Modern.az

Bakıda həbs olunan jurnalistlə bağlı bəyanat verildi - TƏFƏRRÜAT

Bakıda həbs olunan jurnalistlə bağlı bəyanat verildi - TƏFƏRRÜAT

1 Avqust 2013, 18:24

Media Hüququ İnstitutu (MHİ) “p.s.Nota” qəzetinin və www.psnota.com portalının təsisçisi və baş redaktoru Sərdar Əlibəylinin həbsi ilə bağlı bəyanat yayıb. Qurum bəyan edib ki, hökuməti çox sərt tənqid edən Sərdar Əlibəylinin həbs olunmasını qətiyyətlə pisləyir. MHİ əlaqəli hüquq mühafizə qurumlarının jurnalistin həbsinin detalları ilə bağlı ictimaiyyətə bilgi vermədiyini, ona qarşı irəli sürülən ittihamların ciddi şübhəli olduğunu vurğulayıb.
 
Sərdar Əlibəyli iyul ayının 31-də Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalistin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkilləri avqustun 1-də S.Əlibəyli ilə görüşüblər. Vəkillərin bildirdiyinə görə, jurnalist “Nərimanov” metro stansiyasının yaxınlığında saxlanaraq polis idarəsinə aparılıb. Jurnalistə şahid qismində saxlanıldığı izah olunsa də, zorla aparıldığı idarədə ona xuliqanlıqda (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq - Cinayət Məcəlləsi, maddə 221.3) ittiham edildiyi bildiriblər. Onun barəsində 48 saatlıq həbs qəti imkan tədbiri seçilib. Sərdar Əlibəyli xəsarət yetirdiyi iddia olunan şəxsi tanımadığını, üz nahiyəsindən xəsarətlər alan həmin şəxsi ilk dəfə idarədə gördüyünü, ittihamın qurama olduğunu, son həftələrdə yazdığı sərt məzmunlu yazılarından qaynaqlandığını bildirib.

MHİ xatırladır ki, hökuməti, ayrı-ayrı məmurları tənqid edən yazılarına görə Sərdar Əlibəylini nəyin bahasına olursa-olsun susdurmaq üçün zaman-zaman fərqli vasitələr işə salınıb. Jurnalist 2005-ci ildən bu yana 11 dəfə məhkəməyə çəkilib, yazılarına görə dəfələrlə cinayət cəzası alıb, cərimə ödəməyə məhkum olunub. S.Əlibəyli son dəfə 2009-cu ildə böhtana görə 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, rəhbərlik etdiyi qəzetlərin fəaliyyətinə qanunsuz olaraq imkan verilməmişdi.

MHİ eyni zamanda son illərdə hökuməti sərt tənqid edən jurnalistlərə, eləcə də sosial şəbəkə fəallarına qarşı xuliqanlıq ittihamından gen-bol istifadə edildiyini vurğulayıb. Son 5 ildə ən azı 20 tənqidçi jurnalistə qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Məhkəmələr həmin ittihamların əksəriyyətini təmin ediblər. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, bloqçular Emin Milli, Adnan Hacızadə, “Xural” qəzetinin əməkdaşı Aydın Canıyev, aztirajlı “Güzgü” qəzetinin əməkdaşı Kamran Bəyəliyev, “Gündəm Xəbər” qəzetinin müxbiri İlham Süleymanov, müstəqil jurnalist Fuad Hüseynov qurama ittihamlarla ağır cinayət cəzalarına məhkum ediliblər. 2013-cü ilin birinci yarısında bir neçə bloqçu xuliqanlıq ittihamı ilə həbs olunublar.

Media Hüququ İnstitutu sərt tənqidlərinə görə daim hökumətin hədəfində olmuş jurnalist Sərdar Əlibəylinin həbsinin siyasi sifariş xarakteri daşıdığını, belə həbslərin qanunsuz və ədalətsiz olduğunu vurğulayır. Media Hüququ İnstitutu hökuməti ən qısa zamanda S.Əlibəyliyə qarşı ittihamın ləğv olunmasını təmin edən addımlar atmağa, habelə hazırda həbsdə olan digər jurnalistlərə, sosial şəbəkə fəallarına qarşı irəli sürülmüş şübhəli ittihamların təcili ədalətli araşdırmasını təşkil etməyə çağırır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir