Modern.az

Rəşad Məcid: “Heydər Əliyev dedi ki, “indiyədək heç kimə demədiyim məsələləri sizə açıram”"

Rəşad Məcid: “Heydər Əliyev dedi ki, “indiyədək heç kimə demədiyim məsələləri sizə açıram”"

Media

23 İyul 2013, 12:13

İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimi olub. Mərasimdə “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də çıxış edib. Modern.az R.Məcidin çıxışını təqdim edir:

- Hörmətli cənab Prezident, bu gün elə bir gündür ki, hissiz, həyəcansız, emosiyalardan uzaq danışmaq çətindir. Bəlkə 138 il öncə mətbuatımızın banisi Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nüsxələrini alanda kövrəlmişdi, kövrək duyğular keçirmişdi, onun bir neçə həmfikirinin gözləri yaşarmışdı. Amma heç vaxt bütün mətbuatımızın tarixində belə bir hadisə olmayıb ki, bu qədər qələm adamı, onların yaxınları, doğmaları bu cür sevinc içərisində olsunlar. Bəlkə bu gün burada əyləşən insanlar arasında elələri vardır ki, sevincdən kövrəlir, göz yaşlarını, qəhərini boğur, amma təkliyə çəkilən kimi öz minnətdarlıqlarını, alqış və dualarını bildirirlər. Bütün bu alqış və duaların tək ünvanı Sizsiniz cənab Prezident! Bu xoş anları bəxş etdiyinizə, böyük ürəyinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Əlbəttə ki, bu həyəcanlı dəqiqələrdə biz Sizin atanızı, bizim jurnalistlərin dostu ümummilli lider Heydər Əliyevi xatırlamasaq günah olar. Ümummilli lider jurnalistlərin böyük dostu idi. 1998-ci ildə 100 ildən artıq Azərbaycanda mövcud olan senzuranı ləğv etdi və bundan sonra da məmur-mətbuat qarşıdurmasında həmişə mətbuatın tərəfində oldu. Mətbuatın inkişafı üçün bir neçə sərəncam imzaladı. Daha sonra bizimlə tez-tez görüşürdü və mənim yadımdadır ki, 2002-ci il iyulun 22-də aparıcı qəzet redaktorlarına üç saat yarımdan artıq müsahibə verdi. Mənim Qarabağla bağlı sualıma təxminən 45 dəqiqə cavab verdi və özü də dedi ki, indiyədək heç kimə demədiyim məsələləri sizə açıram. Ürəyində Qarabağla bağlı ən dəruni fikirləri bizə bildirdi. Axşam da tədbirimizə qatıldı, yenə bir saatdan artıq bizimlə bir yerdə oldu. O günü heç zaman unutmuruq. Ondan sonrakı, əvvəlki görüşlərdə də həmişə mətbuata həssas münasibətinin şahidi olmuşuq.
Yadımdadır ki, mən 2001-ci ilin dekabr ayında çıxış edəndə bəzi jurnalistlərimizin mənzil probleminin, Bakı şəhərində jurnalistlərin ev almasının bir xəyal olduğunu söyləmişdim. O vaxt tale və vaxt imkan vermədi, bir sıra xəyallar gerçəkləşmədi. Amma ümummilli lider Heydər Əliyevin qurduğu, möhkəm əsaslarını yaratdığı dövlətdə xəyalların gerçəkləşməsi Sizə nəsib oldu. Siz mətbuat sahəsində böyük ilklərə imza atdınız. Həm 2005-ci ildə “Əməkdar jurnalist” adını bərpa etdiniz, Azərbaycanın çoxlu jurnalistlərinə fəxri adlar verdiniz. 2008-ci ildə Mətbuata Dövlət Dəstəyi Konsepsiyasını imzaladınız və daha sonra Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunu yaratdınız. Siyasi baxışlarına, dünyagörüşlərinə heç bir fərq qoymadan bütün KİV-lərə eyni şəkildə, eyni qaydada dövlət tərəfindən şəffaf maliyyələşmə prosesi başladı. Hər il Fond tərəfindən yüzlərlə jurnalist müxtəlif mövzularda məqalələrinə görə mükafatlandırılır. 2010-cu ildə Siz Mətbuat Şurasının binasının açılışına gəldiniz, müstəqil mətbuat barəsində dərin fikirlərinizi bildirdiniz. Yenə Azərbaycan mətbuatı tarixində möhtəşəm, unudulmaz bir hadisə olan jurnalistlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması barədə Sərəncam imzaladınız. Bütün bunlarla Siz Azərbaycan mətbuat tarixinə öz adınızı böyük hərflərlə yazdınız.
Amma Sizin gördüyünüz böyük işlər, gerçəkləşdirdiyiniz xəyallar təkcə mətbuatla bağlı deyildir, Siz Azərbaycanı dəyişdiniz, qüdrətli bir dövlətə çevirdiniz. Siz Bakımızın simasını dəyişdiniz, onu regionun iqtisadi, mədəni, siyasi paytaxtına çevirdiniz. İndi biz Bakıya gələn qonaqları gecə vaxtı Xəzərdə gəmi ilə gəzdirərkən onların paytaxtın işıqlarına, gözəlliyinə heyranlıqla baxmasından, gecə işığında dalğalanan bayrağımızı necə heyranlıqla seyr etməsindən zövq alırıq.
Siz Azərbaycanın regionlarını, bölgələrini dəyişdiniz. Əvvəllər Strasburqa gedirdik, orada mətbuatla bağlı tədbirlərdə olurduq. İndi mətbuatla bağlı tədbirlərimizi Yevlaxda, Zərdabda, Gəncədə, Ağcabədidə, Lənkəranda keçiririk. Elə həmin yerlərdə də özümüzü Strasburqda olduğu kimi rahat hiss edirik. Bütün bu gerçəkləşdirdiyiniz xəyallara, bu dəyişən Azərbaycana görə Sizə böyük minnətdarlığımızı çatdırırıq. İndi Sizin də, bizim də, xalqımızın da bir reallaşmayan arzusu, bir gerçəkləşməyən xəyalı var. O da torpaqlarımızın işğaldan azad olunması məsələsidir. Ötən ay Bakıda möhtəşəm hərbi parad keçirildi. Bu günlərdə isə Siz həmin hərbi paradla bağlı fikirlərinizi bildirdiniz. Ermənistan xalqına bu paradla bağlı fikirlərinizi bəyan etdiniz. Ondan daha əvvəl isə Siz 50 yaşınızı Ağcabədidə - laçınlı məcburi köçkünlərlə bir yerdə keçirmişdiniz. Bu, qüdrətli bir dövlətin başçısı tərəfindən böyük jest idi. Bu, torpağını itirmiş insanlara böyük inam və güvən yaratmaq idi. Eyni zamanda, həmin yerdən bir az aralıda düşmənə, istilaçı dövlətə qarşı ünvanlanmış bir mesaj idi. Ad gününüzü keçirdiyiniz həmin torpaqlardan bir az o tərəfdə bizim işğal olunmuş torpaqlarımız, yolunu, cığırlarını ot basmış, sökülmüş evlərimiz, kəndlərimiz, şəhərlərimiz vardır. Bir az daha yuxarıda şair Məmməd Arazın təbirincə desək, uzaqdan bir gecə lampası kimi göy üzündə, yaxından bir ulduz topası kimi yer üzündə olan Şuşa - Azərbaycan musiqisinin, mədəniyyətinin beşiyi olan bir şəhər vardır. Anar müəllimin ümummilli lider Heydər Əliyevlə bağlı xatirələri haqqında “Unudulmaz görüşlər” əsərində bir məqam vardır. 1970-ci illərdə Siz öz valideynlərinizlə birlikdə Şuşada olmuşunuz, Şuşanı gəzmisiniz, Cıdır düzünü gəzmisiniz. Bu gün inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir gün bizim yazarların, jurnalistlərin yazılarından nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində Siz yaradıcı insanlar, jurnalistlər üçün bir yaradıcılıq evinin təməlini qoyacaqsınız. Biz buna inanırıq.
Bu inama əsas verən Sizin qurduğunuz, yaratdığınız qüdrətli Azərbaycandır, gördüyünüz böyük işlərdir, reallaşdırdığınız arzulardır, gerçəkləşdirdiyiniz xəyallardır. Bu yolda bütün Azərbaycan xalqı, bütün jurnalistlər ordusu Sizinlədir.
Gördüyünüz böyük işlərə, bu ağayana təmkinli görüşünüzün arxasında Vətən sevgisi ilə çırpınan ürəyinizə, bəxş etdiyiniz bu xoşbəxt anlara, bu savab və yaxşılıqlara görə Sizə bütün həmkarlarım adından bir daha dərin təşəkkürümü bildirirəm. Allah Vətənimizi qorusun, Allah Sizi qorusun.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı