Modern.az

Asim Mollazadə: “Siyasətdə nevroloji problemi olan adamlar çoxdur” - MÜSAHİBƏ

Asim Mollazadə: “Siyasətdə nevroloji problemi olan adamlar çoxdur” - MÜSAHİBƏ

Müsahibə

26 İyul 2013, 12:12

“Ağ xalatım olmasa da, evdə nevroloq çubuğum var”

Modern.az saytının “Əsas peşə” layihəsinin budəfəki qonağı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadədir.

– Sizi hər kəs siyasətçi kimi tanıyır. Əsl peşəniz isə həkim-nevroloqdur. Maraqlıdır, niyə o zamanlar tibb sahəsində təhsil almağı düşündünüz?

– Əslində dediyiniz kimi, nevroloq təbabətin çox maraqlı bir sahəsidir. Çünki insan beyni insanın demək olar ki, ən əsas və onu idarə eləyən hətta daxili sistemlərini idarə edən bir orqandır. İnsanın ruhu da, davranışı da, xasiyyəti də xəstəliklərlə yanaşı məhz beyni ilə bağlı olub. Nevroloq kimi Bakıda qısa müddət işlədikdən sonra uzun illər Moskvada SSRİ-nin əsas mərkəzi nevroloji  klinikalarından birində çalışdım. Bu klinikanın xüsusi özəlliyi vardı. Bu Avropanın birinci xüsusi nevroloji klinikası olub. Avropanın ən böyük nevroloqları, Rusiya elminin baniləri bu klinikada çalışıblar. Mən bu klinikada həm namizədlik, həm doktorluq dissertasiyamı müdafiə etmişəm. Müəllimlərim keçmiş SSRİ-nin, dünyanın tanınmış alimləri olub. Uzun illər orda işlədiyimə görə həkim kimi bir çox şeylər öyrəndim. Eyni zamanda, insanın davranış psixofiziologiyası mənim xüsusi sahəm idi.

– Neçə il həkim kimi çalışdınız?

– 15 il. O zaman inqilabi bir dövr idi. Əslində, mənim siyasətə gəlməyim Azərbaycana olan təcavüzlə bağlıdır. 1992-ci ildən bilavasitə tibb sahəsindən ayrıldım. Hətta o zaman mərkəz qurmuşduq. Çox güman ki, 1992-ci ildən sonra bəzi siyasi mülahizələrə görə, həmin mərkəz də bağlandı. Halbuki Prezident Aparatında işləyə-işləyə gəlib tələbələrə dərs keçirdim.

– Ümumiyyətlə, tibb sahəsini peşə kimi özünüz seçmişdiniz?

– Əlbəttə.

– Bəs ailədə bu sahəni seçməyinizə münasibət necə idi?

– Atam da, anam da həkim idi. Amma ailədə mənim həkim olmağıma təzyiq yox, sadəcə, maraq vardı. Ailənin bütün dostlarının bu sahəyə aidiyyəti vardı. Uşaqlıqda tibb sahəsində çalışan mühitdə böyümüşəm. Tibbin də xüsusi nevrologiya sahəsi bilavasitə, atamın bu sahədə mütəxəssis olması ilə bağlı idi.


– Tibdən siyasətə keçid edəndə ailədən hər hansı sərt reaksiya gəldimi?

– Mənim istənilən qərarım hər zaman ailədə hörmətlə qarşılanıb. Ailədə hamı Azərbaycanın çətin vəziyyətini anlayırdı. Azərbaycana olan təcavüz heç bir azərbaycanlını  mübarizədən xaricdə qoya bilməzdi.

– Moskvada həkim kimi fəaliyyət göstərdiyiniz müddətdə Azərbaycanla müqayisədə hansı fərqlər vardı?

– Zəngin təcrübə, maraqlı iş. Sizə deyim ki, işlədiyim klinika ölkənin aparıcı klinikası olduğuna görə biz heç nədən korluq çəkmirdik. Sovet elminin o zaman rəqabəti ABŞ-la eyni idi. Dünyanın ən müasir avadanlıqları orda vardı. Azərbaycanda təbii olaraq bu heç vaxt olmayıb. Bu gün bir balaca Azərbaycanın iqtisadi inkişafı artdığına görə müəyyən avadanlıqlar var. Eyni zamanda çox böyük ehtiyac var ki, ölkənin səhiyyə sistemində islahatlar aparılsın. Mütəxəssisləri hazırlayan bir sistem formalaşsın. Dəfələrlə bu məsələni parlamentdə də qaldırıram.

– Həkimlərin əməkhaqqı çox aşağıdır...

– Əmək haqqını qaldırmaq üçün  müvafiq sistemli islahat olmalıdır ki, yüksək səviyyəli mütəxəssisin maaşı onun əməyinə layiq səviyyədə olsun. Fikir verin. Azərbaycana xaricdən mütəxəssislər gəlir. Bu mütəxəssislərin maaşı Azərbaycan mütəxəssisinin maaşı ilə uyğun ola bilməz. Bu sahədə bir sıra ciddi işlər görməliyik. Təəssüf ki, bu işlər ləng gedir. Həkimlər dünyada öz ağır əməklərinə görə maaş alan bir təbəqədir. Bizdə bu belə deyil.

– Bu gün ağ xalatınızı geyinib həkim işləsəniz, əmək haqqı sizi qane edərmi?

– Xeyr. Həkim peşəsi elədir ki, bu peşəni sevən insanların ən əsas marağı işinə sevgidən irəli gəlir. Sovet dövründə də maaş aşağı idi. Xatırlayıram ki, gənclik illərimdə mərkəzdə təqribən 18 saat işləyirdik, amma maaşı düşünən yox idi. Gənclik dövründə maraq özü-özlüyündə bizi işləməyə vadar edirdi.


– O zaman niyə bu gün maddi tərəf bu dərəcədə qabardılır?

– Ona görə ki, müqayisə üçün imkanlar var. Sovet dövrü qapalı bir sistem idi. Dünyada nələrin baş verdiyindən heç kəsin xəbəri yox idi.

– Amma rüşvət alanlardan hamının xəbəri var.

– Rüşvət sovet dövründə də olub. O zaman belə bir siyasi lətifə vardı: Stalinə deyirlər ki, həkimlərimizlə müəllimlərimizin maaşı çox aşağıdır. Gəlin onların əmək haqlarını qaldıraq. Stalin cavab verir ki, yaxşı həkimi, yaxşı müəllimi xalq hər zaman dolandıra bilər...

– Rüşvətsayağı dolandırma indiyə qədər davam edir.

– Məhz, bu postsovet mühiti tarixində islahatlar həyata keçirilməyib deyə, bu proses bu gün də davam edir. Azərbaycanda guya pulsuz səhiyyə var. Hardadı o pulsuz səhiyyə?! Mənə bir adamı göstərsinlər ki, o, pulsuz müalicə olunub, ya da o dərmanları pulsuz əldə edir... Stalinin ənənələri davam edir.

– Ailədə kimsə xəstələnəndə sizə müraciət edir, yoxsa?

– Bilirsiniz, həkimlərdə belə bir ənənə var ki, həkimlər öz yaxınlarının müalicəsi ilə məşğul olmurlar. Çünki həkim heç zaman ailəsinə qarşı obyektiv ola bilmir.

– Ailəsinə qarşı obyektiv ola bilməyən həkim başqasına qarşı obyektiv ola bilirmi?

– Peşəkarlığı qorumaq çox çətindir.

– Ağ xalatınız hələ də evdə durur?

– Yox. Evdə sadəcə nevroloq çubuğum durur.

– Nevroloq kimi yəqin ki, hipnoz etməyi bacarırsınız.

– Bu tibbi üsullardan biridir. Prinsipcə hipnoz edə bilərəm.

– Maraqlıdır, siyasətdə hipnoz etdiyiniz kimsə var?

– Sadəcə olaraq, kimlərinsə psixoloji, nevroloji durumunu müəyyənləşdirmək imkanım var. Tutalım, insan qapıdan içəri girirsə, onda hansı xəstəlik varsa bu xəstəliyi kobud formada aşkarlaya bilərəm. İnsanın hərəkətlərinə, davranışına, üzünə, gözünə baxanda hiss edirəm.

– Mən içəri girəndə nəyi hiss etdiniz?

– Müsbət təbəssümlü bir sima ilə qarşılaşdım.

– Həkimlər arasında deyə bilmərəm, amma siyasətçilər arasında rəqabət münasibətləri çox vaxt düşmənçilik həddinə gəlib çatır.

– Siyasətdə bir yanaşmamız var. Elan etmişik ki, hər bir azərbaycanlı bir-biriylə qardaş kimi davranmalıdır. O zaman ölkəmizdəki bir sıra problemlərin həllini daha sürətlə tapa bilərik. Xarici siyasətini də normal formalaşdıra bilərik. Bolşeviklərdən bizə miras kimi qalmış yanaşma var ki, “ kim mənimlə deyil, o mənim düşmənimdir”. O zaman da gərginliklər, qarşıdurmalar dövlətimizi çökdürə bilər. Çalışırıq ki, siyasətə yeni mədəniyyət gətirək. İqtidardan da, müxalifətdən də hər kəsi çox yaxşı tanıyıram. Ona görə də heç kəslə düşmən münasibətdə deyiləm. Siyasətdə də pozitiv düşüncə formasını sərgiləmək lazımdır.

– Son günlər Rəsul Quliyev müxalifət düşərgəsini sərt şəkildə tənqid edir. Bunu necə dəyərləndirirsiniz?

– Biz heç bir siyasətçinin hərəkətlərinə, davranışına şərh vermirik. Hər bir siyasətçi öz məsuliyyətini özü daşıyacaq və qiyməti də xalq verəcək. Qiyməti biz verməməliyik. Siyasətçinin qiymətini seçki vasitəsi ilə xalq verməlidir. Biz çalışırıq ki, bu cür məsələlərdə fərqli yanaşma ortaya qoyaq.

– Asim müəllim, bu gün cinayət hadisələrinin sayı çoxalır. İnsanların nevroloji problemləri niyə qaydasında deyil?

– Demək istərdim ki, bu cür hadisələr hər aman olub. Sadəcə, media indiki qədər şəffaf deyildi. Sovet dövründə cəmiyyətin heç nədən xəbəri yox idi. Bütün hadisələr ört-basdır edilib gizlədilirdi. Hətta, Sovet ölkələrində ruhi xəstəliklərlə bağlı xəstəliklər gizlədilirdi. Bu gün belə fikirlər tez-tez səslənir ki, cinayət hadisələri çoxalıb.

– Televiziyalarda falçılara geniş yer verilir. Onlar da vətəndaşlara nevroloji diaqnozlar qoyurlar. Tibdə bu necə dəyərləndirilir?

– Sizə onu deyə bilərəm ki, bu artıq tibbi yox, siyasi məsələdir. Birbaşa Azərbaycan televiziya mühitinin bərbad şəkildə formalaşması ilə bağlıdır. Dəfələrlə bu məsələni parlamentdə qaldırmışam. Aşağı səviyyədə olan televiziyaların  fəaliyyətini qeyd etmişəm. Bilirsiniz, problem nə ilə bağlıdır? Belə çıxır ki, Azərbaycan mediası çox aşağı səviyyədədir.

– Falçılar həkimlərdən daha yaxşı müalicə etdiklərini  insanların beyninə yeridiblər.

– Hansısa yetkin olmayan cəmiyyətlərdə, hansısa tayfalarda şamanların müalicəsi geniş yayılıb. Şamanlara inam peşəkar həkimə inamdan daha yüksəkdir. Cəmiyyətin səviyyəsi aşağı olan məqamlarda şamanın həkim, elm üzərində üstünlüyü olur. Sovet dövründən başlayaraq elmin müəyyən qədər ideoloji əsasları olduğuna görə psixologiya da kommunist ideologiyası təsiri və nəzarəti altında idi. Onun üçün də onun cəmiyyətdə inkişafı və layiqincə yer tutması yox idi. Uşaq psixoloqlarının yetərincə sayı olmayıb. Zamanında düzgün diaqnozlar, xəstəliklər müəyyənləşməyib. Ciddi işlər görülməlidir. Problemlər çoxdur.

– Nevroloq olaraq, siyasətdə nevroloji problemləri olan insanlarla qarşılaşmısınızmı? Onları necə müalicə etmək olar?

– Kifayət qədərdir. Onlar öz çarəsini özləri müalicə edə bilir. Onların nevroloqa ehtiyacı yoxdur.

– Maraqlıdır, nevroloji problemi olanlar iqtidar tərəfdə çoxdur, yoxsa müxalifət?

– Hər ikisində var. Hamısı azərbaycanlıdır.

– Nə vaxtsa tibb sahəsinə qayıtmaq haqqında düşünmürsünüz ki?

– Yox.


 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi