Modern.az

Akif Aşırlı İsmayıl Ömərovun müdafiəsinə qalxdı

Akif Aşırlı İsmayıl Ömərovun müdafiəsinə qalxdı

24 İyul 2013, 22:11

İsmayıl Ömərov İctimai Televiziyanın qurucusudur bu bir tarixdir və tarixi dəyişmək olmaz

Obyektiv mövqedə dayanıb, həqiqəti dilə gətirməyin çətin olduğu dönəmlərdə media əhli özü olay yaratmağa və onu sərf edən istiqamətə yönləndirməyə çalışır. Bununla da “biz varıq” hökmünü ortaya qoyur və oxucuda aldadıcı bir təsəvvür yaradır.

Necə ki, İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərov vəzifədən getdikdən sonra “özündən maraqlı xəbər hazırlamaq” istəyində olanlar bu cürə davrandılar. Gah İ.Ömərovun ölkədən qaçması xəbərini, gah da onun maliyyə yeyintilərinə görə həbs olunacağını yazdılar. Deyək və qəbul edək ki, Ömərovun vaxtilə tutduğu vəzifə və ictimai statusu jurnalistlər üçün əla xəbər faktıdır. Axı xəbər təkzib olunursa, o xəbər deyil, ən azından şayiə və yaxud dedi-qodu olur. Şayiəni, dedi-qodunu tirajlamaq isə peşəkarların iş üslubuna xas deyil. Bunu ona görə misal gətirirəm ki, xəbər formatında yayımlanan təkzibi təəssüf ki, az-çox peşəkar media nümunəsi kimi qəbul etdiyimiz, dəyər verdiyimiz qəzetlər, saytlar da öz səhifələrinə yerləşdirirlər. Müdriklərdən birinin deyimidir, şayiə qəlp pul kimi bir şeydir, onu saxtakarlar hazırlayır, yayılmasında düzgün və dürüst olan insanlar da iştirak edir. Vicdanlı insan öz cibindən çıxardığı saxta pula evinə çörək aparır və bilmir ki, çörəyi saxta pula alıb.

İ.Ömərovun kimliyi və AzTV-də işlədiyi dönəmlərdən üzü bəri fəaliyyəti barədə media əhlinin məlumatı var. Təbii ki, hər kəs kimi onun da fəaliyyətinin tənqid olunası məqamları da, təqdir ediləsi mərhələsi də ola bilər. Ancaq əksəriyyətin İ.Ömərov kimliyi ətrafında ümumi bir fikri var: “O, əsl jurnalistdir”. İ.Ömərovun jurnalist kimi peşəkarlığını Avropa Şurasının tələbi ilə yaradılan və üzərinə çox böyük yük qoyulan İctimai Televiziya və Radiosunu yaratmasında gördük. Azərbaycanda ənənəvi televiziyaçılığından fərqli, müxtəlif düşüncələrə imkan verən, cəmiyyətin ayrı-ayrı təbəqələrinin maraqlarını uzlaşdıran yeni televiziyanı sıfırdan yaratmaq elə də asan məsələ deyildi. Amma İ.Ömərov bunu bacardı. Ekran, efir üzü görməyən onlarla gənci teleməkana gətirdi. Yeni telejurnalistlər yetişdirdi, keyfiyyətli yayım və informasiya siyasəti həyata keçirdi. Bir çoxlarının mühafizəkar kimi tənqid etdiyi İ.Ömərov tamaşaçının görmək istədikləri şəxsiyyətələrə qapı açdı, hətta cızılmış çevrələri, səddləri belə keçdi.  Müxalifyönümlü politoloqların bir çoxunu İTV-yə yaxınlaşdırdı, siyasi, ictimai problemlərə ortaq məxrəc axtardı, dost ölkələrə telekörpü saldı. İ.Ömərovun uğurunun kökündə tək jurnalistikanın incəliklərini bilməyi deyil, həm də şəxsi möqveyi, baxışı və ideyaları dayanırdı. Ən pisi odur ki, hər hansı telekanalın, qəzetin, radionun, saytın başında mövqeyi olmayan, jurnalist dəyərlərindən xəbərsiz olanlar dayansın. Onda o telekanalın, qəzetin sifəti olmayacaq və o kollektivin rəhbərinin hədsiz ehtiyatlığı son nəticədə qorxaqlığa çevriləcəkdir. İki dönəm İctimai Televiziyaya rəhbərlik edən və Azərbaycanda ilk dəfə ictimai yayımın praktik sistemini yaradan İ.Ömərov həm də bir çox yaradıcı qurumlara örnək olacaq kollektivçilik ənənələri formalaşdırdı. Çünki ətrafında uzun illər televiziyaların hücrələrində dedi-qoduyla məşğul olanlar deyil, maraqlı mövqeyi ilə seçilən gənlər idi. İndi İ.Ömərovun həbs olunacağını yazanlar bir neçə ay öncə müxtəlif saytlarda, mətbu orqanlarda, sosial şəbəkələrdə telekanal əməkdaşlarının İ.Ömərovun yola salınma mərasimində göz yaşlarını, təəssüf hisslərini yazırdılar. Həmin tədbirdən yazılar verir, sosial şəbəkələrdə şəkillər paylaşır, şərhlər yazırdılar.

İctimai Televiziyanın indiki, İ.Ömərovdan sonrakı dönəminə toxunmaq fikrindən uzağam. Ən azından ona görə ki, eks-baş direktorun fəaliyyətinin uğurlu tərəflərini önə çəkdiyim yazıda telekanalın indiki durumunu tənqid etmək istəmirəm. Ancaq cəmiyyətin fikrinə dəyər verdikləri insanların, media ekspertlərinin bu barədə mövqelərini dəqiq bilirəm.

Kimin nə yazıb, hansısa təkzibi xəbərə çevirmək istəyindən asılı olmayaraq İ.Ömərov tək peşəkar jurnalist deyil, həm də ictimai televiziyanın qurucusudur. Bu bir tarixdir və tarixi dəyişmək istəyi isə çox zaman pis nəticələr verir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!