Modern.az

Deputatın Lənkəranın problemi haqda dediyini jurnalist təsdiqlədi - LAYİHƏ

Deputatın Lənkəranın problemi haqda dediyini jurnalist təsdiqlədi - LAYİHƏ

2 Avqust 2013, 13:02


Modern
.az saytı “ Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Növbəti seçilən bölgəmiz Lənkərandır. Bu bölgədə olan problemlərlə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri deputat Hadi Rəcəbli və  əslən lənkəranlı, hərbi jurnalist Üzeyir Cəfərov danışır.

Deputat Hadi Rəcəbli deyib ki, bu gün Azərbaycanın bölgələrində olan ümumi problemlər Lənkəran rayonunda da mövcuddur. “Problemsiz həyat yoxdur. İnsanların yaşadığı yerdə problemlərin olması normaldır. Bununla bərabər mühüm irəliləyişlər də var. Lənkəranda yeni məktəblər tikilir, yeni yollar çəkilir. Hər şey qaydasına düşür. Belə olduqda insanların arzuları da böyüyür. Lənkəranda olan problemlərdən biri işlə bağlıdır. Bəzən  tələbələr işlə bağlı müraciət edirlər. Onlar öz ixtisaslarına uyğun iş tapmaq istəyirlər. Hətta, az maaş alan işçilər də var ki, onlar yüksək maaşlı yerdə işləmək üçün müraciət edirlər. Biz bunu həll etməyə çalışırıq. Bundan başqa, bəzi məktəblərə internetin çəkilməsi ilə bağlı da tələblər olur. Əlbəttə, bu cür problemlərin həll olması üçün zaman lazımdır. Hər şey qaydasına düşəcək.  Əvvəllər  insanların bir istəyi var idi. “İşığımız, qazımız normal olsun” deyirdilər. İndi zaman keçdikcə, bu istəklər də artır. İnsanların arzuları böyüyür. Biz də bu arzuları həll edəcəyik”.



Üzeyir Cəfərov
deyir ki, Lənkəranda əsas problem işsizlikdir. “Azərbaycanın bir sıra bölgələrində problemlər mövcuddur. Keçmiş SSRİ vaxtında Lənkəran Azərbaycanın ən inkişaf etmiş rayonları sırasında idi. Ancaq təəssüflər olsun ki,  Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra bölgələrdə inkişaf əvəzinə, xeyli problemlər yarandı. Bunlar içərisində ən vacibi işsizlik problemidir. Televiziyanı, radionu açanda mətbuatdan tez-tez bölgələrdə, xüsusən, Lənkəranda gənclərin narkotikə aludə olması, o cümlədən onların bəzi cinayətlərə əl atması faktları haqqında eşidirik. Bu nədən irəli gəlir? Bu onunla bağlıdır ki, işsiz qalan insanlar cinayətə əl atırlar və ya öz “qayğılarını” aradan götürmək üçün narkotikə daha çox meyl göstərirlər. Hesab edirəm ki, iş yerləri olsa, onlar faydalı əməklə məşğul olarlar. Heç  bu problemlər də yaşanmaz. Rəsmi statistikaya görə, xeyl iş yerləri açılıb. Ancaq bütövlükdə işsizlik hələ də problem olaraq qalır.  Lənkəranda qaz problemi də var. Təsəvvür edin ki, Lənkəranın Gürzəli və digər kəndlərində arasında, eləcə də Vilvan kəndinin yarısında qaz yoxdur. Digər problemlər də var. Belə hesab edirəm ki, yerli icra strukturları, bələdiyyələr xeyli işlər görməlidirlər. O işləri görmək lazımdır ki, problemlər birə beş qat artmasın. Hər birimiz istəyirik ki, regionumuz inkişaf etsin“

Ulduz İBRAHİMOVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər