Modern.az

Prezident baş nazirdən kömək istədi

Prezident baş nazirdən kömək istədi

1 Avqust 2013, 13:41

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə iqtisadiyyatının bu günkü vəziyyətini gələcək neqativ proseslərin siqnalı kimi dəyərləndirib. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, o, bu vəziyyətdən çıxış kimi gürcü milyarder, baş nazir Bidzina İvanişvilini ölkəni xilas etməyə, pullarını Gürcüstan iqtisadiyyatına yatırmağa çağırıb.

Gürcüstan Milli Statistika İdarəsinin dünən yaydığı məlumatda ölkə gəlirlərində azalma müşahidə olunduğu göstərilib. Prezidentin sözlərinə görə, bu il 11% artım gözlənilsə də, vəziyyət əksinə dəyişib. Bu isə Mixail Saakaşvilini təxirəsalınmaz tədbirlər görməyə sövq edib və o, hökumətə müraciət edib.

“Vəziyyət həyəcan təbilinin çalındığını göstərir. Baş nazirə bildirmək istəyirəm ki, infrastruktur layihələri dayandırsın və pulları ölkə iqtisadiyyatına yatırsın. Qisasçılığa son qoyub parlamentin qanun layihələrinə yenidən baxılsın. Biz Gürcüstan iqtisadiyyatının bu vəziyyətdən qurtulması üçün əlimizdən gələni etməliyik” deyən Saakaşvili hökumətlə bu sahədə birgə işləməyə, məsələnin həlli istiqamətində məsləhətlər verməyə  hazır olduğunu dilə gətirib.

“Son illər ərzində birinci dəfədir ki, Gürcüstan iqtisadiyyatında tənəzzül müşahidə edilir. Ötən aylarda durğunluq müşahidə edilirdi, indi isə nəticə göz qabağında. Gürcüstanın iqtisadi artım tempinin aşağı salınması haqqı yoxdur. Ölkənin təhlükəsizliyi, varlığı, vətəndaşlarımızın rifahı bundan asılıdır” - deyə, M.Saakaşvili iqtisadiyyatda inkişaf tempinin kəskin geriləməsini hökumətin səhvlərinin nəticəsi olduğunu vurğulayıb.

Elçin Murad

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir