Modern.az

İqbal Ağazadə: “Bu gün tanınan siyasətçilərdən heç kim Qarabağ müharibəsində döyüşməyib” - MÜSAHİBƏ

İqbal Ağazadə: “Bu gün tanınan siyasətçilərdən heç kim Qarabağ müharibəsində döyüşməyib” - MÜSAHİBƏ

Müsahibə

22 İyul 2013, 11:45

”Mənə yazılmış 20 səhifəlik sevgi məktubunu hələ də saxlayıram”

Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadədir. Bir çoxlarından fərqli olaraq, İ.Ağazadə qısa zaman kəsiyində müsahibəyə razılıq verdi. Söhbət elə partiya qərargahında baş tutdu.

– Bayırda dəhşət isti var. Bu bürküdə işləriniz necə gedir? Partiyanız seçkilərə necə hazırlaşır?

– Ümumi əhval-ruhiyyə seçkiyə uyğundur. Bu ab-havaya köklənəndə gərginlik daim olur. Həm ölkədəki hadisələr, həm hakimiyyətin qanunsuzluqları, həm də siyasi institutların uzun illər Azərbaycanda hakimiyyət tərəfindən basqılara məruz qalması baxımından çətinlik çoxdur. Yayın istisiylə bərabər, buna da dözməyə məcburuq. Demokratiya – bir prosesdir. Onun dinamikası arta, azala bilər. Amma heç bir halda dayanmamalıdır. Çünki dayanacaqsa, mexanizmi işə salmaq olduqca ağır bir şeydir.

– Yəqin, istirahətə, dənizə getməyə də vaxt tapmırsınız...

– Axırıncı dəfə nə vaxt istirahət etdiyimi unutmuşam. İdmanla məşğul oluram. Amma dənizə getmək imkanlarım çox məhduddur.

– Ümid Partiyası müxalifətin bir qoludur. Siz həm də Milli Məclisdə təmsil olunursunuz. Maraqlıdır, parlamentdə “ana müxalif” kimdir? Məsələn, Sabir Rüstəmxanlı deyir ki, mənəm...

– Biz müxalifətin anasına, atasına babasına iddialı deyilik. Biz hər kəsdən fərqli olaraq, müxalifətdəki yer uğrunda mübarizə aparmırıq. Mən hakimiyyət uğrunda mübarizə aparıram. Bütün prosesləri bunun üzərində qururam. Bir dəfə dostlarıma zarafatla dedim: “Kim mənə kömək edəcək ki, mən iqtidar olum, mən də ona kömək edəcəyəm ki, ana müxalifət olsun”.

– Bu gün İqbal Ağazadəni hakimiyyət “ana müxalifət” kimi yetişdirir fikirləri səsləndirənlər də var.

– 2001-ci ildən bu yana mövcud iqtidar haqqında onun bu hakimiyyətdən alınması üçün bütün gücümü, enerjimi oturduğum kreslomu, dostlarımı, ailəmi zərbə altında qoymuşam. Heç zaman bir çıxışım belə tapılmaz ki, 2001-ci ildən bu yana bu hakimiyyətə hansısa mövqeyimdə güzəştli, yalançı mövqe ortaya çıxsın. Mövcud hakimiyyət Heydər Əliyevin varisidir. Bu varisliyi kim tanıdıb? Bu hakimiyyəti kim verib? Bir qrup deyir ki, o dövrdə vətəndaş müharibəsi olmasaydı, hakimiyyət təhvil verilməyəcəkdi. Mən bu hakimiyyətə səlahiyyət verməmişəm.


– Ümid Partiyası bu gün hakimiyyətə gələcək gücdədirmi?

– Əlbəttə. Siyasi partiyanı hər kəs belə tanımaq istəyir. Partiya sanki nazirləri, vergi, polis rəisi, icra başçısı ilə komandanı əvvəlcədən formalaşdırmalıdır. Partiya təbliğat aparmaq üçündür. Partiya ideya və məqsədləri ortaya qoymaq üçündür.

– O zaman niyə siz parlamentdə müxalifət partiyası olaraq digər partiyalarla birləşib fraksiya yaratmırsınız?

– “Sən niyə mənim kimi düşünmürsən” deyə kimisə ittiham etmək niyyətim yoxdur. Sadəcə, bizim fikirlər və düşüncələr üst-üstə düşmür. Heç kimi təsnifatlandırmıram. Sadəcə, onlarla bir yerdə mübarizə apara bilmirəm. Hər kəs gücü miqyasında mübarizə aparır.

– Rəqibləriniz deyir ki, siyasi fəaliyyət sizə şəxsi biznesinizi yaratmaqda vasitə olub...

–Siyasətə də qazanc üçün gəlməmişəm. Əksinə, qazandıqlarımı siyasətə qoymuşam.

– Zahiri görünüşcə sərt insan təsiri bağışlayırsınız. Səsinizdə də o ahəng duyulur.

– Səsim xoşunuza gəlmədi?

– Əsla. Gözəl ahəngi var.

– Siyasətçi həmkarlarınızdan kiminlə küsülüsünüz? Deyirlər, Əli Kərimli ilə münasibətləriniz hamar deyil...

– Əli Kərimli ilə küsülü deyiləm. Ümumiyyətlə, küsülülük anlayışını qəbul etmirəm. Mövqelərimiz üst-üstə düşməyə bilər. Bu, o düşüncənin hakim olduğu məkan üçündür.

– Səhv etmirəmsə, Əli Kərimliyə görə Əhəd Abıyevə təpinmişdiniz...

– Əhəd Abıyevlə heç o zaman ünsiyyətim olmayıb. Sadəcə, Əli Kərimlinin ailəsi haqqında tərbiyəsiz ifadə işlətmişdi. Kişinin ailəsinə, qadınına ünvanlanmış söyüşü qəbul edə bilmirəm.

– Biz vətəndaş kimi necə vətəndaşıq?

– Bizim dövlət təfəkkürümüz, dövlətçilik mədəniyyətimiz bizi vətəndaş kimi formalaşdıra bilməyib. Biz hələ vətəndaş deyilik. Dürüst qarşısında borcunu verə biləcək məsuliyyətini dərk edə biləcək bir vətəndaş səviyyəsinə qalxmamışıq. Biz yaxşı şəxsi tərbiyə görmüşük, yaxşı oğuluq, qızıq, atayıq, anayıq. Biz yaxşı qrup tərbiyəsi görmüşük. Elik, obayıq, kəndik, tayfayıq. Öləndə qoymarıq kimsə yerdə qalsın. Amma, dövlətimiz olmadığına görə, dövlət tərbiyəsinin nə olduğunu bilmirik.

– 20 ildən artıqdır ki, dövlət tərbiyəsindən xəbərsizik?

– Bu, bir ildə də yarana bilər. 20 ildə yaranmaya da bilər.

– Təqsirkar kimdir?

– Dövlət. Dövləti iki şeyə görə sevirlər. Dövlət vətəndaşı iki şeyə görə formalaşdırır. Ordu və məhkəməyə görə. Ordu onu xarici müdaxilələrdən qoruyur. Məhkəmə onu daxildəki qanunsuzluqlardan. Beləcə, sən vətəndaş olursan. Azərbaycan ordusu Azərbaycanı xaricdən qoruya bilməyib torpaqlar işğal olunub. Azərbaycan məhkəmələri Azərbaycan vətəndaşını daxildən qorumur, haqsız qərarlar çıxarır və hər kəs məhkəmədən narazıdır. İstəyirsiniz, gündə televiziyada min vətənpərvərlik mövzusunda veriliş verin. Heç zaman “Bayrağı sev, bu sənin bayrağındır” deyə bilməz. Məhkəmə yeganə yerdir ki, orda dövlət adından qərar çıxarılır. O dövlətin adından çıxarılan qərarda vətəndaş ədalət görəcəksə, o bayrağı sevəcək. Çünki o bayraq altında çıxarılır.

– Niyə Milli Şurada təmsil olunmadınız?

– Fundamental baxışlarımız üst-üstə düşmür.

– Rüstəm İbrahimbəyovu necə dəyərləndirisiniz?

– Rüstəm İbrahimbəyovu həddən artıq çox sevirəm. Amma Rüstəm İbrahimbəyova ölkəni etibar etmərəm. 74 ildə adam bir dəfə siyasi söz danışmayıb. İndi necə deyəsən ki, gəl, ölkəni idarə elə!

– Sizcə, İsa Qəmbər daha yaxşı namizəd deyil? Vətəndaş mövqeyinizdən yanaşdıqda...

– 2003-cü ildə İsa Qəmbərin ən yaxın müttəfiqi idim. Vəzifə bölgüsünə gələndə hər şeydən imtina etdim. Məclisdə oturmuşam, deputatam. Heç nə istəmirəm.

– 2003-cü il sizin Azadlıq meydanına gəlişinizi xatırlamamaq olmur...

– Hacıbala Abutalıbov ağlı kəsməyən şeyləri deyirdi, məsələn asfaltı dağıtdılar. Əllə asfalt dağıdan idik!? Həbs olunduqda Hacıbala Abutalıbovun mənə qarşı bu ittihamı irəli sürmüşdü. Guya  Bakı Şəhəri İcra Hakimiyyətinə 5 milyon manat ziyan vurmuşam.

– Neçə ay həbsdə yatdınız?

– Yatmadım. 17 ay həbsdə oturdum (gülür).

– Son vaxtlar şou nümayəndələri bir-birlərini qırır. Hamısı da xalq artistləridir. Siz bu haqda nə düşünürsünüz?

– Hakimiyyət düşünsün o barədə.

Siz də hakimiyyətə gəlmək barədə düşünürsünüz...

– Hakimiyyətə gələndə o barədə düşünəcəm. İndi bu, mənim problemim deyil. Sadəcə, oxuyub pulunu qazanırsan. Xalq artisti nədir?! Əməkdar artist nədir?! Bu titullar ləğv olunmalıdır. Məgər Rihanna, Cennifer Lopez xalq artistidir?! Pavarottidən böyükmü oxuyandırlar?! Səsləri ilə çörək pulu qazanırlar. Biz də feyziyab oluruq. Əl çalırıq, gül veririk, yeri gələndə pul veririk.

– Pulu nə vaxt verirsiniz?

Toya dəvət edəndə. Hansı biri gəlib pulsuz oxuyur ki!?


– İqbal bəy, Qarabağın çıxış yolu müharibədirmi?

– Deyəcəm sizə. Əvvəla Qarabağa baxış edək. Ayaz Mütəllimov elə bilirdi ki, Qarabağ problemini həll etməyə ona mane olan müxalifətdir. Başladı müxalifətlə döyüşməyə. Kənardan baxan Əbülfəz Elçibəyə elə gəldi ki, çatışmayan milli qeyrətdir, milli düşüncədir, milli hakimiyyətdir. Dedi, hakimiyyət olsa, həll edəcəyəm. Gəldi, gördü bu deyil. Bundan bir az da uzaqdan baxan Heydər Əliyev düşündü ki, çatışmayan peşəkarlıqdır. Dedi, pencəyimi çiynimə atıb Xankəndinə gedirəm, bu problem nədir ki, bunlar həll edə bilmir. Gəldi, gördü o deyil. Bu indiki Azərbaycan hakimiyyəti elə bilir ki, çatışmayan puldur. Silah, neft, pul olsa, həll olunacaq. Həll bu deyil.
Problemi doğuran səbəb Rusiyadır. Rusiya keçmiş sovet respublikalarını öz nəzarətindən çıxarmamaq üçün etnik milli konfliktlərdən istifadə edir. Biz ilk növbədə Rusiyanın regiondan çıxmasına nail olmalıyıq. Dərhal Türkiyə-Ermənistan sərhədi açılmalıdır. Özün regionda güc balansı yarada bilmirsənsə, güc yaradan tərəfi regiona buraxmalısan. Artıq sən yox, regionda Rusiya, Türkiyə üz-üzə dayanmalıdır. Bu proses başlayandan sonra Cənubi Qafqaz birliyi haqqında düşünmək lazımdır.

– Müharibədə iştirak etmisiniz?

– Bu gün tanıdığınız siyasətçilər içərisində yeganə döyüşən mən olmuşam. Görünən simalardan heç kim müharibədə döyüşməyib. Bir partiya sədri göstərə bilməzsiniz.

– Siyavuş Novruzov deyir ki, müharibədə döyüşüb...

– Harda? Özünü biabır etməsin!..

– Deyir Əfqanıstanda da döyüşüb.

– Bəlkə Tacikistan dağlarından baxıb o tərəfə...

– Bir çoxları Rəsulzadəni qəbul etmir...

–Əslində, o, bu gün mövcud olan Azərbaycanın əsasını qoyub. Müstəqil dövləti elan edib. Etməsəydi, Rusiyanın Dağıstan kimi bir əyaləti ola bilərdik və heç vaxt Rusiyanın tərkibindən azad ola bilməzdik. 23 ay, yaxud 15 ay yaşadı, fərq etməz. Onun rolu bir ömür boyu tarixdə qalasıdır. Əbülfəz Elçibəy dövründə milli azadlıq deyilən bir proses vardı. Səhv ilə, düzü ilə bu insan bunun lideri olub. 1993-cü ildə komanda olaraq, hakimiyyətdə doğru-dürüst siyasət yürütməyiblər. Amma həm də hakimiyyəti könüllü təhvil veriblər. Heydər Əliyev gəldi, hakimiyyətdə pis, yaxşı qarşıdurmanı aradan qaldırdı. Bu da bunun xidmətləri idi. Azərbaycanda inkarçılıq dəhşətli bir haldır.

– Adını çəkdiyiniz 3 şəxsiyyətdən hansı mükəmməl idi?

– Düşüncəmə görə, bunların heç biri Azərbaycan problemlərini həll edib mükəmməl Azərbaycan yarada bilmədilər. Mənim üçün Rəsulzadə zirvədir.

– Bir az da ailənizdən danışaq. Xanımınız Tibb Universitetini bitirib. Amma işləmir.

– Uşaqlar balacadır. Qızım 4-cü sinifdə oxuyur, oğlum 9-cu sinifdə.

– Bildiyimə görə, fars dilini yaxşı bilirsiniz. Elmi əsər yazmaq fikriniz yoxdur ki?

– Yox. Fars dilindən çoxdan uzaqlaşmışam. Siyasəti peşə seçdim. Tale belə gətirdi ki, siyasətçi oldum.

– Gözəlliyi necə qavrayırsınız? Gözəl xanım necə olmalıdır?

– Mənim üçün gözəl olan yanımda olur. Yadınızda saxlayın. Çirkin qadın olmur. Kişi gözəl qadın axtarırsa, deməli, o qocalıb. Məsələn, Türkan Şoray mənim üçün gözəl qadın deyil. Misilsiz gözəl anlayışı deyil. Rafiq Həsənin bir şeiri var. Allahmı gözəldir, yoxsa qadınlar? Şeytanmı gözəldir, yoxsa, qadınlar!

– Pedaqoji fəaliyyətlə də məşğul olmusunuz. Eşitdiyimə görə, tələbələrinizdən biri sizə vurulubmuş.

– Biri yox, hətta, bir neçəsi olubdu. Universitetdə bir gözəl xanım vardı. Mən də nişanlı idim. Bir gün pilləkəndən düşəndə mənə yaxınlaşdı. Hətta o qızın başqa kurslardan çoxlu sayda pərəstişkarları vardı. Mənə məktub verdi. Təxminən 20 səhifəlik məktub idi.

– O məktub durur?

– Bəli.


Namidə BİNGÖL
Ulduz İBRAHİMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!