Modern.az

“Azərbaycanda mənim qədər tənqidə dözümlü çox az adam var” - MÜSAHİBƏ

“Azərbaycanda mənim qədər tənqidə dözümlü çox az adam var” - MÜSAHİBƏ

Müsahibə

1 Avqust 2013, 09:18

Millət vəkili: “Divar qəzetinin sonuna həmişə “baş redaktor Qənirə Paşayeva” yazırdım”


“Yazmışdılar ki, “Qənirə xanım, sizin rayonlarda üzüm sahələriniz, fermalarınız var”


Modern.az
saytının “Əsas peşə layihəsinin budəfəki qonağı millət vəkili Qənirə Paşayevadır.

– Qənirə xanım, bir aydan çox idi ki, nəzərdə tutulan görüş işlərinizin çoxluğundan alınmırdı. Gün ərzində fasiləsiz çalışırsınız. Eyni zamanda, sosial şəbəkələrdə də aktivsiniz. Bu qədər işlərə necə vaxt ayırırsınız?

– Bəzi tədbirlər, görüşlər var ki, onlar mənim işimin bir hissəsidir. İşimin verdiyi məsuliyyət var. Millət vəkili olaraq, öz seçki bölgəmlə bağlı daşıdığım məsuliyyət var. İkincisi, parlamentdə bir komitəni təmsil edirəm. Eyni zamanda, Azərbaycanı həm Avropa Şurası, Avronest-də təmsil edən nümayəndə heyətinin üzvüyəm. Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik edirəm. Bir neçə başqa dostluq qrupunun üzvüyəm. Bu işlər mənim üzərimə düşən məsuliyyətdir. O məsuliyyətdən doğan işləri də yerinə yetirmək məcburiyyətindəyəm. Bundan başqa, yazılar da yazıram. Çox uzun illərdir bu vərdiş davam edir. Gecə saat 11-dən 3-ə qədər ya yazıram, ya da nəsə oxuyuram. Bu vaxtlar mənim dincəlmə saatlarımdır.

–Sizin sosial şəbəkələrdə aktiv olmağınıza qısqanclıqla yanaşanlar da var.

– Qısqanclıq, həsəd, paxıllıq anlayışları Allahın əleyhinə getmə anlayışlarıdır. Söhbət Qənirə Paşayevadan, ondan-bundan getmir. Allahı tanıyan, Allahdan qorxan insan heç vaxt paxıllıq, həsəd, qibtə hissi daşımamalıdır. Bu cür işlərlə məşğul olmaqdansa zamanını paxıllıq, həsəd kimi işlərə ayıran insan öz işini başqa şeylərə sərf etsə çox yaxşı olar. Düşüncəmə görə, paxıl insanın heç bir düşmənə ehtiyacı yoxdur. Onun düşməni özüdür. İnsanı paxıllıq qədər heç nə məhv edə bilməz. Hər zaman bu hissləri özümdən uzaq tutmağa çalışmışam. Allahı sevən və tanıyan insanam. Belə təfəkkürlü insanlara Allahdan könül qapılarının açılmasını arzulayıram.

– Qısqanclıqdan danışdıq. Deputat həmkarlarınız arasında sizə qarşı qısqanclıq hiss etmisinizmi?

– Belə hisslə qarşılaşmamışam. Doğrusu, həmkarlarım arasında o qədər uğurlu insanlar var. Onların mənə qibtə və həsəd etməsi heç onlara lazım da deyil. Onların bir çoxu məndən çox yaxşı uğurlar əldə ediblər. Bəzən mənə deyirlər: “Sosial şəbəkələrdə nəsə yazan insanların çoxu öz adı ilə yazmır”. Deyirəm: “Çünki cəsarətləri yoxdur. Öz adını gizlədən adamdan nə gözləyə bilərəm?!”. Onların daşıdığı hisslərə də çox normal baxa bilirəm. Hər bir cəmiyyətdə bu cür insanlar var.

– İlk peşəniz tibb sahəsi ilə bağlıdır. Cəmiyyətdə fiziki və mənəvi cəhətdən sağlam olmayan insanlar var. Hansını müalicə etmək daha çətindir?

– Mənəvi xəstəliyi olan insanlar daha qorxuludur. Fiziki xəstəliyi müalicə etmək çox asandır. İnsanda bir parça ət var. Ona “ürək” deyirlər. Əgər o bir parça ət sağlam olursa, onda bütün orqanizm sağlam olur. Yəni insanın ürəyi təmizdirsə, sevgiylə, gözəl işlərlə doludursa o insan sağlam insandır. İnsanın içi nəfsin verdiyi şeytani hisslərlə doludursa, o insan artıq mənəvi cəhətdən xəstədir. Çox vaxt ailələrimizdə uşaqların fiziki sağlamlığına önəm veririk. Deyirik, yaxşı qidalansın sağlam olsun. Amma uşağa fiziki sağlamlığı üçün ayırdığımız diqqət qədər mənəvi sağlamlığına da önəm verməliyik. Mənəvi cəhətdən sağlam olan insan özünü tanıyan insandır. Özünü tanıyan insan həm də Allahı tanıyan insandır. Cəmiyyətdə baş verən bir çox problemlərin kökündə mənəvi məsələlər dayanır. Bir jurnalist kimi, baş verən hadisənin kökünə varsanız, görəcəksiniz ki, həmin məsələlərin kökündə mənəvi məsələ dayanır.

– Siz həkim kimi çalışıb bu cür xəstəlikləri müalicə etmədiniz, jurnalistikaya üz tutdunuz.

– Bütün orta məktəb həyatımda jurnalist olmaq arzusunda olmuşam. Düşünün ki, o zaman məktəbdə ən yaxşı vəzifələr nə hesab olunardı. Məktəbin ən yaxşı oxuyanları sinif nümayəndəsi olardılar, komsomola rəhbərlik edərdilər. Mən onların hamısından imtina etmişdim. Baxmayaraq ki, şərəf lövhəsində birinci adam idim. Təvazökarlıqdan uzaq da olsa, heç vaxt o vəzifələri tutmamışam. Hər zaman divar qəzetinin baş redaktoru vəzifəsini tuturdum. Orta məktəbi bitirəndən bir xeyli illər sonra həmin qəzet məktəbin divarından asılı vəziyyətdə qalırdı. Qəzetin sonuna həmişə “baş redaktor Qənirə Paşayeva” yazırdım. Uşaqlar çox yaxşı məqalələr yazardılar. Sonra o məqalələri müzakirə edərdik.

– Onda niyə jurnalistikaya yox, tibb təhsilə üz tutdunuz?

– Tibb Universitetinə gələndə də jurnalistika ilə məşğul olacağımı bilirdim.

– O zaman elə əvvəldən tibbə üz tutmazdınız...

– Bilirsiniz, tibbi seçmək anamın arzusu idi. Nənəm də anamın həkim olmasını istəmişdi. Anam həkim ola bilməmişdi. Sonra hər ikisi mənim həkim olmağımı istəmişdi.

– Amma siz yenə həkim olmadınız.

– Əslində, peşman deyiləm. Tibb Universitetinə daxil olanda 16 yaşım yeni tamam olmuşdu. Tibbə gəldiyim zamanda düşünürdüm ki, qəzetlərlə əməkdaşlıq edəcəyəm, yazılar yazacağam. Elə Tibb Universitetində təhsil ala-ala televiziyaya getdim. Televiziyada çalışdığım zaman tibb təhsilimi atmadım.

– Heç tibb təhsilinizi yarı yolda atmaq hissi oldumu içinizdə?

– Bəzi məqamlarda “bəlkə, bunu yarımçıq dayandırım” kimi fikirlər oldu. Amma bir tərəfdə anama, nənəmə verdiyim söz dayanırdı. Hər zaman verilən sözü tutmaq kimi anlayışlar bizim ailədə güclü olub. Düşünürəm ki, doğru qərar verib təhsilimi atmadım. Tibb Universitetində oxumaq mənə çox biliklər əldə etməyə imkan verdi. Tale məni jurnalistikaya gətirməsəydi, tibb sahəsində mütləq psixoterapevt olardım. Bu mənim üçün ən maraqlı sahə idi.

– Həkim kimi çalışdığınız illər oldumu?

– Xeyr. İnternatura və subarnaturada işlədim. Eyni zamanda, bu müstəqil həkimlik deyildi.

– Kimlərəsə həkim kimi faydanız dəyib?

– İlk illər kirayədə yaşayırdıq. Ailəmiz ziyalı ailə idi, amma o qədər zəngin ailə deyildik. Mənim kirayə yaşadığım məkanda indi də gedib soruşsanız, deyəcəklər ki, uşağımızın qızdırması qalxanda Qənirə gəlib uşağa iynə vururdu. İlk tibbi bacısı və həkim kimi insanların az da olsa köməyinə çatırdım. Bu işdən həm də zövq alırdım.

– Gördüyünüz işin müqabilində qonşular sizə pul verirdi?

– Düzü, pul almırdım. Elə insan olurdu ki, evə şirniyyat gətirirdi. İşimin müqabilində “mənə pul verin”, – demirdim. 

– İndi ailənizə həkim kimi köməyiniz dəyir?

– Bu gün də ailədə ilkin yardımı özüm edirəm. İynə vurmaq lazım olanda mənə müraciət edirlər. Buna baxmayaraq, həkim dostlarımızla da məsləhətləşirik.

– Qrup yoldaşlarınız sizdən fərqli olaraq, həkim kimi çalışırlar. Onlarla münasibətiniz var?

– Bir çoxları ilə var.


– Özünüz öz sağlamlığınızı onlara etibar edirsiniz?

– Elə yaxşı qrup yoldaşlarım var ki, böyük məmnuniyyətlə onlara etibar edərəm. Onların içində ikisi ilə bu gün də rəfiqəlik edirəm. Biri göz həkimi, digəri də uşaq həkimidir.

– Bir reallıq da var ki, məmurlarımız çox zaman öz həkimlərimizə müraciət etmirlər, müayinə və müalicə üçün xaricə üz tuturlar. Halbuki ictimai çıxışlarında Azərbaycan səhiyyəsinin analoqu olmayan inkişafdan olduğunu bəyan edirlər...

– Səhiyyə sahəsində olan problemlərdən parlamentdə ən çox danışanlardan biri mənəm. O sahədə təhsil aldığıma görə dost çevrəmdə həkimlər üstünlük təşkil edir. Tibb sahəsi ilə bağlı məlumatım olduğu üçün müxtəlif məsələləri zaman-zaman qaldırırıq. 8 illik parlament dövrümdə bir çox məsələlər var ki, onlar öz həllini tapıb. Öz həllini gözləyən kifayət qədər problemlər də var. Bu gün xaricdə təhsil alan gənc həkimlərimizin sayı artır. Bu gün səhiyyənin tibbi texniki bazasının güclənməsi istiqamətində də müsbət addımlar görürük. Bizi rahatsız edən məqamlardan biri irsi qan xəstəliklərinin talassemiya, hemofiliya kimi xəstəliklərin getdikcə daha da artmasıdır. Niyə Avropada bu xəstəliklər yoxdur? Çünki xəstəliyin kökü yaxın qohumlar arasında nikahlardır. Cəmiyyət buna normal baxmamalıdır. Bəziləri deyirlər ki, bu, insan haqlarına zidd olar. Bu insan haqlarına zidd deyil.

Təbii ki, peşəkar tibbi kadrların artmasına da çalışmaq lazımdır. Tibb işçilərinin əmək haqlarının artması da önəmli məsələlərdən biridir. Tibbi sığorta sistemi oturmadan və inkişaf etmədən səhiyyədə lazım olan islahatları həyata keçirmək çox çətindir. Bəzən mümkünsüzdü. O, vətəndaş-həkim münasibətlərini də tənzimləyəcək bir alət olacaq.

– Əslində sualımdan yayındınız. Olsun, gəlin sizdən danışaq. Geniş tanıtıma maliksiniz. Amma şəxsi həyatınızı vərəqləmək olmur. Məsələn, sizə sevgi etirafı olubmu?

– Özəl mövzuları danışmaq istəmirəm. İnsanların özəl həyatını danışmağını və müzakirə etməsini sevmirəm. Kimlərsə şəxsi həyatından danışanda mənim üçün maraqlı deyil. Sadəcə onu demək istəyirəm ki, hər bir qızımız ailə qurmalıdır. Hər zaman karyera quran qızlarla görüşəndə də bunu deyirəm.

– Ola bilməz ki, ananız da sizə bu məsləhəti verməmiş olsun...

– Təbii ki, anamla da bu mövzular ətrafında söhbətlər edirik. Anam Allahı tanıyan, sevən bir xanımdır, hamının anası kimi. Bu mövzu haqqında ümumiyyətlə danışmaq istəmirəm.

– Birdən-birə həddindən artıq arıqladınız. Bu hadisədən sonra bəzi insanlarda belə təsəvvür formalaşıb ki, Qənirə xanım ümumiyyətlə heç nə yemir...

– Bu normal həyat tərzidir. Həm məktəb, həm universitet, həm də çalışdığım illərdə kiloları olmayan insan idim. O zaman idmanla məşğul olmaq imkanım vardı. Qidalanmaya diqqət yetirmək imkanım daha geniş idi. Bir müddətdən sonra işlərim çoxaldığı üçün idmanı atmaq məcburiyyətində qaldım. İşin ağır və gərginliyi qidalanma rejimini də pozmağa kömək edir. Daha çox axşam qidalanmaya meylli bir həyat tərzi idi. Hər bir iradəsi olan insan bunu çox rahat şəkildə həyata keçirə bilər. Rejimi normaya qoyursunuz, nə olursa-olsun bu şəkildə getməlidir.

– Deməli, “hava”yla qidalanmırsınız...

– Xeyr. Normal qidalanmamaq sağlamlığa ciddi təhdid etmək deməkdir. Vaxtlı-vaxtında heç bir qidanı özümə qadağa qoymuram. Əməliyyatla arıqlama effektli ola bilməz. İnsan əgər  öz həyat tərzini düzəltmirsə, gedib əməliyyat olunmağın xeyri yoxdur. Arıqlamaq üçün dərman preparatlarından istifadə etmək də çox böyük səhvdir.

– Çoxlu sayda mükafatlar alan xanımsınız. Maraqlıdır, o qədər mükafatlar evinizdə darısqallıq yaratmır?

– Hər evin ən gözəl sərvəti onun kitabxanasıdır. Əgər bir evdə kitabxana yoxdursa, o ev mənə boş və mənasız görünür. Əgər bir evdə heç nə yoxdursa, ancaq zəngin kitabxana varsa, o ev mənim anlayışımda ən böyük evdir. Atam ən geniş kitabxanası olan insanlardan biridir. Ailənin digər üzvləri sağ olsunlar. Həmin kitabların çox hissəsi mənə düşüb. Öz kitabxanamı zənginləşdirməyə çalışıram.

– Bəs mükafatlar evinizin hansı guşəsindədir?

– Mükafatlar isə kitabların əhatəsindədir. O mükafatları mənə verəndə etimad göstərərək veriblər.

– Deyirlər ki, Qənirə Paşayeva tənqidlərə dözümsüzdür. Bunu Facebook statuslarınızda müşahidə edənlər var...

– Yəqin ki, Azərbaycanda mənim qədər tənqidə dözümlü adam yoxdur. Çünki heç kəsə cavab vermirəm. Ümumi tendensiyaya cavab verirəm. Həyatda o qədər heç nə etməyən insanlar var ki... Tənqidlə təhqirin bizdə çox vaxt sərhədləri qarışdırılır. Bəzən sosial şəbəkələrdə müxtəlif insanlarla bağlı tənqidlərə baxıram. Çox vaxt tənqid insanın ailəsinə, şəxsiyyətinə qarşı təhqirə çevrilir. Təhqirlə bərabər böhtan, yalan da artıb. Bu, məni narahat edir. Olmayan şeyi elə qəribə şəkildə oturub yazırlar ki, özünüz təəccüb qalırsınız. Məsələn, biri yazmışdı: “Qənirə xanım, sizin rayonlarda üzüm sahələriniz, fermalarınız var”. Yazdım ki, gətirin, nəinki mənə, hətta ailəmə məxsus olduğunu sübuta yetirin...


Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır