlar. Hərdən də elə olur ki, müxbirin bəxti gətirir, xəbər onun ayağına daha doğrusu, e-mail poçtuna gəlir. Amma vay o gündən ki, müxbir həmin xəbəri oxuya və heç nə baş düşməyə. Qarma-qarışıq fikirlər, hər cümlənin axırındakı yersiz “mışdır” sonluğunu düzəldənə kimi yeyib-içdiyi burnundan gəlir. Hətta bir uzun cümlədən informasiyanı abıra salmaq üçün fikirləşib baş sındırmağını demirəm.

Modern.az saytı jurnalistlərdən mətbuat xidmətlərinin yaydığı press-relizlərlə bağlı münasibət öyrənib.

“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan deyir ki, müxalifət qəzeti olduqlarından, demək olar ki, onlara press-reliz göndərilmir.
“Nazirliklərin press-relizlərini almırıq, yollamırlar, ya biz abunə olmamışıq, deyə bilmərəm. Amma zəng edəndə qismən də olsa, suallarımıza cavab ala bildiyimiz nazirliklər, komitələr və digər rəsmi strukturlar var. Onların təxmini siyahısı bu cürdür: Nəqliyyat Nazirliyi, XİN, DİN, Baş Prokurorluq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, TQDK, Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Torpaq Komitəsi və s.
Mikayıl Cabbarov nazir təyin olunana qədər isə ən yaxşı əməkdaşlıq etdiyimiz nazirliklərin ilk sırasında Təhsil Nazirliyi idi. Təəssüf yeni nazir gələndən sonra Təhsil Nazirliyinin mətbuat xidməti suallarımıza çevik cavab vermir”.

Lent.az-ın əməkdaşı Anar Məcidzadə isə hesab edir ki, nazirliklər və mərkəzi icra hakimiyyəti orqanları arasında ən yaxşı press-reliz yayan qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Nazirlər Kabineti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adlarını çəkmək olar.
”O ki digər qaldı KİV-lərə, fikrimcə, media sahəsində pis xəbər təqdimatı yoxdur. Amma peşəkarlığa gəldikdə, APA, Trend, Lent.az, Modern.az-ın adlarını çəkmək olar. Dövlət qurumları arasında pis press-reliz yayanların adını çəkmək istəməzdim”.

Apa.az saytının redaktoru Cavid İsmayıl son illər ölkədə “Elektron hökumət”ə keçilməsini bir çox nazirliklərin mətbuat xidmətlərində əhəmiyyətli dönüşə səbəb olduğunu deyir. Onun sözlərinə görə, bundan sonra hətta ana dilimizi bilməyənlər belə, Azərbaycan türkcəsini öyrənmək və bu dildə press-reliz yazmaq məcburiyyətində qaldılar.
“Təbii ki, illər uzunu rus dilində danışıb bizə yuxarıdan-aşağı baxan bir təbəqəni öz dilimizdə danışan görmək bizə xoşdur. Bu baxımdan hansısa nazirliyin mətbuat xidmətini dil baxımından qeyri-peşəkar açıqlama hazırlamaqda ittiham etmək doğru olmazdı. Xüsusən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, DİN, TQDK mətbuat xidmətlərinin işi təqdirəlayiqdir. Amma mən iki qurumu “xüsusi” qeyd etmək istərdim. Azərbaycanın Gürcüstan və Belarusdakı səfirlikləri press-relizlərini həmişə rus dilində yazıb göndərirlər. İlk dövrlərdə biz onları tərcümə edirdik, lakin sonradan dilimizə hörmət əlaməti olaraq ya ümumiyyətlə sayta vermirik, ya da göndərdikləri dildə yerləşdiririk”.

Mediaforum.az saytının əməkdaşı İmdad Əlizadə Dövlət Gömrük Komitəsi, Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərinin yaydıqları press-relizləri düzəltməkdən cana gəlib. Həmkarım deyir ki, həmin qurumların yaydığı informasiyadan heç nə anlamaq olmur.
“İqtisadi qurumların press-relizləri bərbad vəziyyətdə olur. Rəqəmlər bəzən bir birinə uyğun gəlmir. Ya da bilmirsən yeni informasiya hansıdır, köhnə hansı. Bundan başqa son illərdə ən çox press-reliz yayanlar arasında QHT-lər xüsusən fərqlənir. Amma onların press-relizləri çox bərbad vəziyyətdə olur”.
İmdad Əlizadə qurunun oduna yaşı da yandırmaq istəmir. Deyir ki, nazirliklər arasında yaxşı məlumat yayanlar da az deyil.
”Dövlət Sosial Müdafiə Fondunun, Bakı Dövlət Universitetinin, Baş Prokurorluğun, Kənd Təsərrüfatı Nazirliyinin, Xarici İşlər Nazirliyinin press-relizlərinə heç əl gəzdirməyə ehtiyac olmur. Bu qurumların press-relizləri həm yeni məlumatı yaxşı təqdim edirlər, həm də mətbuatın dilinə uyğun olur”.

“Aznews.az” saytının əməkdaşı Bahar Rüstəmli Mədəniyyət Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun yaydığı məlumatları əla hesab edir.
“Ümumiyyətlə, son vaxtlar press-relizlər göndərilmir. Bunlar onların öz saytlarında yerləşdirilir. Yəni bu da əsas problemlərdən biridir. Deyirlər ki, zəhmət çəkin, saydan götürün. Bu da jurnalistə lazım olmur. Onlar mətbuata baxırlarsa press-reliz də göndərməlidirlər”.

Qafqazinfo.az saytınınn redaktoru Elnur Məmmədlini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Seçki Komissiyasının, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər  Nazirliyinin press-relizləri tam qane edir. Onun dediyinə görə, həmin nazirliklərin yaydığı məlumatlar media dilinə uyğun olur.
Elnur Məmmədlinin sözlərinə görə, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, bəzi hallarda Vergilər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyinin press-relizlərindəki cümlələr həddindən artıq uzun olur.
“Bəzən cümlədə bir deyil, bir neçə bitmiş fikir olur. Bu da medianın işi üçün problem yaradır. Yəni bir press-relizdən xəbər hazırlamaq üçün sözün əsl mənasında baş sındırmaq lazım gəlir”.

“Gündəlik Teleqraf”
qəzetinin müxbiri Səxəvət Həmid bildirib ki, işlədiyi mətbu orqanda press-relizlərdən istifadəyə bir qayda olaraq çox da önəm verilmir. Daha çox şəxsin özündən və ya dövlət qurumunun rəsmisindən alınmış açıqlamalara, müsahibələrə, eyni zamanda reportajlara əhəmiyyət verilir: “Bu da təbii ki, doğru yanaşmadır. Çünki press-relizi yayan orqan özünün demək istədiklərini deyir, açıqlamanı alan jurnalist isə onu maraqlandıran məsələləri qoyur. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən Azərbaycan ədəbi dilində 5 funksional üslub var ki, bunlar da bədii, publisistik, elmi, rəsmi-işgüzar və məişət üslubudur. Aydındır ki, KİV-də istifadə olunan üslub publisistik üslubdur. Dövlət qurumlarının yaydığı press-relizlər isə rəsmi-işgüzar üslubda yazılmalıdır və yazılır. Bu baxımdan dövlət qurumlarının press-relizləri bəzən quru, cansıxıcı təsir bağışlasa da, əslində həmin press-relizlərdəki standart forma təbii qarşılanmalıdır. Jurnalist mətni təhrif etmədən, ona xələl gətirmədən rəsmi-işgüzar üslubda yazılmış press-relizi publisistik üsluba transformasiya etməyi bacarmalıdır”.
S. Həmid deyib ki, bu mənada söhbət press-relizlərin nə dərəcədə savadlı yazılmasından, faktları nə dərəcədə düzgün əks etdirib-etdirməməyindən gedə bilər: “Şəxsən mən elektron poçt ünvanıma dövlət qurumlarından daxil olan məlumatlarda bununla bağlı hər hansı xoşagəlməz vəziyyət müşahidə etməmişəm. Xüsusilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatlarında səhvə rast gəlmək mümkün deyil. Daha çox özəl qurumlardan, siyasi partiya və ictimai təşkilatlardan daxil olan məlumatlarda səhvlər aşkarlamaq mümkündür. Bunu da hardasa təbii qarşılamaq olar. Çünki dövlət qurumlarının maddi-texniki bazası, kadr potensialı ilə hansısa ictimai təşkilatı müqayisə etmək belə, mümkünsüzdür. Ancaq siyasi partiyaların mətbuat xidmətləri arasında yaydığı məlumatların dolğunluğuna, operativliyinə, qüsursuz olmasına, məlumatın həcminin düzgün seçilməsinə görə Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin adını çəkmək yerinə düşər”.

“Ann.az” saytının əməkdaşı Elkin Xəlilov deyir ki, əslində press-relizlər saytın e-mail və baş redaktorun ünvanına gəlir. “Yəni təsadüf hallarda kimsə müxbirə məlumat göndərir. Belə, istənilən dövlət qurumunun və ya qeyri təşkilatların mətbuata yaydığı məlumatlarda əyri-əskikliklər olur. Bu da xüsusilə dili ağırlaşdıran sözlərdən, şəkilçilərdən istifadə olunmasıdır. Yəni nisbət fərqiylə götürdükdə Baş Prokurorluğun, Milli Təhlükəsizdik Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin yaydığı məlumatlar yaxşıdır. Kənd Təsərrüfatı Nazirliyi, Ombudsman Aparatının yaydığı məlumatlar isə digərlərinə nisbətən yaxşı vəziyyətdə olmur. Bir şeyi də demək istəyirəm ki, yaxşı olar göndərilən press-relizlərdə uzunçuluğa yol verməsinlər və hazırda mətbuatda istifadə edilməyən şəkilçilərlə yazı yazmasınlar”.

“Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva da mətbuat xidmətlərinin göndərdikləri informasiyaların qolunu-qıçını düzəltməkdən təngə gəlib. “Ümumiyyətlə mətbuat xidmətləri press-relizləri “mışdır” “müşdür”lə göndərirlər. Bilə-bilə ki, mətbuat o şəkilçiləri ixtisar edir, yenə də özlərinə əziyyət verirlər. Amma onları da günahkar görmürəm, çünki rəhbərlik belə tələb edir. Məncə artıq nazirliklər, dövlət qurumları anlamalıdırlar ki, onların “mışdır”, “müşdür”ləri jurnalistlərin işini artırmaqdan savayı bir işə yaramır. Demək olar ki, bütün qurumlar belə göndərirlər. Bircə Ekologiya Təbii Sərvətlər Nazirliyindən press-relizlər mətbuatın dilinə uyğun gəlir. Qalanları “keçirilmişdir”, “qeydə alınmışdır”la press reliz göndərirlər ki, bizim də ilk işimiz o zəhlətökən şəkilçiləri təmizləmək olur. Məncə “mışdır”, “müşdür”ləri press-relizlərdən yığışdırmaq xəbərin rəsmiliyini azaltmır. Əksinə, daha oxunaqlı edir. Gec də olsa, mətbuat xidmətləri press-relizlərin dilini ağırlaşdıran şəkilçilərdən əl çəksələr yaxşı olar. Amma belə də heç press-reliz yaymayanlarla müqayisədə yenə də “mışdır” “müşdür”lə də olsa, xəbər göndərən mətbuat xidmətlərinə şükür.
“Azərsu”dan gələn press-relizlər də mətbuatın dilinə uyğun olur. Bu da ondan qaynaqlanır ki, “Azərsu”nun hazırkı mətbuat xidməti şöbəsində çalışanların əksəriyyəti vaxtilə peşəkar jurnalist olub”.

Simsar.az saytının redaktoru Elmar Hüseynov
deyir ki, dövlət qurumlarında işləyən mətbuat xidmətinin əməkdaşlarının əksəriyyəti ya jurnalist olmurlar, ya da ümumiyyətlə bu adamların jurnalistikadan, press-reliz yazmaqdan xəbərləri yoxdur.
”Sizi inandırım ki, elə press-reliz göndərirlər ki, bəzən 32 sözdən ibarət cümlələr olur. İndi yazıq jurnalist oturub baş çıxarsın görək, bu sözləri necə 3-4 sözlük cümlələrə çevirsin. Bu da həmin nazirliklərin ictimaiyyətlə əlaqəsinin hansı səviyyədə qalmasından xəbər verir. Diqqət edin ki, hələ də press-relizi sovet sistemindəki kimi qalan nazirlikdə görülən işlər hansı səviyyədədir.
Ümumiyyətlə, harda olmasından asılı olmayaraq, bütün qurumlar öz işini gərək günün tələbi səviyyəsində qursun. Məncə Müdafiə Nazirliyinin press-relizlərinə baxdıqda görürsən ki, jurnalisti yormur. Bu press-relizi jurnalistin əziyyətsizliyinə görə ən yaxşı press-reliz adlandırmaq olar.
Ancaq ən pis press-reliz İqtisadi İnkişaf Nazirliyindən gəlir. Ən çox xoşladığım press-relizlər isə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən gəlir”.

Modern.az-ın redaktoru Əfqan Qafarlının sözlərinə görə, rəsmi qurumlardan göndərilən press-relizlərr bir qayda olaraq saytın elektron poçtuna gəlir və onlara əksər hallarda özü baxır.
”Gün ərzində e-mailimizə dövlət idarələrindən, QHT-lərdən və digər qurumlardan onlarla press-reliz daxil olur. Biz də Modern.az saytı olaraq hər sıradan press-relizi yaymırıq, daha çox ictimai maraq kəsb edənlərinə üstünlük verib portalımızda yerləşdiririk. Buna görə də nazirliklərin mətbuat xidmətlərindən xahiş edirəm  bizdən inciməsinlər, onların hər birinə hörmətimiz var və əməkdaşlıqda maraqlıyıq. Bu əməkdaşlığı isə çalışırıq press-relizlər vasitəsilə deyil, işçilərimizin onlardan aldığı özəl açıqlamalarla quraq. Təəssüf ki, bəzi hallarda çətinliklərlə qarşılaşırıq.
Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, “Azərsu” ASC, Baş Prokurorluq, DİN, XİN, TQDK, “Dövlətqaçqınkom”, Müdafiə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Hesablama Palatası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Modern.az-la əməkdaşlığını yaxşı qiymətləndirmək olar.
O ki qaldı yayılan press-relizlərə, vəziyyət o qədər də xoşagəlməz deyil. Sadəcə cümlələrdə “mışdır”, “mişdir” kimi şəkilçilərdən imtina olunsa, press-relizlərin dili xeyli yüngülləşər. Onsuz da biz həmin şəkilçiləri kəsib atırıq. Amma buna görə,  mətbuat xidmətlərinin rəhbərlərini də qınamaq olmaz, dövlət qurumlarına rəhbərlik edən məmurların tələbi belədir ki, press-relizlər o cür yayılsın. Məmurlar elə bilirlər ki, press-relizlərdə “mışdır”, “mişdir” şəkilçisi yazılmayanda, rəsmi çərçivədən kənaraçıxma baş verir.
Təəssüf ki, bu məsələdə QHT-lər dövlət qurumlarını geridə qoyur. Məncə QHT-lərdən daxil olan press-relizlərin dili daha pis və bərbad vəziyyətdə olur. Yalnız Mətbuat Şurasının press-relizinə əl vurmadan sayta qoymaq olar”.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır