Modern.az

Taxtakörpü anbarının tutacağı su hələ neçə milyonları yuyub aparacaq...

Taxtakörpü anbarının tutacağı su hələ neçə milyonları yuyub aparacaq...

12 Aprel 2010, 18:06

“Hələ də evimdən çıxmamışam. Çünki getməyə yerim yoxdur. 4 min manata mən ev tikə bilərəm?”

 

Bizə öz dərdini anladan şəxs Şabran (keçmiş Dəvəçi rayonu) sakini Namiq Babayevdir. Bir neçə il əvvəl onların yaşadığı ərazidə dövlət əhəmiyyətli obyektin – Taxtakörpü su anbarının tikiləcəyi haqqında xəbər yayıldı. Həmin vaxt Namiq Babayev kimi onun yaşadığı Üzümlü kəndinin digər sakinləri də sevinirdilər. Fikirləşirdilər ki, evlərinin əvəzinə onlara yaxşı kompensasiya veriləcək.

 

Amma N.Babayevin  dediyinə görə, 2006-cı ildə tikinti başlayandan sonra bu kənddə yaşayan insanlara 4-5 min manat arası kompensasiya verilib. Bu məbləğ haradan ortaya çıxıb, necə hesablanıb – kənddəkilər bunu bilmir. Yalnız onu bilirlər ki, bələdiyyə sədri və ona yaxın olan bir  neçə ailə istisna olmaqla Üzümlüdə yaşayanların hamısı ən çoxu 6 min manat kompensasiya alıb.

 

“Camaatı aldadıblar”

 

Digərlərindən fərqli olaraq, Namiq Babayev bu pula razılaşmayıb. Elə buna görə də hələ də tikinti gedən ərazidə yaşamaqda davam edir. Namiq Babayev əvvəllər Ukrayna vətəndaşı olub. Amma 1994-cü ildə könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. Ayaqlarından yaralanıb. Hazırda 2-ci qrup əlildir. Həyat yoldaşı ilə tək yaşayır və əlil kimi aldığı təqaüdlə dolanır. Onunla yanaşı, daha 3 nəfər kənddə yaşamaqda davam edir:

 

“Digər 3 nəfəri aldadıblar. 4500 manat pul veriblər. Deyiblər ki, siz pulu alın, yeni ev tikməyə başlayın, biz də sizə materialla kömək edəcəyik. Hətta onları inandırmaq üçün 1 maşın daş da töküblər. Sonra isə heç kim gəlib maraqlanmayıb”.

 

Yağış yağanda evi su basır 

İndi kənddə qalan 3-4 sakinin yaşayış durumu çox pisdir. Onların evlərinin arxası tikintiyə sarıdır. Təbii ki, tikinti zonasında aparılan qazıntı işləri evlərin durumuna təsir göstərir. Məsələn, hər dəfə yağış yağanda, Namiq Babayevin evini su basır:

 

“Gəlib evin arxasında oturub balıq tuturlar. 1-2 gün əvvəl güclü yağış yağdı, evi su basmışdı. Heç kim gəlib kömək etmədi. Yenə də özümüz birtəhər suyu çəkdik”.

 

Namiq Babayev özünə məxsus evindən cəmi 4500 manat müqabilində çıxmaq istəmir. Çünki bilir ki, bəzi kənd sakinləri kimi sonra o da yaşamağa yer tapmayacaq: 

“Qoy, mənə 4500 manata ev alıb versinlər”

 

“Pulu alıb köçənlər arasında da evsiz qalanları çoxdur. Çünki o pul heç nəyə çatmır. Camaat bir sıra daş qaldıran kimi pul qurtarıb. Onlarla müqavilə də bağlanmayıb. Ona görə də  qalıblar belə. Bəziləri qohumlarının yanında yaşayır. Dəvəçi İcra Hakimiyyəti başçısının müavini özü televiziyalara müsahibəsində demişdi ki, indi bu rayonda 45-50 mindən aşağı qiymətə ev yoxdur. Mən də deyirəm ki, heç pul istəmirəm. Qoy, özləri mənə vermək istədikləri 4500-ə ev alsınlar, gedim yaşayım”.

 

Düşdüyü vəziyyətlə bağlı Azərbaycandakı bütün instansiyalara müraciət edən Namiq Babayev ümid edir ki, nəhayət onun problemi həll olunacaq. O, tezliklə özünün pozulmuş hüquqlarını məhkəmədə qorumaq niyyətindədir.

 

Bakının su problemini həll edəcək anbar

 

Analoqu olmayan layihə, görünməmiş miqyasda tikinti... Azərbaycanda bir çox obyektlər barədə belə deyirlər. Barəsində söz açdığımız  Taxtakörpü su anbarı da bu siyahıya daxildir. Bu obyekt ümumi tutumuna görə ölkədə olan digər su anbarlarından fərqlənir.

 

Taxtakörpü su anbarı Şabranla Siyəzən rayonunun demək olar sərhədində inşa olunur. Onun tikintisinə külli miqdarda vəsait, xeyli sayda insan və texnika cəlb olunub. Gözlənilir ki, 2011-ci ildə anbar istifadəyə veriləndən sonra Bakı və Sumqayıt şəhərlərinin içməli, texniki suya olan tələbatları tam şəkildə ödəniləcək. Şimal regionu, Sumqayıt və Bakı da daxil olmaqla 4 milyona yaxın əhalinin içməli su ilə təchizatı yaxşılaşacaq. Bakıda və Sumqayıtda suyun qrafiklə verilməsi aradan qalxacaq.

 

Layihənin idarə edilməsi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məşğul olur. Cəmiyyətin sədri Əhməd Əhmədzadə deyir ki, Taxtakörpü su anbarına görə Azərbaycanın şimal bölgəsi və Abşeron yarımadasının suvarma sistemi inkişaf edəcək. 150 min ha sahənin su təchizatı yaxşılaşdırılacaq, 30 min ha yeni suvarılan sahələr meydana gələcək.

Layihəyə ayrılan pullar...

 

Taxtakörpü su anbarı “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması Layihəsi” çərçivəsində tikilir. Layihəyə 3 əsas obyektin -  Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi və Taxtakörpü-Ceyranbatan su kanalının tikintisi daxildir.

 

Təbii ki, bu cür iri layihə külli miqdarda pul tələb edir. Layihə dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına həyata keçirilir. Dövlət Neft Fondunun mətbuat xidmətindən aldığımız rəsmi cavaba görə 2010-cu il yanvarın 1-ə olan vəziyyət belədir: “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi”  üzrə bağlanmış bütün müqavilələrin ümumi dəyəri 393,1 milyon manat təşkil edir. Bu məbləğ ayrı-ayrı sahələr üzrə bölünüb. 

 

Əvvəla, 2005-ci ilin oktyabrında texniki və tender sənədlərinin hazırlanması üçün Meliorasiya və Su təsərrüfatı ASC ilə "Təməlsu" şirkəti arasında 18 oktyabr 2005-ci il tarixində  0,4 milyon manat məbləğində müqavilə imzalanıb. Həmin vəsaitin 0,3 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına, 0,1 milyon manatı isə Dövlət Neft Fondunun vəsaiti hesabına ödənilib.

  

Növbəti mərhələ - tikinti sahəsində yanaşma yollarının salınması olub. 2006-cı ilin yanvarında bu məqsədlə "Azərkörpü" SC ilə  2,8 milyon manat məbləğində müqavilə imzalanıb. Amma Neft Fondu açıqlayır ki, bu müqavilə üzrə ümumilikdə 0,5 milyon manat vəsait istifadə olunub.

 

Tikinti zolağına düşən neft və qaz kəmərinin köçürülməsi üçün "Xəzərdənizneftqaz" şirkəti arasında 2006-cı ildə 20 milyon manat məbləğində iki müqavilə imzalanıb. Ötən ildə xərclənmiş 0,8 milyon manat da daxil olmaqla bu müqavilələr üzrə vəsait tam istifadə olunub.

 

 

Yüksəkliyi

142,5 metr

Uzunluğu

1180 metr

Bəndin yuxarıdan eni

10 metr

Torpaq işlərinin həcmi

25 milyon kub metr

Bəndin üstünün səviyyəsi

186,5 metr

Ümumi su həcmi

268.4 kub metr

Göl üzünün sahəsi

8,7 kv. km

 

Amma bu rəqəmləri kağız üzərində oxuyanda obyektin miqyasını təsəvvür etmək mümkün olmur. Ona görə də anbarın tikintisinin aparıldığı sahəyə - Şabrana üz tutduq. Meliorasiya və Su Təsərrüfatı ASC-dən belə məlumat verdilər ki, tikinti vacib obyekt sayıldığına görə ora giriş qapalıdır. Ona görə də əvvəlcədən icazə almaqla tikinti zonasında olduq.

 

Taxtakörpüdə nələr baş verir? 

Taxtakörpü su anbarı elə rayonun girəcəyində - düz “Dəvəçi rayonu” plakatı vurulan yerdə yerləşir. Burdakı plakatdan tikinti haqqında məlumatlar, anbarın texniki göstəriciləri yerləşdirilib. 

Ərazidə baş verənlərlə bizi tikintiyə texniki  nəzarət üzrə baş mütəxəssis İmran Yusifov tanış etdi. Dediyinə görə, tikintinin ərazisi təxminən 8 hektarı əhatə edir. Anbarın nüvəsi gildən töküldüyünə görə, burada gil karyeri yaradılıb.

 

Əvvəlcə anbarın nüvəsinin töküldüyü yerdə olduq. Məlum oldu ki, burada iş qrafikdə nəzərdə tutulduğu kimi gedir. Amma İmran Yusifov deyir ki, bəzən nəzərdə tutulmayana problemlər ortaya çıxır:

 

“Məsələn, ardıcıl yağış yağırsa, tikinti zonasına avadanlıqların gedib çıxması problemli olur, tikinti yamacların arasında aparıldığına görə müəyyən çətinliklər ola bilər. Adətən hava pis olanda maşınlar materialları tikintiyə yaxın bir yerdə ehtiyat zonaya yığırlar ki, hava düzələn kimi ordan daşıyıb işi davam etdirsinlər”.

 

Su anbarı ilə yanaşı, suyun kanala çatdırılmasını təmin edəcək tunel və onun üstündə qapı şaxtası da tikilməkdədir. Daha doğrusu, bu şaxta artıq 54 metr dərinliyinə qədər salınıb. Yerin altında bu şaxta 800  metr uzanan  tunelə birləşir. Bu tuneldəki qapılar vasitəsilə su kanala ötürüləcək və ordan da birbaşa Ceyranbatan su anbarına çatacaq. Bu kanalla Bakıya saniyədə 40 kub metr həcmində su nəql ediləcək. Hazırda şaxtada bərkitmə işləri aparılır. Sonradan tunelin daxilində 4 metr diametrlik boru salınacaq və su borunun içi ilə axıdılacaq.

 

“Hər qarışa nəzarət edirik”

 

İmran Yusifov qeyd edir ki, Taxtakörpüdə tikintinin keyfiyyətsizliyindən söhbət gedə bilməz. Bu layihədə hansısa vəsaitin nəzərdə tutulmayan istiqamətdə xərclənməsi, nəyəsə qənaət edilməsi mümkün deyil. İmran müəllim fəxrlə bildirir ki, burada istənilən tikinti materialı dəfələrlə yoxlamadan keçirilir, sonra istifadə olunur:

 

“Bəndin nüvəsinə qoyulan gil əvvəlcə karxanada istehsal olunur, müəyyən texniki nəmliyə çatdırılır, ondan sonra nüvəyə tökülür. Eynilə digər materiallar – qum, çınqıl və s. laboratoriyada yoxlamadan keçəndən sonra işlədilir. Material yerinə qoyulandan sonra sıxlaşdırılır, bundan sonra yenidən ondan nümunə götürülüb sınaq aparılır. Bu proses tam nəzarətdədir. Tikintinin hər metrinə, hər qarışına nəzarət edilir”.

 

İ.Yusifovun dediyinə görə, indiyə qədər texniki normalara tamamilə riayət edilib, hansısa uyğunsuzluq ortaya çıxmayıb.

Onu da qeyd edək ki, tikintidə Türkiyənin “Təməlsu” şirkətinin nümayəndələri Bahəddin Güvən və Sami Yalçınkaya məsləhətçi qismində işləyirlər.

 

Hazırda tikintiyə 125 ədəd ağır texnika, 250-dən artıq yük və su maşınları cəlb olunub. Bu obyektin tikintisi üçün "Mеrsеdes-Mаn" mаrkаlı özübоşаldаnlar, еkskаvаtоr və  buldоzеrlər аlınıb. Tikinti ərazisində istifadə edilən bütün tехnikа ”Аzərkörpü"yə məхsusdur.

 

Tikintidə məşğul olan işçilərə gəlincə, sənədlərdə onların sayı 579-dur. İşçi qrupun təqdim etdiyi sənədlərdə onların “yüksək əmək haqqı” aldığı göstərilib. Dəqiq rəqəm söylənməsə də, işçi qrupdan bizə tikintidə məşğul olan insanların əmək haqqları üçün “kifayət qədər yüksəkdir” dedilər.  

 

Qaynaqçı Qasım Xanıyev: “Gördüyüm işə görə maaş çox azdır”

 

Lakin işçilər arasında əmək haqqının az olmasından narazı olanlar var. Hazırda şaxtanın tikintisində işləyən  Qasım Xanıyev  4 ildir ki, bu obyektdə müxtəlif işlərlə məşğuldur. Əvvəl qaynaqçı, sonradan müxtəlif işləri yerinə yetirib. İndi 640 manat həcmində maaş alır. Deyir ki, aldığı əmək haqqı gördüyü işin ağırlığına və həcminə adekvat deyil. Q.Xaniyev digər məsələlərdə problem olmadığını, tikintidə işçilərə gün ərzində bir nеçə dəfə (azı 3 dəfə) yеmək vеrildiyini dedi. Dediyinə görə, obyektdə onların qalması, yuyunmаsı, istirаhətləri üçün yеrlər vаr.

 

İşlər nə yerdədir?

 

Sözün düzü, adi gözlə baxanda son bir neçə ildə su anbarının yerində hansısa ciddi bir dəyişikliyin görmək mümkün deyil. İndi tikinti zonasından çəkdiyimiz şəkillərin bir neçə il əvvəl ordan əks olunan görüntülərdən o qədər də fərqi yox idi. İ.Yusifov deyir ki, burda əsasən doldurma işləri getdiyinə görə, yəni, fərq bəndin nə qədər doldurulmasındadır. Elektrik stansiyasına gəlinə, hələlik onun tikintisi üçün yalnız hazırlıq işləri aparılıb.

 

Layihəyə əsasən, bu obyektin 2010-cu ilin sonunda təhvil verilməsi, 2011-ci ilə istifadəyə buraxılması nəzərdə tutulmuşdu. Lakin proqnozlara görə, su anbarı gələn ilin sonuna hazır olacaq. Deyilir ki, təbii fəlakətlər  riski və maliyyədə gecikmə olmasa, obyekt nəzərdə tutulan vaxta təhvil veriləcək.

 

Təbii fəlakətləri deyə bilmərik, amma Dövlət Neft Fondu isə bu vaxta qədər maliyyənin ödənilməsində gecikmə olmadığını bildirir.

 

 

Tikinti ərazisinin girişi.

 

Tikinti sahəsinin ümumi görünüşü. Uzaqda qaçqınlar üçün salınan yeni Güləmli qəəbəsi görünür 

 

Su anbarının nüvəsinin indiki görünüşü 

 

Anbarın 3 il əvvəlki görünüşü indikindən fərqlənmir

 

Tikintiyə nəzarət üzrə baş mütəxəssis İmran Yusifov görülən işləri təqdim edir 

 

Qaynaqçılar tunelin bərkidilməsi ilə məşğuldurlar. Qasım Xanıyev  (sağda) yalnız maaşdan narazıdır

 

  800 metrlik tunelin girişi

 

Qaçqın və məcburi köçkünlər üçün yeni salınan qəsəbə

 

Üzümlü kəndində evlərin vəziyyəti 

Fərəh Sabirqızı

p.s. Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun jurnalistlər üçün elan etdiyi müsabiqəyə təqdim olunur.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir