Modern.az

“Elə bir qız istəyirəm ki...” - Milli mentalitet, yoxsa deqradasiya?..

“Elə bir qız istəyirəm ki...” - Milli mentalitet, yoxsa deqradasiya?..

Aktual

3 Avqust 2013, 10:04

Yaxın günlərin birində səhər qonşunun qapısını döyüb xanımı soruşdum, yoldaşı gözünü ovxalaya-ovxalaya: “bazara gedib”, deyə söylədi. Əcəba evin bəyi yatarkən, “xanım” adlandırmağa dilim gəlməyən qadın evin işlərini sahmana salıb bazara getməsi milli mentalitetdirmi? Müşahidələrimin nəticəsi olan bu problem çoxdandır ki, məni düşündürür. Məmləkətimizin qadınlarının çiyinlərinə çox ağır işlərin düşməsini, bilmirəm, onlar özlərimi, ailələrimi, yoxsa cəmiyyətmi rəva görür?...

Özəlliklə də yay ayları gələndə çox dəhşətli mənzərələrin şahidi oluruq: zərif və zəif hesab etdiyimiz qadınlarımız yun yumaq, xalça yumaq, palaz çırpmaq, qişa “azuqələr” hazırlamaq və sair və ilaxır işlərlə hər gün məşğul olurlar. İlboyu ailənin yükünü daşıyan, tərbiyəçi olan, müəllim olan, həkim olan, xadimə olan, aşpaz olan qadınlarımızın çoxu yay girən kimi istirahət etmək əvəzinə özlərinə əl qatırlar. Əcəba bu milli mentalitetdirmi?

Bəziləri “Amerika və Avropaya inteqrasiya bizi milli mentalitetdən  uzaqlaşdırır”, deyirlər. Həmin o Amerika və Avropada uşaqların təlim-tərbiyəsində, inkişafında kişilər bilavasitə iştirak edirlər. Bizdə isə bütün bunlar qadınların üzərinə düşür. Uşaqlar böyüyüb uğurlara imza atanda isə deyirlər ki, “Halal olsun filankəsin oğluna!” Binəva anaların adlarının çəkilməməyi də mentalitetləmi bağlıdır?

Bizdə ən ağır, ən çirkli işlərdə zərif və zəif qadınlar işləyir. Küçələrdə, otellərdə, digər iş yerlərində ağzı-gözü bağlı qadınlara çox rast görmək olur. Bəzi bölgələrin bazarlarında əllərində, başlarında ağır yük daşıyan qadınları müşahidə etmək lap ağırdır. Həmin o Avropa və Amerikada isə küçələri silib-süpürən, ağır yük daşıyan qadınlara rast gəlməzsiniz. Orada ehtiyac üzündən dilənməyə çıxan qadın dilənçilərə də rast gəlmək çətindir. Bizim qaraçı dilənçilərimiz isə qadınlar və qız uşaqlarıdır, onları küçəyə atan, işlədənlər elə işbazlar kişilər və evdə pul gözləyən kişi ailə başçılarıdır. Əcəba bu təzadlar milli mentalitetdənmi doğur?

Ömrünü oğul-uşaq, nəvə-nəticə saxlamaqla keçirən zəhmətkeş yaşlı qadınlarımızı evə qapadıb: “Ağbirçək arvadsan, hara getməlisən?”, deyib toya-bayrama, hətta xeyirə-şərə aparmamaq necə, milli mentalitetlə bağlıdır? Halbuki onların amerikalı və avropalı həmyaşıdları ömürlük zəhmətlərinin bəhrəsi olan təqaüdlərini öz həyat yoldaşları, uşaqları ilə xarici səyahətlərdə, xoş istirahətlərdə keçirirlər.

70 illik zaman  ərzində belə “bərabərhüquqlu sosializm” pərdəsi altında tarlalarda, sahələrdə qızmaq günəş altında əkin-biçinlə məşğul olan, buna görə müxtəlif medallarla təltif olunanlar nəyə görə qeyriləri deyil, məhz Azərbaycan qadınları idi? Halbuki həmin illərdə başqa ölkələrdə qadınların işini yüngülləşdirmək üçün yeni praktik üsullar tətbiq edilməkdə idi. Elə o zamandan xarici ölkələrdə qadınlar sükan arxasında oturmağa başlayıblar. Bizdə isə hələ də sürücü qadınların çoxluğuna baxmayaraq, bəziləri onlara “qəribə” baxır, imkanlı bəylər isə sözün əsl mənasında xanımlara gərəkli olan minik vasitəsindən istifadəyə qadağa qoyurlar. Əcəba budurmu milli mentalitet?

Ay səni mentalitet, mentalitet. Bəzilərinə sərf edəndə işlək olursan, sərf etməyəndə susursan. Məncə, bütün bunlar mentalitet deyil, əsl xurafat və gerilikdir. Qadınlarımızın gördükləri bir çox işlər isə artıq və gərəksiz işlərdir. Qadınlar bilməlidirlər ki, hər zaman işləri praktik yolla həll etmək üsulları mövcuddur. Mental xüsusiyyətlərimizin əsasında isə məhz həmin qadınları, qızları, ağbirçəkləri  ucadan uca tutmaq, onlara hörmət etmək dayanır.

Ta qədim zamanlarda köçəri həyat tərzi keçirən bir çox türk xalqlarının etnoqrafiyasında ocağa bağlı qadınların hər zaman öz ərlərinin köməkçisi, arxası olması bəllidir. Patriarxal şəraitdə yaranan türk xalqlarının eposlarında da qəhrəmanların xanımları onların bərabərhüquqlu yoldaşları kimi təsvir olunublar. Folklordan və tarixdən Burla xatun, Banuçiçək, Nigar, Həcər, Tomris, Sara xatun obrazları bizə tanışdır. Orta əsr filosoflarından tutmuş D.Didroyadək bir çox bilim adamları bütün güclü kişilərin arxasında mütləq güclü qadın dayandığını hesab ediblər.

Xalqımızın tarixini, etnik mədəniyyətini, keçmiş həyat tərzini təsvir edən “Dədə Qorqud” oğuznaməsində ikicə faktı xatırladaq: Oğuz igidi Beyrək atasından ona uyğun olan gəlinə elçi getməsini xahiş edir: “Elə bir qız istəyirəm ki, mən yuxudan durmamış, o durmuş olsun, mən qara atıma minməmiş o minmiş olsun, mən döyüşə getməmiş, o düşmən başı gətirmiş olsun”. “Eposun digər bir boyunda Buğacla Dirsə xan arasında ədavət yaranmasına ana imkan vermir. Yəni burada qadın sözünün eşidilməsi xoşbəxt nəticə verir”. Oğuz elində güclü patriarxatlıq ruhu hökm sürsə də, qadın sözünə böyük hörmət vardı. Elə dastanın ilk boylarından axıradək qadına müsbət münasibət hiss olunur.

Bir sözlə, əsl türk kişisinin ailəsində hər zaman halalı (həyat yoldaşı) həmməsləyi, həmdərdi, eynihüquqlu partnyoru kimi tanınıb. Məhz bu xüsusiyyət türkün qədim etnik əlamətlərindən biridir.

Ancaq müasir dövrdə iş həyatında sağlam şəkildə uğur qazanan qadınlarımızın nailiyyətlərinə cəmiyyətdə sevinənlər, onlara dəstək olanlar, gəlin etiraf edək ki, çox azdır. Onların haqqında gəzən “söz-söhbətlər”ə baxan gənc ailə başçıları da öz təhsilli xanımlarına işləməyə icazə vermirlər. Əcəba budurmu milli mentalitet?

Fikrimcə, zərif və zəif qadınları ağır işlərin altına atmaq əvəzinə, onları özlərini doğrulda biləcəkləri daha başqa sahələrə yönəltmək, onlara dayaq, dəstək olub tərəqqisinə imkan yaratmaq lazımdır. Çünki bir qadının, bir ananın inkişafı bir ailənin deyil, cəmiyyətimizin, xalqımızın inkişafıdır.

Bəlkə elə doğrudan da dünyanı qadınlar xilas edəcək?...      

Vəfa Zahid qızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır