Modern.az

“ANS-dəki çəkilişdə yoldan yalvar-yaxarla qaytardılar məni” - MÜSAHİBƏ

“ANS-dəki çəkilişdə yoldan yalvar-yaxarla qaytardılar məni” - MÜSAHİBƏ

27 İyul 2013, 09:52

“Xalq nə Hüseynağa Hadıyevi, nə Akif İslamzadəni, nə də məni müğənni kimi qəbul edib”


“Üç ildir Mədəniyyət və Turizm Nazirliyindən zəng edirlər ki, sənə fəxri ad veririk”

Bu sənətkarın çox az ifalarını dinləmişəm. Amma dinlədiklərim də sözün əsl mənasında sənətkar ifası olub. Oxuduğu sonuncu mahnı isə “Dağlı məhəlləsi” adlanırdı. Hər halda mənim eşitdiyim budur. Söhbət illərin sənətkarı Əli Mirəliyevdən gedir. Çoxları onu ifrat tənqidçi kimi tanıyır. Amma azacıq ünsiyyətdə olandan sonra hiss edirsən ki...

- Həmişə üzərimdə işləmişəm. Sözsüz ki, gənc, cavan deyiləm, yaşımın aqil vaxtıdır. Amma heç vaxt musiqidən uzaqlaşmamışam. Nə qədər ömür var, öyrənmək lazımdır. Bu elə bir sənətdir ki, “hər şeyi öyrənmişəm, bilirəm” deyə bilməzsən. Bütün sənətlər öz üzərində çalışmağı, mübarizə aparmağı tələb edir. Həyatın qaydası budur. 30-40 il əvvəl oxuduğum mahnını bu gün başqa cür, yeni aranjimanda, yeni səslə ifa etməyə çalışıram.

- Amma siz bəzən yenilikçiliyə qarşı çıxırsınız. Nə əcəb oxuduqlarınızı yeni aranjimanda ifa etmək istəyirsiniz?

- Kim deyir ki, mən yenilikçiliyə qarşı çıxıram? Mən yenilikçiliyin əleyhinə deyiləm e. Bəyəm Nuh əyyamından qalmışam? Yenilikçiliyin içində əndazəni aşmaq, mahnının çərçivəsindən çıxmaq olmaz. Bax, bunun əleyhinəyəm. Belə olanda mahnı alınmır. Bəzən yeni aranjimanda mahnını pis günə qoyurlar. Amma bəstəkar, şair o mahnını elə yazıb ki, ifaçı onu tamamlamasa, alınmayacaq.

- İndi istirahətdəsiniz?

- İllərdir ki, Mərdəkanda bağda qalıram, şəhərdə yaşamıram.

- İstirahət üçün ölkədən, şəhərdən kənara çıxmısınız?

- Toya gedirəm. Bu yaxınlarda Mübariz İbrahimovun yurdundan-Biləsuvardan qayıtmışam. İstirahətim də rayonlara toya gedəndə olur.

- 70-ci illərdə Bakı toylarının üç əsas müğənnisi var idi-  Siz, Hüseynağa Hadıyev, Akif İslamzadə...

- Gəlin belə danışaq da. Biz Bakıda keçirilən elit məclislərin başında dururduq. Hər üçümüz eyni janrda bəstəkar mahnıları, xalq musiqiləri ifa edirdik. Erməni, rus mahnıları oxumamışıq. O vaxtın ziyalıları rusdilli olsalar da, toylarını Azərbaycan müğənnilərinə oxutdururdular. Biz Gülağa Məmmədov - Şövkət Ələkbərova məktəbinin davamçıları idik.

- İndi sizə tələbat var?

- İndi tələbat yenə bizim oxuduğumuz mahnılaradı da. Cahangir Cahangirovun, Hacı Xanməmmədovun, Səid Rüstəmovun, Tofiq Quliyevin, Elza İbrahimovanın, Emin Sabitoğlunun, Oqtay Rəcəbəvun, Telman Hacıyevin, Ramiz Mirişlinin, Fikrət Əmirovun yazdıqları tarixdir. Amma “Cancana”, “Əjdər əmi”, “Amma anan bilməsin” bir aydan sonra yaddan çıxdı. O boyda “Sarı gəlin”imizi bəynməyib başqa “Sarı gəlin” oxudular, o da unuduldu. O mahnılar heç vaxt yaşamayacaqlar.

- Amma indi “Maral, maral” daha dəbdədir. O mahnını dinləmisiniz?

- Bunlar kommersiya mahnılarıdır. O mahnıları ifa edirlər ki, toya gedib pul qazansınlar. Həmin Nadir Qafarzadə “Maral, maral”dan əvvəl Səid Rüstəmovun “Oxu tar”ını, Cahangir Cahangirovun “Füzuli” kontatasını oxuyub. Klassika oxudu, gördü ki, toya az dəvət edirlər. O da məcbur olub kommersiya oxudu. Bu “İran təranələri”nin başqa variantıdır.

- Burda təqsir dinləyicidə, tamaşaçıda, yoxsa müğənnidədir?

- Dinləyici tarix boyu “Maral, maral”ları qəbul edib, Üzeyir Hacıbəyov musiqisini qəbul etməyib. Bu indinin söhbəti deyil. Sabir rəhmətliyin “Hophopnamə”də dedikləri bu gün də aktualdır. Bizim millətimiz asan şeyi tez qavrayır.

- Siz də klassik musiqi oxumusunuz. Belə çıxır ki, siz də qəbul olunmursunuz.

- Əlbəttə, mən də qəbul olunmuram. Xalq nə Hüseynağa Hadıyevi, nə Akif İslamzadəni, nə də məni müğənni kimi qəbul edib. Xalq qəbul etsəydi, bizə də xalq artisti adı verərdilər də. Biz xalqın musiqisini oxumuşuq, zamanın nəbzini yox. Səttar Bəhlulzadə tarixi şəxsiyyətdir, onun əsərləri də tarixdir. O öz dövrünü düşünməyib. Məni “Ay işığı”, “Nazəndə sevgilim yadıma düşdü” mahnısına görə kim toya aparar?

- Gənc ifaçılardan kimi bəyənirsiniz?

- Azər Zeynalovu.

- Onun 50 yaşı var.

- Nurlan Növrəsli, Ramal, Elton, Abbas Bağırov, Teymur Əmrah.

- Dediklərinzdən nə vaxtsa Akif İslamzadə, Hüseynağa Hadıyev, Əli Mirəliyev olacaq?

- Çətin sualdı. Mən o haqda danışa bilmərəm. Müğənni səs imkanlarından savayı, muğam da bilməlidir. Şəxsən mən muğam bilirəm. Hər insanın mənfisi və müsbəti var. Məsələn, Hüseynağa Hadıyev muğam bilmirdi.

- Belə fikirlər var ki, Əli Mirəliyev bəzən gəncləri ifrat tənqid edir, hətta onları bezdirir. Razısınız?

- O sözü deyənlərin haqqı var. Çünki ancaq mən danışıram. Əgər onlar məni oxutdurub danışdırsaydılar, maraqlı olardı. Bu gün səkkiz telekanalın heç birində mənim ifam yayımlanmır. Ancaq iradlarımı göstərirlər.

- Yadınızdadırsa belə bir veriliş var idi - “Çəkirəm haaa”. Bir dəfə sizi də o verilişə çəkmişdilər. Yalandan kiminsə haqqında xoş sözlər deyirdiniz. Özünüz dürüstlükdən danışa-danışa belə bir işə qol qoymağınız doğrudurmu?

- Bu gün jurnalistlər, aparıcılar nəyəsə nail olmaq üçün insanı hərdən aldadıb tora salırlar.

- Amma siz bilirdiniz verilişin mahiyyətini...

 - Mən onun yalan olduğunu bilmirdim. Efirə gedəndə demirlər ki, “Üzeyir qonaq olacaq”. Yalandan başqa adlar deyib məni aldadırlar.

- Sizi Üzeyirlə eyni verilişə çıxmağa nə məcbur edir ki? İstəmirsinizsə, çıxmayın onunla efirə.

- ANS-dəki çəkilişdə yoldan yalvar-yaxarla qaytardılar məni. Bəzi insanlara olan hörmətimdən keçə bilmədim.

- Elə bil son zamanlar tənqidləriniz səngiyib.


- Efirlərə özüm çıxmıram, özümə söz vermişəm. Əgər oxumağım yox, danışığım, qalmaqallarım maraqlıdırsa, efirə çıxmayacağam. Bu barədə bütün telekanallara demişəm.

- Bu nə vaxtadək belə davam edəcək?

- Respublikada dəyişiklik olana qədər.

- Dəfələrlə fəxri adlara qarşı çıxışlarınız olub...

- Fəxri ad nədir ki? Hamısı sovetdən qalan uydurma şeylərdir. Kimə lazımdır fəxri ad? Nə var, nə var desinlər ki, “oxuyur xalq artisti filankəs”. Ə nə zibildi o. Oxuya bilmir axı o xalq artisti.

- Özünüz xalq artisti olsaydınız fəxri adların lazımsızlığından bu qədər sərt danışardınız?

- Mən heç vaxt xalq artisti ola bilməzdim. Çünki fəxri adın əleyhinə olanlardan bir mənəm.

- Birdən sizə fəxri ad versələr, necə olacaq?

- Üç ildir Mədəniyyət və Turizm Nazirliyindən zəng edirlər ki, sənə fəxri ad veririk. Demişəm “a kişi mənə lazım deyil. Məni atam, anam əkib-doğanda Əli Mirəliyev adını veriblər. Bəyəm bundan artıq ad verəcəksiniz mənə?”. Amma prezident təqaüdü versələr, alaram. Çünki dolana bilmirəm, 145 manat pensiya alıram.

- Axı toylara gedirsiniz. Nə əcəb dolanışıq çətindir?

- Mənim 64 yaşım var. Uşaq deyiləm ki, hər toya gedim. Ayda bir-iki toya gedirəm ki, acından ölməyim, siqaretpulumu, çörəkpulumu çıxardım.

- Siqaret çəkirsiniz. Səsinizi niyə qorumursunuz?

- Siqareti cavanlıqdan çəkmişəm. Mənim səsimi Allah qoruyur.

İntiqam Valehoğlu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı