Modern.az

Parlament jurnalistlərinin istirahət planları: “Cavanlar” kəndə getmək istəmir - SORĞU

Parlament jurnalistlərinin istirahət planları: “Cavanlar” kəndə getmək istəmir - SORĞU

24 İyul 2013, 16:16


Məzuniyyət işləyən hər bir kəsin haqqıdır. 11 ay dayanmadan çalışan hər bir kəs bir il ərzində özündəki yorğunluğu atmaq üçün məzuniyyətə çıxır. Bəs parlament jurnalistləri necə, onlar məzuniyyətə çıxıblar?

Modern.az parlament jurnalistlərindən münasibət öyrənməyə çalışıb.

“Lent.az”ın əməkdaşı Ramiz Cürənov hələ məzuniyyətə çıxmayıb. “Avqustun 5-dən məzuniyyətə çıxıb rayonumuzda - Qazaxın Daş Salahlı kəndində dincəlməyi fikirləşirəm”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev də məzuniyyətə çıxmayıb. “Bu il iş qrafiki çox gərgin olduğundan məzuniyyət üçün elə də vaxt olmur. Yəqin ki, Ramazan bayramından sonra 1-2 həftəlik dincələcəyəm. Hələlik məzuniyyətimizi harda keçirəcəyimi dəqiqləşdirməmişəm. Bir neçə variant üzərində düşünməkdəyik”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı bildirib ki, o məzuniyyətə çıxmayıb və çıxmaq fikri də yoxdur. “Ümumiyytlə, fikirləşirəm ki, məzuniyyətə çıxmaq yaşla bağlı olan bir məsələdir. Mən isə hələ qocalmadığımdan yorulmaq nədir bilmirəm. Ona görə məzuniyyət məsələsi mənlik deyil”.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu isə istirahətə avqust ayında çıxacaq. “Məzuniyyətimi doğulduğum Lənkəranda keçirmək niyyətindəyəm. Orada istirahət etmək üçün çox səfalı yerlər var”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy da hələ istirahət etmədiyini, lakin gələn ay məzuniyyətə çıxacağını bildirib. “Bizdə məzuniyyət 2-3 həftə olur. Əməkdaşlarımız növbəlilik prinsipi ilə məzuniyyətə çıxırlar. Həm də bu müddət jurnalistlərin imkanlarının elə də çox olmamağı ilə bağlıdır. İstirahətimi ata yurdum Yardımlıda keçirəcəyəm”.

ANN.az saytının əməkdaşı Elkin Xəlilov də məzuniyyətə getməyib. “Amma avqust ayının əvvəlindən çıxacağam. Bizdə hər bir işçinin 21 günlük məzuniyyət haqqı var. Yəni kim bunu necə istəyir götürə bilər. Məsələn, mən bu dəfə üçün 10 günlük götürəcəyəm, qalan 10 günü də başqa zamana saxlayacağam. Gürcüstana getmək fikrim var. Amma alınmasa, yəqin rayonlardan birinə gedəcəyəm”.

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu da istirahətə getməyən jurnalistlərdəndir. “Amma planımda var. Çalışdığım qəzetdə hər bir işçi üçün məzuniyyət bir həftəlik nəzərdə tutulub. Gələn ayın 11-dən 18-dək məzuniyyət hüququmdan istifadə etmək istəyirəm. Məzuniyyətimi də çox güman ki, doğulduğum Qazax rayonunda keçirəcəyəm. Çünki başqa ölkəyə və yaxud da Azərbaycanın daha səfalı yerlərində olan istirahət mərkəzlərinə getmək imkanım yoxdur”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı isə istirahətə gedə bilməməyini iki səbəblə izah edib. “Maddi çətinliklər ucbatından iki yerdə işləyirəm: “Üç nöqtə” qəzeti və APA TV. Ona görə hələ çıxılmaz vəziyyətdə qalmışam. İki yerdən eyni vaxtda məzuniyyətə çıxa bilsəm sevinərəm. Yəqin ki, ən azı 10 günlüyə. Bundan artıq isə boş dayana bilmirəm. İşsiz qalmaq çətindir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə istirahətə gedə bilməməyini işlədiyi yerdə ödənişli məzuniyyət verilməməsi ilə izah edib. “Məzuniyyətə çıxsaq, gərək öz hesabımıza çıxaq. Şəxsən mən öz hesabıma məzuniyyətə çıxa bilmərəm. Çünki kirayə mənzildə yaşayıram. Öz hesabıma məzuniyyətə çıxsam, o zaman kirayə pulunu verə bilmərəm. Ümumiyyətlə, hətta məzuniyyət pulu versələr belə, mənim hansısa istirahət bölgəsində dincəlməyə imkanım yoxdur. Aldığım maaş Bakıda kirayə haqqına və yaşamağıma güclə çatır. Amma bilsəydim ki, məzuniyyət pulu verirlər, heç olmasa doğma kəndimizə gedərdim”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı da istirahətə getməyən jurnalist həmkarlardandır. “Sözün düzü, indiyədək jurnalistlər üçün tikilən binanın istifadəyə verilməsini gözləyirdim ki, mənə də bu evdən düşəcəkmi? Şükürlər olsun ki, vəziyyətim nəzərə alınaraq ev verildi. İndi də həmin evimə köçməyə hazırlaşıram. Köçəndən sonra 1 həftəlik istirahətə çıxmaq fikrim var. Amma istirahəti harada keçirəcəyimi hələ fikirləşməmişəm”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev isə həmkarlarından fərqli olaraq məzuniyyətə çıxıb. “Ötən məzuniyyətlərimdən fərqli olaraq, bu dəfə hər hansı xarici ölkəyə gedə bilmədim. Cəmi bir günlük Quba, İsmayıllı və Gəncədə oldum”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Biz hər il Milli Mətbuat günü ilə əlaqədar olaraq iyulun 22-dən sonra kollektiv şəkildə məzuniyyətə gedirik. Məzuniyyət müddəti 10-12 gün olur. Bu il isə hələlik işləyirik. Yəqin ki, ayın sonunda rəhbərlik bir qərar qəbul edər. Bu il istirahət günlərimi Bakıda keçirməli olacağam. Axı təzə evə köçmək, uşaqların məktəb məsələsini həll etmək lazımdır”.

“Novosti-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov hələ məzuniyyətə çıxmadığını və çıxıb-çıxmayacağını da bilmir. “Məzuniyyətə ehtiyacın olub-olmadığını zaman göstərəcək. Hələ ki planda elə bir şey yoxdur. Ola bilər ki, kimlərsə istirahət edir, amma bu, biz jurnalistlərin imkanları daxilində deyil. Məzuniyyətə çıxmaq bir şey, istirahət etmək başqa şeydir. İstirahət edə biləcək jurnalistlərə mənalı istirahət arzulayıram”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu artıq məzuniyyət hüququndan yararlanıb. “Bizdə bu ildən məzuniyyət 21 gündür. Mən artıq məzuniyyət hüququmdan istifadə etmişəm. Aprel ayında anamın səhhətində yaranan problemlə əlaqədar məzuniyyətimi iki yerə bölməli oldum. Yəni həmin vaxt 10 günlük məzuniyyətə çıxıb, bunu da kəndimizdə keçirməli oldum. Məzuniyyətimin yerdə qalan hissəsini bu günlərdə götürdüm və 11 günün 9-nu doğma Goranboydadı kəndimizdə, 2 gününü isə Türkiyədən Azərbaycana gələn həmkarlarımızla əlaqədar Bakıda keçirməli oldum. Eyni zamanda onu deyim ki, məzuniyyətimin ikinci hissəsində Şəki, Balakən, Zaqatala rayonlarında da oldum, dostlarla, tanışlarla çox maraqlı, yaddaqalan anlar yaşadım”.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü