Modern.az

““Qarabağ”ın Azərbaycan üçün etdiyini pul gücünə gerçəkləşdirmək olmaz” - Rəşad Məcid və Akif Nağı

““Qarabağ”ın Azərbaycan üçün etdiyini pul gücünə gerçəkləşdirmək olmaz” - Rəşad Məcid və Akif Nağı

2 Avqust 2013, 14:34


Ötən gün Ağdamın “Qarabağ” klubunun azakeşlərinə qələbə sevinci yaşatması hamıda vətənpərvərlik ruhuna təsir etdi. Çünki uzun müddətdir ki, hamı  “Qarabağ” futbol klubunun oyunlarını bir azarkeş kimi yox, bir vətənpərvər kimi izləyir. Adında Qarabağı yaşadan futbol klubunun bu qələbəsi insanlarda işğal edilmiş torpaqları azad etmək istəyini də gücləndirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bununla bağlı fikirlərini Modern.az-la bölüşüblər.

“Qarabağın işğal altında olduğu bir dövrdə əslində hər bir bakılı, naxçıvanlı, lənkəranlı, gəncəli öz yerindən daha çox qarabağlı olmalıdır. Bu halda biz Qarabağın işğaldan azad edilməsinə nail ola bilərik” deyən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə, Qarabağ hamımızın yarasıdır.

”Odur ki, başqa bir bölgədən olsam da, yenə “Qarabağ” a azarkeşlik edərdim. Qarabağlı olduğum üçün digər bölgənin insanları mənim davranışıma təbii yanaşırlar. Amma burada məsələnin mahiyyəti təkcə “Qarabağ”a azarkeşlik etmək deyil. Xüsusilə Avroliqa oyunlarında “Qarabağ”ın qalib gəlməsi, Avropanın müxtəlif şəhərlərindən qalibiyyətlə geri dönməsi Avropadakı insanların şüuruna Qarabağın Azərbaycan torpaqları olduğunu yeridir. Bunu böyük maliyyə və təbliğatla etmək mümkün deyil. İdmanın, futbolun etdiyini çox vaxt başqa təbliğatla etmək olmur. Ona görə də “Qarabağ”a mümkün olan dəstəyi verməliyik”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı  da “Qarabağ” komandasının qələbəsini insanlarda ruh yüksəkliyi yaratdığını söylədi. Onbun sözlərinə görə, “Qarabağ” futbol komandası elə işğal altında olan Qarabağ deməkdir və işğal altında olan torpaqlarımızın azad olunması ideyasının bir göstəricisi, təbliğidir.

““Qarabağ”a təkcə futbol komandası kimi baxmırıq. Dünənki oyunda QAT-ın böyük bir qrupu, eləcə də mən özüm də bir azarkeş kimi iştirak edirdim. “Qarabağ” adi futbol komandası deyil, onun oynadığı oyun adi oyun mərhələsi hesab olunmur. Bu həm də Qarabağın bizə mənsub olduğunu göstərmək üçün bir vasitədir. Ona görə də Azərbaycanda hamı bu kluba dəstək olmalıdır. Dünən stadionda canlanma var idi. Daha sonra hamı oyunu izləyə-izləyə şüarlar səsləndirir, müxtəlif sərlövhəli plakatlar qaldırırdılar. Ona görə də hesab edirəm ki, “Qarabağ” futbol komandası elə işğal altında olan Qarabağ deməkdir və işğal altında olan torpaqlarımızın azad olunması ideyasının bir göstəricisidir. Bu futbol klubuna təkcə futbol komandası kimi yox, həm də Qarabağın bir parçası kimi yanaşılmalıdır”-deyə Akif Nağı bildirib.

Gültəkin ƏLƏSGƏR  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir